adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

DANIŞMAYAN QARABAĞLILAR

FƏRİDƏ RƏHİMLİ
41304 | 2013-11-02 10:15
Qarabağ dərdini içində daşıyan... yox, daşıya bilməyən, daşımağa gücü çatmayıb, bu dünyadan küsüb gedən, qaçaq düşən Vahid Əlifoğluydu ən böyük qarabağlı, Zeynəb xanım! Millət vəkili deyildi, titulları yoxdu (mən "və sair" şairlərdənəm, deyərdi rəhmətlik), pulu-parası da yoxdu, amma Vətənini sığışdıra biləcək qədər böyük ürəyi vardı.
Barışa bilmədiyi məğlubiyyətimizin - torpaq itkisinin yarası vardı bu ürəkdə. Amma pafosla danışmazdı, yurd itkisindən sonra başında papaq gəzdirdiyinə görə də qınayardı özünü - yediyi çörəyi, içdiyi suyu, udduğu havanı belə haram bilərdi özünə, məğlub ölkənin günahkar nümayəndəsi kimi büzüşüb oturardı arzuolunmaz qismət payı olan çadırda. Ömrünün çadır dönəmində Qarabağdan, Füzulidən, Seyidəhmədlidən önə keçən heç bir arzusu olmadı... "Çap olunmayan kitabları"nı oxuyan olsaydı, Qarabağ həsrətindən necə yanıb qovrulduğunu görərdi. Onun Milli Məclisdə danışmaq, fikir söyləmək, dərdini açmaq şansı olmadı, Zeynəb xanım! Dərdini qələmə dedi, kağıza tökdü:

Kim açar qulağın bu qərib səsə,
Oxuyum, şeirimdən dərd ələsinlər.
Bir məktub yazacam Milli Məclisə,
Mənim kitabımı çap eləsinlər...

...Bir məktub yazacam getsin, çatmasın
İndidən bilirəm cavabı nədi...

Yazdıqları eləcə yazdığı kimi də qaldı. Çap olunmağı özü üçün deyil, xalq üçün istədi, qara günlü qarabağlılara toxdaqlıq üçün istədi, yurd həsrətli binəvalar, vətəndə vətənsizlər üçün istədi, qonorar üçün deyil. Hayqırtıları, bağırtıları, küskünlüyü, göynərtiləri yığılıb qaldı gün ağlaya bilmədiyi qaçqın balalarının şagird dəftərinin saralmış vərəqlərində. Amma Bakıya üz tutmadı, mərkəzdə gözə soxulmadı, "gözdən uzaq olan könüldən də iraq olar" məsəlinə məhəl qoymadı, yaşadı çadırda, Haramıda, heç olmasa, dağların havasını külək bu tərəfə gətirəndə kəndinin havasını udsun deyə. Sevmədi böyük şəhərləri, hay-küyü, pafoslu nitqləri. Dəyişmədi torpaq ətrini asfalt döşəmələrə.
Sevmədi Bakını:

... Harasa tələsən adamlarıynan,
Yaş, çirkli küçələriynən,
Bayıl təpələrinin arxasından
Qəfil çıxdı qabağıma bu şəhər...
Nə o məni tanıdı,
Nə mən onu...
Gözlərimin fokusundan
Çox uzaqdır göydələnlər...
Mənim tanıdığım hərflərlə
Yazılmayıb reklamlar...
Küçələrin birində
Üst-üstə iki siqaret çəkdim,
Bir-birinə salam verən,
İki adam görmədim...
On beş il bundan qabaq
Yiyəsiz itləri də məni tanıyan,
Mənim şəhərimi neylədiniz,
Tofiq Abdin?
Bu qaynaşan yad adamların,
Addım-addım yeriyən
maşınların
İçində sizi necə tapım?..
Min manatlıq papağım qala,
Qayıdıb götürmərəm.
Dörd otaqlı evinən,
"Xalq şairi" adıynan,
Yazıçılar Birliyinə
Sədr qoyalar məni,
Bir saat da yaşamaram
Bu şəhərdə, Tofiq Abdin...
... Haramı qədər də doğma deyil,
Gələndə "xoş gəlmisən",
Gedəndə "xoş getdin"
Deməyən bu şəhər...

dedi və bir daha üz tutmadı bu şəhərə, yovuşmadı bu adamlara. Öz dünyasına qapıldı. Yurda sarı həsrətlə baxdı. Çat-çat olan ürəyində bircə arzusu vətənə ayaq basıb sonra ölməkdi. Yaşadığı yerlə düşmən qəsb etdiyi torpaq arasında az məsafə vardı. Bu məsafəni keçib kəndə qaçan və erməni əsgərləri tərəfindən güllələnən itə də həsəd apardı. Olmadı, istəkləri baş tutmadı. Yaşı çox olmasa da, bu dərdin onu tez aparacağını bildiyindən vəsiyyətə bənzər bir ön söz yazdı çap olunmamış kitabına: "Bu kitab Qarabağ faciəsindən doğulmuş, hələ ki, taleyimizə "çadır şəhərcikləri" adlanan milli xəcaləti yazmış, heç də baş ucalığı gətirməyən hadisələrdən danışan dördüncü və sonuncu kitabdı. Mən son nöqtəni qoydum. Bəs millət və tarix necə? Və ümumiyyətlə, bu son nöqtədimi?
... Mənim yaşıdlarım ata-babalarımızın itirdiklərini qaytara bilmədi. Əksinə, Göyçə, İrəvan, Zəngəzur mahallarının üstünə Qarabağ da gəldi... Bacarsanız, bizi bağışlayın..."
"Göyçə", "Zəngəzur", "İrəvanın səsi", "Qarabağ", "Qarabağa aparan yol" və sair adda qəzetlərimiz var. Hər nömrələrində itirdiklərimizdən yazırlar. İtirilən yurdların övladları xeyirdə-şərdə, öz içlərində danışırlar dərdlərini. Danışmayanlar da öz içlərində o dərdi yaşaya-yaşaya bacardıqları işləri görürlər. Amma Vahid Əlifoğlu demişkən: "Qulağı kardı dünyanın, eşitmir..." Elə parlamentimizdə də görünür, eşitməyənlərimiz var...

Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV