adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Xoşbəxtliyin rəsmi

XURAMAN HÜSEYNZADƏ
37145 | 2013-10-26 00:09
Rəssam Diana Dengelin qəhrəmanları çox xoşbəxtdir. Yoxsul həyatın içindən sıyrılıb çıxan bunca xoşbəxti təsvir etməkdə rəssamın bir məqsədi var: nəfəsin gedib-gəlirsə; sevdiyin insana qovuşmusansa; bir yastıqda qocalmağı bacarmısansa; balaların böyüyürsə xoşbəxtsən. Dilənmək, küçə ticarəti ilə məşğul olmaq bahasına belə ac qalmırsansa həyatından məmnun olmalısan. Rəssamın fırçası xoşbəxtliyin eskizini cızır, düsturunu göstərir. İnsan bu rəsmlərə baxdıqda bir də naşükür olmamağı öyrənir.
Diana Dengel əslən ispaniyalıdır. 1939-cu il yanvarın 1-də anadan olub. Kasıb bir ailədə böyüyən Diananın fitri istedad sahibi olacağı uşaqlığından özünü göstərir.
Rəsm çəkməyə hədsiz marağı olsa da maddi çətinlik ona fırça, boya alınmasına imkan vermir. Buna baxmayaraq o, rəsmlərini barmaqları ilə, qəzetdən fırça düzəltməklə çəkir. Beləcə Diana istedadı, rəssamlığa olan sevgisi ilə hər cür çətinliyə qalib gəlir... Rəsmləri ilə baxana pozitiv enerji ötürməyi bacaran Diana Dengeli adətən xoşbəxtliyin rəssamı adlandırırlar.
"Xoşbəxtliyin rəsmi" adlı məşhur əsərinin bir vaxtlar rəssam Abidin Dinoya aid olduğu deyilsə də, sonradan müəllifin D. Dengel olduğu sübuta yetirilir. Əlbəttə, Abidin Dino da istedadlı bir rəssam idi.
Yeri gəlmişkən, sevgili Nazim Hikmətin Abidin Dinoya "Sen mutluluğun resmini yapa bilir misin, Abidin?" misrası söz tarixinə düşüb. Gəlin, həmin şeiri oxuyaq:

Sen mutluluğun resmini
yapabilir misin Abidin?
işin kolayına kaçmadan ama
gül yanaklı bebesini emziren
melek yüzlü anneciğin resmini değil
ne de ak örtüde elmaların
ne de akvaryumda
su kabarcıklarının arasında dolaşan
kırmızı balığınkını
Sen mutluluğun resmini
yapabilir misin Abidin?
1961 yazı ortalarındaki Küba:::nın
resmini yapabilir misin?
Çok şükür, çok şükür
bugünü de gördüm
ölsem gam yemem gayrının
resmini yapabilir misin üstad

Nazim Hikmətin bu şeirinə Abidin Dino rəsmlə deyil, elə şeirlə cavab verir:

Kokusu buram buram tüten
Limanda simit satan çocuklar
Martıların telaşı bambaşka
İşçiler gözler yolunu
İnebilseydin o vapurdan
Ayağında varna:::nın tozu
Yüreğinde ince bir sızı
Mavi gözlerinde yanıp tutuşan
Hasretle kucaklaşabilseydim
Seninle bir daha

Davullar çalsa, zurnalar söyleseydi
Bağrımıza bassaydık seni Nazım
Yapardım mutluluğun resmini
Başında delikanlı şapkan
Kolların sıvalı,kavgaya hazır.
Bahriyeli adımlarla düşüp yola
Girebilseydik meserret kahvesine
İlk karşılaştığımız yere
Ve bir acı kahvemi içseydin.
Anlatsaydık
O günlerden, geçmişten,
gelecekten
Ne günler biterdi
Ne geceler...
Dinerdi tüm acılar seninle
Bir düş olurdu ayrılığımız,
Anılarda kalan...

Ve dolaşsaydık Türkiye:::yi
Bir baştan bir başa
Yattığımız yerler müze olmuş
Sürgün şehirler cennet

İşte o zaman Nazım
Yapardım mutluluğun resmini

Buna ne boya yeterdi
Nede tual...

***

Lap çoxdan rəssam Vinsent Van Qoqun həyatını, onun haqqında İrvinq Stounun qələmə aldığı "Yaşamaq yanğısı" povestini oxuduqdan sonra hədsiz kədərlənmişdim.
Əsərdəki Ursulanın (Yevgeniyanın) gənc Vinsentin sevgisinə istehza etməsi, rəssamın sevdiyi qızı görmək üçün pulsuz-parasız, ac-susuz günlərlə piyada yol getməsi, bir qarın yeməyə işləyərək sevgisindən ümidini üzməməsi və nəhayət, Ursulanın gəlin köçməsini öz gözləri ilə gördükdən sonra İngiltərəni tərk etməsi xatirimdə silinməz izlər buraxmışdı.
Həmişə düşünürdüm ki, bəlkə də onun sevgisi bu böyüklükdə olmasaydı həyatı başqa cür olardı. Heç psixi problemlər də yaşamazdı. Heç qulağını da kəsməzdi. Bəlkə də heç "Kartofyeyənlər" kimi bədbin tablolara da imza atmazdı.
Bir çox dahinin alın yazısı olan bu cür miskin həyat haqda oxuyandan sonra Diana Dengel, Emil Rau kimi rəssamların rəsmləri ilə insanın özünü ovuda biləcəyini düşündüm.
"Xoşbəxtlik nədir" sualının ən gözəl cavabı D. Dengelin əsərlərindədir. Onlara həyatın kəm-kəsirini unudaraq baxırsan. Baxırsan və bir də görürsən ki, gözlərində bir ümid işığı doğub. Üzün gülür... Bir yastıqda qocalmağın; sevginin aliliyinin; bir loğma çörəklə dünyaya gəlişinə peşman olmamağın; uşaqlıq səadətinin sevincini yaşayırsan. Adam bəzən bir rəsm əsəri ilə də xoşbəxt olur, xoşbəxtliyi anlayır...

Xuraman Hüseynzadə
[email protected]

TƏQVİM / ARXİV