adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

HƏFTƏNİN SORĞUSU

BABƏK YUSİFOĞLU
69557 | 2012-12-07 10:18
İndi media yaşadığımız bugünkü həyatın demək olar ki, bütün sahələrindən, baş verən hər bir hadisədən cəmiyyəti xəbərdar etməyi bacarır. Hətta onun sayəsində ölkəmizdən kənardakı olayları belə öyrənmək imkanlarına malikik. Əlbəttə, bu hamının təqdir etdiyi bir prosesdir. Kim ətrafda, ümumiyyətlə, dünyada baş verənləri, başqa insanların fəaliyyətlərini bilmək istəməz ki? Amma...
Amma etiraf edək ki, bu məlumatlar, hadisələr, adamlar sırasında daha çox tanınmış şəxslər, daha səs-küylü olaylar, daha kəskin xarakterli hadisələr insanlara təqdim olunur. Sıradan olan adamların gündəlik qayğıları, məişət problemləri, hansı dərdlərlə günlərini keçirdikləri nisbətən arxa planda yer alır. Ona görə də biz "Həftənin sorğusu"nda tamam əksinə hərəkət edərək ən adi vətəndaşlarımıza üç sual ünvanlayır, onların cavablarını olduğu kimi dərc edirik. Qoy cəmiyyət eksklüziv də olsa öz qayğılarını bir də qəzetdən oxusun. Bəlkə bu, işin xeyirinə oldu...




VERDİYİMİZ
SUALLAR:


- 1-ci sual: Gün ərzində boş vaxtınız olurmu? Olursa, onu necə keçirirsiniz?
- 2-ci sual: Ad günü keçirirsinizmi?
- 3-cü sual: Rəhmətə getmiş yaxınlarınızın qəbrini mütəmadi ziyarət edirsinizmi?
1. - Nadir: (özəl şirkət işçisi) Vallah, gün ərzində boş vaxtım olmur. İşim səhər tezdən başlayır, düz saat 7-8-dək davam edir. Evə gələnəcən, paltarımı dəyişib yemək yeyənəcən görürsən ki, saat artıq 10-11-di. Özün də olursan yorğun. Ona görə də yıxılıb yatıram. Bircə "istirahət günüm var, onda da evin, ailənin işləriylə məşğulsan, vəssalam. Sonuncu dəfə şəhərə gəzməyə nə vaxt çıxdığımı yadıma sala bilmirəm.
2. - Özümün ad günümü heç vaxt keçirməmişəm. Amma uşaqlarımın ad gününü mütləq qeyd edirik. Hələ elə olmayıb ki, uşaqlardan hansınınsa doğum gününü keçirməyək. Bunları da onların xətri üçün edirik. Bilirəım ki, onlar bundan çox sevinirlər.
3. - Bəli. Bu mənim yaşayış qaydalarımın biridir. Anamı çoxdan itirmişəm. 17-ildir. Və imkan tapan kimi gedirəm ziyarətinə. Niyəsə vaxtı bir az ötürəndə özümü çox narahat hiss edirəm. Elə bilirəm ki, qiymətli nəsə itirmişəm.
1. - Müzəffər: (ayaqqabı təmirçisi) Boş vaxt nədi, müəllim? O necə olur? Mən səhərin gözü açılandan gecə düşənədək dükandayam. Neyləyim, bir parça çörək avarasıyam. Bura bağlı olsa müştəri gəlib məni tapmasa neylərəm? Köməyim-zadım yoxdur. Mal dalısınca da özüm gedirəm. Onda da yazıb qapıya qoyuram ki, iki-üç saata qayıdacağam. Çörəyim bundan çıxır da, neyləyim?
2. - (gülür) Ad günümü keçirmək mənim harama yaraşır? Qabağ uşaqlarınınkını keçirərdik. İndi heç bunu da eləmirik. Yekə qızlardı, uşaq deyllər ki?
3. - Nə gizlədim, vaxt tapandan-tapana valideynlərimin qəbri üstünə gedirəm. Allah keçsin günahımdan.
1. - Yeganə: (özəl şirkətdə işləyir) İş günləri demək olmaz ki, boş vaxtım çox olur. Belə də... Amma istirahət günlərimdə boş vaxtlarım olur. Onda da özümə aid işlərlə məşğul oluram. Hərdən "podruqalar"ımla görüşürük.
2. - (gülür) Əlbəttə. Xoşum gəlir ad günü keçirməkdən. Qızlarımızın da heç biri belə şeyləri yaddan çıxarmaz. Neyləyək? Nə qədər subayçlıqdı istifadə eləyirik də. Bəlkə heç sonra bunları eləyə bilmədik.
3. - Çox şükür ki, buna ehtiyac yoxdur. Türklər demiş, Allah gecindən versin.
1. - Şəmsəddin: (tikintidə fəhlə) Rəhmətliyin nəvəsi, bizim kimilərin boş vaxtı olarmı? Hardadı o bəxtəvərlik. Boş vaxt məsələsi pullulara aiddi.
2. - Vallah, kefdən danışırsız. Nə ad günü? Mənim ad günü keçirən vaxtımdımı? Lap əvvələr, yəni uşaqlar məktəbli olanda hərdənbir onlara keçirərdik. İndi bunu da eləmirik. Heç iş-gücdən macal tapırıq ki, başqa şeylər haqqında da fikirləşək?
3. - Nə deyim?.. Dədəmin-nənəmin qəbrini yolum düşəndən-düşənə ziyarət eləyirəm.
1. - Adını söyləmədi: (musiqi məktəbinin müəlliməsi) Demək olmaz ki, gün ərzində boş vaxtım olmur. Olur. Onda da özümə, ailəmizə aid işlərlə məşğulam. Əslində həftənin üç günü dərslərim çox olduğu üçün heç nəyə vaxtım qalmır. Amma yüngül günlərimdə hətta yanıma gələn şagirdlərimlə də məşğul oluram. Bir-iki şagirdim var hazırlığa yanıma gəlirlər.
2. - Keçiririk. Yoldaşımın da, bircə qızım var, onun da, özümün də.
Ad günü keçiririk deyəndə ki, bəziləri kimi restorana-zada getmirik. Elə evimizdə ən yaxın adamlarla yığışıb qeyd edirik. Bir az da fəqli formada desəm, həmin günlər ən doğma adamların bir yerə toplanması üçün bəhanə olur.
3. - Hə, ziyarətə getdiyimiz rəhmətliklər var. Onları gedib yad eləməyi özümüzə borc bilirik. Yoldaşımla birlikdə.
1. - Zöhrab: (pensiyaçı) (gülür) Bax, nəyimiz olmasa da boş vaxtımız nə qədər desən var. Pensiyaçı adamam, işim yox, gücüm yox. Bekarçılıqdan bilmirəm neyləyim. Yay vaxtı yenə yaxşıdı, yoldaşlarla yığışıb parka-zada gedirik. Oturub söhbətləşirik, domino oynayırıq. Ya eləcə gəzişirik. Amma soyuq aylarda evdən çıxımaq olmur. Məcbursan evdə oturasan. (gülür) Onda da arvadla gərək "sporlaşasan".
2. - Ad günü qurtardı... Əslində bizim vaxtımızda belə şeylərə fikir verməzdilər. İndi bunlar dəb düşüb. Mənə qalsa, belə şeylər heç nəyə lazım deyil. Uzağın ad gününü uşaqlarla keçirərlər ki, sevinsinlər.
3. - Əvvələr həmişə getmişəm. Heç vaxt əzizlərimi yaddan çıxarmamışam. Amma son vaxtlar gedə bilmirəm. Yol uzaqdı. Bizimkilərin hamısını kəndimizdə dəfn eləmişik. Rayona yolum düşəndə gedirəm. Bu da ildə bir-iki dəfə olur. İstəsəm də tez-tez gedə bilmirəm. Yaş öz sözünü deyir. Səhhətimdə də narahatlığım var. Dərmansız günümüz olmur.

TƏQVİM / ARXİV