adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

İNKİŞAFIN UĞUR STRATEGİYASI

MƏZAHİR ƏHMƏDZADƏ
63835 | 2012-12-07 10:20
(əvvəli ötən saylarımızda)

Şəhərin mərkəzi meydanında Gənclər evinin, Şahmat məktəbinin tikintisinə başlanılmışdır. Rayon Statistika və Maliyyə idarələri üçün inşa edilən inzibati binalarda son tamamlama işləri aparılır, rayon İcra hakimiyyəti binasının yenidən qurulması və ətraf ərazinin abadlaşdırılması işləri yekunlaşdırılmışdır. Cari ilin ötən dövrü ərzində rayon ərazisində 30 mindən artıq ağac və bəzək kolları əkilmişdir.
Kəndarası yolların qaydaya salınması istiqamətində işlər davam etdirilir. İkinci kənd investisiya layihəsi çərçivəsində rayonun Çayarxı, Çaxırlı və Yekəxana kəndlərində ümumi uzunluğu 15,3 km. olan kəndarası yollar çınqılla təmir olunmuş, 6 yerdə su keçidləri bərpa edilmiş və ya yeni su keçidləri inşa edilmişdir. 13 saylı yol istismar idarəsi tərəfindən Hacalıkənd-Qaraman-Ləkçıplaq kəndlərarası avtomobil yolunun bir hissəsinə yeni asfalt örtüyü döşənmişdir.
Şəhərin təmiz saxlanması, məişət tullantılarının vaxtında daşınması üçün müəyyən tədbirlər görülmüşdür.
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən rayona iki ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsinin ayrılması məişət tullantılarının vaxtında daşınmasını xeyli asanlaşdırmışdır. Şəhərdə aparılan abadlıq, təmizlik və yaşıllaşdırma işlərində rayonun idarə, müəssisə və təşkilatları, yerli icra və bələdiyyə orqanları yüksək mütəşəkkillik göstərmişlər.
2012-ci ilin yanvar-sentyabr aylarında fəaliyyətdə olan obyektlərin genişləndirilməsi və yenidən qurulması, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və görülmüş digər tədbirlər nəticəsində 535 daimi iş yeri açılmışdır. Bütövlükdə 2003-2012-ci illərdə rayonda 9154 yeni iş yeri açılmışdır ki, bunun da 7742-i və ya 84,6 faizi daimi iş yerləridir.

Təhsil, səhiyyə və mədəniyyət yenilikləri

Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, Göyçay şəhər 12 nömrəli uşaq bağçasında aparılan əsaslı təmir işləri başa çatdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2012-ci il tarixli 24 s nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının 2012-ci ildə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsait hesabına Çərəkə kənd 2 saylı, Dövlət Proqramıa müvafiq olaraq Ləkçıplaq kəndində 2 saylı tam orta məktəblər üçün inşa edilən 360 yerlik məktəb binaları yeni dərs ilində istifadəyə verilmişdir. Hazırda Ulaşlı-şıxlı kənd 220 şagird yerlik tam orta, Şəkili kənd 80 şagird yerlik ümumi orta məktəblərin, Göyçay şəhər 1 saylı 40 yerlik uşaq bağçasının tikintisi aparılır. Rayonda ilk özəl səhiyyə müəssisəsi olan Bioloji Təbabət Klinikasının Göyçay filialı açılmış, mərkəzi rayon xəstəxanasının əsaslı təmiri və yenidən qurulmasına başlanılmışdır. Rayon Tarix-diyarşünaslıq muzeyi yeni binaya köçürülmüşdür.

Sosial problemlərin həlli
strategiyası uğurla
davam etdirilir

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş əhalinin sosial problemlərinin həlli strategiyası hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sosial problemlərdən olan əmək pensiyalarının artırılması, əmək qabiliyyətini itirmiş şəxslərin sosial müdafiəsi, ailə başçısını itirmiş şəxslərin maddi vəziyyətlərinin yaxşılaşdırılması ölkə Prezidentinin daim diqqət mərkəzində olmuş, bu sahədə işləri təkmilləşdirmək üçün fərman və sərəncamlar verilmiş, qanunlar qəbul edilmişdir.
İl ərzində sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi istiqamətində əməli tədbirlər görülmüş, bu yardımla bağlı rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etmiş 1707 nəfərə ünvanlı sosial yardım təyin olunmuşdur. Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün əməli tədbirlər görülmüşdür. Hazırda bu kateqoriyadan olan 3900 nəfər müxtəlif sosial müavinətlər alırlar.
320 nəfərə yaxın ahıl, tək və kimsəsiz yaşayan vətəndaşlar mərkəzin sosial məişət xidmətindən istifadə edirlər.
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində əmək, ailə başçısını itirməyə və əlilliyə görə pensiyalarının təyin olunmasında daha mütərəqqi üsullardan istifadə edilməklə bütün pensiyaçılar haqqında məlumatlar avtomatlaşdırılmış və baza məlumat sistemi yaradılmışdır. Hazırda Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsi tərəfindən 20 minə yaxın hüquqi və fiziki şəxslər, mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslər fərdi qaydada uçota alınmış və onlara sosial sığorta şəhadətnamələrinin verilməsi təmin edilmişdir. 01 oktyabr 2012-ci il tarixə rayon üzrə 9088 nəfər qocalığa, 1296 nəfər ailə başçısını itirməyə və 3852 nəfər əlilliyə görə pensiya və müavinət alan şəxs vardır.

İnkişafın yeni mərhələsi -
modernləşmə

Göründüyü kimi, Göyçay raonunda bütün sahələr üzrə mühüm tədbirlər həyata keçirilir, əhalinin həyat tərzinin daha da yaxşılaşdırılması üçün məqsədyönlü proqramlar tətbiq və icra olunur. Rayon mərkəzinin, eləcə də kəndlərin siması aparılan tikinti-quruculuq və abadlıq tədbirləri nəticəsində yeni görkəm alaraq müasirləşir.

MƏZAHİR ƏHMƏDOĞLU

TƏQVİM / ARXİV