adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

NƏNNİ

VƏSİLƏ USUBOVA
31154 | 2013-10-12 01:26
Möcüzə baş verir bir az soyuq, həm də xəfif sisli payız gecəsində. Bu qədər uzaqlıqdan bu qədər qəlb yaxınlığı, ruh əkizliyi ola bilərmi?! Yaraşıqlı, tökmə bədənli xanım hardan bilir ki, bax, elə indicə mən ancaq bu mahnını dinləmək istəyirəm. Ürəyinə damıb yəqin. Yoxsa, bu qədər ürəkdən, candan oxumazdı "Nənni"ni...
Məni qoynuna alır... məndən əsər-əlamət olmayan bir dünyaya aparır. Yaşımdan, başımdan, tələsə-tələsə qarşılayıb, sonunda arxasınca təəssüflə, həsrətlə baxdığım illərdən, yaşadıqlarımın, yaşamadıqlarımın bir-birinə qarışan xatirələrindən, çin olmayan istəklərimin göynərtisindən, bu günümədək yanımda gətirə bilmədiyim əzizlərimin həsrətindən, deyə bilmədiyim sözlərin, aça bilmədiyim sirlərin qəlb yırtan caynağından qoparır. Uşaqlığıma demirəm - gündə yüz yol ora gedib-qayıtmaqdan ürəyimə cığır düşüb. Qayğısız deyib dursaq da, özünə görə qayğıları da var uşaqlığın. Mən uşaqlıqdan da o yana - körpəliyimə dönmək istəyirəm. Qəlbimdə, başımda olanları atmaq, süd qoxulu sinəyə qısılıb şirin-şirin uyumaq, yastığında gül, döşəyində bənövşə bitən yatağımda sabahları açmaq istəyirəm. Kirpiklərimi aralayanda heç zaman ürəkdən gülməyən, yuxusuz gözlərindən inciklik yağan əsmər çöhrəni görmək istəyirəm. Bir az süd qoxusuna, bir az ocaq tüstüsünə, təndir çörəyinin ətrinə bələnmiş dünyanın qoynuna sığınıb qalmaq istəyirəm...
İlahi! Nə qısa oldu o dünyanın ömrü... Bu gözəlin həlim, duyğulu səsindən də elə bu təəssüf, doymazlıq tökülmürmü?!.
"Nənni" oxuyur türk qadını...
Hardan gəlir bu səs?! Harayacan gedə biləcək?!. Yəqin Həvva nənəmiz oxuyub ilk nənnini. Ondan başqa ağlımıza kim gələ bilər ki?! İlk qadın, ilk ana...
Yəqin bu nənni səslənənəcən Yer üzü dörd bir yanında qaraltı görünməyən bomboz torpaqdan başqa bir şey deyilmiş. Elə ki, sinəsi körpəli qadın ağzını açdı... dəyişdi torpağın rəngi. Heç bilinmədi buludlar göy üzünə hardan axışıb gəldi. Narın-narın yağış çilədi. İslandı torpağın bağrı, yaşıl otlar cücərdi, kolların qoynunda ətirli güllər açdı, kəpənəklər uçuşdu, quşlar qanad çaldı...
Rənglərə boyandı Yer üzü, havası ətir qoxudu...

***

Ana layla deyirdi. Dünya gözəlləşir, yaşamalı olurdu. Gözləntiləri, bol ümidləri vardı ananın. Balası böyüyəcək, torpağın qoynunda addımlarını atacaqdı. Güllərin-çiçəklərin qoynunda gəzib kəpənəklərlə oynayacaq, quşlarla dilləşəcəkdi. Addımları bərkiyəndə qayğısını çəkəcəkdi torpağın. Əkəcək, biçəcək, ev-eşik quracaq, oğul-qız böyüdəcəkdi. Uzun ömür sürəcək, nəvə-nəticə böyüdəcəkdi. Bir insana, bir ömürə gərək olan hər şeyə sahiblənəcəkdi...
Ana laylasında bunu görürdü. Başqa nə ola bilərdi ki?!. Gözləri gülürdü layla dedikcə...
Bəs, niyə gərildi, titrədi səsi?! Nə duydu, nə damdı ürəyinə?! Nə deyirdi qəlbi, duyğuları ona?!.
Deyirdi ki, dünya həmişə belə qalmayacaq. Göy üzündəki ağ əlçim buludlar həmişə belə səssiz-səssiz süzüb keçməyəcək. Hardansa qara küləklər qopacaq, o buludları da qaraldıb bir-biriynən toqquşduracaq. Toqquşan buludlardan od çıxacaq, gurultu qopacaq. Od parçaları həmişə göydə qalmayacaq, arabir yerə düşüb ağacları, evləri, adamları da yandıracaq...
Sular azğınlaşıb daşacaq, qarşısına çıxanı alıb aparacaq, daşlara, qayalara çırpacaq...
Ayağını həmişə torpağa möhkəm basa bilməyəcək. Yer qaçacaq ayağının altından. Aralanacaq, od-alov püskürəcək torpaq, dağlar, dərələr yaranacaq qoynunda... Və bu qorxular həmişə izləyəcək onun balasını...
Həmişə eyni şəkildə qalmayacaq dünya...
Adamlar həmişə bir doyumluq çörəyə qane olmayacaqlar. Bir-birilərinin çörəyinə, suyuna, torpağına, sərvətinə göz dikəcəklər...
O gündən də başlayacaq Yer üzünün qara günləri...

***

Sevgilər itəcək, insaf-mürvət qəhətə çıxacaq. Laylalar da qəhərlə dolacaq, nigarançılığa, qorxuya, səksəkəyə bürünəcək...
Uzun illər öncə danışmışdılar mənə bu günəcən yaddaşımdan silinməyən, bir küncündə ilişib zaman-zaman qəlbimi qanadan söhbəti. Körpəsini tapşırmağa kimsəsi olmayan gənc ana can verə-verə son nəfəsinədək layla demişdi... Qohum-qonşusunun, dünyanın kar qulaqlarına çatdırmaq istəmişdi can yanğısını... Bilmişdi ki, körpəsini kimsəsiz, sevgisiz qoyub gedir zalım dünyanın qoynunda. Gecələr beşiyinin başında duran olmayacaq, aclığını, susuzluğunu kimsə bilməyəcək. Öz laylasıynan körpəsinin bundan belə onsuz qalan ömrünə ağı demişdi ana...
Müharibələr olacaq. Bir-birini vurmaq, yaralamaq, öldürməkdən ötrü daş parçasından tutmuş raketlərədək silahlar yaradacaq insan.
Qonşusuna tuşlayacaq o silahı...
Həm də özünə...
Doxsan ikinci ildə Novruz bayramından bir gün əvvəl tabutu gəlmiş şəhidin cənazəsini şəhərimizin mərkəzi meydanına qoymuşdular. Bahar yelləri şəhid anasının gecədən keçənəcən kəsilməyən laylasını bayram xonçası hazırlanan evlərə doldururdu o gün...
Zərrə qədər fərəh, təsəlli duyulmur ana laylasında. İnləyir, sızıldayır...
Qorxu, nigarançılıq, üzüntü...
Sonsuz, nəhayətsiz arzu, istək...
Hələ bir silahı susdura bilməyib. Bir qansızın ürəyini yumşaltmayıb...
Özü qırıq-qırıq olub səpələnib Yer üzünə...
Elə "saxlasın", "qorusun" deyir Tanrıya tuşlanan laylalarında...
Dünyanın hər yerində eynidi anaların səsi, laylası... Bütün qulaqlara çatsaydı, bütün ürəkləri titrətsəydi, gözləri yaşatsaydı...
Laylası qırılan analar, laylasız torpaqlar var dünyanın hər yerində...

***

"Nənni" oxuyur türk qadını...
Səsi harayacan çatacaq?! Bilinmir hələ...
Yerinə olsaydım, heç susmazdım. Oxuyardım...
Silahlar susanacan, sevgilər oyananacan oxuyardım...

Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV