adalet.az header logo
  • Bakı 16°C

"Müharibədə qalib gələn tərəf olmur"

ETİBAR CƏBRAYILOĞLU
41673 | 2013-11-02 10:13
Dövlət Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulan İsveç dramaturqu Lars Nurenin "Mən qayıtdım, qızlar"("Müharibə") pyesi son illərin ən uğurlu yaradıcılıq işlərindən sayılır. Teatr ictimaiyyəti bu tamaşanın ölkə xaricində də maraqla qarşılanacağına əmin idi. Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi bu tamaşaya yüksək qiymət verənlər fikirlərinin sübuta yetməsini çox gözləmədilər. "Mən qayıtdım, qızlar" ("Müharibə") elə ilk qastrol səfərində böyük maraqla qarşılandı. Dövlət Gənc Tamaşaçılar Teatrının bu günlərdə Rusiya Federasiyasının Kalmıkiya Respublikasına qastrolu zamanı tamaşa yerli teatrsevərlərə təqdim olundu.
Uğurlu səhnə əsərində əsas obrazlardan birini əməkdar artist, Prezident mükafatçısı Qurban İsmayılov yaradır.
Qurban bəy bizimlə söhbətə qonşu ölkəyə qastrol səfərinin təəssüratlarını bölüşməklə başladı:
- Kamılkiya Respublikasına qastrolumuz zamanı "Mən qayıtdım, qızlar" tamaşası 3 dəfə oynanıldı. Hər üçündə anşlaq oldu və yerli tamaşaçılar əsəri maraqla qarşıladılar. Rusiya teatral ölkədi, onun istənilən nöqtəsində tamaşa oynamaq məsuliyyət tələb edir. Kalmıkiyada hər tamaşadan sonra teatrımızın aktyorlarını gur alqışlar altında səhnəyə dəvət edir, ifamızdan böyük zövq aldıqlarını bildirirdilər. Yaradıcı insanlar belə qastrolların, yeni yaradıcılıq əlaqələrin nə qədər önəmli olduğunu yaxşı dərk edirlər. Mədəniyyət və Turizm Nazirliyinin və teatrımızın rəhbərliyinə təşəkkür edirəm ki, bizə belə bir şərait yaratdılar.
Sonuncu qastrolumuzda alqış sarıdan korluq çəkmədik. Təbii ki, belə anları yaşamaq hər bir yaradıcı insan üçün xoşdur. Əslində, dünyanın hər yerində teatr aktyorunun tamaşaçıdan bircə istəyi var - səhnədə baş verənləri bəyəndiyini alqışla bildirmək.
Tamaşalarımız paytaxt Elista şəhərindəki B. Basanqov adına Milli Dram Teatrının səhnəsində oynanılırdı, hər dəfə təkcə sıravi tamaşaçılar deyil, Kalmıkiya Respublikasının rəsmi şəxsləri, bu teatrın aktyorları bizə yaxınlaşıb təəssüratlarını bölüşürdülər. Əsərdən, rejissor yozumundan və aktyorlarımızın ifasında zövq aldıqlarını bildirirdilər. Kalmıkiya Milli Dram Teatrının aktyorları deyirdilər ki, belə bir əsərin bizim repertuarda da olmasını istərdik.
Dövlət Gənc Tamaşaçılar Teatrı "Mən qayıtdım, qızlar" ("Müharibə") tamaşasını təqdim etdiyi elə ilk gündən yalnız müsbət fikirlər eşidir. Teatr ictimaiyyəti, peşəkar tənqidçilər tamaşa haqqında yüksək fikirdə idilər və əminliklə deyirdilər ki, "Mən qayıtdım, qızlar" ("Müharibə") xarici ölkələrdə də göstərilməyə layiqdir. Rusiyaya qastrolumuz həmin fikirlərin doğru olduğunu sübut etdi. Artıq indi bu tamaşanı Avropa ölkələrində təqdim etmək barədə fikirləşməliyik. Bu təkcə mənim yox, kollektivimizin fikridir.
- Kollektivin belə iddialı olması müsbət haldı. Bəzən istəyin özü də bir çox şeyləri həll edə bilir...
- Bəziləri bütün günü gileylənir, Azərbaycanda teatrın olmadığını deyirlər. Onların fikrincə, bu gün xarici ölkələrdə oynanıla biləsi bircə tamaşamız belə yoxdu. Bu fikirləri səsləndirənlərlə söhbət edəndə məlum olur ki, son bir neçə ildi teatra getmirlər. Deyirlər eşitmişik ki, baxımlı tamaşalar hazırlanmır. Yaradıcı prosesə bu cür bəsit yanaşma ilə qiymət vermək olmaz axı. Düzdü, teatrlarımızda bəzən müxtəlif səbəblərdən zəif tamaşalar da oynanılır, klassik əsər olmasına rəğmən, günümüzlə səsləşməyən pyeslər hazırlanır. Amma elə tamaşalarımız da var ki, onu istənilən Avropa ölkəsində təqdim etmək olar. Mən öz oynadığım tamaşadan danışa bilərəm. Bəli, bizim teatrın hazırladığı "Mən qayıtdım, qızlar" ("Müharibə") xarici ölkə tamaşaçılarına təqdim olunmağa layiqdir. Həm dramaturq Lars Nuren ümumbəşəri bir məsələyə ustalıqla toxunub, həm Dilsuz pyesi axıcı, anlaşılan dildə tərcümə edib, həm də Bəhram Osmanov dolğun quruluş verib. Bu tamaşada rol alan aktyor həmkarım da işinə olduqca məsuliyyətlə yanaşıb.
- Sizin bu tamaşada oynadığınız obraz ailənin başçısıdı. Müharibədə gözlərini itirib. Tamaşanın gedişində məlum olur ki, savaş onu təkcə fiziki cəhətdən yox, həm mənəvi baxımdan çox şeydən məhrum edib...
- Müharibə əbədi mövzulardan biri olduğuna görə bu haqqında çox əsərlər yazılıb, filmlər çəkilib. "Mən qayıtdım, qızlar" ("Müharibə") əsərinin maraqlı tərəfi ondadı ki, döyüş səhnələri, silah səsləri, əsgər obrazları göstərilmədən müharibə bütün çılpaqlığı ilə təsvir olunur, savaşın insanlara vurduğu yaralardan danışır. Bəzən müharibədə insandan fiziki gücdən çox, mənəvi güc tələb olunur. Bu əsər belə deyək də, mənəvi gücləri qalmayanlar haqqındadı. Bizim tamaşada bir antiqəhrəman var- o da müharibənin özüdü.
- Real həyatda heç kim müharibəni uduzmaq istəmir. Bəs səhnədə necə, məğlub olmuş adamı oynamaq istəyən çoxmu aktyor var?
- Aktyor sənəti elədir ki, səhər qəhrəmanı oynayırsan, axşam antiqəhrəmanı. Real həyatdan fərqli olaraq, aktyorun seçim aparmaq imkanı da məhduddur. Bir də ki, müharibədə qalib gələn tərəf olmur. Götürək elə İkinci Dünya savaşını, SSRİ Almaniyaya qalib gəldi. Lakin məğlub tərəf olan almanlar daha yaxşı və əxlaqlı yaşayırdı. Sovetlərdə isə xalqlar sürgün olunur, azad fikirli ziyalılar, başqa cür düşünənlər həbs düşərgələrində çürüyürdü. Müharibənin belə amansız işləri var - o hətta qalib tərəfə də xoşbəxtlik gətirmir.
- Tamaşa boyu gözlərini itirmiş insan obrazını yaratmaq çətinliyinə bir aktyor kimi psixoloji cəhətdən necə hazırlaşırsız?
- Hər bir peşənin, o cümlədən bizim sənətin özünəməxsus xüsusiyyətləri var. Aktyor səhnədə, ekranda fiziki qüsurlunu da, sağlam, lakin mənəvi cəhətdən ağır xəstəliyə tutulanın obrazlarını yaratmalıdı. Bu əsərin məşqləri zamanı, bəzən hətta tamaşalarda da bir anlığa unudub tərəf-müqabilimə baxıram, amma dərhal oynadığım rolu yadıma salıb gözlərimi yumuram. Çalışıram ki, zalda oturan tamaşaçı bunu hiss etməsin. Bizim sənətin özünəməxsus sirləri köməyimə gəlir.
- Bəzi həmkarlarınız deyir ki, əgər səhnədə psixoloji problemləri olan adamı yaradırsansa gərək dispanserdə müşahidə aparasan və yaxud, sənin oynadığın qəhrəman həbsxanada yatıbsa gərək yolunu kameradan salasan...
- Hər aktyorun öz yanaşması ola bilir. Təbii ki, aktyorun güclü müşahidəsi olmalıdı. Tutaq ki, aktyor evdə gözünü bağlayıb görmə qabiliyyətini itirmiş insanın hərəkətlərinin plastik həllini tapmağa çalışar. "Mən qayıtdım, qızlar" ("Müharibə") əsərinin bir özəlliyi də ondadı ki, tutaq ki, obrazın görmə qabiliyyətini itirməsini o qədər də şişirtmək lazım gəlmir. Səhnəyə ilk gəlişindən tamaşaçı başa düşür ki, o, gözlərini itirib. Hadisələrin sonrakı gedişində tamaşaçı artıq onun itirdiyi başqa dəyərlər barədə düşünməyə başlayır. Məlum olur ki, həyat yoldaşı qardaşı ilə yaşayır, böyük qızı fahişəlik edir, kiçik qızını əsgərlər zorlayıblar.
Hər bir obrazın öz çətinliyi var. Teatr və kino kollektiv sənət olduğundan tərəf-müqabillərin köməyi ilə bu çətinliyin öhdəsindən gəlməyə çalışırsan. Bu tamaşada çox istedadlı tərəf-müqabillərin əhatəsindəyəm. Fürsətdən istifadə edib onların hər birinə - əməkdar artist Kəmalə Hüseynovaya, Nigar Məmmədovaya, Roza İbadovaya və Rasim Cəfərova öz minnətdarlığımı bildirirəm.
- Tərəf-müqabil Qurban İsmayılov üçün nə deməkdir?
- Çox şey. Aktyor səhnədə tərəf-müqabilini duyur, başa düşürsə, deməli, ümumi ansambl alınıb. Səhnədəki həmkarınla münasibətləri necə quracağından çox şey asılıdı. Bizim sənətin bir özəlliyi də ondadı ki, bütün bu prosesi sözlə ifadə etmək, tamaşaçıya və ya oxucuya çatdırmaq o qədər də asan məsələ deyil. Şəxsən mən tərəf-müqabillə münasibətlərin alınıb-alınmadığını 10-15 məşqdən sonra başa düşürəm. Görəndə ki, alınmır, başlayıram solo oynamağa. Bayaq dediyim kimi, bu elə məsələdir ki, onu tam izah etmək mümkün deyil. Bəzən də elə olur ki, tərəf-müqabili ilə bir-birimizi 5-ci, 10-cu tamaşadan sonra başa düşürük.
- Ağcabədi camaatının öz sənətkar övladına münasibəti necədi?
- Hiss elədiyim qədər çox yaxşı. Dayım, dayım uşaqları, xalamgil orada yaşayır. Sözün açığı, tez-tez gedib-gələ bilmirəm. Qəribədi, Ağcabədiyə daha çox yayda getmək istəyirəm. Baxmayaraq ki, yayda oralar yaman isti olur. Görünür Ağcabədinin istisi mənə doğma gəlir.

Etibar CƏBRAYILOĞLU

TƏQVİM / ARXİV