adalet.az header logo
  • Bakı 20°C

BİR PAYIZ GÜNÜ...

ƏBÜLFƏT MƏDƏTOĞLU
73510 | 2012-12-11 22:31
Bilmirəm kimdənsə eşitmişəm, yoxsa hardasa oxumuşam. Amma fərq etməz. Hər iki halda o söz yadımda qalıb. Çox maraqlı bir sözdü. Deyirlər ki, hər yerin təbiəti o yerin insanlarına daha çox bənzəyir...g

Belə götürəndə o bir cümləlik fikrin açması çox böyükdür. Özü də uzaqlara getməmək. Elə öz evinin, öz iş yerinin pəncərəsindən ətrafa baxmaqla həmin o böyük fikrin böyük mənalarını anlamaq mümkündür. Sınamaq istəyirsinizsə siz də oturduğunuz yerdən qalxın, yaxınlaşın pəncərəyə və olduğunuz ərazini, onun mühitini, təbiətini bir anlıq seyr edin. Qəribə mənzərə ilə qarşılaşacaqsınız. Buludların arasından zəif gün işığı, bir az boz-bulanlıq hava, bir az yağmur, bir az külək, bir az...

Hə, bu məqamları, bu təbii mənzərəni duydunuzmu? Tuta bildinizmi? Onda qayıdın evin içindəki ailə üzvlərinə və yaxud küçəni keçən adamları seyr edin. İnanın ki, tam oxşar bir vəziyyətlə qarşılaşacaqsınız. Kiminin gözləri gülür, kiminin çöhrəsində kədər, kimi əsib-coşur, kimi pıçıltı ilə danışır, kimi özünə çəkilir. Daha nələr, nələr. Gördünüzmü, biz öz təbiətimizə necə bənzəyirik. İki gündür ki, Bakının havası tutulub. Əslində bu Bakı üçün xarakterik bir haldır. Bir dəqiqəyə tutulur, bir dəqiqədən sonra aləm qarışır bir-birinə. Elə bir dəqiqədən sonra da bilmirsən gün çıxır, yoxsa yağış yağır. Ona görə də mövsümə uyğun geyim də seçmək olmur. Düzdür, çox hörmətli Umara xanımın işçiləri gündə bir neçə dəfə bizə xəbərdarlıq edirlər ki, evdən çıxanda qalın geyinək, çətirimizi götürək. Amma kimdi bu deyilənlərə baxan. Bir də ki, Bakının dəli küləyi adamın əlində çətir qoyur qalsın. Yeri gəlmişkən, hərdən oturub fikirləşirəm, Bakıya ilk vaxtlar gələndə çətirlə güləşən adamlara baxıb o qədər gülmüşəm ki. Ona görə də kiminsə mənə güləcəyini düşünüb heç vaxt çətirə pul vermirəm. Amma çətirlə yağışdan qoruna-qoruna yanaşı addımlayanlara yaxşı mənada həsəd aparıram

Dünən də yağış yağırdı. Necə deyərlər, əsl çətir havası idi. Yağışda gəzməyi xoşladığımdan dostların dəvəti ürəyimdən oldu. Qarabağ döyüşçüləri Fəxri Xiyabana Heydər Əliyevin məzarını ziyarət etməyə gedirdilər. Mən də onlara qoşuldum. Getdik. Fəxri Xiyabanda addımladıqca məndən öndə, arxada gedən insanların çöhrələrinə diqqətlə tamaşa edirdim. İstəyirdim ki, görüm bu insanlar bura istəklə gəliblər, yoxsa hansısa bir tapşırığı, borcu yerinə yetirməyə. Səmimi deyəcəm, veteranların hamısının çöhrəsindəsanki eyni sözlər yazılmışdı:

- Ali Baş Komandana ehtiram!

Bəli, müharibələn keçmiş, barıt qoxusunu ciyərlərinə çəkmiş, səngərdə torpağı qanı ilə suvarmış bu insanlar ağır-ağır addımlasalar dahəmin o döyüş cəsarəti yenə onlarla birlikdə idi. Elə bil bu insanlar Fəxri Xiyabana təkcə ziyarət üçün yox, həm də döyüşə hazır olduqlarını bəyan etmək üçün gedirdilər. Sadəcə, başlarını aşağı salmışdılar. Bunu da anlamaq mümkündür. Nə qədər ki, Qarabağ işğal altındadır, nə qədər ki, şəhid ruhları dinclik tapmayıb, bu belə də olacaq...

Fəxri Xiyabanda jurnalistlər də ora-bura tələsirdilər. Hər kəs mikrofonunu kiməsə tərəf tuşlamışdı. Mən bu mənzərəni də görürdüm. Yenə səmimi deyəcəm. Həmkarlarımın daha çox tanınmış məmurlara, vəzifəli şəxslərə yaxınlaşması o qədər də ürəyimcə deyildi. Təbii ki, həmin insanların da söz demək haqqı var, bəlkə də lap çox haqqları var. Amma ziyarətə çəliklə, tək ayaqla, körpəsinin, məktəbli uşağının əlindən tutub gələnlər mənə elə gəlir ki, burada daha səmimi, daha gerçək danışa bilərdilər. Amma nədənsə həmkarlarım onlara tərəf elə-belə ötəri nəzər yetirirdilər. Kameralar sadəcə keçidi, addımları adda-budda yaddaşına köçürürdü...

"Azərbaycan bayrağı" ordenli İbad Hüseynov öz dostları ilə, yəni cəbhənin Xocavənd istiqamətində döyüşmüş veteranlarla birlikdəUlu Öndəri ziyarət edib əklilləri, gül dəstələrini Heydər Əliyevin məzarı önünə düzüb baş əydikdən sonra Fəxri Xiyabana gəldikləri qətiyyətli addımlarla da yavaş-yavaş tərk edirlər. Onların bugünkü ziyarətləri əslində əsgərin sabiq Ali Baş Komandana tükənməz sevgisinin, inamının təcəssümüdür. Çünki onlar əmindilər ki, bir gün Ulu Öndərin layiqli varisi, Azərbaycan prezidenti, bugünkü Ali Baş Komandan hər birimizi istənilən bir yolla torpaqlarımızın azad olunmasına səfərbər edəcək.

Həmin gün mütləq gələcək! Həmin gün uzaqda deyil! Həmin günün əsgəri bizim hər birimizik! O cümlədən də İbad Hüseynovun özü və döyüş dostlarıdır!

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV