SÖZÜN GÜN DOĞAN YERİ...

ƏBÜLFƏT MƏDƏTOĞLU
79860 | 2013-10-15 00:42
Həmişə və hər yerdə eşitdiyim, yaddaşıma hopdurduğum və yazı-pozumda da, həyatımda da, lap elə yaşamımın özündə də əməl etməyə çalışdığım bir gerçəklik var. Bu gerçəklik sözlə bağlıdır. Düşünə bilərsiniz ki, danışanda da sözlərdən istifadə edirəm. Çünki söz bizim varlığımızda yaşayır və varlığımızı da təqdim edir. Bu mənada danışığımızda sözdən istifadə etmək və həmin sözü də böyük sözlərin sırasında görmək məncə qüsur sayıla bilməz. Bu olsa-olsa bəzi insanların öz varlıqlarının, öz düşüncələrinin və nəhayət özlərinin təfəkkür təqdimatlarının qüsurlu olmasından ziyan görə bilər. Yəni böyük söz qüsurlu düşüncənin sözə vurduğu zərbədən xəsarət ala bilər, yaralana, zədələnə bilər...
Ağlım kəsəndən könlümü sözə vermişəm. Ana laylasından tutmuş, ana sözünü yazdığım gündən üzü bəri sözlə yol gəlirəm. Özü də ən çox diri sözlə, bu diri sözləri mənə diri adamlar, böyük adamlar təqdim ediblər. Mən onların diri sözlərinin içərisində özümü diri görmüşəm. Həmin o diri sözləri yaradan və həyatda şəxsən tanıyıb təmasda olduğum, bu gün də yaşayan diri söz sahibi Məmməd Araz olubdu. Onun misraları, bəndləri, bütöv şeirləri, kitabları, bir sözlə, qələmi və sözü əlimdən tutub, mənə həyatı öyrədib, mənə "Atamın kitabı" olub. Mən o kitabı oxuduqca doğrudan-doğruya kəndçi olan, kənddə yaşayan əli qabarlı, dizi təpərli, ağır işdən bəzən halsız düşən doğmaca atamın ömürlüyünü vərəqləmişəm. Elə bilmişəm ki, Məmməd Arazın "Atamın kitabı" elə mənim atamın kitabıdır. Bu mənada həmin o diri söz məni darıxmağa qoymayıb, mənə atalıq-analıq edib...
Həyat çox qəribədir. Nə qədər çalışıb vuruşsan da, öz istədiyin yolu rahat gedə bilmirsən. Mütləq maneələr aşmalısan... mütləq vuruşmalısan, yaxalaşmalısan, yaxanı cıranlardan yaxanı xilas etməlisən, bunsuz mümkün deyil. Amma şükürlər olsun ki, yol getdiyimiz, bu vuruşduğumuz həyatda diri söz, böyük söz, əbədi yaşayan söz öz sahibi, öz yaradanı ilə birlikdə ona dəyər verən, ona könül verən, ona biyət edib iman gətirən şəxslərin əlindən tutur, sürünməyinə imkan vermir, yardımçısı olur.
Hə, mən söz yaradanların sırasında öz yerini, öz möhürünü əbədi müəyyənləşdirmiş insanların sözlərinin içində böyüyə-böyüyə heç kimin olmayan bu dünyada dünyanın və hamının olan bir Məmməd Araz gördüm, onunla təmasda oldum, hətta cəsarət edib ona əl uzatdım. İşıq dolu baxışlarını və bir də çəliyə söykənib dünyanın gərdişinə nöqtə qoymaq kimi qəti bir addıma hazırlaşdığını müşahidə etdim. Bu mənim fəhmimdi. Mənə elə gəlir ki, Məmməd Araz yerindən qalxıb qəti bir addım atsa, onda bu dünyanın düzəni mütləq dəyişəcəkdi. Çünki iti bazarında atından baha olan və düzəlməyi hansısa illərə qalan bu dünyanı öz yoluna qaytara bilsə... onu ancaq Məmməd Araz edə bilərdi! O da görünür bu dünyanın düzəlməyəcəyini bildiyindən həmin addımı atmadı. Çünki o, Məmməd Araz idi! Çünki o, nəyin düzələcəyini, nəyin düzəlməyəcəyini çox gözəl bilirdi! Çünki o, bu dünyaya bələd idi!
İndi oturub fikirləşirəm, öz-özümə götür-qoy edirəm və ağlıma qəfildən maraqlı bir fikir gəlir. Azərbyacanda, yaşadığımız, aid olduğumuz bu məmləkətdə 80 ildir ki, Diri bir söz bizimlə yol yoldaşıdır! Həmin o Diri söz Məmməd Araz sözüdür! Və həmin o Diri söz hələ neçə-neçə 80 illərin kürəyini yerə vuracaq! Çünki o sözü həmişə diri olan və həmişə də göyərmiş karandaşı ilə Azərbaycanın qarşısında hər kəsi ayağa durmağa çağıran Məmməd Araz bizə ərməğan qoyub gedib. Deməli, Azərbaycan yaşadıqca o Diri söz də, o Diri sözü yaradan Məmməd Araz da yaşayacaq!

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV