adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Böyüdükcə uzaqlaşan yaxınlarımız və yaxınlaşan ailə!

FƏRHAD ŞABANOV
69531 | 2013-10-19 01:06
Vaxt keçir, zaman ötür. Dostlarımızın sayı azalır. Bəlkə də zaman dostları əsir alır. Həyatımızdan müsadirə edir. Hansı günahların kəfarətidir, bilmirik...
Yeniyetməlikdən çıxan kimi həyat bizi sınağa çəkir. "Uşaqlar günahsız olur" teoriyasına daha çox inanırsan. Dostunu alır əlindən, bəzən sevgilini, bəzən də ailə üzvlərini. Çətinliklər çıxır qarşına və tək olduğunu anlayırsan. Bu problem birbaşa sənlə bağlıdır, sən həll etməlisən. Bəzən məğlub, bəzən çarəsiz...
İllərlə hər sevincini paylaşdığın, hər kədərində üzüldüyün doğmaların yadlaşır. İndi onlar hardadı, yanında kimlər var, nə yeyir, nə içir - heç nədən xəbərin olmur. Son pulunuza iki dənə alma alıb 8 metro stansiyası piyada getdiyin dostun indi son pulunu kiminlə bölüşür. Bəlkə onun son pulu da qurtarıb. Bəlkə qürurundan otağında qıvrılıb uzanıb. Axı o qürurlu idi, heç kimə ağız açmırdı... Bəlkə də səndən sonra onun qürurunu min nəfər tapdalayıb heç xəbərin olmayıb. Sənin heç nədən xəbərin olmur...
İnsanı incidən hisslərin sayı artır. İnsanı kədərləndirən hadisələr çoxalır. Sən görürsən ki, o gedir, sən görürsən ki, tək qalırsan. Qüruruna sığışdırıb niyə gedirsən, nə oldu deyə soruşa bilmirsən. İnsan fitrətinin naşükürlüyü, narazılığı, alçaqlığına məğlub olursan. Və ən yaxınlar gedərkən sadəcə seyr edirsən.
Çox yaxın insan ən adi mənfidə səni rahat silə bilir, ya da sən onu silirsən. Amma unudur(san) ki, bu münasibət uzun illər ərzində qurulub, sevgi üzərində qurulub. Sən illərə bir saniyədə xətt çəkirsən. O, dostluğa bir anda tüpürür.
Sirləriniz parça-parça olur. Arzularınız bir-birindən uzaqlaşır. Reallıqlar əvəz edir xəyalları. Heç bir-birinə oxşamır. Tamamilə fərqli.
Güclü olmağı öyrədir sənə həyat. Mübarizə aparmağı öyrədir. Əvvəlki xəyalpərəst sən və indiki sən. Heç əsər-əlamət qalmır əvvəlki səndən. Daha bərk yapışırsan sevgilindən.
Dostluğu tapırsan onda, itirilən illəri, sevgiləri... Nəfəs verir sənə, nəfəs alırsan. Dərindən nəfəs alırsan. İçinə çəkirsən sevgini. Bəlkə boşluğu doldurar ümidilə. Bəlkələrin yerini əvəz edir. Bütün boşluqları doldurur. Daha dərinə çəkirsən. Buraxmırsan nəfəsini. Sevgini itirməkdən qorxursan, buraxmırsan. Bəlkə çıxar o da gedər, qayıtmaz. Son nəfəs kimi. Amma o hər dəfə qayıdır, daha dərinə qayıdır, daha özünə güvənli, daha sevgi dolu. Həm dost olur, həm yaxın, həm ailə, həmdəm. Hisslərinə, sirlərinə sahib olur. Gücün olur. Güclü olursan. Bir olmağı öyrənirsən. Arxa çıxmağı, dayaq olmağı öyrənirsən, öyrədirsən və öyrənirsiz...
Yenə həyatı sevirsən, yenə xəyallar qurursan. O yeganə varlıqdır ki, onun yanında əvvəlki sən kimi olursan. Daha doğma hiss edirsən özünü. Onu isə özündən daha doğma...
Nəvaziş verir, nəvaziş alır. Qayğı göstərir, qayğı istəyir. Xoşbəxt olmağını istəyir. Səni çox istəyir. Milyonların içində seçilir və seçildiyini hiss edirsən. Xoşbəxtlik üçün Allah səni seçib. Bunu hiss edirsən. Əlini göyə açırsan, qorxularını unudursan. Kim olduğunu görürsən. Sən özün kimi olduqca, arzuların yaxşılaşır, yaxşılar arzulaşır.
Bir yerdə musiqi notlarına çevrilirsiz. Hər gün fərqli mahnılarda yan-yana gəlirsiz.
Dualarını əsir alır, onun üçün ən yaxşılarını istəyirsən. Eyni anda o da sənin üçün ən yaxşılarını istəyir. Köhnə dostları yada salırsız. Onlar üçün də ən yaxşıları istəyirsiz. Heç kimin pisliyini istəməyən pak hisslərin yuvasını bir-birinizdə tapırsız. Gülüşlər göz yaşlarını, göz yaşları gülüşləri əvəz edə bilir. Sevginin gücünün fərqinə varırsan, həyata meydan oxuyursan.
Və sonda sən zamanı əsir alırsan. Onun yanında vaxt dayanır - nə havanın qaraldığını hiss edirsən, nə günəşin doğuşunu. Nə günləri sayırsan, nə saatları. Heç hara tələsmirsən. O, bəlkə də itirdiyin yaxınlarının əvəzi, bəlkə də zamanın intiqamı, bəlkə də sevginin özüdür.

Fərhad Şabanov
[email protected]

TƏQVİM / ARXİV