adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Röya

XURAMAN HÜSEYNZADƏ
34215 | 2013-10-19 01:09
Hiç kimseye söylemeden
Hasretimiz bilinmeden
Gizli-gizli, görünmeden
Rüyalarda buluşuruz...


Soyuq oktyabr ayında Zəki Mürenə qulaq asa-asa yuxuya gedə bilməmək yuxu haqda düşünməyə yaxşı bəhanə oldu. "Yuxu"ya "röya" demək həm də payıza "sonbahar" demək qədər gözəldir...
Yuxu-beyin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf aləmə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji prosesidir. Yuxu istirahət deməkdir. O, insanın zehni və cismi fəaliyyətini dayandırmaqla istirahətini təmin edir. Bəzən bütün yorğunluğumuzu beş-on dəqiqəlik çimirlə də çıxara bilirik...
Nə yaxşı ki, yuxularımız var. Gerçək həyatda görə bilmədiklərimizi yuxularımızda görə bilirik, arzularımızın həyata keçməsinin sevincini yaşayırıq. Ölümünə inanmadığımız insanları görürük, onların yaşadığına inanırıq. Yuxular bizə sevinc bəxş edir...
Kəndlərdə həyat şəhərlərdən tez başlayır. Evlərin sübhün ala-toranında yanan işıqları kəndləri şəhərlərdən tez aydınlığa qərq edir. Rayonda, kənddə olanda görürdüm ki, xoruzlar banladısa, demək oyanmaq vaxtıdı. Hamı iş-gücünə gedir, mal-heyvanının, əkin-biçininin qayğısına qalırdı. Gec yatır, tez də oyanırdılar. Köhnə kişilər həmişə çox yatmağa tənbəllik kimi baxıb. Nənəm deyirdi ki, bizim dövrün adamları ona görə uzunömürlü, sağlam olub ki, gec yatıb, tez oyanıblar. "Yuxu nədi, bilməzdik. Ona görə də qındırğa kimiydik", - deyirdi nənəm. İndi fikirləşirəm ki, yəqin o adamların ani də olsa xoşbəxtliyə ehtiyacları olmayıb. Bəlkə də onlar xoşbəxt imişlər. Xəstəliklər indiki kimi yayılmayıbmış. Boşanmalar, sevgilər, ayrılıqlar insanlara indi olduğu kimi bədbəxtliklər ürcah etməyibmiş. O vaxtın adamlarının əsəbləri dinc olub. Az tapıb az yeyiblər, çox tapıb çox. Yəni necə deyərlər, şadlıqlarına şitlik etməyiblər, ayaqlarını yorğanlarına görə uzadıblar.
İndinin insanlarının isə ayaqları yorğandan həmişə çölə çıxır. İnsanlar xoşbəxtliyi dadmağa, yaşamağa gec qalırlar. Ya da çatdıra bilmirlər. Ümid qalır ümidə, yuxulara, xəyallara...
Çox yatmaq-real həyatda az yaşamaq deməkdir. Sabun köpüyünə bənzər yuxularda ömür keçirmək həqiqətən də tənbəllik, realizmdən uzaqlaşmaq deməkdir. Yaradıcı adamlar yuxusuzluqla sirdaş olur. Nə qədər gözəl röyalar görsək belə gerçək həyatdakı vaxtdan kəsib "ani ölümə" (beynin yatması elə ölüm kimi bir şeydir) calamağımız bizim və zamanın əleyhinə işləyər. Bizim zamanımızın yəni...
Ruhunu bu payız günü ehtiramla yad etdiyimiz ustad Məmməd Arazın "Oyat məni" adlı şeirini çox sevirəm...

Səhərlər yuxudan tez oyat məni,
Qoyma axşamlar da tez yatım, ana!
Bir qara daş bilər bu həyat məni
Yuxularda keçsə həyatım, ana!
Deyirsən az düşün, az işlə, çox yat,
Gəl barı sən demə həkim deyəni.
Necə düşünməyim, axı kainat
Düşünən bir insan yaratmış məni...
Yox, bir an zəhmətsiz vursa ürəyim
Məni diri-diri tapşır məzara.
Yuxuda mən kimə, nəyə gərəyəm,
Orda gərək ollam qarışqalara.
Boranlı gündə də, qarlı gündə də
De mənə: - "oturma, dolan gəz" - ana.
Yaralı bir pələng can üstündə də
Dovşanın ömrünü istəməz, ana!
Vətən torpağından söz alır sinəm,
Gəzim çəməni mən, aşım dağı mən.
Ana, istəmirəm, yox, istəmirəm
Yuxuda tapılan sağlamlığı mən...

Xuraman Hüseynzadə
[email protected]

TƏQVİM / ARXİV