KİŞİ ÖMRÜ - ŞAİR ÖMRÜ

VAQİF YUSİFLİ
77030 | 2013-10-31 01:01
On yeddi il öncə-1996-cı ilin bir payız günündə istedadlı şair, poeziyada öz yeri, tutumu olan Qaçay Köçərli ilə bir müsahibə aparmışdım və o müsahibə o zaman sayılan, seçilən qəzetlərdən birində - "Panorama"da dərc edilmişdi. Onda Qaçay müəllimin altmış yaşı tamam olmuşdu, Bakıda yaşayırdı və Televiziya və Radio Verilişləri Şirkətində Bilgi və uşaq dünyası redaksiyasında çalışırdı.
Onunla neçə illik tanışlığım vardı və Qaçay Köçərlinin xasiyyəti, xarakteri bir az mənə məlum idi. Bilirdim ki, o, çox təmiz adamdır, ürəyində söz saxlamır, heç kimdən də asılılığı yoxdu. Başı da çox bəlalar çəkib və ən dəhşətlisi o idi ki, oğlu Elcanın Qarabağ müharibəsində, Daşaltı əməliyyatında həlak oldu. Qaçay müəllim səhv eləmirəmsə, pensiya yaşı çatanda, taltı-yeddi il öncə öz doğma ocağına-Tərtərin Köçərli kəndinə köçdü. Arada Bakıya da gəlir, şeirlərini "Azərbaycan" jurnalına təqdim edirdi. Və bir ara eşitdim ki, bir oğlu da qəzaya uğrayıb, dünyasını dəyişib. Allah rəhmət eləsin. Ruhları şad olsun hər iki oğulun. Bu dərdi ki, Qaçay müəllim çəkir, doğrudan da dözümlüymüş...g
Qaçay Köçərli həyatın ağrı-acılarına sinə gərən, ömrü boyu haqsızlıqla üzləşsə də, inamını itirməyən, Tanrısına şükürlər diləyən mərd bir kişidir. Xatırlayırdı uşaq ikən müharibənin o ağır günlərini. Atası cəbhəyə getmişdi, dayısı Sirac kişi onları saxladı, yoxsa tələf olardılar. Orta məktəbi bitirən kimi əsgərliyə yola saldılar. Elə əsl müsibətlər də ordan başlandı. Deyirdi ki: "Hərbçi olmaq istəyirdim. Ancaq orduda bir il xidmət edəndən sonra bu fikirdən daşındım. Açıq-aşkar görürdüm ki, bu hərbi hissədə azərbaycanlılara qarşı nifrət hökm sürür. Mən də bütün bunlara dözmür, iclaslarda tənqid eləyirdim onları. Bu da rusların xoşuna gəlmirdi, fürsət axtarırdılar ki, məndən hayıf alsınlar. Belə bir fürsət 56-cı ildə onların əlinə düşdü. Həmin il hər yerdə Stalinin şəkillərini yığışdırırdılar. Həmin hərbi hissədə də xeyli gürcü var idi və bu hərəkət onları yaman qəzəbləndirirdi. Elə bir məqam gəldi ki, gürcülər bir gecə silahları ələ keçirdilər. Qırğın oldu. Mən bu qırğında iştirak etmirdim, ancaq məni də bir təşkilatçı kimi gürcülərə qatdılar. Mənim gürcülərlə bir yerdə çəkdirdiyim şəkillər sübuta çevrildi. Vəgmühakimə etdilər. "Xalq düşməni" və "hakimiyyətə qarşı" maddələri ilə mənə güllələnmə kəsdilər. Dərhal keçmiş SSRİ müdafiə nazirinə etiraz məktubu göndərdim. Yazdım ki, mənim heç bir təqsirim yoxdur. Təzədən məni mühakimə eləməyə apardılar. Orda iki erməni üzümə durdu. Bu dəfə 20 il iş kəsdilər mənə. Yenə də razılaşmadım və etiraz etdim. Ay yarımdan sonra bir də mühakimə elədilər, cəzamı 16 ilə endirdilər. Türmədə, cəza müddəti zamanı qayda belə idi ki, yaxşı işləyənlər üçün bir gün üç gün kimi hesablanırdı. 1957-ci ildə Xruşşov amnistiya imzaladı və cəzamdan 4 il qısaldıldı. Bir sözlə, 1960-cı ildə yaxşı işləməyim hesabına cəza müddəti başa çatdı".
Ordudan qayıtdı, amma harada işə girmək istəyirdi, siyasi məhkum olduğunu bilən kimi dərhal qapını göstərirdilər. Axırda bir həmyerlisi ona dedi ki, Suraxanıda, neft mədənlərində fəhlə axtarırlar, orada belə şeylərlə maraqlanmırlar. Getdi və işə götürdülər. Ancaq sən saydığını say, gör fələk nə sayır. Cəmi on beş gün idi işləyirdi, bir də görür ki, mədəndə bir milis maşını dayanıb. Kadrlar şöbəsinin müdiri olan yaşlı qadınla birgə milis idarəsinə gedirlər. Milis rəisi-familiyası Hüseynov idi - Qaçayı görən kimi qışqırır ki, ay bandit, sən burada nə gəzirsən, çıx get! Qaçay heç təmkinini pozmadan deyir ki, nəçərnik, mənim getməyə yerim yoxdür. Nəçərnik Qaçayın üstünə tapança çəkir, o yaşlı qadın da buna dözmür, üz-gözünü cırır. Bir saat belə mübahisədən sonra Qaçay deyir ki, ay nəçərnik, bilirsən, nə var, mən həbsxanaya gedərəm, amma ora getmək üçün gərək bir cinayət törədəm. O zaman mən səni öldürməliyəm. Deyəsən, təkidlə söylənilən bu sözlər rəisə təsir eləyir, axırda deyir ki, yaxşı, dur get işinə, amma nəzarətimdə olacaqsan.
Qaçay mədəndə fəhlə işləyə-işləyə iki institut bitirir, əvvəlcə Politexnik İnstitutunu, sonra da ADU-nun filologiya fakültəsini, birini axşam, birini qiyabi.
Ədəbiyyata, poeziyaya məhəbbəti dayısı Sirac oyadıb onda. O kişi şeir vurğunuydu, Füzuli heyranıymış. İlk şeirini dördüncü sinifdə oxuyanda yazıb, onuncu sinifdə oxuyan bir qıza həsr edibmiş o şeiri və həmin qız hirslənib Qaçayı çaya basır. İlk şeirləri isə 1962-ci ildə, "Azərbaycan gəncləri" və "Bakı" qəzetlərində dərc edilir. Yenə də çətinliklə çap olunurdu, açıqca bildirirdilər ki, sən siyasi məhbus olmusan. Buna baxmayaraq inadından dönmür, 1970-ci ildə "Tək çinar" adlı ilk kitabı (cəmi 30 səhifə) "Gənclik" nəşriyyatında işıq üzü görür.
Qaçay Köçərli ondan artıq şeir kitabının müəllifidir və deyim ki, poeziyada öz dəst-xətti, kimsəyə bənzəməyən səsi, nəfəsi var. Təbii ki, bir kiçik yazıda onun yaradıcılıq yolu barədə təfərrüatı ilə söz açmaq fikrində deyiləm. Sadəcə olaraq, onun illər boyu arzuladığı müstəqillik dövründə yazdığı şeirlərindən söz açacağam.
Qaçay Köçərlinin son on-on iki illik yaradıcılığı həyatında min bəlalar görmüş, başı daşdan-daşa dəymiş, lakin sarsılmamış əzabkeş bir insanın həyat, ömür yolu, dünya haqqında qənaətlərini ifadə edir. Ancaq burada heç şübhəsiz, xalqımızın, məmləkətimizin keçən əsrin sonlarında yaşadığı ağrı-acılı günlər, Qarabağ dərdi və şəhid oğlu ilə bağlı əzablı düşüncələr ön sırada durur. Elə bil ki, şəhid ata ilə başı müsibətlər çəkmiş millətin dərdi bir araya gəlir:

Gül əkmişdi, torpağında od bitib,
Hər ağacın yarpağında od bitib,
Anaların qucağında od bitib,
Aman Allah, çayda su da yanarmış,
Bu millətin taleyində nə varmış?

İnsan kimi ağaclar da şəhiddi,
Yurda gələn hər bahar da şəhiddi,
Yağan yağış, düşən qar da şəhiddi,
Şəhid yurda şəhid qanı axarmış,
Bu millətin taleyində nə varmış?

Bu şeirin yazıldığı vaxtdan iyirmi il keçir və həmin illərdə Qaçay Köçərli həm Vətən dərdi, həm də şəhid Elcanının dərdi ilə köklənmişdi. "Unuda bilmədiyim gecə" şeirində yazırdı ki: "Yol gedirəm o vaxtdan Son gecənin içində. Ayaqlarım çolpuyur, Yolu getmir düzünə. Üzümdə son öpüşün Səngər qazır özünə".
Qaçay Köçərlinin ikimininci illərdə yazdığı şeirlərdə də ağrılı-acılı motivlər davam edir. O, Qarabağ dərdini təkcə itirilmiş torpaqlar, yurd itkisi kimi anlamır, həm də millətin ayrı-ayrı təbəqələrinin bu dərdə, bu itkiyə müxtəlif münasibəti kimi mənalandırır. Əslində, bir münasibət olmalıdır. Amma:

İşğal ölkəsiyəm, dərdlərim ordu,
Sinəm Cıdır düzü dərdin oxuna.
Milləti ağladan Qarabağ dərdi
Vəzifə pilləsi olub çoxuna.

"Çadırda doğulan uşaq" şeirində isə doxsanıncı illərin başqa bir mənzərəsi canlanır:

Çadırda doğulan
Anaların ahıdır.
Onlar uşaq deyillər,
Zamanın günahıdır.
Çadırda doğulanın
İlk sözü çadır olur.
Beşiyi anasının
Göz yaşından asılır.
Anasının ahıdır
Eşitdiyi laylalar.
Bu ahlar göy üzündə
Durna olur bir qatar.
Uşaq deyil bu uşaq,
Yurdun yurdsuz daşıdı.
Çadırda anaların
Zamanla savaşıdı.

"Allah aldığını qaytarmır geri" şeirində isə ŞAİR ATAnın müsibəti, oğlu üçün keçirdiyi səssiz hönkürtüləri ilə qarşılaşırıq. Şeirin başlanğıcında oxuyuruq: "Oğlum Elcanı Qarabağda çox axtardım, tapa bilmədim. Anamla görüşmək üçün kəndimizə döndüm. Gözləri görməyən anam gəldiyimi eşidib həyətə düşdü. Əllərini göyə qaldırıb belə bir nalə çəkdi:

"Balam, özün gəldin, bəs balan hanı?"

Doğrudan da sözə, dilə gəlməyən bir faciədir. Sonrakı şeirlərində bu ATA DƏRDİ bizi yaxıb-yandırır.

Çox gəzdim ay oğul, çox gəzdim səni,
Yol getdim əzabım, ah-naləm üstə.
Gecə alovlanıb yardım gecəni,
Od olub dağıldım bu aləm üstə.

Gördüm od içində Şuşa, Laçını,
İtirdim paramı, gəzdim paramla.
Anam Qarabağın qanlı saçını,
Yudum öz köksümdə göz yaşlarımla.

Kəsdi əllərimi öz ətəyindən,
Fələk aldı məndən quru canı da.
Özümə, dünyaya sual oldum mən,
Suala döndərdim bu dünyanı da.
Qaçay Köçərlinin bir neçə şeiri Qarabağın binasını qoyan Pənahəli xanla bağlıdır. O, üzünü keçmişə, amma bizim üçün heç də keçmiş olmayıb bu günümüzün qeyrət, mərdlik simvoluna çevrilən Pənahəli xana tutub deyir ki: "Bu nə gündü biz görürük, Pənah xan?" Başqa bir şeirində isə: "Nə yatmısan, qalx ayağa, Pənah xan! Görmürsənmi qan püskürür torpağın? İnsan kimi işığı da boğub qan, Çoxdan sönüb Şuşa adlı çırağın. Qarabağın kimsəsizdir yetim tək, Qalx ayağa, yetim yurda ata ol".
Doğrudan da Qaçay müəllimin həyatına, keçdiyi ömür yoluna heyrətlənməmək olmur. Bir belə müsibət içində yaşayasan, dərdin biri bitməmiş o biri başının üstünü ala... ona yalnız KİŞİ ÖMRÜ tab gətirər. Həm də dünyaya, insan aləminə, yaşadığımız həyata göz yaşları içində deyil, nikbin nəzərlərlə baxan bir ŞAİR ÖMRÜ dözər.
Qaçay Köçərlinin son on-on iki ildə yazdığı şeirlərin böyük bir qismi həyatın gözəllikləri, ömrün mənası, müasir dünyanın keşməkeşləri, mürəkkəb gedişatı və ziddiyyətləri, müasirlərimizin mənəvi aləmində baş verən təbəddülatlar barədədir. Necə deyərlər, bu insanın bir gözü ağlayırsa, o birisi gülür. Bəzən ikisi bir-birinə qarışır. Görünür ki, kəndə qayıdış Qaçay müəllimin ruhuna, qəlbinə bir sevinc gətirib. Bu qayıdış gözəl şeirlərin doğulmasına təkan verib. Amma ən ümdəsi budur ki, Qaçay Köçərlinin yeni şeirlərində (son altı-yeddi ildə yazdıqlarında) bir fəlsəfi ahəng də diqqəti cəlb edir. Yaşının səksəni ərəfəsində Qaçay Köçərli İNSAN və ZAMAN, İNSAN və DÜNYA əbədi mövzularına öz səsini qatır. Deyir ki: "Hər varlıqda bir sirr var, Hər yoxluqda bir sirr var. Kainat başdan-başa Sirr içində var olub. Milyon-milyon sirr gəlib Birləşib bu yer olub". Deyir ki: "Çox keçmişəm zaman aşrımdan, Min illərlə mən böyüyəm yaşımdan".
Qaçay Köçərlinin ŞAİR ÖMRÜ halal ömürdü. Və son olaraq onun öz şeri də bunu təsdiqləyə bilər:

Halal çörək müqəddəsdir Tanrı tək,
Onu yeyib müqəddəslik tapmışam.
Təndir olub sinəmdəki bu ürək,
Bu çörəyi ürəyimə yapmışam.

Tanrımı da tanıtdırıb o mənə,
Düz getmişəm Tanrı verən düz yolu.
Yaradanın dərgahının önünə,
Mən çəkmişəm ürəyimdən göz yolu.

Əməllərim bulaq kimi durudu,
Baxma tale yollarıma daş atdı.
Məni hər vaxt haramlıqdan qorudu,
Halal çörək halal ömür yaşatdı.

VAQİF YUSİFLİ

TƏQVİM / ARXİV