adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

OQTAY XALLOĞLU

MƏMMƏD DƏMİRÇİOĞLU
40531 | 2013-11-02 10:17
Bakıda olduğunu bilirdim. Zəng edib hal-əhval tutmaq istədim, heç olmasa bircə dəfə də olsa qulluğunda durmaq könlümdən keçdi. Əvvəlcə görüşməkdən boyun qaçırdı. İsrarlı olduğumu görub, yerini nişan verdi:
- Dəmirçoğlu, stadionun arxa tərəfində xoruz döyüşündəyəm. Bura gəlib kimdən soruşsan, yerimizi nişan verəcəklər. Könlündən keçirsə gəl bura.
Mən Özbəkistanda yaşayanda da bir neçə dəfə bu qladyator döyuşlərinə bənzəyən qanlı xoruz savaşlarına tamaşa etmişdim. Maraq məni çuğladığından Oqtayın nişan verdiyi yerə getdim.
Meydana xeyli adam toplaşmışdı. Gözlərim Oqtayı axtardı və onu tapmaqda çox çətinlik çəkmədim. Hərbi mundir geyinmiş ucaboylu Oqtayı gözüm aldı və arxa tərəfdən ona yaxınlaşdim. Bütün fikri, xəyalı meydanın ortasında gərdiş eyləyən xoruza yönəldiyindən gəlişimi duymadı. Salamlaşarkən həmişəki, kimi çılğınlıqla görüşəcəyini, qucaqlayaraq kef-əhval tutacağını gözləyirdim. Amma tam əksinə olaraq tələm-tələsik salamımı alıb yenə diqqətini meydan sulayan xoruza yönəltdi. Qardaşı Altay da ordaydı, onunla yaxın tanışlığım olmadığından sakitcə bir tərəfdə durub nələr baş verəcəyini gözləyirdim. Altayla məsləhətləşmələrindən belə başa düşdüm ki, döyüşə bir neçə xoruz gətirib. Altay maşının yük kapotunu açdı, xüsusi qəfəslərə salınmış xoruzlara baxıb geri qayıtdı və yavaşcadan dedi ki, bu xoruzun qabağına çıxası xoruzumuz yoxdu. Bunun belə olduğunu özü də bilirdi və maraqla gözləyirdi ki, görsün bu bədheybət xoruzun qabağına xoruz çıxaran olacaqmı.
Çox maraqlı bir mənzərəydi. Açıq söyləyim ki, mənim şahidi olduğum bu xoruz döyüşünü filmə çəksəydilər, Amerikanın "Qladyator" filmindən daha maraqlı bir film alınardı.
Meydan dairəvi formadaydı. Diametri 7-8 metir olan döyüş meydanına narın saman səpələnmiş, dairənin hər tərəfində toplanmış insanlar döyüş üçün ayrılmış sahəyə ayaq basmadan döyüşün başlanmasını gözləyirdilər. İki yüzə yaxın adam toplaşmış bu meydança əsil döyüş əhval-ruhuyyəsindəydi. Peşəkarlar xüsusi olaraq seçilirdi, döyüş zamanı qayda-qanunlara nəzarət edir, ədalətli döyüşün təmin olmasına çalışırdılar. Xüsusi azarkeşlər isə əllərində dəstələyib tutduğu pulları seçəcəyi xoruz üçün xüsusi pul yığana uzadırdilar. Seçdikləri xoruz qalib olarsa, azarkeşlər tərəfindən yığılmış pullara sahib olur, xoruz sahibləri isə bu başdan döyüşün qiymətini müəyyənləşdirir və deyəsən azarkeşlərə yığılan pulunda müəyyən faizinə şərik olurdular. Bunlar bir seyrçi kimi mənim anlaya biləcəklərim idi. Əslində isə bu döyüşün yəqin ki, özlərinə məxsus özəl qanunları var və mən onları dəqiq bilmədiyimdən təxmin etdiyim kimi təsvir edirəm.
Hamı meydan sulayan tünd-qırmızı rəngə çalan ucaboy Heratı xoruzun hərəkətlərini izləyirdi. Xoruz yiyəsi ilk stavqa olaraq xoruzunun döyüşünə min dollar qiymət kəsmişdi. Heç kim cəsarət edib öz xoruzunu bu qartal dimdikli, tərlan baxışlı, uzun ayaqlı, durna boğazlı xoruzun qabağına çıxarmağa cəsarət etmirdi. Sanki bunu hiss edən xoruz, dairəvi meydan boyunca var-gəl edir, qanadlarını çırparaq iri caynaqlı ayaqlarıyla torpağı eşərək göyə sovururdu.
Tükləri tokülmüş üzun, yoğun boğazı sağalmış olsa da didik-didik idi. İlan başı kimi hamar başında pipiyin, saqqalın ancaq qıp-qırmızı yeri görünür, qanlı baxışları adamı vahiməyə salırdı.
Xeyli zaman ötdükdən sonra bütün tərəddüdlərinə qalib gələn bir nəfər ortalığa çil rəngli bir xoruz tulladı. Çil xoruz da eyni hərəkətlərlə caynaqları ilə yeri eşib göyə sovurmağa başladı. Mən elə bildim ki, xoruzlar dərhal döyüşəcək. Sən demə belə deyilmiş, xoruzlar bir-birinə meydan sulayaraq rəqibini psixoloji cəhətdən sındırmağa çalışırdılar, döyüşə pul qoyacaq azarkeşlərə seçim etməyə fürsət yaradırdılar. İnsafən söyləsək, çil xoruz da boy-buxunca, sərt duruşuyla qırmızı xoruzdan heç də geri qalmırdı.
Döyüşün son şərtləri qoyuldu. Bu qanlı savaşı idarə edəcək hakim: - Daban caynaqları itilənəckmi? - deyib hər iki xoruz sahibinə sual etdi. Bu işin nə qədər təhlükəli olduğunu bilsələr də hər iki xoruz sahibi: "İtilənsin" qərarını verdilər. Bu o deməkmiş ki, döyüş ölüm-dirim döyşü olacaq. Xoruzun daban hissəsində olan tək caynaq, sən demə, ən təhlükəli silahdı və bu nizənin ucu kimi itilənirsə, deməli, döyüş zamanı adi bir səhv ucundan xoruzun başı bədənindən üzülə, gözü çıxa bilər. Bu döyüşün qiyməti cox baha olduğundan xoruz sahibləri belə döyüşə razılıq vermişdilər.
Xoruz sahibləri ülgüc kimi iti bıçaqla xoruzların daban çaynaqlarını nizə ucu kimi itiləməy başladılar.
Hakim döyüşün şərtlərini bir daha səsləndirdi:
- Bu döyüş 10 raunddan ibarət olacaq. Hər raundun müddəti 5 dəqiqə, fasilə 1 dəqiqə. Su üfürməyə icazə verilir. Döyüş heç-heçəyə qurtararsa, 1 dəqiqə əlavə vaxt ayrılacaq. Meydandan qaçan və ya dözməyib yıxılan xoruz məğlub sayılacaq. Sonra üzünü azarkeşlərə tutub xahiş etdi:
- Sizdən isə təvəqqəmiz budur ki, hansı xoruzun vurmağından asılı olmayaraq tutarlı zərbələr üçün "maşallah" deməyi əsirgəməyin.
Qəribə hisslər keçirirdim. Bu canlı bir döyüş səhnəsi idi. Əsil qladyator döyüşünə bənzəyən canlı bir döyüş səhnəsi.
Nəhayət döyüş başladı. Üz-üzə dayanan xoruzlar mükəmməl təlim görmüş döyşçülər misalı həmlələr edir, qanadlarını çırparaq yuxarı tullanır, ayaqlarını çarpaz formada cütləyərək əsil karate ustaları kimi itilənmiş daban caynaqları ilə başdan zərbələr endirməyə cəhd edir, müdafiə olunan tərəf isə məharətlə bu olümcül zərbələrdən yayınırdı. Gah da uzun boğazlarını qəfil irəli ataraq başdan bir dirinə ağır dimdik zərbələri endirirdilər.
Döyüş mən təsəvvür etdiyimdən də amansız bir görkəm almışdı. Qırmızı xoruz daha tutarlı həmlələr endirərək ayaq zərbələriylə çil xoruzu nakaud vəziyyətinə salır, yıxılmış çil xoruz inadkarcasına qalxıb əks zərbələrlə rəqibinə daha tutarlı zərbələr endirir, qan axan yara yerinə dimdik atıb, yaranı dahada dərinləşdirməyə çalışırdı. Döyüş zamanı bir neçə yerdən:
- Ay maşallah, mən qırmızı xoruza 50 dollar əlavə etdim, bir başqası: - mən 100 dollar əlvə edirəm - deyib, yaşıl dollarları pul yığana uzatdılar.
Fasilə elan edildi. Hər iki xoruz sahibi xoruzunun yaralarından axa qanı sildi, ayaqlarını, qanadlarını masaj edib ağızlarına doldurduğu suyu xoruzların başına üfürərək yorğunluqlarını aldılar.
Artıq 5-ci raund başlamışdı. Xoruzların hər ikisi qan içində idilər. Elə bu ara çil xoruz qanadlarını şapıldadaraq qırmızı xoruzun üstünə tullandı, daban caynağıyla qırmızı xoruzun başından ağır bir zərbə endirdi. Çil xoruza stavka qoyanlardan biri uca səslə: - qırmızının gözü getdi! - deyib qışqırdı. Diqqətlə baxdım. Doğrudan da belə idi. Gözü çıxmış qirmızı xoruzun boş qalmış gözündən iti damcılarla qan axırdı. Döyüşü saxlamaq olmazdı. Çil xoruzun azarkeşləri qələbəyə əmin olub, hər tərəfdən pulların sayını artırdılar. Mən qırmızı xoruzun məğlub olacağına təəssüf etdim. Nə gizlədim, pul qoymasam da qırmızı xoruza azarkeşlik edirdim.
İnandım ki, xoruzlar əsil döyüşçülərdi. Sağ gözünü itirmiş qırmızı xoruza sağ tərəfdən həmlələr edən çil xoruz rəqibinin zəif yerini anlamışdı. Amma başına dəyən dimdik zərbələrindən çil xoruzun da göz qapaqları şişmiş, gormə qabiliyyətini azaltmışdi. Elə bu ara başqa bir nəfər uca səslə - "maşallah" deyərək sakitliyi pozdu. Qırmızı xoruzun mükəmməl dimdik zərbəsi çil xoruzun başının ortasını deşmişdi. Başından qan fışqıran çil xoruz yıxılsa da tez ayağa qalxıb özünü tarazladı.
Elə bu ara hakim döyüşü saxlayıb fasilə elan etdi. İlahi, bu nə qanlı döyüş idi. Hər iki xoruzun başında, boğazında didilməmiş yer yox idi. Gözünün biri çıxmış qırmızı xoruzun sahibi dəsmalla onun gözünün qanını kəsməyə çalışırdı. Çil xoruzun sahibi isə başının ortası deşilmış xoruzunun üzünə tez-tez su üfürür, döyüşə davam gətirməyinə inanmırdı. Xoruzun beynindən necə qan fışqırmağı aydınca görunurdü. Döyüşü isə heç bir tərəf dayandıra bilməzdi. Ortalığa hər iki tərəfdən xeyli pul toplanmışdı.
Sonuncu, 10-cu raund başlandı. Heyrət içindəydim. Bu heyvanların dəyanəti, inadı, yenilməzliyi məni heyran etmişdi. Hər ikisinin gözləri tamamən şişib yumulmuşdu. Buna baxmayaraq bir-birini axtarır, səs gələn tərəfə tullanaraq ayaq zərbələri atırdılar, lakin zərbələrin çoxu boşa gedirdi. O qədər taqətdən düşmüşdülər ki, təsadüfən zərbə alan tərəf dərhal yerə yıxılırdı. Belə anlarda "Maşallah" sədaları ucalır, lakin az keçməmiş yıxılan xoruz yenə ayağa duraraq, məğlub olmaq istəmir, meydandan qaçmırdı. Sonuncu raundun necə qurtaracağını hamı səbirsizliklə gözləyirdi. Bu ara bir- birini axtaran xoruzlar üz-üzə gəldilər və eyni zamanda sonuncu güclərini cəmləyib bir-birinin üstünə tullandılar. Bir-birinə çırpılan hər iki xoruz müvazinətini itirib yerə sərildi. Hakim əllərini yuxarı qaldırıb hansı xoruzun qalxa biləcəyini gözlədi. Ayağa durmalarına heç kimin ümidi olmasa belə, hər iki xoruz səndələyə-səndələyə ayağa dura bildi və son raund da başa çatdı.
Mən artıq xoruzlara baxa bilmirdim. Hər ikisinin gözləri şişərək tam qapanmışdı. Başları mürgülü adamın başı kimi sallanır, qəfildən oyanırmış kimi özlərinə gəlsələr də sallaq qanadlarını yığışdıra bilmirdilər.
Hakim xoruz sahiblərinə üz tutub dedi:
- Heç-heçəyə razı deyilsinizsə döyüşə bir dəqiqə də əlavə edək. Hansı xoruz bir dəqiqə ayaq üstündə davam gətirsə onu qalib elan edək.
Xoruz sahibləri də, pul qoymuş azarkeşlər də bu təklifə razılaşdılar və xoruzları üz-üzə qoydular.
İnanın, bu bir igidlik görküydü, yenilməzlik nümunəsiydi. Tam taqətdən düşmüş xoruzlar əsə-əsə ayaq üstundə güclə dayanmışdılar. Döyüşmək əzmində olmadıqlarından bir dəqiqəni yıxılmamaq üçün başlarını bir-birinə söykəyərək əsə-əsə, vaxtın ötməsini gözlədilər. Aydınca görünürdü ki, heç biri məğlub olmaq istəmir və bu bir dəqiqəni dözərək heç biri məğlub olmadı.
Döyüş heç-heçə qurtardı. Mən döyüşdən sonra xoruzların aqibətini izlədim. Hər iki xoruz can verirdi.
Üzümü Oqtaya tutub:
- Bu nə amansız döyüşdü, arkadaş- deyib, xoruzlara baxdım. - Bu xoruzların axırı nə olacaq? Diriləcəklərmi?
- Çox qan itiriblər, sağ qalmalarına az ehtimal var - deyib, meydana atılan yeni xoruza təfərinclə baxdı. Sonra Altaya tərəf dönüb: - Qara xoruzu bura gətir, - dedi.
Növbəti döyüş çox az çəkdi. Bu xoruzlar bayaqkı xoruzlara nisbətən balaca idlər, həm də arxa caynaqları itilənməmişdi. Az keçməmiş Oqtayın qara xoruzu rəqib xoruza cüt ayaqla təpiklər vuraraq bir neçə dəfə yerə yıxdı. Hər dəfə: "Ay maşallah" alqışı qazanan qara xoruz rəqibinə bir dənə də şans vermədi və meydanı tərk etməyə məcbur etdi. "Oqtaya eşq olsun" sədaları ucaldı, həmin günün qalibi kimi Oqtay xoruzununun başını tumarlamağa başladı. Üzündəki məmnunluq, qalib görkəminə çox yaraşırdı. Nəhayət mənə tərəf çevrilib:
- Qardaş, mən heç vaxt məğlub olmamışam, - dedi. Sanra ciddi görkəm alaraq məni təzə görürmüş kimi kef, əhval soruşmağa başladı.

(Ardı gələn şənbə sayımızda)

Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV