adalet.az header logo
  • Bakı 20°C

Elə mənim özümü də...

SAMİRƏ ƏŞRƏF
47216 | 2013-11-09 08:20
Yazı adamlarının tez-tez rastlaşdığı vəziyyətlərdən biri də qeyri- müəyyən ruh halında olmalarıdır. Bəzən o qədər ağır həyat situasiyalarının içərisində olursan ki, hansını birinci, hansını sonuncu yazacağını kəsişdirə bilmirsən.
Daha sizdən nə gizlin, abzasdan da məlum olduğu kimi mən hal-hazırda bəhs etdiyim vəziyyətdəyəm. Bir həftəyə yaxındır ki, Dostoyevskinin "İdiot" romanını təkrar olaraq dərindən mütaliə edirəm. Demək olar ki, hər gün Ququşun "Noqteyi Payam" mahnısına qulaq asıb, siyasi ambisiyalara qurban verilib, xəyanətə uğramış məhəbbətdən bəhs edən klipini izləyirəm. Və üç gündür ki, aktrisa Zemfira Nərimanova ilə hazırladığım müsahibənin yazı variantı ilə çarpışıram. Bütün bunlarla yanaşı açıqlaya bilməyəcəyim başqa daxili təlatümlərin içərisində fırlanıb dururam. Yaşamaq çox ağırdı desəm yəqin ki, sizi həddindən artıq pessimizmə yuvarlamaram əziz oxucu.
Dostoyevskinin "Karamazov qardaşları" əsərini çoxdan oxumaq istəyirdim. Amma təəssüf ki, əldə edə bilmirdim. Bu yaxınlarda qiymətli yazar dostum Seyid Ramin bu barədə mənə köməklik edib kitabı gecəylə bir xanım dostumuz vasitəsi ilə mənə çatdırdı. Ancaq nədənsə neçə vaxtdan bəri axtardığım bu kitabı oxumağı hələlik ertələmək istəyirdim.
Altı aya yaxındır ki, şkafımın üstündə qalan boz cildli "İdiot" kitabı necə oldusa, "Karamazov qardaşları"na qalib gəldi. Və nə yaxşı ki, belə oldu. Çünki, mən Dostoyevskinin Roqojinini çoxdan, lap çoxdan axtarırdım. Mənə sevdiyi qadının boynunu dəfələrlə bıçağın altına qoymağa cəhd etmək istəyən, onu tərk edən qadının arxasınca qaçmayıb, saatlarla dizi üstündə qaranlıq otaqda tək-tənha qalan bir qəhrəman lazım idi. Bu qəhrəman əlbəttə ki, Dostoyevski kimi bir dahinin qələmindən çıxa bilərdi.
Mənə həm də Ququşun tərcümədə "Son nöqtə" anlamını verən "Noqteyi Payam" mahnısındakı həyat iniltisi lazım idi. Həmin mahnıda Ququşun yanıqlı səsini dəfələrlə eşitmək mənim üçün hava su kimi vacib idi. Başqa bir mahnıda necə deyilir:
Çoxdan unudardım, mən səni, çoxdan.
Ah bu mahnıların gözü kor olsun...
Sadaladığım bütün bu təbədüllatların içərisində bir də yazı yazmaq prosesi vardı. Yazı yazmaq da ki, kimisi üçün çətin, kimisi üçün çox asan başa gələn işdi. Kim sözü içərisindən, ürəyindən necə əridib çıxardırsa, o cür də yazır. Məndə özümün birbaşa beynimdən idxal edəcəyim yazı prosesi çox vaxt çətin alınan məsələdi. Lakin sənət adamlarından götürdüyüm müsahibələri işləyərkən sözün əsl mənasında müsahib oluram. Həyatda özünü, sənətini sübut etmiş insanların qarşısına çıxmaq sözün əsl anlamında insandan güclü həyat təcrübəsi, soyuqqanlılıq tələb edir.
Bəzən elə insanlarla, sənət adamları ilə rastlaşıram ki, mən bir müddət onların həyatının izləyicisinə çevrilirəm. Onların keçdiyi həyat yolu gözlərimin qarşısından kino lenti kimi qıvrılıb ötür.
Zemfira Nərimanova da bu qəbildən olan insanlardandır. Həyatın şillələrinə şiddətlə tuş gəlmiş, lakin yıxılmamış güclü bir qadındı. Belə insanlarla rastlaşanda mən bir neçə vaxt özümə gələ bilmirəm. Anam demişkən, hər dəfə ürəyimə bir az xal düşür. Hərdən fikirləşirəm ki, görəsən, mənim ürəyim xalların çoxluğundan hələ qaralmayıb ki???
Bu sözü ilk dəfə on yaşım olanda elə anamdan eşitmişdim. Rayonda olanda təzə tikdirdiyimiz altı otaqlı evə yenicə köçmüşdük. O vaxtlar evlərin divarlarını cürbəcür rənglərlə boyamaq dəbdə idi. Anamın bir iş yoldaşı vardı. Həm də uzaqdan bizə qohumluğu çatırdı. Bu oğlanın çox yaxşı rəngsazlıq qabiliyyəti vardı. Həmin oğlanın adı Etibar idi. İyirmi doqquz yaşındaydı. Bir dəfə təzə evimizin divarlarını rəngləmək üçün onu bizə çağırdılar. Olduqca yaraşıqlı, boylu-buxunlu bir gənc idi. Lakin bəxti, nə sevgidə, nə də ailədə gətirməmişdi. Hər dəfə onun haqqında söz düşəndə anam deyirdi: Etibarın dərddən ürəyi xal-xal olub.
Tale elə bir oyun oynadı ki, həmin ürəyi dərddən xal-xal olan oğlan könüllü olaraq müharibəyə getdi. Bir aydan sonra isə minaya düşüb həlak oldu. Ölüm qoçaq çıxıb onu həyatın əlindən xilas etdi...
Hərdən fikirləşirəm ki, gündüzləri insanları aldatmaq üçün gülümsəməyə məcbur olub, gecələri inləyən, illərlə başqasını sevən, amma bir evin içində neçə vaxtın ömrünü paylaşdığı insana xəyanət etməyi bacarmayan, yaşı qırxa çatsa belə qəlbini aldatmayıb subay- sağlıq gəzən, cavabı verilməmiş sandığı kövrək sevgisinin acığına anlaşılmaz günahlara batıb, sonra bağışlanmağını ürəkdən arzulayan ürəyi xallı insanlara da bəlkə qoçaq bir ölüm lazımdır ki, onları bu insafsız həyatın əlindən xilas etsin. Lap elə mənim özümü də...

Samirə Əşrəf

TƏQVİM / ARXİV