QANADLI GÜNLƏR

ƏBÜLFƏT MƏDƏTOĞLU
45272 | 2013-11-09 08:16
Son günlər bir yerdə qərar tuta bilmirəm. Həm daxili narahatlıq, həm ətrafımda baş verən hadisələr, ümumiyyətlə, həyatımın özü sanki təkərlər üzərinə qoyulub. Ona görə də harda dayanacağımı, harda duracağımı, nəyi necə edəcəyimi qərarlaşdıra bilmirəm. Sanki nəyi isə gözləyirəm, nəyinsə baş verəcəyinə köklənmişəm... Amma...
Bəli, insan o vaxt özünü dərk edir, özünü anlayır ki, ətrafındakılar da, ona doğmalar da, yadlar da, durduğu yer də bir sual işarəsinə, bir ittihamedici baxışa çevrilir. Bax, o baxışlar, o sual oturmağa, düşünməyə, vərəqləməyə məcbur edir insanı öz içini, öz dünənini, öz bugününü və vərəqləyə-vərəqləyə də qarışan sətirləri, yerində olmayan durğu işarələrini görür... Bəziləri üçün təəssüflənir, bəziləri üçün ağrıyır, bəziləri üçün isə haqlı olduğuna görə susur... Susmaq razılıqdı, deyənlər bəlkə də bu yerdə, bu məqamda haqlıdılar və yaxud da ədalətsizdilər. Amma açığını deyim ki, bu susqunluq hərdən mənə də gərək olur... özü də hava-su kimi, lap elə həyat kimi. Çünki yerində susmaq, yerində hər şeyi ancaq dinləyib seyr etmək özü də bir uduşdu... ən yaxşı cavabdı. Axı böyüklərdən öyrəndiyimə görə, Ulu Tanrının bir adı da səbirdi. Düzdü, çox məşhur və zaman-zaman xatırlanan bir beyt də var:

Səbirlə halva bişər, ey qora səndən,
Bəsləsən atlas olar gül yarpağından...

Hə, mən bütün bu yazdıqlarımın mayasında bir narahatçılığı xüsusi vurğulayıram. Daha doğrusu, onun işığı altında könlümü səksəkədə saxlayan məqamlara üz tuturam... O məqamlara ki, məhz həmin o səbirsiz olduğum məqamlarda mənim pıçıltısı ilə, nəvazişi ilə, təbəssümü ilə, hətta lap uzaqlardan görünən kölgəsi ilə köməyimə çatır, təsəllim olur. Və mən də özümü unudaraq ağ kağızın üzərində misralara çevrilən ruhumu bir az həzin, bir az kövrək, bir az da həsrətli səslə, həm də özüm özümə oxuyuram.

Bir gözüm qapıda,
biri şəkildə
baxıram,
gələnim -
təkcə xatirə...
Deyirəm
yollardan duman çəkilə -
deyirəm
o yollar səni gətirə...

Bir əlim sinəmdə,
biri ümiddə
nə qapım döyülür,
nə şəkil dinir...
paslanıb deyəsən
açar, kilid də
bircə kirpiklərim
tez-tez isinir...

Bir addım irəli,
bir addım geri
dörd divar arası-
ölçümdü mənim!
Pəncərən önündə
tutubdu yeri -
o qoşa göyərçin
elçimdi mənim!..

***
Zamanı bəzən dəyirmana da bənzədirlər. Bu bənzətməni qabardanlar onu əsas gətirirlər ki, zaman hər şeyi üyüdür. Yəni onun daşları arasında heç nə dözüb, duruş gətirə bilmir. Və onu da vurğulayırlar ki, dəyirmanda dən və yarma ayrıldığı kimi, zaman da belə bir ayırmanı gerçəkləşdirir. Yəni bu zamanın dəyirmanında üyünməsi məsləhət olmayan, zamanın ehtiyac duyduğu, zamanın yaşatdığı və xususi olaraq zamanın da zamana ehtiyac hiss etdiyi nöqtələr, fərdlər, şəxslər, hadisələr, faktlar var ki, o tarixləşir, o zaman dəyirmanının milyon illik qalın tarix kitabına yazılır.
Bu kitabı isə dəyişən nəsillər, bir-birinə, özü də bir-birindən xəbərsiz şəkildə hədiyyə edirlər, ötürürlər. Oxunan, xatırlanan, qiymətini alan həmin o kitabın içindəkilər nümunəyə də çevrilir, örnəyə də çevrilir, hətta bəzən təkrar da olur. Bunlar isə tarixin təkrarı kimi qiymətləndirilir. Doğrudur, oxuyanlar, savad, mərifət sahibi olanlar həmişə bir məqamı diqqətə çatdırırlar. Deyirlər ki, "təkrar biliyin anasıdır". Mən də etiraz etmirəm. Oxuyan bilikli adamlar sırasında neçənci olduğumu bilməsəm də, sadəcə anlayışıma, gördüklərimə əsaslanıb bu ifadəni qəbul edirəm. Çünki bu həm də həyat dərsidi. Oxumadıqca, öyrənmədikcə elə köhnə düşüncənlə, baqajınla, yatırımınla sabaha gedib çatmaq çox çətin məsələdi. Çünki sabahlara yeni yollar gedir. Bu yeni yollar isə təkcə dözüm, fərasət yox, həm də bilik, savad istəyir. Yoxsa mənzil başına gedib çata bilməyəcəksən...
İndi yaşadığımız və müəyyən mənada da yaşatdığımız zamanın kino versiyasını göz önünə gətirsək, onda kifayət qədər mənzərələrlə, məqamlarla, hətta içində ola-ola görmədiyimiz, hiss etmədiyimiz durumlarla qarşılaşmalı olacağıq. Bu isə öz növbəsində bizi həm silkələyəcək, düşündürəcək, həm də özümüzü özümüzə gülməyə məcbur edəcək. Necə deyərlər, o gülüş bir ittiham olacaq, bir sillə olacaq. Anlamaq üçün, açıq gözlə baxmaq üçün, kin-küdurətdən, nəfsdən qorunmaq üçün.
Təəssüf ki, bu yazdıqlarım bəzən o qədər ritorik səslənir ki, sanki kimsə heç tanımadığı, amma vəzifəsinə, tutduğu mövqeyə görə, təriflədiyi bir adamın şəninə möhtəşəm bir tost dilə gətirir. O sözlər bir-biri ilə danışmır, bir-birinə bağlanmır, amma gurultu yaradır. Özü də saxta və adamda ikrah hissi doğuran bir gurultu...
Çox təəssüf etsək də biz bu məqamları da, bu zamanı da yaşamağa artıq alışmışıq. Çünki hamı eyni qəlbdən, eyni prizmadan yanaşmır - özünə, cəmiyyətə, zamana. Odur ki, yenə güc ürəyə düşür, onun yükü bir az da artır.
Fikirlər çarpazlaşır və sonda duyduqların, eşitdiklərin səni, özün də hiss etmədən qəm yuvasına, qəm daşıyıcısına çevirir. Sonda həmin qəm də çaylaq daşları kimi yupyumuru dərdlərə çevrilir... ruhunda, ürəyində, canında, qanunda gəzib dolaşan dərdlərə...

Mənə düşən dərdləri
Gözmuncuğu bilirəm.
Mən onlara sığınıb
Bir küncdə isinirəm!

Günlərimin naxışı
Göz oxşayır, göz öpür...
Çəkib odlu baxışı -
Pıçıltıyla söz öpür...

Ləngərlənir həyatım -
Dalğasında dərdlərin
Mən ki, çoxdan yarmışam -
Dərdlərin sərhədlərin...

***
İndi bir-birinə ismarıc çatdırmaq, söz yetirmək xeyli asanlaşıb. Barmaqların altındakı düymələr ürəyindən keçəni çox qısa bir zamanda, hətta bir udum nəfəs alınca sahibinə çatdırır. Ona görə də nə məktub yazılmır, nə də kimsə kiminsə qapısını döyməyə lüzum görmür. Bu, məsələnin rahat və real variantıdı.
Amma bu rahat və real variantın içində qəlbə toxunan, bəzən kimlərisə üz-üzə qoyan hissəciklər də var. Əslində o hissəciklər bəzən bütöv bir xoş məramı ayaq altına salır. Onu çətin yaşanan, çətin həzm olunan suala, ittihama çevirir, qalırsan düşünə-düşünə, qalırsan var-gəl edə-edə. Sonda gücün dizlərinə vurduğun yumruğuna çatır. Yeri ağrısa da, ağrımasa da...
Yəqin nəyə işarə etdiyimi müəyyənləşdirə bildiniz. Anladınız ki, söhbət nədən gedir. Əgər bir balaca çətinlik yarandısa, onda bu məsələyə də bir aydınlıq gətirim. Belə ki, göndərilən ismarıclar, yazılan yazılar, ünvanlanan sözlər qıcıqla qarşılananda, olduğu kimi anlaşılmayanda, qəbul edilməyəndə, ya da maddi problemlər ortaya çıxaranda... bax onda məlum olur ki, üzbəüz, nəfəs-nəfəsə fikir bölüşmək, söz deyib, söz eşitmək necə deyərlər, daha canlıdı, daha diridi. Çünki o sözün içində bütöv bir varlıq kimi, şəxsiyyət kimi özün də dayanır, özün də nəfəs alır, özün də ifadə olunursan...
Bəli, bütün bunların yozumu və yaxud yazılması ola bilsin ki, o qədər də böyük önəm kəsb etmir. Çünki indi əvvəldə xatırlatdığım kimi, zaman və onun sürəti bizdən çox qabaqdadı. Biz onun içərisində ola-ola ondan geri qalırıq. Özü də təkcə addımlamaqda, yeriməkdə yox, həm də düşüncəmizdə, baxışımızda və yanaşmamızda da!..
Mən yazımın əvvəlində hansı durumda, hansı ovqatda olduğumu ifadə etməyə çalışmışdım. Bilmirəm, alındı, yoxsa yox, amma tam səmimiyyətimlə deyim ki, elə bu yazının özündə də istəklərimi, anladıqlarımı, gördüklərimi, bütövlükdə həyatımın gerçək dərdlərini nə qədər ifadə etsəm də, deyəsən məramıma çata bilmədim. Sizlər nə istədiyimi, nə yazdığımı fikirləşə-fikirləşə qaldınız. Odur ki, qayğıların başdan aşdığı indiki nöqtədə, yəni mənim dayandığım yerdə siz də bir dözüm nümayiş etdirin. Çalışın ki, səbriniz tükənməsin. Axı sizinlə həmsöhbət olan dərdlə kifayət qədər şirin danışmağı bacaran, dərdin könlünü alan bir Allah bəndəsidi. Elə bu son şeirdəki kimi:

Dərdinə qurban olum,
Dərdi aldım gözündən.
Kağız tək cırıb atdım-
Dərdi saldım gözündən.

Kiprik sərinliyinə
Sevgi dərinliyinə
Neçə qərinəliyə -
Hər gün daldım gözündən.

Bir kimsəm yox kiridə
Əldən tutub yeridə...
Mən hamıdan geridə -
Gülüm, qaldım gözündə!..

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV