ŞEİRİMİZDƏ QARABAĞ

VAQİF YUSİFLİ
39508 | 2013-10-26 00:02
"İnsan ağır bir itkiylə üzləşəndə, tüstüsü təpəsindən çıxanda, içərisi yananda, qəzəbi başdan aşanda, dərindən ah çəkib dünyanı silkələyəndə çırpınır, döyünür, düşünür və düşündürür, "niyələr", "neyçinlər" sinəsini para-para eləyir. Mən də bu əsəri yazanda həmin hissləri keçirmişəm. Pənah xanı, Xan qızı Natəvanı, Aşıq Ələsgəri. Səməd Vurğunu üz-üzə, göz-gözə, diz-dizə dayandığımız məqəddəs ruhları, şəhidlərimizin varlığını gözümün önünə gətirib onları köməyə çağırmışam.
Çünki bu şəxsiyyətlər Qarabağla nəfəs alıb, onunla ölüb-dirilib, onunla yaşayıblar...gQarabağ dünya gözəli olduğu üçün həmişə başıbəlalı olub, əldən-ələ keçib... Sərkərdələrimiz, ordumuz, qoşunumuz, xalqımız, hər bir nəfərimiz Qarabağ uğrunda, Şuşa uğrunda hərəkətə gəlməliyik. Qanlı hadisələr baş verəndə, dar gün gələndə xalq öz ümidini böyük şəxsiyyətlərə bağlayır. Böyük insanlar da öz gücünü xalqından alır, onunla birləşir, vətəni xilas edirlər. Bizim də xilas yolumuz birlikdədir; söz və əməl birliyində!"
Xalq şairi Zəlimxan Yaqubun "Şuşa şikəstəsi" poeması ("Azərbaycan" jurnalı, 2013, № 8) bu kiçik qeydlərlə başlayır. Şair poemanı qələmə almaqda məqsədini, məramını bildirir və elə bu sətirlərdən Zəlimxanın Qarabağ məhəbbəti və Qarabağ həsrəti yüksək poeziya diliylə şərh olunur.
O, Qarabağın tacı, Azərbaycan mədəniyyətinin ana laylası, dahilər məskəni və beşiyi hesab edilən Şuşanı vəsf edir:

Dörd fəslin dördü də əzizdir mənə,
Qoynu bahar fəsli-Şuşa mənəm, mən!
Sənətkarı uca, insanı qədim,
Xan nəsli, bəy nəsli-Şuşa mənəm, mən!

Ulu Pənah xanam, İbrahim xanam,
Vətən damarında qaynayan qanam.
Başam, düşüncəyəm, ürəyəm, canam,
Tükənməz Xan səsli-Şuşa mənəm, mən!

"Ölürəm" desə də ölməz Natəvan,
Başının üstündə göy adlı tavan.
Özü də, sözü də həmişə cavan,
Üzeyir nəfəsli-Şuşa mənəm, mən!
Canımdı, qanımdı alışıb yanan,
Hələ ayaq tutub yeriyir yalan.
Həsrətlə Vətənə sarı boylanan,
Vətənin həsrəti-Şuşa mənəm, mən!

Bundan sonra nostalji hisslərin təsirilə poemada bir bədbinlik havası yaranır.
Bu da təbiidir. Şuşa kimi gözəl bir incinin, torpağından nəğmə, muğam, Xarı bülbül bitən əvəzsiz xəzinənin düşmən tapdağı altında olması ağlasığmaz deyilmi?

Şuşanın yolu bağlı,
Sağıyla solu bağlı.
Uçmağa imkanı yox,
Qanadı, qolu bağlı.

Bayatıdı, bəstədi,
Gülü dəstə-dəstədi.
Şuşam hanı deyənlər,
Dərd əlindən xəstədi.

Poemanın başlanğıc hissəsində əsas diqqət Şuşanın keçmişi ilə indisi arasında xəyali bir bağlılıq yaratmağa yönəlib.
Şair bir anlığa Vaqifi, Vidadini yada salır, onların ruhu qarşısında baş əyir. Sonra Şuşanın gözəlliklərini bircə-bircə sadalayır: bu Sarıbaba yaylağı, bu Xəlfəli çayı, bu Ballıca çayı.
Sonra Turşsu, Aydın bulaq, Qoşa bulaq, Damcı bulaq, Cökəbulaq, Hovlu bulaq, Şırşır bulaq, Dam bulağı, Lilpar bulaq, Çarıq bulaq, Dərəbulaq, Buz bulaq, Kor bulaq, Bədəl bulağı... Sonra daşların, qayaların təsviri gəlir: "Qara daş, Sarı daş, Qızıl daş, Ağ daş, Xəzinə qayası, Qız qayası.
Sonra Şuşanın muğam dahiləri, musiqi dünyası yada düşür: "Oxumur Seyidi, ötmür Cabbarı, Dərdinin səsini dinləyir Şuşam".

Təkcə Şuşa deyil əlimdən gedən,
Şərqin də, Qərbin də görən gözüdür.
Dahi Üzeyirin, böyük Vurğunun
Şuşa haqqındakı uca sözüdür.

Təkcə Şuşa deyil, əlimdən gedən,
Zülfünün avazı, Xanın səsidir.
Mirmövsüm Nəvvabın ilmələridir,
"Mahur"du, "Qarabağ şikəstəsi"dir.

Dərdi pul-pul olmuş "Zəminxarə"dir,
"Şahnaz"ım, "Şüştər"im, "Çahargah"ımdı.
Günəşin fövqünə qalxan sevincim,
Göyə bülənd olub çıxan ahımdı.

Zəlimxan Yaqub Şuşa obrazını Vətən-Azərbaycan obrazı səviyyəsində dərk edir və poemada da bunu qabarıq nəzərə çarpdırır. Şair yazır ki, Şuşa təkcə Xan bağı, Topxana meşəsi, Bağrıqan dağı demək deyil. Şuşa həm də qızılı, gümüşü, misi, zəriylə dövlətli olan Kəlbəcərdir, neçə səngəri, neçə dağı olan Laçındır, çinarlı Zəngilandır, palıdlarıyla şöhrət tapan Qubadlıdır. "Şuşa Ağbabadı, Şuşa Göyçədi, Şuşa Zəngəzurdu təbiətiylə. Şuşa Ordubadım, Naxçıvanımdı, Şuşa Təbrizimdi, Ərdəbilimdi, Şuşa Dərbəndimdi, Şuşa Borçalım.
Zəlimxan Yaqub ilk şeirindən ta bu günə qədər heca şeirinin "ərazisində" çadır qurub və necə deyərlər, bu ərazidə məskən salmağı onun mənsub olduğu ədəbi mühitin, qaynaqlandığı aşıq-saz dünyasının, Borçalı elatının sınırlarından gəlir. Mən heç cür təsəvvür eləmirəm ki, Zəlimxan günlərin birində bu ərazini tərk edə, ondan biryolluq üz döndərə. Yox, Tanrı özü onu bu əraziyə, bu məskənə göndərib ki, Ələsgərin, Qurbaninin, Tufarqanlının, Dədə Şəmşirin ruhları onun şeir lisanında dilə gəlsin.
Bu gün Zəlimxan Yaqub müasir heca şeirinin yeni bir pilləyə qalxmasında, yeni bir mərhələ yaşamasında mühüm rol oynayan şairlərdən biridir. "Şuşa şikəstəsi" poemasında Zəlimxan bu məharətini nümayiş etdirə bilir.
Poemada xalq şeirinin müxtəlif formalarından, hecanın da müxtəlif ölçülərindən istifadə olunmuşdur. Xüsusilə, orijinal bayatılar poemanın emosional təsirliliyini xeyli gücləndirir:

Ağlar, bayatım ağlar,
Ömrüm, həyatım ağlar.
Qara geyən Şuşasız,
Hər bir saatım ağlar.

İsti ocağım Şuşa,
Dolu bucağım Şuşa.
Məndən ayrı düşəli,
Xəstəm, naçağım Şuşa.

Axıbdı qanım, Şuşa,
Çıxıbdı canım, Şuşa.
Bu zülümə dözərmi,
Xanımım, xanım, Şuşa.

Gülün dərəydim, Şuşa,
Saçın hörəydim, Şuşa.
Səndən gələn dərdlərə,
Sinə gərəydim, Şuşa.

Şikəstə-fars sözüdür, mənası qırılmış, sınmış, üzgün, incimiş, qəlbi qırılmış deməkdir. Bir də muğamat adıdır ("Şikəsteyi-fars"). Zəlimxanın "Şuşa şikəstəsi" də bu adın ehtiva elədiyi mənalarla səsləşir. Ona görə də poemada bədbinlik, pessimizm ruhu hakimdir. Amma poemada ümid, gələcəyə inam çalarları da yox deyil:

Ağlar, duzum ağlar, çörəyim ağlar,
Görən gözüm ağlar, ürəyim ağlar.
Çəmənim yaş tökər, çiçəyim ağlar,
Yeriyər üstümdən qəm basa-basa,
Bayrağım Şuşada dalğalanmasa!

Sızıltı ürəkdə, ağrı candadı,
Ocaq sinədədi, alov qandadı.
Vətən dar gündədi, imtahandadı,
Xeyrim də, şərim də dönəcək yasa,
Bayrağım Şuşada dalğalanmasa!

Bəs Şuşanı necə geri qaytarmaq olar? Təbii ki, bu müşgülü publisistika diliylə çox asan ifadə etmək olar. Nəsr əsərində də cavab vermək çətin olmaz.
Amma poeziya dili, şeir lisanı fərqli yozum tələb edir. "Gecə də, gündüz də alışıb-yanan, Bir oda sönməyən ocaq gərəkdi. Öz haqqı uğrunda ayağa qalxan, Su gərək, daş gərək, torpaq gərəkdi, Şuşanı geriyə qaytarmaq üçün. Savalan, Şahdağı, Dəlidağ, Kəpəz, Kirsə sahib çıxıb, yar olmalıdı. "Qələbə" kəlməsi, "Qələbə" sözü, Ən şirin, ən dadlı bar olmalıdı, Şuşanı geriyə qaytarmaq üçün".
Poemanın sonu şikəstədən qalibiyyət marşı təsiri bağışlayan məqama keçir. Bədbinliyi, şikəstə xatirliyi nikbin çalarlar əvəz edir. Göz yaşları quruyur və qulağımızda sanki gələcək zəfər marşının ilkin sədalarını eşidirik.
Şuşanın-bu gözəlliklər diyarının, Azərbaycanın nəğmələr, mahnılar beşiyi, dahilərin vətəni olan bir məkanın düşmən tapdağında olması ilə barışmırıq. Və biz də Zəlimxan Yaqubun misralarındakı qələbə sorağına qoşuluruq:

Ayağa qalxacaq bir gün Kəlbəcər,
Hər qayası qılfınc, hər daşı xəncər.
Ayağa qalxacaq Laçın dağları,
Silaha dönəcək şah budaqları.
Ayağa qalxacaq qədim Zəngilan,
Yenə haqq olacaq qələbə çalan.
Ayağa qalxacaq bütün Qarabağ,
Bütöv Azərbaycan, bütöv bu torpaq.
Durub bir tərəfdə qısılmayacaq,
Yaxşılıq olacaq işi-peşəsi.
Bəd olan niyyətə qarışmayacaq,
Ancaq mütiliklə, nökərçiliklə,
İşğalla, tamahla, güc ilə, zorla
Şər adlı kəmfürsət bir gorbagorla
Heç vaxt Azərbaycan barışmayacaq,
Heç vaxt Azərbaycan basılmayacaq!

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV