SAKİT İLKİN

VAQİF YUSİFLİ
45098 | 2013-10-12 01:03
Başına döndüyüm qarlı dağların
Qayası doğmadı, daşı tanışdı.
Öpdüm dodağından qız bulaqların,
Bu dağlar dərdini mənə danışdı.

Zirvələr səslədi, yoxuşlar yordu,
Cığırlar yolumu kəsə saldılar.
Bir ağız oxudum bölünən yurdu,
Səsimi qaytarıb səsə saldılar.

Bu dağlar necə də mənə oxşayır,
Ürəyi istidi, başı somsoyuq.
Sərdi sinəsini yad küləklərə,
Sinəsi omoyuq, daşı omoyuq.

Bu dağlar dərdini mənə danışdı,
Soyuldu sinəmin yara qatları.
Gör necə dayanıb bu dağlar, Allah,
Ürəkdə bu boyda dərə çatları.


Bu şeirin müəllifi dağlarda yaşayan bir şair-Sakit İlkindir. Yardımlıda yaşayır. Qətiyyən şəhərə - Bakıya enmək fikri yoxdu, onunçun o dağlar əzizdi. Yazdığı şeirlərinə də dağların ətri, rayihəsi, bulaqların saf suyu, çayların zümzüməsi, yarpaqların həzin xışıltısı hopub.
Beş il bundan öncə, bir soyuq yanvar günü hörmətli Xalq şairimiz Sabir Rüstəmxanlı mənə zəng elədi: "Vaqif, bizim partiyanın iqamətgahında Yardımlı yazarlarının bədii yaradıcılıq nümunələri toplanan kitabın müzakirəsi keçirilir, vaxtın varsa, gəl iştirak elə". Doğrusu, həmişə vaxt qıtlığından əzab çəkmişəm, amma ədəbiyyatla bağlı lap kiçicik bir tədbiri də etinasız qarşılamamışam. Odur ki, o tədbirə mən də qatıldım. Yardımlı rayonunda doğulub boya-başa çatan şair və nasirlərin əsərlərindən nümunələr toplanan "Dağların söz xəzinəsi" kitabıyla da az vaxt ərzində tanış oldum. Əlbəttə, bu qısa zaman kəsiyində 42 şairin, beş nasirin yazılarına qiymət vermək, o yazılar barədə fikir söyləmək çox çətin idi. Kitab Sabir Rüstəmxanlının şeirləri ilə açılırdı və mən bu şeirləri 41 şairin yazıları üçün bir örnək hesab elədim. Poetik səviyyə özünü açıq-aşkar hiss etdirirdi. Amma bu o demək deyil ki, "Dağların söz xəzinəsi"ndə maraqlı, orijinal təsir bağışlayan şairlər və şeirlər yoxdu. İmzaları ilə az-çox ədəbi mühitdə tanınan Sahib Əliyev, Hafiz Rüstəm, Əli Nəcəfxanlı, Maşallah Məftun, Rəfail Zamin, Gülnarə Cəmaləddin, Xatirə Fərəcli, Kəramət Əmirli, Ramiz Əkbər, Aslan Quliyev, Hafiz İmamnəzərli ilə bir sırada bir Sakit İlkin imzasını da gördüm.
Yardımlının dağlarla əhatə olunan Nisəqala kəndində dünyaya göz açan Sakit İlkin əlli yaş həddini təzəcə keçib. Dörd şeir kitabı çıxıb. Amma gəlin etiraf edək ki, Azərbaycan oxucularının böyük bir qismi Sakit İlkinin şeirlərindən xəbərsizdir. Odur ki, qaynar ədəbi mühitdən uzaqlarda yaşayan bir şairlə, onun söz dünyasıyla sizi tanış etmək istəyirəm.
Həmişə kənddə yaşayan, ana təbiətlə baş-başa verib dünyanın gözəlliklərini seyr eləyib şeirlərinə təbii güllərin, çiçəklərin ətrini, çayların qıjıltısını, meşələrin şeiriyyətini, quşların nəğməsini, fəsillərin poeziyasını, bir sözlə təbiətin rənglərini, hələ notlara düzülməmiş səslərini gətirən şairlərdən söz düşəndə yadıma ilkin düşən Musa Yaqub olur. Dağlarla, çaylarla, dərələrlə, boynubükük bənövşələrlə, ağaclarla dil tapan Musa Yaqub. Ancaq mən Yardımlıda, uca dağlar qoynunda yaşayan Sakit İlkinin şeirlərindən söz açanda Səməd Vurğundan, Hüseyn Arifdən, Hüseyn Kürdoğludan, Məmməd Arazdan, Məmməd Aslandan, Məmməd İsmayıldan, Musa Yaqubdan gələn o ənənənin izinə düşmədim. Çünki Sakit İlkin dağlar qoynunda yaşasa da, hər gün gülün, çiçəyin ətrini duysa da, çayların səsinə heyran kəsilsə də, quşların nəğməsini dinləsə də, bir ayrı ovqatın şairidir. Doğrudur, onun şeirlərində təbiətin bütün atributları iştirak edir: dağ, daş, qaya, dərə, ilin fəsilləri, gül, çiçək, meşə, çay, duman... ancaq dağ, daş, qaya və s. təbiət atributları bu şeirlərdə heç də təbiəti dərk etməyə, onu sevməyə və qorumağa, yaxud ünsiyyət qılmağa səsləmək üçün iştirak eləmir. Sakitin şeirlərində təbiət, torpaq, yurd... artıq dərk edilmiş anlayışlardır. Bir böyük VƏTƏN anlayışı var ki, təbiət də, sevgi də, tarix də (keçmiş və bu gün) bu anlayışın, bu qavramın içindədir. Bu mənada Sakit İlkinin şeirlərində bizim öndər şairlərimiz Bəxtiyar Vahabzadənin və Məmməd Arazın şeirlərindən qopub gələn təsir dalğalarını hiss edirik. Məhz təsir, təqlid yox... Sakit İlikinin bir şeirinə müraciət edək:

Çıxdım qərib dağlara,
O tay, bu tay görünür.
Vətən nə şirin şeydi,
O tay, bu tay bölünüb,
Yarıya Yardımlıdan.

Yarı oğullar qərib,
Oğullar dəliqanlı.
Tikanlı məftilləri
Qoluna qanlı-qanlı,
Sarıyar Yardımlıdın...


İndi dərddən yazmayan şairimiz varmı? Sakit İlkin də dərddən çox yazır. Ümumiyyətlə, bəşərin, insanlığın dərdi, faciəsi yaranandan poeziyada da öz əksini tapıb. Sakit İlkin də istisna deyil. Amma hər şairin şeirlərində QOCA DƏRDin öz məxsusi çalarları var. Yenə onun bir şeirinə müraciət edək:

Dağların dərdini dərələr daşır,
Daşdarı daşdaşır, dərələr daşır,
Dərə divarından dər, ələ daşı,
Dərə də dərddidi, daş da dərddidi.

Ömürdü, illəri düzülür yaş-yaş,
İllərin qurusu üzülür yaş-yaş,
Dağların gözünnən süzülür yaş-yaş,
Çay dağın dərdiylə daşdarı didir.

Mənə nə dövlətdi, nə vardı dərdim,
Bağımda nə bardı, nə vardı dərdim,
Üzünə gülməyə nə vardı dərdin,
Daşlaya bilirsən, daşda dərdi, di...


Alliterasiya və cinaslar üzərində qurulan bu şeirin "baş qəhrəmanı" Dərddir. Sadəcə dərd! Və dərd burada öz-özüylə oyun oynayır. Dağların, dərələrin, daşların bir-birilə dilləşməsi şairin də dərdini oyandırır. Əlbəttə, bu şeirdə hələlik Dərdin təbiət əliylə rəsmi çəkilir. Eynilə bir başqa şeirdə olduğu kimi:

Baş-başa qoymuşam dərd ilə dərdi,
Çox gözlər gözünü dərdə zillədi.
İçimdə gülərüz dərd əzizlədim,
Saldı əziz dərdim azara məni.


Bəs Dərdin özü hanı? Məncə, bu Dərdin çalarları çoxdu. İstəyir ictimai dərd olsun, istərsə də könül dərdi. Bunları seçib təsnif eləmək, çeşidlərə bölmək fikrim yoxdur.

İçimdəki qəm darıxır,
Saçımdakı qəm darıxır.
O tayda Vətən darıxır...
Qarşımdakı dağdı hələ.


Mən Sakit İlkini öz "məxsusi" dərdlərinin içinə çəkilib ya qışqıraraq, ya da pıçıldayaraq nəsə söylədiyinin də fərqinə varmıram. Onun qışqırmağında da, pıçıldamağında da bizim hamımızın içindən keçən dərdlər boylanır. Sakitlə mübahisə etmək olar. Deyə bilərsən ki, "Neyləyirəm bu dünyanı?!" deyən şair bizi bu gözəl aləmin gözəlliklərinə göz yummağamı çağırır? Amma gəlin, bir anlığa həmin şeirin içindəki köz-köz olan ürəyin qışqırdığı naləni eşidək:

Dəlidağdan gələn qardaş,
Deyir: "Öləydim orda kaş".
Yandım, Allah, yava-yavaş,
Yaramın qurumur qanı,
Neyləyirəm bu dünyanı?

Murovdağla Laçın ağlar,
Ürəyimi açın, ağlar,
Ələsgərin saçı dağlar
Məzarıtək yandı-yandı,
Neyləyirəm bu dünyanı?!


Sakit öz təzə kitabının adını "İçində boğulduğum SƏS" adlandırıb. Mənası məlumdur. Dünyada səsinin içində boğulan şairlər çoxdu. Amma bu boğulan səslər DOĞULAN SƏSLƏRdir. Çünki mənim anlamıma görə, SƏS ölmür, itmir. O səsin hətta işığını da görmək olur.
Bir az da Sakit İlkinin şairlik mədəniyyəti barədə. O, şeirlərində təmiz, saf dil mədəniyyətini nümayiş etdirir. Ənənəvi üsluba meyl edir. Hiss olunur ki, xalq şeirini, heca şeirini, Səməd Vurğun, Məmməd Araz şeirini çox sevir. Ancaq bu sevgi epiqonçu şair obrazı yaratmır, Sakit İlkinin öz şair obrazını yaradır. Bu şairi oxumaq, anlamaq, dərk etmək müşkül deyil. Çünki onun ürəyindən saz səsi gəlir.

Bu dağlar köklənmiş saza oxşayır,
Sərhəd məftilləri sim, sim, dağlara.
Dağların içində dağdı Savalan,
Bir ovuc meh olum, əsim dağlara

***

Söykən qaya çomağına,
Bir fikrə dal, ay dağlar.
Səndə keçib ömrüm-günüm,
Məni yada sal, ay dağlar.

Ya başına döndər məni,
Ya daşına döndər məni.
Yaddaşına döndər məni,
Elə qızıl, qalay, dağlar.
Dünya keçirdi ələkdən,
Bel büküldü, düşdüm həkdən.
Qisasımı kor fələkdən,
Al ay dağlar, al, ay dağlar.


Təmiz gəraylı, təmiz dil. Gəraylıda klassik poeziyadan, xalq şeirindən gələn bir incəlik, poetik zəriflik var. Amma bu günün - XXI əsrin gəraylısıdır. Yeni bədii təfəkkürün məhsuludur.
Mən Sakit İlkinin sevgi şeirlərində də o təmizliyi gördüm. Hərçənd ki, o sevgi şeirlərinin bir çoxunu bəyənmədim. İstəməzdim Sakit desin ki, "Sən niyə olmadın anam gəlini?!" - çox deyiblər bunu. Yaxud, desin ki: "Göz yaşlarım selə gəldi, Sən gəlmədin" - yenə də məlum motiv. Ya da "İlk məhəbbət deyəndə" şeiri... Çalınmış havalardır. Təzə bir şey yox... Həmçinin, istəməzdim ki, Sakit lirika ilə publisistikanı qarışdırsın, ya poeziyanın odunu söndürüb publisistikaya tabe olsun, ya da onların süni calağını yaratsın. Məsələn, "Yardımlıda nə var, nə yox, qadası" şeirində olduğu kimi.
Sakit İlkin təcnis yazmağı da çox sevir və bu təcnislərdə "forma oyunu" ilə üzləşsək də, məna itmir. Bir gözəl sevgi təcnisinə tamaşa qılaq:

Dolub gözlərinə ayın işığı,
Nə gözəl görünür gözə ay, gözəl.
Ulduz nişanası, ay yaraşığı,
Gözlərin gələcək gözə, ay gözəl.

Yanıram, sənintək gözəldən sarı,
Baxıram, özümü göz əldən salır.
Dərdin saçlarıma gözəl dən salır,
Varmı sənin kimi gözəl, ay gözəl.

Düşəydi əlinə-düz ələ dünya,
Yaxşını, yamanı düz ələ, dünya.
Sən gəlsən bəlkə də düzələ dünya,
Gələ gözəl dövran, gözəl ay, gözəl.


Və sonda deyim ki... mən bir oxucu kimi Sakit İlkinin şeirlərində təkcə "içində boğulan səs"i yox (artıq o səsi eşitdim), həm də dünyanı, həyatı, gözəllikləri sevən sevən bir şairin səsini eşitdim.

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV