adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

O, qızın gülüşü...

SAMİRƏ ƏŞRƏF
64800 | 2013-10-19 01:11
İnsanın yaşadığı yerə öyrəşə bilməməsi çox ağır haldı. Kim nə deyir desin, həmin insan yaşayış etibarı ilə çox vaxt bədbin ovqatda olur.
Mən yaşadığım yerə heç vaxt alışmadım. On ildən artıq keçən zaman belə bu alışqanlığı yaratmağı bacarmadı... Dörd tərəfim dəniz olsa da, həmişə ata-anamın yaşadığı səmtləri axtardım. Gün keçdikcə bir az da "böyüdüm" və inandım ki, taleyinin "çertyoj"ları ilə insanın arzuları çox vaxt üst-üstə düşmür.
Hər dəfə eşidəndə ki, qonşulardan, yaxınlıqda yaşayan rəfiqələrimdən kimsə evini satıb köçür, içimdə qəribə bir xudbinlik, nisgil yarandı. Fikirləşirəm axı niyə mən yox, o? Bəlkə də köçməyi mən ondan daha çox arzulamışdım ona görə.
Bu yaxınlarda daha bir qonşumuz evini satıb köçdü. Bir qadın subay qızı, iki oğlunun ailəsi ilə bir evdə yaşayırdı. Oğlanlarının birinin ən yaman olanının iki qızı vardı, o birisininsə övladı olmurdu. Ən yaman olan oğlan ona görə deyirəm ki, hər gün biz qonşular səhərimizi həmin oğlanının anasına ünvanladığı təhqiramiz sözlərlə açırdıq. Ana demək olar ki, iki gündən bir qonşuların evində gecələyirdi. Oğulun isə vecinə belə olmurdu. Hələ üstəlik utanıb-qızarmadan hər gün qızlarının əlindən tutub həyətdə gəzdirir, insanlara salam verib onlarla söhbətləşirdi. Çox vaxtı həmin adamlara da acığım tuturdu ki, niyə axı elə bir nankor övladla kəlmələşirlər?!
Ötən ilin qışında eşitdim ki, ana evini satışa çıxardıb. Qonşular deyirdilər ki, o, bir neçə dəfə evi satmaqdan imtina etmək istəyib, hər dəfəsində də oğlanlarının və gəlinlərinin güclü təzyiqi ilə üzləşib. Nəhayət bu ilin payızında ev axır ki, satılıb və pulu üç yerə bölündü. Bir ailə üç hissəyə ayrılıb. Ana və qızı, oğul və ailəsi, oğul və arvadı. Bayaq dediyim yaman oğlana daha çox pay düşüb ona görə ki, xanımı imkan edib köçhaköçdə bir oğul da dünyaya gətirib.
Evin əşyaları daşınanda fikir verirdim ki, hərə öz əşyasını ayrıca maşına yükləyib apardı. Yerdə qalanlar isə ana və qızın sınıq-salxaq iki çarpayısı, bir neçə mətbəx avadanlığı və yorğan-döşək dəsti idi. Ana yaşlı və xəstə olduğundan əşyaları yük maşınına subay qız daşıyırdı. Həmin qızın hardasa otuz beşdən yuxarı yaşı olardı. Ərə getməmişdi. Arıq, balacaboy, qarayanız və baxımsız bir qızdı. Hətta o qədər baxımsızdı ki, saçları daim pırtlaşıq olur. Qabaq dişləri tamam xarab olub tökülmüşdü. Allah göstərməsin yaxından dayanıb diqqətlə baxanda adamı vahimə basırdı. Hələ bir gülüşü vardı ki, onun görkəminə daha ağır ifadə verirdi. Əvvəllər hərdən onunla salamlaşırdım. Sonra nədənsə salam-kalamı kəsdim, bəlkə də onu o dərəcədə əhəmiyyətli varlıq hesab eləmədim.
Lakin sonralar onu həmişə pəncərədən qəmgin-qəmgin insanlara baxan görürdüm. Heç bir rəfiqəsi, simsarı yox idi. Evlərində isə bütün günü vaynəfsə qopurdu. Çox pis olurdum. Fikirləşirdim ki, kaş çoxlu pulum olaydı, o, qıza bir əməlli-başlı köməklik edərdim. Bəlkə onda bəxti açılıb ailə həyatı qurardı.
Onlar ana-bala köçəndə elə oldu ki, onlarla sağollaşan axırıncı adamlardan biri də mən oldum. Bir az dil-ağız elədikdən sonra adını bilmədiyim qonşu qızına tərəf çevrildim, gördüm çox mehribancasına mənə tərəf baxıb gülümsəyir və gülümsəmə mənə o qədər doğma və mehriban təsir bağışlamışdı ki, onlar gedəndən sonra bir neçə gün mən o, qızın gülüşünü unuda bilmədim. Çünki, mənə elə gəlirdi ki, yer üzündə o qız kimi gülməyi bacaran ikinci bir insan yoxdu və ola da bilməzdi.

Samirə Əşrəf

TƏQVİM / ARXİV