adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

KONQRESMEN, YOXSA KİŞİ?!.

VƏSİLƏ USUBOVA
43193 | 2013-10-26 00:04
Taleyin oyunlarından kimsə baş açmayıb hələ. Nə də sığortalanmayıb. Səxavət əlini açanda da üzünü görmə, sənə arxa çevirib uğursuzluqları sapa düzəndə də...
Bu cavan oğlana qarşı hələ ki, nəvazişkardı. Şahlıq quşunu salıb ardınca, fırladır dörd bir yanında. Konqresə seçmək istəyirlər onu. Ardınca müəmmalı adamlar salınıb. Hər addımını izləyir, sərbəst hərəkət etməsini əngəlləyirlər. Şahlıq quşunu uçurdanlar da elə bunlardı, deyəsən. Məqsədlərini anlamaq olmur. Bilmirsən, niyyətləri nədi; xeyirxahlıq, yoxsa, bədxahlıq.
Oğlanınsa nə başını, nə də çiyinlərini bu quşun caynağına vermək fikri yoxdu.
Onun fikri avtobusda gördüyü qızın yanındadı...
Onu tərifləyir, qarşıdakı xoş olacaqlara şirnikləndirməyə çalışırlar. Xəbərdarlıq edirlər: "Əgər O (yəni avtobusdakı qız) sizinlə olsa, içinizdəki boşluğu alqışlar, Ağ evdə olmaq arzusu doldurmayacaq". Nə real tərifdi... Alqış, şan-şöhrət içi boş olanlarçın imiş, demək.
Həm də, təbii ki, başı boş olanlarçın...
Elizanı görməmişdən o da belə düşünürdü.
Düşünməyə, qərar verməyə qoymurlar. Sanki pultla idarə edirlər onu. Düşündüklərindən də xəbərləri var. Görüşlərə çağırır, müxbirləri, operatorları dalınca salırlar. Qaçmaq istəsə də alınmır. Telefonlar işləmir, taksilər saxlamır...
Fantastik hadisələr baş verir. Beynini dəyişdirmək, öz proqramlarını yerləşdirmək istəyirlər...
(Zəhləm gedir fantastikadan!)
Reallıq həmişə gözəldi. İşimizə yarasa da, yaramasa da...
"Sən dünyanı dəyişdirməyə qadirsən. Ancaq O yanında olsa, bacarmayacaqsan..." Yerinə olsaydım mən belə cavab verərdim: "O yanımda olmayacaqsa, dünyanı dəyişdirəcək güc nəyimə gərəkdi?! Onsuz da, O mənimçin elə dünyanın dəyişdirilmiş formasıdı. Yaşadığıma bənzəməyən, arzuladığım forması..."
Ona təklif olunanlardan ötrü başqası dünyanı verərdi. O isə...
Onun dünyası Elizadı...
Mən də kişi olsaydım o gözəl dodaqların xatirinə lap prezidentlikdən də imtina edərdim...
Kişi olsaydım?! Maraqlı səslənir. Həm də cazibədar. Əks cinsin nələr düşündüyünü, hiss elədiyini duymaq pis olmazdı. Ancaq həmişə yox. Hərdən iş yoldaşlarımı qeyri-ciddilikdə qınayanda deyirlər ki, kişi olsaydın sən bizdən də beşbetər olardın. Bəlkə də haqlıdılar. Axı, natura məsələsi var. Yox ey, belə asanlıqla təslim olmaq istəmirəm. Qadınların naturası olmur, bəyəm?!.
***
Təqiblər səngimir. Lap əsl qırsaqqızdılar. Belə çıxır ki, onun karyerasına özündən çox can yandırırlar. Hər halda məqsədləri var... Mümkün qədər onu sevdiyindən ayırmaq istəyirlər. "Eliza dünyanın məşhur balerinası olmalıdı. Səninlə olsa, uzaqbaşı bağçada rəqs müəlliməsi olacaq..."
Ay Allah, lap mənim çevrəmdəkilər kimi cansıxıcıdılar. Yaxşı ki, oğlanın ağlı var. Ağlı yox ey, ürəyi var. Çox az adamlardandı ki, hisslərinə xəyanət eləmir. Gözəl bir həqiqəti anlayır: alqışlar da boldu (həm də ucuzdu), kürsülər də. Ürəyin istəyən isə çox-çox, lap çox azdı. Hər dəfə rastına çıxan da deyil...
Bu dünyada çox şeyi qazanmaq olar...
Əsl sevgidən başqa...
O, əlçatmazdı...
Onların əli çatdı buna.
Sevgi onları xilas elədi...
***
Bir nəfər ona kömək eləmək istədi. Tərəddüdlərdən sonra... bacardı. Tezislərin (onu bu tezislərlə idarə edirdilər) yerini dəyişdirməyi öyrətdi. İmprovizələr eləməknən təqib edənləri çaşdırmaq olar. (Yaxşı ki, ən qəddar qurumlarda da emosional adamlar var).
Filmə ("Dəyişən reallıq") axıracan baxmaq fikrim yoxdu. Həqiqət yerini tutsa da, tamaşaçıya düşünməkçin çox şeylər qalır. Müsbət sonluq həyəcanı azaldır, ardınca peşmançılıq, təəssüf buraxmır. Amma gerisini özüm istədiyim kimi düşünmək həvəsimi də aparmır. Tale və qismət deyilən şeylər barədə başıma o qədər qarışıq fikirlər dolur ki, artıq filmin qurtardığını da hiss eləmirəm...
***
Hamı möhkəm və hündür divarlar arzusundadı. Nə var o ürək üşüdən soyuq dünyada?! Niyə kimsə sevgi dolu isti yuva axtarmır?!.
Baxışlarda etiraz qığılcımları görünür, deyəsən. Özünü aldatmaq fayda yoxdu. Ömrümüz göstəri deyil, təkcə özümüzə aid bir aləmdi. Bizdən asılı olmayan çox şeylər kəsir qabağımızı. İstəmək, xəyallar qurmaq ki, bizlikdi. Bəs, onda günlərin birində o xəyallar çin olub qarşımıza çıxanda necə?! Bu qədər asılılığımızın günahını kimin boynuna yıxaq?!
Ürəyimiz istəyənlərin məcməyidə gətirilib bizə verilməsini gözləməyimizin adı nədi?!
Çox şeyin uğrunda vuruşuruq, sevgimizdən başqa. Ən sonda yada düşür qəlb istəklərimiz.
Sonra da gec olur. Çooox gec...

P.S. Ötən həftə qəzetə yazı göndərə bilmədim. Keşkə bu filmə əvvəlcədən baxmış olaydım. Heyf... Kişilərə dərs deməkdə bir həftə gecikdim...
Cəmi bir həftə?!
Bəlkə bir ömür?!.


Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV