adalet.az header logo
  • Bakı 13°C

XƏYALİ

SEYFƏDDİN ALTAYLI
51584 | 2013-10-26 00:02
Çoxdandır 15-16 əsrlərdə yaşamış maraqlı bir divan şairini həm tanıtmaq, həm də dili barədə söhbət etmək istəyirdim. Deməli, bu günə qismət imiş.
Yazılarımda daimi olaraq Anadolu və Azərbaycan coğrafiyalarının bir-birinin davamı, buraların bizim ilkin doğma vətənlərimiz, üstündə yaşayan xalqlarının da əzəli və əbədi qardaş olduqlarını vurğulayırdım. əlbəttə burada yaşayan və bir-birinə qardaş olan insanların da dillərinin eyni olmasından daha təbii nə ola bilərdi ki!ə
Qulaqlarınız cingildəsin Yavuz və Şah İsmail Xətai!..
Xəyalinin əsl adı kiminə görə Mahmud, kiminə görə Məmməddir; hətta ona "Bekar (subay) Məmi" də deyərmişlər. Dünyaya gəldiyi tarix qəti olaraq bilinməsə də 1494-95 illərdə, indilərdə Yunanıstan sərhədləri daxilində qalan Səlanik şəhərinin yaxınlığında yerləşən Vardar mahalının Yenicə bölgəsində anadan olduğu irəli sürülür.
Səlanik şəhərinin olduğu Qərbi Trakiya torpaqlarımız Balkan müharibələri vaxtında itirildi. 17 əsrdən bu yana torpaqlarımızı itirə-itirə gedirik. Allah axırını xeyir eləsin!
Xəyali bir gün "Baba əli Məst" adlı bir Qələndəri dədəsinin (şeyx) yanındakı dərvişlərə qoşulub İstanbula gedib.
Qələndərilik təriqətinin 11 əsrdə yarandığı irəli sürülür və onlar On İki İmam anlayışına bağlıdılar. Şiəlikdə On İki İmam anlayışına bağlı olan yollar Cəfəriyyə, İsmailiyyə və Zeydiyyədir. Anadoludakı ələvilər də On İki İmam anlayışına bağladılar. Bu anlayış əsasında yaranan təriqətlər isə Babaiyyə, Vəfaiyyə, Yəsəviyyə, əxilik, Qələndərilik/Heydərilik, Nemətullahilik/Nurbəxşilik, Rufailik/Qalibilik, Şahqulu/Cəlali, Bəkdaşilik/Babaqanlıqdır. Qələndərilər ələvi anlayışında olduğuna görə daha sonraları ələvilik və Bəkdaşilik təriqətlərinə daxil olublar və zaman ərzində onlara uyublar.
Xəyali, İstanbula gəldikdən sonra buranın qazısı Sarı Gürz Nureddin onu himayəsinə götürüb, onun yanında təhsil alıb, bir yandan şeir yazıb, digər tərəfdən də şeirləriylə öz şöhrətini yaymağa başlayıb. əvvəlcə dəftərdar İskəndər Çələbi, sədrəzəm İbrahim Paşa və axırda Qanuni Sultan Süleymanın diqqətini cəlb edib. Dövlət adamlarının himayəsiylə həm şairliyini, həm də öz peşəsini inkişaf etdirib. Osmanlı Sultanının Bağdad səfərində iştirak edib, ancaq onun bəxti bu hadisədən sonra tamamilə tərsinə dönüb. İskəndər Çələbi ilə İbrahim Paşanın öz cangüdənləri tərəfindən qətlə yetirilməsi hadisəsindən sonra Qanuni Sultan Süleymanın gözündən düşüb. Onun şairliyini qısqanan rəqibləri elə bir atmosfer yaradıblar ki, Xəyali artıq İstanbulda yaşaya bilməyib. Padşahdan bir vilayətin idarəsinin özünə verilməsini istəyib və İstanbul ilə birdəfəlik vidalaşıb. 1556-cı ildə ədirnə şəhərində ruhunu Tanrıya təhvil verib.
Xəyalinin qısa tərcümeyi-halı belədir. O, paşalara və padşaha çox yaxın olsa da heç vaxt maddi nemətlərə üstünlük verməyib və həmişə sadə bir ömür sürüb. əlinə nə keçibsə səxavətlə rəftar edib və əlində-ovcunda heç nə saxlamayaraq daim düşkünlərin, kasıbların həyanı, arxası olub. Hətta dünyasını dəyişdikdən sonra padşah onun divanını tələb etsə də, bu dərbədər şairin şeirlərinin tamamı bir yerə cəmləşdirilə bilməyib. Şeyxzadə əli Çələbi oradan-buradan yığdığı şeirlərini padşaha təqdim edə bilib. Təzkirəçilər onun adını, Məlikül Şüəra, Rumlu Şairlərin Sərdarı, Xəyaliyi Məşhur, Rumun Hafizi Şirazisi kimi yad ediblər. Xəyalinin ən önəmli xüsusiyyəti dünya nemətlərinə əsla fikir verməməsi və bu dünyanı vecinə almamasıdır. Yazdığı şeirlərdə rindlik və qələndərlik baş roldadır.
Xəyalini niyə andım və tərcümeyi-halını niyə yad etdimə İstədim ki, onun bir şeirini təqdim edim və o əsrdə Anadoluda danışılan dil ilə indiki Azərbaycan Türkcəsini müqayisə etmək imkanını oxuculara bəxş edim. Buyurun oxuyun:

Cahan ara
cahan içrədür,
arayı bilməzlər
O mahilər ki,
dərya içrədür
dəryayı bilməzlər.
Xərabat əhlinə dəzax
əzabın anma ey zahid
Ki bunlar ibn-i vəqt oldı
qəm-i fərdayı bilməzlər.

Şəfəq gun qan içrə
dağını seyr etsə aşiqlər
Günəşdə zərrə
görməzlər,
fələkdə ayı bilməzlər.

Həmi də qədlərinə
rişte-i eşqi takub bunlar
Atarlar tiri məqsudi
nədəndür,
yayı bilməzlər.

Xəyali, fəqr
şalına çəkənlər
cism-i üryanı
Anunla fəxr edərlər
ətlas-u dibayı bilməzlər.

İyirminci əsrdə həm Anadolu, həm də Azərbaycan coğrafiyalarında xoşagələn və xoşagəlməz hadisələr yarandı. Osmanlı İmperiyası canını tapşırdı. Anadolu torpaqları, İngilis, Fransız, İtaliyan və Yunanlılar tərəfindən işğal edildi. İngiltərə, Fransa və ABŞ-dan maddi-mənəvi güc alan ermənilər və yunanlar Anadoluda milyonlarla dinc əhalini, insana yaraşmayan işgəncələrlə qətlə yetirib soyqırımlar törətdilər. Atatürk, belə bir zamanda meydana çıxıb xalqı mənəvi yöndən hazırladı, Azadlıq Müharibəsinə cəlb etdi və işğalçılara layiqli cavabı ayağına geydiyi çarıqları çörək tapa bilmədiyinə görə bişirib yeyən Məmmədçiklərlə verdi (Kül başına ay Araz, üstündən təzək atlanır). İşğalçılar da Anadoluya uzun gəlib gödək qayıtdılar.
Azərbaycanda Məmməd əmin Rəsulzadə və silahdaşları Azərbaycan Cümhuriyyətini yaratdılar, sonra bu cümhuriyyət çarizmin davamçısı olan bolşevik ruslar tərəfindən işğal edildi. Milyonlarla Azərbaycan Türkü bolşevik ruslar və ermənilər tərəfindən eynilə Anadoluda olduğu kimi qətlə yetirildi. Sovet dövründə yüz minlərlə milli təfəkkürlü Azərbaycan Türkü qondarma məhkəmələr tərəfindən ya güllələnmə ilə cəzalandırıldı və ya Sibirin buzlu cəhənnəminə sürgün edildi. Milli yönümlü ocaqlar darmadağın edildi. Hər on ildə bir dəfə Azərbaycanın öz milli kimliyinə vurğun olan oğulları və qızları bostan irilənən kimi yığılıb məhv edildi. Milli mədəniyyətimizin bəzi ünsürləri, məsələn, "Kitabi-Dədə Qorqud", tar kimi dəyərlərimiz yasaqlandı, dilimizə rusca vasitəsilə Avropalı xalqların zirzibil terminləri dolduruldu.
Anadoluda Türkiyə Cümhuriyyəti yaranandan sonra Atatürkün uzaqgörənliyi ilə Türk Tarix Qurumu, Türk Dil Qurumu kimi təşkilatlar yaradıldı və tarixdə milli kimliyə qayıdış, dildə Türkcələşmə dövrü başladıldı, "Osmanlıca" deyilən ərəb-fars tərkibləriylə dolu dil Türkcə terminlərlə əvəz edildi, dilimiz təmizlənməyə çalışıldı. Bu arada Türk dünyasında istifadə edilən və özümüzünküləşən sözlər də qurban getdi, qurunun oduna yaş da yandı, Atatürk bunu görən kimi Türkçələşmə cərəyanından imtina etdi və Türk dünyasının başa düşəcəyi ortaq Türk dilinin istifadəsinə yönəldi. Onun ölümündən sonra hakimiyyətə gələnlər Atatürk qədər Türk dünyasını tanımadıqlarına və onun kimi uzaqgörən olmadıqlarına görə, xüsusilə də sosialist düşüncəlilər özümüzünküləşən ərəb və fars sözlərinə, necə deyərlər, düşməncəsinə rəftar etdilər və Türkiyədə bu gün danışılan, yazılan dil yarandı. Bir sözlə, Qaspıralı İsmail Bəyin "Tərcüman" qəzetinin gördüyü işi hələ də Türkiyə Cümhuriyyəti dövləti görə bilmir.
İndi-indi Azərbaycan və Anadolu coğrafiyalarında yaşayan xalqlar təkrar qədimdəki vahid kökə qayıtmağa başlayıblar. əlimizdə tv-radio-qəzetlər-jurnallar-internet-əl telefonları kimi müasir aparatlar var, onlarla danışıqdakı problemlərimizi az da olsa həll edə-edə gedirik. Türk dünyası üçün bu iddianı indilik irəli sürə bilmərik. Deməli, hələ də "Tərcüman" qəzeti qədər məsələyə vaqif ola bilməmişik. Azərbaycan Türkləri ilə Anadolu Türkləri danışıqda müəyyən yolu gediblər, bəs terminoloji, bəs elmi ədəbiyyat, o sahələrdə bir-birimizi başa düşə biləcəyimiz sözlərə Onları haçan həll edəcəyikə Haçan ortaq terminoloji lüğətlərimizi çap etdirib yeni nəsillərin istifadəsinə verəcəyik. Haçan ibtidai məktəbdən başlamış ali məktəblərimizə kimi ortaq dərsliklərimiz yaradılacaqə
Ey dövlətlərimizin strateji postunda əyləşən böyük şəxsiyyətlərimiz, bu problemlərin həlli sizlərin sərəncamlarınızı gözləyir. Bunları haçan həll edəcəksiniz?

Seyfəddin Altaylı,
Ankara
altaylı[email protected]

TƏQVİM / ARXİV