VAXTINDA GƏLDİKMİ BU DÜNYAYA BİZ?

İRADƏ TUNCAY
75674 | 2013-11-08 02:43
Tarixi vərəqləmək həm də yaddaşı təzələməkdir. Bu da insanı dünənə, keçmişə yenidən baxmaq, olanlara və olmuşlara yenidən qiymət vermək imkanı yaradır. Bu mənada Böyük Oktyabr Sosialist İnqilabının 90 illiyinə həsr etdiyim bu yazını təkrar diqqətinizə təqdim edirəm. Necə deyərlər, tarixə bir də baxmaq, bir də səyahət etmək üçün...
Çox qəribədir, gəlib keçəni götür-qoy edəndə qərara gəlirsən ki, tarixi hadisələrə baxış da insan taleyinə bənzəyir. Yəni hər hansı bir təqvim günü nə vaxtsa insanların əziz-xələf bayramı olur. Sonra vaxt keçir, ideoloji təbəddülatlar həmin günü hörmətdən salır. Bayram kimi qeyd olunmasa da hadisə qovuşur tarixə. Amma bu bayramın 50 illiyini dumanlı, 60, 70 illiyini aydın xatırlayıram. Və bu təntənələrin yavaş-yavaş öləziməyi də yadıma düşür. Bu təqvim gününün şərəfinə zərbəçi əmək növbələrini, plandan əlavə öhdəlikləri, toplantıları, konsertləri, şeirləri xatırlayıram. Orta məktəbdə bu mövzuda yazdığım inşalar yadıma düşür. Zəhlə tökən noyabr yağışları, küçələrdə satılan xrizantemalar (o vaxt hər mövsümün öz gülləri olurdu), universitetdən bizi zorla parada göndərməkləri, dekanın əlində siyahı tələbələri sayması, bayraqlar və şüarlarla "Yaşasın" qışqırmağımız yadıma düşür. Çox gənc idik - anladığımız və anlamadığımız mətləblər var idi. Paradda nümayiş olunan qüdrəti görürdük. Və həm də görürdük ki, bu payız küləyi bizi üşüdəndə əynimizə geyməyə plaş tapmırıq. O da yadımdadı ki, 18 yaşım olanda həmin bu bayram ərəfəsində atam Alma-Atadan səfərdən qayıtmışdı və mənə o vaxt dəbdə olan platforma ayaqqabı gətirmişdi. Çox sevincək geyinib getmişdim parada. Təzə ayaqqabılar elə incitmişdi ki, özümü evə zorla çatdırmışdım. Onu deyim ki, mən 18 yaşımı qeyd edəndə bütün ölkə bu hadisənin 60 illiyini bayram edirdi. Həmin gün təqvimin qırmızı günü idi, yəni iş günü sayılmırdı. Ona görə də mənim dünyaya gəlişimin ailə ortamında qeyd olunması da bir qayda olaraq həmin bayram günləri olurdu. Bəlkə ona görə uzun illər mən özümü həm də böyük inqilabın övladı sayırdım. Bu il noyabrın 7-də 90 illiyi tamam olacaq Böyük Oktyabr Sosialist İnqilabının. İndi daha təqvimdə qırmızı gün olmayan qırmızı inqilabın...
Bilmirəm indi həmin bu hadisə kiminsə yadına düşəcək, ya yox, amma yaşıdlarım tələbəlik illərində gözünün yağını əridib oxuduqları "Partiya tarixi" və "Elmi Kommunizm" fənlərini yaxşı xatırlayırlar. Ali məktəblərdə ən zalım müəllimlər bu fəndən dərs deyirdilər. Həmin kafedralar bütün ixtisas kafedralarından üstün sayılırdı. Hər il neçə-neçə tələbə qurultayların, qərar və qətnamələrin, proqramların hesabına ali məktəbdən xaric olunurdu. Deyək ki, jurnalistika fakültəsinin tələbələri Sovet mətbuatının tarixini öyrənməyə məcbur idilər. Mətbuat tarixi həm də partiyanın tarixi idi. Amma Tibb İnstitutunun tələbəsi əzələ və sümüklər barədə bildiklərindən çox Leninin aprel tezislərini, hansı qurultayda neçə dəfə çıxış etdiyini, beşillik planların məzmununu əzbərləyirdilər. İndi yəqin "qızıl yel" xəstələrini müayinə edəndə gözlərinə qızıl əsgərlərin Qış sarayına hücumu görünür. Ya da irinlənmiş bir yaraya baxanda "imperializmin çürüməkdə olan kapitalizm" olduğu yada düşür. Soruşmaq istəyirəm, bütün bunlar lazım deyildisə, boş və mənasız idisə, mən ömrümün ən yaxşı günlərini, aylarını niyə xərcləməliydim? Yox, əgər gərəkli idisə, bu gün nələr baş verir? O qayda-qanunları, o prinsipləri nə tez unutduq? Və ən önəmlisi o utopik quruluş eksperiment idimi? Əgər ömrümüzün beş ilini sərf edib öyrəndiyimiz boş şeylərə belə yanırıqsa (boş olub-olmadığı əlbəttə mübahisəlidir), gör bu elmlərdən namizədlik, doktorluq dissertasiyaları yazıb alim olanlar nə çəkir. Onlar öz çəkdiklərində olsunlar, amma mən həyatımızı bu qədər etkiləmiş, düşüncəmizə öz möhürünü vurmuş böyük bir tarixi hadisənin üstündən elə-belə, sükutla keçmək istəmədim.
Lenin avantürist idi, idealist, ya da realist, deyə bilmərəm. Amma hər halda bu balaca adamın içində böyük iddialar vardı. Və bu iddiaları reallaşdıra bildi, qismən də olsa. Əvvəllər Böyük Oktyabr Sosialist İnqilabının tarixi əhəmiyyəti haqqında belə yazırdılar: "Oktyabr inqilabı özündən əvvəlki inqilablardan köklü surətdə fərqlənir. Bu inqilab kapitalistlərin və mülkədarların hakimiyyətini devirdi, proletariat diktaturası qurdu, Rusiyada kapitalizmi ləğv etdi. İnsanın insan tərəfindən istismarını, ictimai və milli zülmü aradan qaldırdı. Sosializm və kommunizm quruculuğuna yol açdı". Oldumu? Qismən... Davam edək: "İnqilabın əsas hərəkətverici qüvvəsi Rusiya proletariatı idi. Partiya sosialist inqilabının qələbəsi uğrunda mübarizədə həlledici qüvvə olan fəhlə sinfinin və yoxsul kəndlilərin ittifaqını yaratdı. Fəhlə sinfinin böyük ümumdünya azadlıq vəzifəsi Oktyabr İnqilabında dərindən və hərtərəfli şəkildə aşkara çıxdı. V.İ.Leninin belə bir mühüm müddəasının həqiqiliyi təsdiq olundu ki, ancaq Kommunist Partiyasının başçılıq etdiyi fəhlə sinfi kapital zülmünün devrilməsi uğrunda mübarizədə, onun gedişində, qələbənin saxlanıb möhkəmləndirilməsində, yeni ictimai quruluş yaratmaq işində bütün zəhmətkeş və istismar olunanlar kütləsinə rəhbərlik edə bilər. Oktyabrın qələbəsi XX əsrdə başlıca hadisə olub bütün bəşəriyyətin inkişaf gedişini kökündən dəyişdirdi. İnqilab bəşəriyyət tarixində yeni dövr - kapitalizmdən sosializmə keçid dövrünü açdı". Doğrudurmu? Yenə qismən... Böyük rus imperiyasını dağılmaqdan qurtara bilən bu hikkəli adam öz ideyalarını həyata keçirmək üçün bütün yolları məqbul sayırdı. Hər halda I Dünya müharibəsi Avstriya-Macarıstan və Osmanlı imperiyalarının varlığına son qoymuşdu. Ancaq dünya dövlətləri Rusiyanın dağılmasına hazır deyildilər. Və buna görə də Leninə yardım etdilər. Üstündən bu qədər vaxt keçəndən sonra təbii ki, kimsə proletariatın tarixin axarına təsir imkanlarına inanmır. Ona lazım olan maddi dəstəyi verdilər, o da xərabələr üzərində tamamilə yeni bir sistem qura bildi. Bütün istəklərini həyata keçirməyə isə ömrü çatmadı. Mən hansı bir insana bənzədim ki, Lenini - bayrağının altında millətlər qardaş oldu? Olmadı? Təbii ki, oldu. Yenə qismən. İndi gəlin fikirləşək, bu qədər israfçılıqla, dağıtmaqla, hay-küylə də olsa hər halda 70 il bir dövləti, bir sistemi yaşada bildilər. Bəlkə Stalindən sonra ölkəyə savadlı və ağıllı adamlar başçılıq etsəydilər heç bu quruluş dağılmazdı. Tam səmimi deyirəm, rus şovinizminin sarsaq qərarları olmasaydı və son dönəmlərdə dövlətin başına Mixail Qorbaçov yox, Heydər Əliyev gəlsəydi bəlkə o böyük imperiya heç dağılmazdı da. Rusiya hər zaman başqa millətlərdən olan padşahların zamanında çiçəklənib. Tarixi yada salın...
Yada salmalı o qədər hadisələr var ki. İndi Sovet dövründə böyüyüb boya-başa çatan kimsələrdən həmin zamanı xəbər alsaq, "yaxşı hökumət idi, kasıbın hökuməti idi" deyəcəklər. Krımda, Kislovodskda dincəlməklərini, aldıqları təqaüdlə dolana bildiklərini, gözəl təhsil sistemini, dinc həyatlarını, hökumətin verdiyi evləri, evlərdə yanan işıqları və daha nələri xatırlayacaqlar. Ən önəmlisi isə əmin-amanlığı xatırlayacaqlar. Təbii, o quruluşun sosial yönümlü siyasəti var idi və kapitalı Tanrı sayan kapitalist dünyasından fərqli idi. Bəs niyə iflasa uğradı? 40 səbəbdən birincisini barıt saysaq, aydın mənzərə alınacaq. Ölkənin bütün maddi sərvətləri ağlagəlməz dərəcədə talanırdısa, bunun ardınca təbii çöküş gəlməli idi. Yalan şüarlarla dükanların qarşısında növbə gözləyən insanların qarnı doymurdu. Kosmosa raket uçurdan, Kubada, Vyetnamda yetim saxlayan dövlətin öz vətəndaşının görkəmi könül açan deyildi. Bunu dilinə gətirənləri dəli deyib tutsalar da hər kəsin gözünə çəhrayı eynək taxmaq da mümkün deyildi. Milli münaqişələrin alovlanması üçün gözəl zəmin vardı. Üstəlik qərb dövlətlərinin təxribat institutları gecə-gündüz çalışırdılar. Və bu qədər "qismən"lərin üstündə bərqərar olan sistem duruş gətirmədi. Əvvəl-əvvəl sevinənlər sonra bu xərabələrin toz-dumanı altında qaldılar. İndi dünya bir qütblüdü və okeanın o tayından idarə olunur. Dünya qazandımı? Güman eləmirəm. Bir dövlətin dağılmasının ardından nə qədər faciələr gəldi. Özümüzü heç saymıram, biz zərbə yeməyə öyrəncəliyik və dünyaya da heç vaxtında gəlmədik. İnsan həyatı boyu nə qədər sual qarşısında qala bilər? Bir ölkənin içində hər dəfə rəhbər dəyişəndə yeni gələnlər özündən əvvəlkiləri inkar edirdilər. Başqa şeyləri qoyaq bir tərəfə, biz oxuyanda "Partiya tarixi" kitabında XX qurultayın üstündən sükutla keçirdilər. Çünki orda Xruşşov "şəxsiyyətə pərəstiş dövrünü" tənqid etmişdi. Və sonra öz islahatları öz başına bəla olmuşdu. Biz tələbə olanda isə Brejnevi tərifləmə kampaniyası zirvə nöqtəsindəydi.
İndi illərin arxasından baxanda hər şeyə qiymət verməyə çalışırsan. Yaxşı da var idi, pis də. Amma yalan bünövrənin üstündə ən gözəl doğrulara doğru getmək mümkün deyil. Birmənalı olaraq.
Bu illər ərzində hətta rənglərə də münasibət dəyişib. Dəli kimi sevdiyimiz qırmızı rəng terror rəngi olub. Mavi rəngə bir az müəmmalı yanaşmağa başlamışıq. Narıncı, çəhrayı və yaşıldan heç danışmıram...
... Əslində mövzu Böyük Oktyabr Sosialist İnqilabı idi. Bizlər o tarixi hadisə haqqında çox şeyi bilirdik. Görünməyən tərəflərini də sonralar öyrəndik. Yeni nəsil bilmir, bəlkə heç lazım da deyil. Amma irəliyə doğru gedib yenidən dönmək gərəkli idimi? Bir addım irəli gedib, iki addım geriləmək nə anlama gəlirdi? Ya da cəhalət bataqlığında olan adamlardan yeni insan yaratmaq xülya idimi? İstəyirəm deyəm, gorun çatlasın, ay Lenin, sonra yadıma düşür ki, yazığın heç goru da yoxdu. Olsa da-olmasa da, tarixin istiqamətini dəyişmiş şəxsiyyətlərin ideyaları yaşayır. Yəqin ki, Rusiyada bu hadisənin 90 illiyini nə şəkildəsə qeyd edəcəklər. Maraqlı hadisə idi, 70 ildən sonra iflasa uğrasa da. Biz də bu dünyaya vaxtında gəlsək də, gəlməsək də həmin hadisənin doğurduğu sistemin fiqurları olduq. Və bu gün də yaxşısıyla, pisiylə nəticələrini yaşayırıq. Yenə yadıma düşür, 1-ci kursda oxuyanda parada getməyimiz, yuxarı kurslar bizə baxıb uşaqların sayını az görəndə "sizi yaxşı qorxutmayıblar, az gəlmisiniz" dedilər. İndi fikirləşirəm ki, səhv eləyirdilər, qorxunun keyfiyyəti çox yüksək idi.

P.S. Köhnə təqvimlə təzə təqvim arasında 13 gün fərq var. İnqilab köhnə təqvimin vaxtında olmuşdu, sonralar təzə təqvimlə qeyd olundu - noyabrın 7-də. Amma Oktyabr inqilabı...

İradə TUNCAY

TƏQVİM / ARXİV