Orxan Zeynalov Bin Ladendən təhlükəliymiş ki!

AQİL ABBAS
101239 | 2013-10-22 19:23

Hər gün Rusiyaya cinayət nəticəsində ölənlərin sayı, əsrin əvvəllərindəki vətəndaş müharibəsində gündə ölənlərin sayından bir qədər az olar. Hazırda Rusiya dünyanın ən kriminal ölkələrindən biridir. Və sirr deyil ki, ölkəni dövlətdən daha çox kriminal qruplar idarə edir. Putin hakimiyyəti gələnədək lap dəhşətli bir mənzərə vardı. Putin iqtidara gələndən sonra böyük mafiyalara və kriminal qruplara qarşı ciddi mübarizəyə (əslində mübarizəyə yox, müharibəyə) başlayıb bu sahədə böyük nailiyyət əldə etsə də, Rusiya hələ də bir kriminal ölkə olaraq qalır.

Moskva Rusiyanın bir parçası, daha dəqiqi, ürəyidir. Və özü özlüyündə bir ölkədir. Müdafiə və Xarici İşlər Nazirliyindən başqa bütün dövlət strukturları, hətta parlamenti olan bir ölkə. Və kriminalların idarə etdiyi bir ölkə. Putin nə qədər çalışsa da hələki bu ölkəni kriminalların əlindən ala bilməyib.

Mətləbə gəlmək üçün bu giriş lazım idi. Və hər gün Moskvada da onlarla insan qətlə yetirilir, oğurlanır, heç izi-tozu da tapılmır. Bu qətlə yetirilənlərin yarıdan çoxu qeyri-rus millətindən olanlardır. Rusiyada 1,5 milyon, yaxşı, olsun 2 milyon azərbaycanlı yaşayır. Statistik rəqəmləri çıxarsaq görərik ki, il ərzində 2 milyonluq Rusiyada (söhbət azərbaycanlılardan gedir) qətlə yetirilən soydaşlarımızın sayı 8 milyondan artıq əhalisi olan ölkəmizdə cinayət nəticəsində öldürülənlərin sayından xeyli çoxdur. Və həm də ölkəmizdə baş verən ölüm hadisələrinin bəlkə də 60-70 faizi ailə-məişət, ya da qonşu davası zəminində baş verir.

Gəlin görək Rusiyada öldürülən azərbaycanlıların qatillərinin neçə faizi hakim qarşısına çıxarılıb – 5-10 faizi, 15 faizi? Hamısı açılmamış cinayət işi kimi arxivlərdə yatır. O tutulan 10-15 faiz də bizimkilərdi.

Cinayətkarın milləti olmur. Bu sözləri vaxtı ilə Ulu öndər Siyasi Büro üzvlüyü namizədliyinə mane olmaq istəyən Romanova deyib yerində oturtmuşdu.

Çox təəssüf ki, Rusiya kimi qüdrətli bir ölkədə cinayətkarın milləti önə çəkilir və nəticədə cəzanı cinayətkardan daha çox mənsub olduğu millət çəkir. Dəxli yoxdu, azərbaycanlıdı, gürcü, özbəkdi və sair və ilaxır. Özü də ikiqat cəza. Biri dövlət tərəfindən, biri də skinxetlər deyilən neofaşistlər tərəfindən.

Bəli, hər ay Moskvada onlarla qətl hadisəsi baş verir.Biri də oktyabrın 10-da oldu. Dava zəminində (yəni əvvəlcədən düşünülmüş, planlaşdırılmış yox) bir nəfər vurub bir nəfəri öldürüb.

Neçə gündü Rusiyanın televiziya kanalları partlayır. Xəbər proqramları bu hadisəni mühüm dövlət xəbəri kimi birinci verir. Özü də minbir rənglə. İndiyədək yalnız 3 ya 4 belə yanaşma olub. Onda da öldürülən ya qubernator, ya yüksək vəzifəli dövlət məmuru, ya da Rusiyada onlardan da hörmətli sayılan qanuni oğrular.

İndi nə olub. Öldürülən qubernator, ya nazirdimi – xeyr, hansısa bir bədbəxt. Sadəcə olaraq öldürən bədbəxt də azərbaycanlıdı.

DİN bütün Rusiyanı ayağa qaldırmışdı. ABŞ Bin Ladeni belə axtarmırdı ki, Rusiya Orxan Zeynalovu elə axtarırdı. Buna kimsə bir söz deyə bilməz. Dövlət cinayətkarı tutmaq üçün gücünü ortaya qoymalıdı. Qoydu və tutdu. Çox yaxşı. Amma elə bir dünyanın bir nömərli terrorçusunu tutmuşdular. Telekanallar bunu elə təqdim edirdilər ki, heç ABŞ Bin Ladeni zərərsizləşdirəndə telekanalları belə kef eləməmişdi.


TƏQVİM / ARXİV