adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

PRİNSDƏN DƏ PUL İSTƏYƏRLƏR?..

BABƏK YUSİFOĞLU
67974 | 2013-11-07 00:40
Deyirəm, dünyada o qədər işlər var ki, bizim onlardan xəbərimiz yoxdur. Və hər dəfə də ucundan-qulağından eşidəndə həftələrlə doğruluğuna inanmağımız gəlmir. Öz aramızdı, kim deyərdi ki, dünyanın az qala bütün insanlarının həsəd apardığı Böyük Britaniya prinsi Çarlzın ::::mazqısı::::nı elə öz ölkəsində xarab eləyənlər tapılar. Özü də kimlər-kimlər, ruslar demiş, ::::kakoy nebud:::: vergi idarəsi.
Bilirəm bu haqq-hesaba bizdə kimsə inanmayacaq, amma Həzrət Abbas haqqı, o bayda imperiyanın prinsini dirəyiblər divara ki, qardaş, sənin olan və gəlirini götürdüyün torpaqların vergilərini ödəməlisən.
Əslində həmin hadisə haqqında oxuyanda mən də inanmadım. Dedim ki, əşşi, o yekəlikdə kral sülaləsinin prinsinə kimsənin ::::duxu:::: çatmaz ki, vergi ödəmədiyinə görə artıq-əskik desin. Məgər Böyük Britaniya ona dədələrindən qalan bir ölkə döyül? Amma neyləyəsən ki, fakt faktlığında qalır. Yəni, vergiçilər dirəniblər ki, dediyimiz dedikdi, vəssalam. Bu azmış kimi informasiya quruluşları da bir neçə gündür, kişini bütün dünyada biabır etməkdədir. İndi bunlara deyən lazımdı ki, ə, yekə adamlarsınız, özünüz prins Çarlzın dədəsinin ölkəsində yaşayırsınız, lakin bir qıram mərifətiniz yoxdur, bu qədər söz-söhbət olar?
Əcnəbi xəbər agentlikləri yazır ki, Britaniya xəzinədarlığı prinsdən şübhələndiyi üçün onun işlərini yoxlayıb. Yəni, onun daşınmaz əmlakından gələn gəlirlərin necə verildiyini öyrənib. Sən demə, Kraliça II Elizabetin böyük oğlu və taxt-tacın varisi sayılan prins Çarlza aid olan Kornuoll hersoqluğundakı torpaqlardan gələn gəlirin vergisi verilmir.
Heç bu vergi işçiləri özlərindən soruşmurlar ki, bu zalım balası təkcə Kornuolldakı torpaqlardan daxil olan 28,8 milyon funt-sterlinqin 9 milyonunu niyə vergi kimi ödəməlidir axı? Heyf döyül o qədər para? Lap tutaq ki, siz tələb eləyirsiniz, Çarlz bunu necə versin axı? Özü də şəxsən tanımasam da şəkillərinə-zadına baxmışam, pis oğlana oxşamır.
Mənə elə gəlir ki, Çarlz vergi işçilərinin xəcalətdən yerə girməsindən ötrü mütləq bir qətiyyətli addım atmalıdır. Məsələn, yır-yığışını eləyib birbaşa gəlməlidir düz bizim ölkəmizə. Lap elə Bakıya. Burada özünə bir saray tikdirib bala-bala yaşamalıdı. Qoy onda ingilislər utanıb yerə girsinlər. Və prins də yüz faiz arxayın qalmalıdı ki, burada aldığı mülklərinin, daşınmaz əmlakının, gəlirlərinin nə qədər olduğunun hesabını kimsə aparmayacaq, vergisini də tələb etməyəcək. Lap istəsələr də bunu bacarmazlar. Başqa ölkələrə baxmayın, bizdə gəlir vergiləri haqqında deklorasiyaların təqdim olunması məsələsi həll edilsə də heç kim nə öz hesabatını açıqlayır, nə də kimsə hesabatın bəyan edilməmənin hesabını sorur.
Hələ Çarlz eşitsə ki, bizdə elə ::::imtiyazlı:::: adamlar var ki, heç işlətdiyi qazın, elektrikin, suyun, torpağın pulunu ödəmir, ::::voobşe:::: bir dəqiqə də Britaniyada qalmaz. Bir də ki, axı niyə o cür qədirbilməz millətin içərisində yaşasın? İngilislər hardan bilsinlər ki, vəzifəsi, yaxşı pulu olan adamlardan kommunal xərcləri, gəlir deklorasiyalarını tələb eləmək olmaz. Ayıbdı axı, görən-bilən adama nə deyər?
Öz aramızdı, Britaniya olmasın, hansı Qərb ölkəsində bu cür kef-damağ var? Heç birində. Birləşmiş Ştatların prezidenti Barak Obamanın xalası bir dəfə qələt eləyib gəlmişdi Amerikaya. Vallah, vizasının vaxtı bir neçə gün ötdüyünə görə deportasiya idarəsi onun başına bir oyun açdı ki, yazıq arvad o gedəndi, bir də geri dönməyib. Az qalmışdılar onu saçlarından sürüyüb Meksikaya-zada atsınlar...
Özü də prins Çarlz gərək burada saray tikdirmək üçün torpaq almaqdan ötrü qəti narahat olmasın. Bu elə də çətin məsələ deyil. Bunun yollarını elə Amerikanın Azərbaycandakı keçmiş səfiri cənab Eskudierodan soruşsa o, hər şeyi başa sala bilər. Çünki bu işləri Eskudiero yaxşı bilir. Hətta prins Çarlz oradakı vergi işlərinin nə ilə qurtaracağını gözləmədən tez-bazar durub gəlsə yaxşı olar. Çünki sonra babat bir yer, torpaq sahəsi tapmaq çətin olacaq. İndi maşallah, dənizin sahillərini də, Araz çayının yatağını da, Tuqay meşələrini də, Göyəzən dağını da... alıblar. Tay o bayda prins də bu qədər yolu gəlib burada parkı-zadı özəlləşdirməyəcək ki?..

BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV