adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Heyva ətri

XURAMAN HÜSEYNZADƏ
42333 | 2013-10-12 01:23
Payızın rəngini təkcə yarpaqlar xatırlatmır. Payızda yetişən meyvələr də bu fəsilə çalarlarını qatır. Heyva, nar, xurma, alma... Hə, bir də adamlar. Ovqatı, xasiyyəti, yaşantıları, rəng-ruhu ilə sonbahara bənzəyən adamlar....
Bir gənc xanım tanıyırdım. Səhhətində problem olduğu üçün çöl, bayır üzü görmürdü. Payızda doğulmuşdu. Bu fəsilə başqa bir sevgisi vardı. Sonuncu dəfə onu elə payızda ziyarət etdim. Valideynləri evlərinin bir otağına payızı gətirmişdilər. İri dibçəkdə sarı yarpaqlı süni ağac, güldanda solmaqda olan çiçəklər, stolun üstündə iri büllur vazda xurma, heyva, nar, təzə narıngi otaqda əməlli-başlı payız ovqatı yaratmışdı. O, divanda dirsəklənib qəribə bir hüznlə sakitcə bu mənzərəni seyr edirdi... Elə bil bu payız onun həyatının son nəfəsi idi. Nələr düşünürdü, kim bilr?! Nə dinir, nə danışırdı... Heyva istədi. Dilimləyib qarşısına qoymaq istəyəndə astadan "bütöv olsun, yeməyəcəm", - dedi. Sapsarı iri heyvanın ətrini içinə çəkdi, qoxulamaqdan doymadı...
Qız 3 il idi ki, səhhətinə görə sanki ev dustağına çevrilmişdi. Anası deyirdi ki, düz üç ildir ki, biz payızı evimizə daşıyırıq, yağış yağanda oturub pəncərənənin qarşısında saatlarla bayıra baxır. Süni də olsa valideynləri o ab-havanı evdə yarada bilmişdilər.
...Və o gənc qız ömrünün baharını həmin payıza tapşırıb bu dünyadan köçdü.
Bu yaxınlarda anasını gördüm. Qızından danışdı. Ağladı. "Balamın ətrini heyvadan alıram", - dedi...
Hər bir insanın sevdiyi spesifik qoxu olur. Əhval-ruhiyyəmizi qaldırmaq üçün otağa mövsümlə əlaqədar gül-çiçək qoyuruq. Yaxud sevdiyimiz ətirlərdən istifadə edirik. Bunların sirri, sehri haqda nadir halda düşünərik, yaxud heç düşünmərik. Elə bilirəm, heyva ətri bütün parfümlərdən, çiçək ətirlərindən fərqlidir, sirli-sehrlidir. İnsan yalnız sevdiyi şəxs, yaxud əşya haqda başqalarından fərqli düşünə bilir. Heyva ətrini başqalarına da sevdirən, bütün ətirlərdən fərqləndirən həmin qızın o halını təsvir etmək üçün gərək ən azı Gianni Strino kimi rəssam olasan.
Elmi adı Sidoniya olan heyva ilk dəfə yunanlar tərəfindən "Krit" adasında becərilib. Müalicəvi xüsusiyyətləri çoxdu. Hətta rəvayətə görə, Heraklın on birinci qəhrəmanlığında təsvir olunan məşhur almalar da əslində heyvadır. Herakl onları gətirmək üçün Torpağın oğlunun ayağını torpaqdan üzməli, yer kürəsini çiyinlərində saxlamalı, Atlanta o meyvələri gətirtməli, sonra isə Atlantın qəzəbinə tuş gəlməli olub. Heyva ətri mənə nə özünün müalicəvi xüsusiyyətlərini, nə yunanları, nə də Heraklı xatırladır. Onun bir xatirəsi var ki, bu da onun qoxusunu doyunca içinə çəkən həmin gənc qızla bağlıdır. Ətri az olan heyvaları qoxuladıqca o nakam gözəlin bu qoxunu özü ilə bu dünyadan apardığını düşünürəm...
Bəlkə bizim bilmədiyimiz başqa bir özəllik də var heyva ətrində?!

Xuraman Hüseynzadə
[email protected]

TƏQVİM / ARXİV