adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

ƏN BÖYÜK SƏADƏTİ VƏ ƏN BÖYÜK DƏRDİ YAŞAYAN...

BABƏK YUSİFOĞLU
62771 | 2013-11-05 00:47
Tarix boyu aqil insanları düşündürən saysız-hesabsız məsələlərin sırasında bir sual da var ki, onun cavabı çox olsa da müxtəliflik üzündən kimsə həmin cavablardan hansı birinin dəqiq olduğunu söyləyə bilməz: Xoşbəxtlik nədir? Deyilənə görə, nə qədər insan xarakteri, dünya baxışları varsa, bir o qədər də xoşbəxtlik anlayışı mövcuddur. Yəni hər kəs xoşbəxtliyi özünəməxsus görür.
Lakin məntiqi ümumiləşmə aparsaq insanların çox böyük əksəriyyətinin bu məsələdə fərqliliyini yox, oxşarlığını görmək mümkündü: rahat, firəvan həyat, yaxşı şərait, gözəl ailə, yaraşıqlı ev... Və nəhayətdə bütün bunların əldə edilməsi üçünsə çoxlu pul... Yəqin elə ona görə də böyük rus yazıçısı Lev Nikolayeviç Tolstoy yazmışdı: "...bütün xoşbəxtlər eyni cür xoşbəxtdirlər, amma bədbəxtlər müxtəlif cürdürlər".
Mənim düşüncələrimə görəsə xoşbəxtlik fərdin ruhi, psixoloji, mənəvi aləmi ilə bağlı olduğu üçün o, bir an, bir məqam, hansısa zaman kəsiyində yaşana bilər və sonuclanar. Yəni bütövlükdə xoşbəx bir ömür deyilən variantın mövcudluğuna inanmıram. Belə olsaydı bütün varlılar xoşbəxt, bütün kasıblar bədbəxt olmalıydılar... Və belə bir yanlış iddianın izahına ehtiyac belə yoxdur.
Çox maraqlıdır ki, əksəriyyət pulu xoşbəxtliyin təminatçısı hesab etsə də onun həm də böyük bəbəxtliklər gətirdiyi haqda saysız-hesabsız örnəkləri var. Əlbəttə, mən bununla heç də sübuta çalışmıram ki, adamlar rahat, maddi cəhətdən təminatlı həyat üçün doğrudan da əsas amil olan pulu baykot etməlidirlər ki, bədbəxtliyi özlərindən uzaqlaşdırsınlar. Xeyr. Mən bu fikirdən çox uzağam və belə bir iddianı qəti doğru saymıram. Sadəcə, xoşbəxtliyin parada aranması doğru deyil...
Azmı milyardları olan insanlar qurtuluşlarını intiharda görüblər... Çoxlu pul əldə edəndən sonra Tanrını, rahatlıqlarını, sevgisini, insanlığını, daha nələrini itirib əzablara qovuşanları saymaqla qurtarmaq mümkündürmü? Əsla yox. Elə Frensis Skott Fitzcerald da pulun-paranın içində üzəndən sonra sevinə biləcəyi, xoşbəxt olacağı hər şeyi bir-bir itirib əvəzində boşluq qazanmadımı? Amerika ədəbiyyatının böyük adlarından biri, istedadlı yazıçı Frensis Fitzçeraldı deyirəm...
Bu məşhur yazıçı digərlərindən həm düşüncə, həm yaşam, həm də həyat fəlsəfəsinə görə fərqlənirdi. Bunu çoxları etiraf etmişdi...
Ötən əsrin əvvələrində amerikalı ədəbiyyatşünas, məşhur bioqraf Endryu Ternbull onun haqqında yazırdı ki, Frensis Amerika arzusunun təcəssümünü - gəncliyi, gözəlliyi, f irəvanlığı, erkən anaşı, həm də əzəmətiylə var idi. Çoxları Frensis Skott haqqında danışarkən onun fitri istedada malik olduğunu vurğulayırdılar. Belə qənaəti paylaşanlara görə çox erkən yaşlarında, yəni, çap olunmuş elə ilk əsəri ilə inanılmaz bir şöhrət qazanması buna sübut idi.
Əslində Fitzceraldın öz həyatı da maraqlı bir romandan geri qalmırdı.
Sevinclərlə, uğurlarla, sərgüzəştlərlə, sevgiylə, eləcə də acılarla, faciələrlə dolu bir həyat sürmüşdü yazıçı...
Maraqlı romanları, hekayələri ilə məşhurlaşmış amerikalı yazıçı Frensis Skott Key Fitzcerald 1896-cı ilin 24 sentyabrında, Minnesota ştatında Sent-Pol şəhərində katolik irland ailəsində dünyaya gəlmişdi. Onun anası tanınmış və kifayət qədər hörmətli bir nəsldən idi. Belə ki, ABŞ-ın dövlət himninin mətninin müəllifi Frensis Skott ki ana babasının qardaşıydı ki, gələcək yazıçıya onun adını verdilər. Qeyd edim ki, Frensis ki, öz dövrünün tanınmış vəkili olsa da ədəbiyyatla da yaxından məşğul olmuşdu. Hətta onun çap olunmuş şeir kitabları da vardır.

TƏHSİL İLLƏRİ VƏ CƏBHƏYƏ GETMƏK CƏHDLƏRİ

Bioqrafların qənaətinə görə, nəslinin belə tanınmış olması səbəbindən ölkənin nüfuzlu təhsil ocaqlarında - Sent-Pol Akademiyasında, Nyumen Skulda, Prinston Universetində təhsil almaq şansını qazanan Frensis Fitzcerald universiteti bitirdikdən sonra yaxşı bir iş tapmağı hədəfləsə də tale onu tamam başqa sahillərə tərəf qovmağa başladı. Maddi ehtiyaclardan uzaq olan ailəsi onun təhsilinə xüsusi önəm versə də Frensis Skott vaxtını daha çox Prinston Universitetinin futbol komandasıyla oyunlara, hekayələr yazmağa, özünün müəllifi olduğu pyeslərin səhnələşdirilməsinə sərf edirdi.
Lakin müəyyən müddətdən sonra bunlar da Fitzceralda mənasız gəldiyi üçün erkən imtahan verib könüllü olaraq orduya getmək üçün rəsmi müraciət göndərdi və onu əsgərliyə apardılar. Frensis qəribə romantikaya qapılaraq həmin dövrdə gedən müharibədə iştirak etməyi düşünürdü, lakin onu cəbhəyə aparmadılar.
1919-cu ildə ordudan tərxis edilən Fitzcerald doğma şəhərinə qayıtmayıb Nyu-Yorka üz tutaraq orada xeyli müddət özünə iş aradı. Nəhayət özəl firmaların birində reklam agenti kimi işə başlasa da karyera ilə bağlı fikirlərindəki hədəfi dəyişmişdi. Daha doğrusu böyük karyera üçün çabalarını arxa plana atmışdı. Çünki ordu sıralarında qulluq etdiyi dövrlərdə öz gözəlliyi ilə əksər gənclərin diqqət mərkəzində olan Zelda Seyr adlı bir qıza vurulmuşdu ki, mülki həyata qayıtdıqdan sonra ilk iş kimi evlənməyi qarşısına məqsəd qoymuşdu.

UĞURUN BAŞLANĞICI ...

Lakin həyat gəncin xəyallarında canlandırdığı romantikadan ibarət deyilmiş. Vurulduğu qız çox varlı və nüfuzlu ailənin - Alabama ştatının hakiminin qızı olduğu üçün onlar gələcəkdə heç bir perspektivi görünməyən gəncin istəklərinə rədd cavabı verdilər. Əslində bu, başqacür də görünə bilməzdi. 23 yaşlı adi reklam işçisi zəngin həyat sürməyə öyrəşmiş bir qıza hansı həyatı yaşada bilərdi ki?
Bioqraflar yazırlar ki, qızın ailəsindən aldığı rədd cavabı sözün əsl mənasında gənci dərindən sarsıtmışdı. Az qala tərki-dünyalığa qədər gedib çıxa biləcək bu psixoloji durum bir müddət sürdü. Frensis təxminən bir neçə həftə içkiyə belə qurşandı. Lakin Fitzcerald istəklərindən asanca əl çəkən xarakterə malik biri deyidi. O hər kəsə sübut edəcəkdi ki, onu fərsiz hesab edənlər, gələcəyini görmək istəməyənlər kökündən yanılırlar. O, əlində olan, amma naşirlərdən dəfələrlə üstünə qaytarılan "Romantik eqoist" romanını da (deyilənə görə naşirlər bu əsəri 122 dəfə rədd ediblər) götürüb öz valideynlərinin yanına qayıtdı, düz üç ay əsərin üzərində dəlicəsinə işləməyə başladı. Deyilənə görə, bu müddət ərzində Frensisin üzünü yalnız yemək yeyəndə görmək mümkün idi ki, bu da mütəmadi xarakter daşımırdı.
Nəfəs dərmədən sərf olunann zəhmətdən sonra Frensis Skott həmin romanın məzmunu üzərində yeni bir roman ərsəyə gətirdi - "Cənnətin bu tərəfində". Sonralar bu əsəri haqqında danışan Frensis Skott belə demişdi: "Özümü son damlama qədər sıxdım..." Əvvəlkindən fərqli olaraq bu roman tərəddüdsüz çap üçün qəbul edildi və 1920-ci ildə nəşr olundu. O dövrün həyatından, gənclərin arzularından, qarşılaşdıqları yalanlardan və həqiqətlərdən bəhs edən bu əsər inanılmaz papulyarlıq qazandı. Əlbəttə, gənc bir yazarın, heç vaxt çap olunmamış bir müəllifin bu parlaq uğurunu nadir hadisə adlandırmaq mümkündü. Və elə bu nadir hadisə də yazıçının həyatının ən böyük xoşbəxtliyi və ən böyük bədbəxtliyi oldu...
Artıq hər tərəfdə haqqında danışılan əsərin müəllifi kimi Fitzceraldın bundan sonra sevdiyinə qovuşması üçün ciddi nədənləri var idi. Doğrudan da hakimin ailəsi bu fitri istedadlı gəncin qızlarıyla evlənməsinə razılıq verdilər. Frensis Skott və Zelda Seyr tezliklə evləndilər. Qəribəydi, sanki şöhrət artıq onun ünvanını tanımışdı. Belə ki, çox böyük sürətlə satılan kitab naşirlər tərəfindən bir neçə dəfə təkrar nəşr olundu.
Əslində Frensis heç özü də təsəvvürünə gətirə bilməzdi ki, ilk romanı belə qarşılanacaq. Qısa müddət ərzində şöhrətlə yanaşı böyük pullar sahibinə çevriləcək. Şəxsi həyatında da hər şey gözəl idi. Uğrunda əziyyətlərə qatlaşdığı, sevdiyi qızla evlənməsi isə onu səadətin tam ağuşuna atmışdı. O, bir dəfə qocaman yazıçı Çarlz Flandrauya belə demişdi: "Çarli, əgər sən bilsəydin ki, gənc, yaraşıqlı və məşhur olmaq necə gözəldir!"

DƏYİŞƏN HƏYAT...

Böyük imkanları yarandığı üçün gənc ailə daha cəlbedici həyat sürməyə başlamışdı. İndi onlar tez-tez yüksək ranqlı qonaqların məclislərinə, tədbirlərinə dəvətlər alır, bahalı restoranlarda görünürdülər. Bu arada Frensis yaradıcılığından da əl götürməmişdi. Elə həmin il onun ikinci kitabı - hekayələr toplusu işıq üzü gördü və maraqla qarşılandı. Belə demək mümkünsə, ikinci kitabından sonra oxucuları artıq xüsusi olaraq Frensis Fitzceraldın növbəti kitabını səbirsizliklə gözləməyə başlamışdılar.

(Ardı qəzetin 12 noyabr sayında)

BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV