adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

SARI GƏLİN

FƏRİDƏ RƏHİMLİ
40408 | 2013-10-26 00:01
Bizim illərdə gənclərin Rusiyaya böyük axını vardı. On beş qardaş respublikaların birləşməsindən yaranmış ailəni idarə edən böyük qardaşın nüfuzu, qalan on dörd qardaşdan qat-qat üstün idi.
İdeologiya elə qurulmuşdu ki, oraya fəhləliyə gedən gənclər özlərini dünyanın xoşbəxti sayırdılar. Gənclər BAM (Baykal-Amur Magistralı) tikintisinə elə həvəslə axışırdılar ki, öz evini tikərkən dədəsinin yardım xahişinə belə könüllü getmirdilər.
Gedən azərbaycanlı gənclərin hamısına pul-parayla geri dönmək nəsib olmasa da, hər birinin ən böyük qazancı rus sevgili olardı.
Xoşqədəm Hidayətqızının verilişində Rusiyadan gələn on altı yaşlı oğlan azəri atasını axtarırdı. Anasına verilən: "evli olduğunu bilə-bilə nədən onun uşağını dünyaya gətirdin?" sualına, qadın xoşbəxtcəsinə gülümsünərək- Qafqazlıdan kim uşaq istəməz ki... - cavabını verdi. Bəli, genlərini normallaşdırmaq üçün azəridən istifadə etsinlər, min əziyyətlə bazarlara daşıdıqları, vitamin mənbəyi olan Azərbaycan məhsulları ilə bəslənsinlər, ucuz işçi qüvvəsi kimi hər natəmiz işlərini miqrantlar hesabına həll etsinlər və sair... və bir Orxan Zeynalovun hələ tam sübut olunmamış cinayətinə görə, bütün bunların üstündən asanca xətt çəkərək, bunu da dövlətin siyasətinə deyil, skinhedlərin - neofaşistlərin ayağına yazsınlar! Alman faşistləri üzərində qələbədə işlənən neftin 80%-ni verən Bakının - Azərbaycanın əhalisi indi neofaşistlərin hücumundan qorunmağa çalışır. Tolerant, unutqan, qonaqpərvər, ürəyigeniş... olan millətimin bu xasiyyətindən hələ çox çəkəcək başımız.
... O vaxt kəndimizdən BAMa gedən gənclərdən biri taksi pulunu da atasının ödəməsi şərtiylə geri döndü. Amma elə də əliboş sayılmazdı - taksidən düşəndə yanında qəşəng sarışın bir rus qızı vardı. Oradakı gənclər qızları "xərcləyib", pullarla qayıdırdılar, bu isə pulları xərcləyib, sarı gəlinlə qayıtmışdı...
Bacıları sevinir, qonşulara hava atırdılar - gəlinləri "kənddə hamıdan gözəl idi"! Bütün kəndin gözü bu sarı gəlində idi. Görüşə gələn cavan kənd qızları ona paxıllıqla, oğlanlar həsədlə baxırdılar.
Oğlan toy eləmək istədiyini bildirəndə qohum-əqraba narazılıq eləyib, "Onların burda dayanmayacağını" desələr də, oğlan israrlı idi. Ona görə də ağsaqqallar gəlinə başa saldılar ki, bizdə toy məsrəfi çox böyükdü. Əgər bu oğlanla ailə qurmaq, ömürlük burda qalıb yaşamaq istəyirsənsə, toy hazırlığına başlayaq. Qız məsum-məsum: Əlbəttə, mən onu sevirəm. Buraya da onun həyat yoldaşı olmaq üçün gəlmişəm, hər çətinliyə də dözəcəm - dedi.
Toy hazırlığına başlandı. Qızıllar, pal-paltar alındı. Dana, qoyunlar, toyuqlar kəsildi. Zarafat deyildi, yeddi uşağın birincisi ailə quracaqdı. Az-az hallarda üzü gülən, toylarda oynadığı görülməmiş ata qol götürüb oynadı da.
Bir aydan sonra sarı gəlinin ata-anası (ögey atası) da gəldilər qudaları ilə tanış olmağa. Gen-bol həyət-baca, mal-qara, toyuq-cücə, meyvə-tərəvəz - bir sözlə, maddi durum qudaları razı salsa da, gələndən ikiqat çəki almış qızlarına acıqlanaraq "donuza döndüyünü" bildirdilər. Qudalar "böyük qardaş"ın törəməsi olduqlarından özlərini çox sərbəst aparır, bəzən adətlərimizə, yaşayışımıza iradlarını da bildirirdilər. Onlar həyəti, bağı gəzir, İran İslam Respulikası ilə həmsərhəd olan hissəyə, Azərbaycanı ikiyə bölən Araz çayına maraqla baxırdılar. Şəraitdən məmnunluq duysalar da, dil bilmədiyimizi zənn edib, biz uşaqların yanında millətimizin ünvanına təhqiramiz ifadələr də işlədirdi rus qaynana... "Qonaqpərvərliyimiz" bu ifadələrin cavabını verməyə imkan vermirdi o vaxtlar mənə...
Bir neçə aydan sonra sarı gəlin darıxmağa başladı. Artıq qaynanası da əzbərləmişdi: "Zdes oçen skuçno" cümləsini - Diskoteka yox, bar yox, restoran yox, gecə klubları yox...
Sarı gəlinin darıxmaması üçün dəridən-qabıqdan çıxırdılar. Onu işə düzəltdilər, dediyinə görə, Rusiyada "defisit" olan təzə paltarlar, burda heç kimin dəyərini bilib, əhəmiyyət vermədiyi, dükanın dolabında üstünü toz basmış brend marka ətirlər(!) aldılar, xeyri olmadı. Bir neçə ayı da birtəhər dözən gəlin geri dönməyə və ərini də özü ilə aparmağa qərar verdi. "A bala, gedirsən get də, oğlumu niyə aparırsan?" deyən qaynanasına: Ərim orda daha mədəni idi, burda "svinya" kimi davranır deyərək, özünə haqq qazandırdı.
Qara oğulla sarı gəlin yenidən Rusiyaya qayıdası oldular. Gedərkən alınan qızılları, pal-paltarı elə sevinə-sevinə qablaşdırırdı ki sarı gəlin...
Bir neçə aydan sonra oğul geri qayıtdı. Bu dəfə tamam əliboş idi - nə pul vardı, nə də arvad...
Bu gəlişə ən çox sevinən isə bir utancaq azəri qızı idi...

Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV