ELMAN HƏBİB

VAQİF YUSİFLİ
79476 | 2013-10-19 00:52
O, bu dünyada cəmi 60 il yaşadı (1949-2009), indi o dünyadadı. Nəinki doğulduğlu Ordubadın Tivi kəndində, bütün Naxçıvanda və Azərbaycan ədəbi mühitində onu yaxşı tanıyırdılar. Səmimi, xeyirxah və humanist bir insan idi. Şair kimi də, ictimai iş adamı kimi də kifayət qədər tanınır və sevilirdi.
Ordubadın Tivi kəndi Kiçik Qafqazın ən uca zirvəsi olan Qapıcıq dağının ətəyində yerləşir. Qapıcıq dağının bir tərəfi Gəmiqayadır-Azərbaycanın qədim yaşayış məskəni. Bir tərəfi Qız-gəlin çuxurudur, o tərəfdə Naxçıvanın mərcanı adlandırılan Göygöl yerləşir. Tivi belə yüksəklikdə, uca dağlar əhatəsindədir. Şırşır, pıçıltılı bulaqlarının zümzüməsi kəsilmir. Elman Həbib bu kənddə dünyaya gəlmişdi. Məktəbə bu kənddə yol almışdı, ilk şeirini də bu kəndə həsr etmişdi.
1971-ci ildə Azərbaycan Dövlət Pedoqoci İnstitutunun Dil və Ədəbiyyat fakültəsini bitirəndə Elman Həbibin 22 yaşı vardı. O, Naxçıvana qayıdır və bütün ömrü boyu buranı tərk etmir, taleyini Naxçıvan Radio və televiziya komitəsinə bağlayır, burada kiçik redaktor vəzifəsindən tutmuş bu müəssisənin sədri vəzifəsinə qədər yüksəlir. Son iş yeri isə Naxçıvan Muxtar Respublikası Həmkarlar Komitəsi idi, o, bu böyük təşkilatın sədri idi.
İlk kitabı çap olunanda Elman Həbibin 32 yaşı vardı. "Günəş qatarı" cəmi 46 səhifəlik kiçik bir kitab idi. Kitabda Elmanın 45 şeiri təqdim olunmuşdu. Bundan sonra Elmanın "Duzlu uşaqlar" və "Yoluma çıx" kitabları işıq üzü görür ki, onlar da həcmcə kiçikdilər. Onun bu ilk kitablarında əsas mövzular böyük Vətənin, doğulduğu torpağın, sadə adamların, analı dünyanın, Azərbaycan təbiətinin tərənnümü, vəsfi idi. Elman Naxçıvan dağlarının, doğulduğu Tivi kəndinin təbii mənzərələrini rəsm edirdi, sadə insanların mənəvi dünyasını, onların duyğu və düşüncələrini şeirə gətirirdi:

Sözünü sındırmaq olarmı onun,
Təmizdir ürəyi dağ çiçəyitək.
Yanağı pörtübdür dağlar oğlunun,
Günəvər meşənin çiyələyitək.

Heç bilmir nə desin sevindiyindən,
Gözündə bəlkə yüz dağ cığırı var.
İki yoldaşdırlar, öz dediyindən
Bir qoyun sürüsü, bir sığırı var.

Gecədir, tutmuşuq dağı söhbətə,
Uzaqda bir çoban gəvən odlayır.
Arabir zirvədə qıvrılan şimşək
Dərin dərələrə qığılcım yayır.

Gəlmişdim bir dəstə çiçəklə birgə,
Dağları şəhərə qonaq aparım.
Ay qağa, məni də çoban götür gəl,
Mən də həmişəlik dağlarda qalım.

Elmanın bu üç kitabı səksəninci illərdə çap olunmuşdu və o zaman Xalq yazıçısı Hüseyn İbrahimov onun şeirləri barədə yazmışdı ki: "Elmanın şeirlərində elə ilk addımdan başlayaraq torpağın nəfəsi, onun üstündə bərqərar olan silsilə dağların gül-çiçəyinin rayihəsi, onun qoynundan çağlayan axar suların zümzüməsi duyulur".
Elman Həbibi bir şair kimi tanıdan və sevdirən onun "Ömrümün göy qurşağı" şeirlər kitabı (1998) oldu. Bu kitabdakı şeirlərdə də onun doğma yurdla, Vətən torpağı ilə bağlılığı qüvvətli idi.

Süzülmür ovcuma yarpızlı bulaq,
Süzülür qəlbimə o həzin-həzin.
Üz-üzə durmuşuq, bu mən, o da dağ,
Bəs, arada qalan ürək neyləsin?

Elmanın şeirlərində heca vəzninin, ana şeirimizin gözəllikləri, ətri, rayihəsi duyulurdu. Ürəyə yatan qoşmalar, gəraylılar, xalq şeirinin digər formaları onun şair ilhamında öz ahəngini, axarını tapırdı:

Car çəkdim dağlar danışdı,
Dağlara qurban mən olum.
Belə dilli olmamışdı,
Dağlara qurban mən olum.
Atamı soruşdum ondan,
Zirvə çıxdı bulud qından.
Dedi, asta danış, oğlan
Yatıb, oyanmaz-oyanmaz.
Dedim, de ki, oğul gəlib,
Ayağına bir qul gəlib.
Ürəyində nisgil gəlib
Çatıb, oyanmaz-oyanmaz.
Ümumiyyətlə, Elman Həbibin şeirlərində təbiətlə daimi təmas, məhrəmlik duyulurdu, bu hissi, bu doğmalığı o, son şeirlərinə qədər qoruyub saxladı. Bir şeirində açıq etiraf edirdi ki: "İstəyirəm şeir yazan zamanda Nə baldırğanlı gözəni, Nə cacıqlı dərəni, Nə qartallı zirvəni, Nə bulaqlı sinəni Yazıma burazım mən. Bir də baxıb görürəm- Mən onlardan yazmışam, Başqa, başqa, heç nədən".
Elman Həbibin ilk kitablarından ta sağlığında sonuncu kitabınacan oxuduğumuz şeirlərində vətənpərvərlik mövzusu aparıcı xətlərdən biri idi. Onun Vətən mövzulu şeirlərində müxtəlif problemlər işıqlandırılır. Məsələn, "Dilimizdə danışmağa utanmayaq" şeirində ana dilinin saflığı, onu yad dillərin təsirindən qorumaq məsələsi öz poetik həllini tapırsa, "Vətən Dədə Qorquddur, Vətən qoç Koroğludur" şeirində isə yalançı vətənsevərlər tənqid olunur. "Topxana" şeiri və "Şəhidlərin üsyanı" poeması isə Azərbaycanın apardığı haqq davasından söz açır.
Elman Həbibin yaradıcılığında və ümumiyyətlə, bir şair kimi formalaşmasında böyük şairimiz Məmməd Arazın rolunu, təsirini hiss edirik.
O deyirdi ki: "Məmməd Araz haqqında danışanda mən dağlarımızı, o dağların ucalığını xatırlayıram. Onun ədəbiyyatda da mövqeyi uca dağ kimidir. Nizami, Füzuli, Nəsimi, Cavid, Sabir, Mirzə Cəlil, Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə dağları var, Məmməd Araz dağı da o silsilədəndir. Bəlkə də tək-tük şairlərdəndir ki, sağlığında böyük şair olduğunu etiraf eləmirdi. Onu çoxdan tanıyırdım. Naxçıvan televiziyasına rəhbərlik edəndə Məmməd Araz haqqında "Məni qoymayın təklənəm.." adlı sənədli film hazırlamışam. Bu film hazır olandan sonra göndərdim Əmiyə (biz ona Əmi deyərdik), həmin film Azərbaycan televiziyasında nümayiş etdirildi. Məmməd Arazla Bakıda görüşəndə dedi ki, mən hələ haqqımda belə gözəl film görməmişdim. Nəyə görə o, filmi tərifləyirdi? Ona görə ki, mən ora bütün naxçıvanlıların sevgisini qatmışdım".
Elman Həbib də ustadı M.Araz kimi yurdda, Vətəndə baş verən naqis, mənfi hallara etiraz səsini ucaldır, milləti, xalqı bir bayraq altına səsləyirdi. O, həm Məmməd Araz stilində şeirlər yazıb, həm də ona, şair şəxsiyyətinə hörmət və ehtiram əlaməti olaraq şeirlər də qələmə alıb. O şeirlərdən biri budur:

Ustad, yenə qibləm, yönüm sənədi,
Sözüm dağa, zirvədəki çənədi;
Dərələri qar bağlayıb günədi-
Cığır itib, yol bağlanıb, ay haray!

Bir qazanda yaşayırıq, qulpu yox,
Bu qazanı qızdırmağa çırpı yox,
Bağçasında ilanı çox, kirpi yox,
Ağıllı da cığallanıb, ay haray!

Bu qazanın dörd yanında dağ inlər;
Qazanxanlar, dağyunuslar, kahinlər...
Dərdimizə ölü ağlar, sağ inlər
Dağ da, daş da yaralanıb, ay haray!

Ustad, bircə güvənmişik adına,
Dar günümdə Araz çatıb dadıma.
Gör harada misran düşdü yadıma:
"Körpülənin ay Arazlar,
Məni qoymayın təklənəm",-
Ay haray!

Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və müstəqillikdən sonra keçdiyi yol poeziyamızın əsas mövzularından biri olmuşdur. Elə bir söz adamı tapmaq olmaz ki, onun yazılarında səksəninci illərin sonlarından başlayaraq Azərbaycanda cərəyan edən hadisələr az-çox öz əksini tapmasın. Bu şairlərdən biri də Elman Həbib idi. Onun "Xocalı" silsiləsindən bir neçə şeiri var: "Xocalı dərdləri", "Xocalı şəkilləri", "Xocalıda", "Hər gecə". Şair müstəqillik haqqında düşüncələrini "Həqiqət günəşi" və "Heydərnamə" poemalarında daha bariz şəkildə ifadə edib. Bu poemalarda ulu öndərimiz Heydər Əliyevin obrazı sənətkarlıqla canlandırılıb:

Bir həyat yaşayır ulu Heydərim,
Bənzəri bəlkə də yoxdu həyatda.
Yanında zəifdir ürək sözlərim,
Elə söz varmıdır dildə, lüğətdə?!
Onun öz eşqinə bərabər olsun,
Onun hikmətinə bərabər olsun.
Onun cürətinə bərabər olsun,
Onun qeyrətinə bərabər olsun!

Elman Həbib Heydər Əliyev haqqında, onun zəngin həyatı və ictimai-siyasi fəaliyyəti barədə geniş məlumata malik idi. O, Naxçıvan Televiziyasının sədri işləyərkən o zaman Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevlə dəfələrlə görüşmüşdü. Elman Həbibin bu dahi insana, böyük şəxsiyyəti dərin sevgisi vardı və onun poemalarnda da bunu hiss edirik:

Əlinin adlarından birincisidir Heydər,
O səbrdə, təmkində durur birinci yerdə.
Azərbaycan taxtında əyləşir ər oğlu ər,
Hər gün ucalır-qalxır, yüksəlir pərdə-pərdə.

Əsrin aşırımında, yaşın müdrik çağında,
Əlini haqqa tutub, üzü ulu tanrıya.
Onun ruhu xalqında, onun canı xalqında
Onun yolu xalqına, onun yolu tanrıya.

"Heydərnamə" poemasında E.Həbib qətiyyətlə bildirir ki, ulu öndərin ideyaları davam etdirilir, İlham Əliyev bu ideyaları yaşadır.
Elman Həbibin yaradıcılığında NAXÇIVAN obrazı da sevə-sevə yaradılan obrazlardan biridir. O, Naxçıvanın keçmişi, onun bu günü, tarix boyu keçib gəldiyi yol, möhtəşəm abidələri, Azərbaycana, Şərqə və dünyaya bəxş etdiyi dahi sənətkarları, gözəl və bənzərsiz təbiət mənzərələri haqqında onlarla şeirlər yazmışdı.
"Naxçıvannamə" poema-dastanı ayrı-ayrı şeirlərdən ibarətdir. Poemada öncə Naxçıvanın şöhrətli keçmişindən söz açılır, Gəmiqaya və Əshabi-kəhf abidələri tərənnüm olunur.
Naxçıvanın müstəqillikdən sonrakı həyatı, ictimai-siyasi mənzərəsi də gözdən qvçmır. Hər şey dəyişib, hər şey gözəlləşib:

Bu mən görən küçə deyil,
Bu nə küçə, nə dalandı?!
Baxdım onun camalına,
Gözlərimin qarşısında
Bir gözəllik dalğalandı.

Elman Həbib müasir insanın-XX və XXI əsrlərin qovşağında yaşayan, həm sosializm cəmiyyətində, həm də müstəqillik dövründə yaşayan həməsrimizin-Azərbaycan insanının keçdiyi yolu, onun zamanla, dünya və cəmiyyətlə, yurddaşları ilə ürək söhbətlərini oxuculara təqdim edirdi. Onun lirik qəhrəmanı daxilən zəngin bir insan idi. O, öz ömür yoluna nəzər salır, bir insan kimi həyatının fərəhli anlarını xatırlayır, həmçinin səhvlərini, qüsurlarını təhlil eləməkdən çəkinmirdi.
Bu lirik qəhrəman həyatın, gerçəkliyiyn bütün hadisələri, olayları ilə bağlı idi. O, tarixi keçmişiylə fəxr edir, onları indiki nəsillərə nümunə göstərirdi. Çox danışmaq olar Elman Həbibin poeziyası haqqında.
Onun şeir və şair haqqında poetik düşüncələri ilə sözümüzü bitirək və "ruhun şad olsun, Elman Həbib" deyək.

Şair öz xalqının danışan dili,
Şair öz xalqının vuran qoludur.
Şairlər səngərsiz vuruşur, ölür,
Şairlər xalqının qara quludur.

Qılındcı kəsməzdi Xətayinin də,
Qanında şeirlər dövr etməsəydi.
Koroğlu olmazdı, tunc sinəsində
Düşmənin üstünə saz getməsəydi.

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV