adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

DUR, QAPINI SİL...

ƏBÜLFƏT MƏDƏTOĞLU
360279 | 2013-10-26 00:09
Bu gün bir qəribə hadisənin şahidi oldum. Əslində, bu bəlkə də normal bir haldı, mənə qəribə gəlir. Mötəbər vəzifəsi, cəmiyyətdə nüfuzu olan bir insanın yaxın adamı dünyasını dəyişmişdi. Özü də haqqa qovuşan bu adam kifayət qədər bir ömür sürmüşdü. Necə deyərlər, doğranan budaqlar, çubuqlar göz önünə gələndə onun kifayət qədər yaşadığını düşünmədən söyləmək olar...
Bəli, bax belə nəvəli-nəticəli, dünyanı görüb, onun altından-üstündən xəbər tutub həyata vida edən bu mərhum insanın yas mərasimində ehsan süfrəsində əyləşənlərin işlətdiyi çəngəl-qaşığın yaratdığı səs hələ də qulaqlarımda əks-səda doğurur. Sanki insanlar bu ehsanı yemək üçün yarışırdılar. Xidmət edənlər aşbazın çəkdiyi xörəkləri daşıyıb çatdıra bilmirdilər. Halal xoşları olsun, yeyənlərin də, ehsan verənin də. Amma qəribədir ki, indi anlamaq olmur, insanlar niyə belə qeyri-adi olublar. Axı 15-20 il bundan öncə, hətta yüz il yaşamış insanın adına açılan ehsan süfrəsinin ətrafında əyləşənlər bu hay-həşiri qoparmırdılar. Əksinə, ölənin və ölü sahibinin xatirinə hər kəs bir qaşıq öz boşqabına nəsə çəkər və bir süfrə duasını gözləyərdi. İndi isə...
Mən bilgisayara bu sözləri diktə edəndə kompüter arxasında əyləşmiş xanım yazıya müdaxilə etdi. Bildirdi ki, doğrudan da sovet dönəmində ərzağın talonla olduğu vaxtlarda insanlar yas mərasimində bu cür hay-həşir etmirdilər. İndiki bolluqda insanların gözü əməlli-başlı aclığa tuş gəlib. Kənardan bu mənzərəni seyr edəndə adam özünü çox narahat hiss edir. Görünür, mənəvi erroziyamız əməlli-başlı sürətlənibdi. Yoxsa heç kim ehsan süfrəsində bu cür acgözlük etməzdi.
Doğrudan da, söylənilən fikirdə çox böyük həqiqət var. Ən əsası odur ki, biz öz günahlarımızı, öz eyiblərimizi görə-görə özümüzə göz yumuruq, özümüzü özümüzünkülərdən ayrı təsəvvür edirik. Düşünürük ki, bu addımımızla guya ki, biz haqlıyıq. Yəni özümüz-özümüzə cavabdehik, başqaları özləri bilər, onlardan bizə nə var? Bu yerdə heç özüm də hiss etmədən yadıma Xalq şairi Məmməd Arazın qələm dostu Xalq şairi Bəxtiyar Vahabzadəyə ünvanladığı "Məndən ötdü, qardaşıma dəydi" misraları düşdü. Çox böyük həqiqət, çox böyük gerçəklikdi. Çünki biz doğrudan da ancaq özümüzü düşünüb, özümüzü qoruyuruq. Özümüz demişkən...
Payızın son ayı yaxınlaşdığı bir vaxtda hardansa yadıma düşən bir məqam məni indi kağıza köçürtdüyüm həmin o xoşəgəlməyən mənzərədən çəkib ayırır. Yadıma, elə son on gündə baş vermiş bir toy məclisi də düşür. Mən o məclisdə ilk dəfə olaraq doğrudan-doğruya bir şənlik aurası yaşadım. Musiqi də yerində idi, xidmət də yerində idi, hətta toya gələnlərin geyimləri də, rəqsləri də. Bax onda da, indi də bizim özümüzün özümüzə qiymət vermək qabiliyyətimizin qarşısında könül rahatlığıyla baş əydim. Hiss etdim və qəti şəkildə əmin oldum ki, biz hər şeyi yerli-yerində edə bilərik, təki istəyimiz olsun. Təki kampaniya xəstəsi, hay-küy azarkeşi olmayaq, reklamdan qaçaq. Bax onda elə bil ki, biz özümüzə qayıtmış oluruq. Təəssüf ki, özümüzə yaman gec qayıdırıq...
Elə sən də mənə tərəf gec qayıdırsan. Ağrıdırsan, incidirsən. Gözümü yolda, qulağımı səsdə qoyursan. Bilmirsən ki, bu yollar da mənə doğmadı, o səs də mənə əzizdi. O yoldakı izlər də, o səsdəki hərarət də canıma-qanıma hopur və o izi, o səsi silmək qeyri-mümkündür. Hələ başqa məqamları demirəm. Məqam demişkən, bu şeirdə olduğu kimi:

Mən bir az dəlisov bəndə,
Sığmıram şəhərə, kəndə.
Halıma, istəsən sən də -
Gül, ya da ağla.

Həsrətin şöhrət-şanını,
Qovub almışam canını.
İstəsən axan qanımı -
Sil, ya da bağla.

Qoşulub axmıram selə
Ömrümü vermirəm yelə.
Könlümü ovub sən elə -
Kül, ya da saxla!

***
Həyat öz qəribəlikləri ilə bizi nə qədər çəksə də, biz bu qəribəlikləri daha çox təmtərağa mindiririk, özümüz dəyərləndirib fərqləndiririk. Görünür, bu da bir xüsusiyyətdi, bu da bir istəkdi. Hamıdan, hər kəsdən nə iləsə fərqlənmək, nə iləsə öyünmək. Təəssüf ki, sonda belə hallar daha çox özündən müştəbehliyə, xəstəliyə gətirib çıxarır. Adam özü-özünə o qədər vurulur ki, bir də onda ayılıb görür ki, söyüd ağacı kimi qalıb barsız-bəhərsiz. Hamı ondan qaçır və hətta heç kim onu görmək belə istəmir. Sıxılır içində, sarsılır, əzilir. Təklik güc gəldikcə xatirələrin gücünə keçmişə qayıdır, amma keçmişdə də fərli bir şey tapmır. Molla Nəsrəddin demişkən, cavanlıqda da bir şey olmadığı yadına düşür. Bax, yaddaşın ən sərt anı, ən sərt sualı məhz budur - dünən və bu gün! Və sən nə dünəndə, nə də bu gündə dayanmağa yer qazana bilməmisənsə, onda heç yaşamamısan, sadəcə mövcud olmusan...
Çox heyflər olsun. Xatirəsiz, dünənsiz, bu günsüz keçən ömürə. O ömürə ki, onun qapısını döyən olmur, onun açıq qapısından boylanan tapılmır. Və fərqinə varmadan günü axşam, axşamı səhər edib mövcud olmaq, sonda unudulmağa əməlli-başlı özül olur. Maraqlıdır ki, bu özülün də daşı, qumu, sementi bir şeyə yaramır. Ona görə də ilk tərpənişdən uçub-dağılır...
Hə, mən yazımın adını təsadüfdən qapı ilə, həyatda olan izlərlə həmahəng etmədim. Billə-bilə seçdim bu adları. Səbəb də əvvəldə xatırlatdığım iki məqam oldu. Təkrar o məqamlara qayıtmıram. Onsuz da bilən biləcək nə dedim və yaxud nə demək istədim. Çox təəssüf ki, içimizdə kölgələrin gecələr itməsi inamı var. Amma unuduruq ki, hər gecənin üzünə bir səhər də açılır. Ona görə kölgə mütləq səhər bir də qayıdacaq...
İndi bütün bunlardan sonra yenə qayıdıram sənə tərəf. Yenə sözümü sənə deyirəm, üzümü sənə tuturam. Xatırlatmaq istəyirəm ki, qapını bağlı saxlama. Açıq saxla, onsuz da içəri keçən olmayacaq. Çünki o evin sahibi qapının arxasında dayanıb heç kimi gözləmək qabiliyyətində deyil. İkincisi, boş qalan yurd yerləri, ot bitən cığırlar, cəftəsi üst-üstə düşmüş izlərdən yorulmuş qapılar, pəncərələr... hamısı bir ömür yaşayır. Kimi döyülə-döyülə, kimi qonaq qarşılaya-qarşılaya, kimi sərt şəkildə çırpılaraq, kimi də küləklərin havasına oynaya-oynaya. Bax elə bu yerdə daha bir şeir:

Çətinləşib, bilmək olmur
Kim döyəcək bu qapını?
Kim döyüb ötüb gedəcək,
Açacaqdı bu, qapını.

Bir əl qalxıb-enəcəkdi,
Ocaq yanıb sönəcəkdi.
Lapdan geri dönəcəkdi -
Basacaqdı su qapını.

Dəstəyindən qəm tutacaq,
Kövrələcək, nəm tutacaq.
Toparlayıb cəm tutacaq -
Dur ayağa, yu qapını!..

Görəsən, qapılar yuyulsa, cəftələr dəyişilsə günahlar batil olacaq, kimsə təmizə çıxacaq?..

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV