adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

KOROĞLU - İZZƏT BAYSAL

SEYFƏDDİN ALTAYLI
87217 | 2013-11-09 07:43
Koroğlu bələdiyyəsi ilə İzzət Baysal Universiteti birlikdə Bolu vilayətində Koroğlu simpoziumu və festival hazırlamışdı.
Bu tədbirin xəbərini mənə bir vaxtlar TRT-də işləyən, indi təqaüdə çıxmış Ayfər Aksu xanım vermiş və Azərbaycandan da qonaqların dəvət ediləcəyini, mənim tanıdığım bir neçə şəxsin də adını ona verməyimi, onları da dəvət edə biləcəyini söyləmişdi. Mən də millət vəkilimiz, hörmətli dostum və qardaşım Aqil Abbas, Elman Qədirli və əhməd Oğuzun adlarını vermişdim. Simpozium 26 oktyabr, festival isə 27 oktyabrda başlayacaqdı. Mən və yoldaşım Fatma Xanım ayın 25-də Boluya yola düşdük. Aqil Bəy, Elman Bəy və əhməd Oğuz İstanbuldan digər dəvətlilərlə birlikdə gələcəkdi. O gün günortadan sonra Boluda görüşdük.
Bolu bələdiyyəsi doğrudan da maraqlı bir iş görmüşdü. Türk dünyasının dörd bir küncündən, Yakutya Muxtar Cümhuriyyətindən, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və o cümlədən də Azərbaycandan rəqs qrupları, siyasətçilər və jurnalistləri dəvət etmişdi. Ayın 26-da İzzət Baysal Universitetində böyük bir mərasimlə simpozium və festival tədbiri qədəm götürdü. Bolu bələdiyyəsinin sədri, Bolu valisi, İzzət Baysal Vəqfinin sədri əhməd Baysal, universitetin rektoru, millət vəkili Qənirə Xanım Paşayeva və adlarını sadalaya bilməyəcəyim şəxslər çıxışlar etdilər.
Bu boyda böyük bir tədbirin həyata keçirilməsi həm böyük bir cəsarət, həm maddi, həm də real qüvvə tələb edirdi. Ayfər Xanım Aksu Türk Dünyası ilə yaxşı münasibətləri olduğuna görə Türk dünyası ilə bağlı əlaqəni təmin edərək bələdiyyəyə lazımi dayağı göstərmişdi. Bakı Dövlət Universiteti, Elmlər Akademiyası, Folklor İnstitutu və müxtəlif kütləvi informasiya vasitələrində işləyən şəxslərin dəvəti, bu tədbirin nə qədər maraqlı olduğunun əyani sübutu idi.
Bolu bələdiyyəsinin sədri öz çıxışında, Bolunu, Koroğlu vasitəsi ilə Türk dünyasının tanınmış şəhərlərinin siyahısına salmağı, o cərgəyə daxil etməyi, bu vasitə ilə bir Koroğlu kompleksi yaratmağı, Koroğlu araşdırma mərkəzini qurmağı, bu yolla Türk dünyası ilə daha sıx əlaqə yaratmağı məqsəd götürdüklərini xülasə olaraq çatdırdı.
Koroğlu, mifoloji çağlardan bəri Türk dünyasını, eyni ilə Dədə Qorqud kimi birləşdirən bir missiyanı yerinə yetirirdi. Milli dəyər deyilən şey də bunu özü deyildirmiə!
İzzət Baysal Vəqfinin sədri əhməd Baysal isə çıxışında kövrələrək, Türk dünyasından gələnləri salamladı, əmisi İzzət Baysaldan təhvil aldığı vəqflə Boluya çox şeylər qazandırmağı məqsəd götürdüklərini və bu tədbiri hər yöndən dəstəkləyərək, onun təşkilində əməyi keçənlərə öz səmimi təşəkkürlərini bildirdi.
Sözün burasında mərhum İzzət Baysal ilə bağlı bir neçə söz deməyi özümə borc bilirəm. İzzət Baysal, Boluda dünyaya gəlib, təhsilini çətinliklərlə başa çatdırıb, İstanbul Sənayei Nəfisə adlanan məktəbdən memar diplomuyla məzun olaraq məmuriyyətə başlayıb, ancaq daha sonra öz şəxsi işini yaratmaq fikrinə düşüb. İstanbula üz tutub, orda dükan açıb və dəfələrlə Almaniyaya gedərək metal boruları birləşdirmə detalını buraxacaq bir zavodu tikmək qərarına gəlib, bu fikrini də 1957-ci ildə həyata keçirib. Vaxt ərzində işini böyüdüb və Bolu vilayətinə saysız-hesabsız xidmətləri toxunub. Qardaşıoğlu əhməd Baysal tədbirdə çıxış edərkən vəqfin gəliratının 80 faizinin təlim-təhsil və xeyriyyə işlərinə ayrıldığını, qalan 20 faizin isə vəqfin özünü inkişaf etdirməsi yolunda sərf etdiyini söylədi.
İstəkli qardaşım Aqil Abbas tədbirin üçüncü günü axşamı mənə heyrətlə bu sözləri söylədi: "Bu gün bir taksiyə oturdum. Sürücü Azərbaycandan gəldiyimi və bu festivalda iştirak etdiyimi bilən kimi mənimlə daha səmimi danışmağa başladı. Bu tədbiri təşkil edənlərin cərgəsində İzzət Baysal Vəqfinin adını çəkən kimi mənə dedi ki, "İzzət Baysalı biz çox sevirik, Allah ona sonsuz rəhmət eləsin. O, bir dənə də məscid tikmədi, universitet yaratdı, məktəblər tikdi, ehtiyac içində olanlara arxa oldu, Bolu gənclərinin ziyalanması, təhsil alması üçün əlindən nə gəldisə onu etdi". Deməli, İzzət Baysal bizim mərhum milyonçumuz Hacı Zeynalabidin Tağızadənin yolunu Boluda davam etdirib".
Bəli, Türk dünyasının bu gün də, sabah da, Hacı Zeynalabidin Tağızadələrə, İzzət Baysallara, Həsən Məlikzadə Zərdabilərə ehtiyacı var və olacaqg Tanrı onlardan rəhmətini əsirgəməsin. Çünki bu şəxsiyyətlərimiz və onların yolunu davam etdirənlər Tanrının "Qurani-Kərim"in ilk ayəsində buyurduğu "Rəhman və rəhim olan Allahın adıyla oxu", yəni, elm öyrən, əmrinə uyublar. Peyğəmbərimiz Hz. Məhəmmədin, "elm Hinddə də, Çində də olsa axtarıb tapın" buyruğunu yerinə yetiriblər. Ancaq ürək ağrısıyla deməliyəm ki, onların sayı qərbdə elmə üstünlük verənlərinki qədər çox olmayıb. Ona görə müsəlman dünyası deyilən mövhum arealda hər gün qan su yerinə axır. Misirdə, Liviyada, Suriyada, İraqda, Yəməndə, əfqanıstanda müsəlman ailədə böyüyüb boya-başa çatanlar, müəllimlər əvəzinə mollalara qulaq asanlar, onların öyüdünə uyanlar özlərinə bombaları bağlayıb partladırlar və həm özləri həlak olur, həm də onlarla, yüzlərlə ocaqları söndürürlər. Müsəlman dünyası deyilən coğrafiyaya bir nəzər salsaq görərik ki, ordan da qanlı-qadalı, ordan da qanunsuzluğun hökm sürdüyü bir yer yoxdur. əsrin bu çağında müsəlman ölkələrin məclislərində qadınlarının başına bağladığı çitin və büründüyü çadranın böyüklüyü İslam dininə o şəxsin nə boyda əməl etdiyinin rəmzi kimi mübahisə mövzusu olub. Min təəssüf. Yəni İslam dini haşa bir metrlik baş çiti ilə ölçülür, onun buyurduğu elmlə, mədəniyyətlə, tolerantlıqla, texnolojik inkişafla yox.
Tanrı sənə rəhmət eləsin ey böyük ustadımız Sabir:

"Şeyxül-islamlərin,
müftiyi-islamlərin
Hankısı satmadı
on müslimi bir tərsayə?"

Boluda qaldığımız dörd gün ərzində şəhərin ətrafında olan bir neçə yerdə olduq. Füsunkar Abant qəsəbəsini, Gölcük təbiət parkını gördük. Üç gün şam yeməyini Gölcükdə yedik. Bolu, 70 faizi meşəlik olan bir şəhərdir, dünyanın cənnət guşələrindən biridir.
Festivalın sonuncu günü Türkiyənin Cümhuriyyət bayramı gününə tuş gəlmişdi, yəni 29 əkim Cümhuriyyət Bayramına. O gün şəhərin ən hündür yerində Koroğlu kompleksinin özülü təntənəli bir mərasimlə qoyuldu. Qoyulacaq heykəlin yüksəkliyi 25 metr olacaq və Türk dünyasındakı bütün Koroğlu heykəllərinin bir oxşarı da o heykəlin yanında qoyulacaq. Özülqoyma mərasimindən sonra şəhərdə Cümhuriyyət Bayramı mərasimlərinin başlayacağı şəhər meydanına getdik. Aqil Bəy də protokolun ən ön cərgəsində idi, millət vəkilləri, bələdiyyə sədri, jandarma komandiri, polis rəisi və vali ilə birlikdə. Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Yakutya və digər yerlərdən gələn rəqs qrupları öz bacarıqlarını bolululara göstərdilər. Hamı onlara maraqla, sevgiylə və qürurla tamaşa etdi. Çünki bu cür rəngarəng bir mədəniyyət hansı millətdə varə
Bizi ordan Türk Ocaqları təşkilatının Bolu şöbəsinə apardılar. Bolu Türk Ocağı sədri Dr. Hüseyn Bəy qonaqlara böyük hörmət və məhəbbətlə ev yiyəliyi etdi. Maraqlı çıxışlar oldu. Türk dünyasından gələnlər öz ürək sözlərini orda yığışanlara çatdırdılar. Aqil Abbas isə Türk Ocağı zalını mitinq meydanına çevirdi, hamını özünə valeh etdi. Orda olanlarla və digər xadimlərlə sağollaşdıqdan sonra Aqil Bəyi və əhməd Oğuzu götürüb üz tutduq Ankaraya.
"Ankara, Ankara, güzəl Ankara".

Seyfəddin Altaylı,
Ankara
altaylı[email protected]

TƏQVİM / ARXİV