adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Anılar...

SAMİRƏ ƏŞRƏF
34077 | 2013-10-26 00:11
Bayaq uşaqları dərsə qoyub evə gələndə eyvanların birində ağlayan uşaq səsi eşitdim. Başımı qaldırıb baxanda, üç, dörd yaşlarında oğlan olduğunu gördüm. Elə hey - mən anamı istəyirəm, anamı istəyirəm deyib hıçqırırdı. Daha aydınlaşdıra bilmədim, uşaq niyə anasını istəyir, və yaxud da uşağın anası hardadı? Çünki, bugünkü günümüzdə bunun yüz cürə səbəbi ola bilərdi.
Mənim üçün bu dünyada uşaq ağlamasından əzablı, dəhşətli heç nə ola bilməz. Üstəlik bu səsi ana üçün sübh tezdən eşitmək halımın gün boyu məhv olacağına dəlalət edirdi.
Pilləkənləri qalxdıqca ağlayan körpənin səsi də getdikcə uzaqlarda qalırdı. Həmişə uzaqlara nifrət etsəm də, budəfəki uzaqlıq məni sevindirdi. Lakin, əbəsmiş... Özümün yaddaşımda uşaqlığımla, anamla bağlı ilişib qalmış bir neçə əzik-üzük xatirələr canlandı.
Ümumiyyətlə, mən ana, vətən haqqında bərbəzəkli və pafoslu cümlələrin qəti əleyhinə olan bir insanam. Söhbət sözdən yox, əməldən gedir kimi fikirlərə dayağam. Amma bir onu deyə bilərəm ki, ən qatı cinayətkarın, ən qəddar insanın belə qəlbində zərrə qədər də olsa ana sevgisi mütləq var olur.
Dörd yaşımdan üzü bu yana həyatımda baş verən müəyyən hadisələr yaddaşımda qalıb. İlk dəfə anam üçün ağladığım vaxtı belə xatırlayıram. Ailəlikcə hansısa bayram paradına getməyinə hazırlaşırıq. Doqquz ayı tamam olan anamın qəfildən sancısı tutur. Onu xəstəxanaya aparırlar. Və mən onun ardınca zülüm-zülüm ağlayıram...
Sonralar da anam üçün çox ağlamışam, amma konkret hansı hadisələr olub bunu indi xatırlaya bilmirəm və yaxud da xatırlamaq istəmirəm...
Bir dəfə isə yadıma gəlir qaçqınçılığın ən dəhşətli vaxtları idi. Nə düz-əməlli evimizdə qala bilirdik, nə məktəbə gedə bilirdik. Hər kəs bir-birindən ayrı düşmüşdü. Ən pisi isə öz torpağımızda artıq qaçqın adını daşımağın ayıbını çəkirdik.
Qalmışdıq Bakı ilə rayon arasında. Qohum-əqrəba hamısı Bakıda yaşayan qohumlarımızın evinə pənah gətirmişdilər. Bizim də qismətimizə böyük dayımın evində yaşamaq düşmüşdü. Atamla, anam bizi qoyub özləri rayona gedirdilər.
Bu günə qədər də unutmadığım, ana qədər vicdanlı qayğını mən dayımın həyat yoldaşı Əminə bibimdən görmüşəm. Və həmişə o qadına minnətdar olmuşam.
Özünün dörd uşağı ilə yanaşı o bizim də qayğımıza qalar, vaxtlı vaxtında çimizdirib, yatırdardı. Özü müəllimə olduğu üçün hər gün bizim dərslərimizlə də məşğul olmağa çalışırdı.
Bir dəfə anam bizi yenə topun-tüfəngin içərisindən çıxarıb dayımgilə gətirdi. O vaxtı yaşca məndən dörd yaş balaca olan bacım bir gecə bizimlə dayımgildə qalan anama mehrini möhkəm saldı. Ertəsi gün anam rayona gedəndə bacım ağlamağa başladı. Nə qədər elədiksə, onu ovuda bilmədik. Sonunda qərara gəldik ki, onu aldadaq. Bacımın başı bir azca qarışan kimi anam qapını açıb xəlvətcə getməli oldu. Bir dəqiqə keçməmişdi ki, bacım onun gedişindən duyuq düşüb yola baxan pəncərələrə tərəf qaçmağa başladı...
Bacımın səsini dayanacaqdan eşidib geri qayıdan gözü yaşlı anam onu da özü ilə rayona aparmalı oldu. Rayon işğal olunana qədər bacım valideynlərimlə birgə orda qaldı.
Mən dörd, beş ay atamdan, anamdan, bacımdan uzaq qardaşımla birlikdə dayımgildə yaşadım. O zaman Sezen Aksunun, Ümüd Besenin mahnıları Bakıda yeni-yeni dinlənirdi. Dayımın bizdən yaşca böyük olan qızları həmin mahnılara qulaq asırdılar. Mən də hər gecə Ümüd Besenin "Anılar" mahnısına qulaq asıb bacımın anam üçün ağlamağını, anamın gözü yaşlı onun ardınca evə dönməsini və rayonla, ailəmlə bağlı bir çox acı xatirələri yada salıb için-için ağlayırdım.
Uşaq ağlımla qüruruma açıq-aşkar ağlamağı sığışdırmayıb, yorğanın altında büzüşüb qalırdım. Bir dəfə isə məndən iki yaş böyük olan qardaşım tərəfindən "yaxalandım". Elə bildim ki, indi o, mənim üstümə qışqırıb, evdəkilərə xəbər verəcək. Lakin gözləmədiyim halda qardaşım məni qucaqlayıb soruşdu: "Niyə ağlayırsan?" "Anamı istəyirəm". Onun gözləri yaşla doldu. Güclə eşidiləcək pıçıltıyla dedi: "Mən də..."

Samirə Əşrəf

TƏQVİM / ARXİV