adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

"ERMƏNİLƏR SİMALARINI BİR DAHA GÖSTƏRDİLƏR"

FAİQ QİSMƏTOĞLU
32062 | 2012-12-07 10:17
Bu fikri bizimlə söhbətində Azərbaycan Boks Federasiyasının
birinci vitse-prezidenti, millət vəkili, professor Ağacan Abiyev səsləndirdi
Azərbaycanda idmanın bütün növləri sürətlə inkişaf edir. Təbii ki, hər bir idman növünün inkişaf etdirilməsi üçün ölkəmizdə böyük imkanlar və potensial ehtiyatlar var. Çünki hardakı şərait var və yeni idman qurğuları, kompleksləri istifadəyə verilib həmin yerlərdə idmanın inkişafı üçün əlverişli şərait yaradılıb. Təsadüfi deyil ki, ötən il ölkəmizdə "İdman ili" elan olunmuşdu. Bu idman ilində Azərbaycan idmançıları müxtəlif növ üzrə keçirilən yarışlarda sözün həqiqi mənasında böyük uğurlara və nailiyyətlərə imza atıb. Həmin imzanı atmaq da o qədər asan və rahat olmayıb. Bunun üçün ilk növbədə idmançılar gərgin məşqlər edib və fiziki hazırlıqlar keçiblər. Üstəlik də onlar baş məşqçilərin hazırladıqları taktiki və texniki tapşırıqları daha dərindən əxz edə biliblər.
Bayaq dediyimiz kimi, məmləkətimizdə idmanın bütün növləri yüksələn xətlə inkişaf etməkdədir. Açığını deyək ki, Azərbaycan idmançılarının Olimpiya, Dünya və Avropa çempionatlarında qazandığı uğurlar bir çoxlarını qıcıqlandırır. Ancaq buna baxmayaraq, idmançılarımızın qələbələri bir-birini əvəzləyir. Azərbaycan boksçuları bu mənada böyük uğurlara bir addım da yaxınlaşır. Onların son Olimpiyada da uğurlu çıxışı və iki boksçumuzun medal qazanması onu deməyə əsas verir ki, ölkəmizdə prespektivli və ümidverici boksçular var. Sadəcə olaraq, həmin boksçular üzərində işləmək və onlara döyüşün texnikasını, incəliklərini öyrətmək məşqçilərimizdən peşəkarlıq tələb edir. İstər-istəməz məşqçi təcrübəli və peşəkar olanda onun hazırladığı idmançılar da daha yaxşı uğur əldə edə bilir.
Son vaxtlar boksumuzda həyata keçirilən islahatlar və yığma komandanın gəncləşdirilməsi çox böyük önəmli əhəmiyyət kəsb edir. Bu barədə söhbət düşəndə Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti, millət vəkili, professor Ağacan Abiyev deyir ki, komanda da çox böyük dəyişikliklər edilib. Yəni yeni nəslin və gənclərin komandaya dəvət edilməsi bir çox uğurlu addımlardan xəbər verir. Əlbəttə, yaşlı nəslin uzun müddət komandanın tərkibində qalması və eyni zamanda, onun uğur qazanmaması hər bir mütəxəssisi narahat etməyə bilməz. Bir vaxtlar bizdə də belə bir problem yaranmışdı. Yəni milli yığma komandamızın üzvlərinin bir neçəsi etimadı doğrultmur, məşqlərə gec gəlir və bir sözlə, tapşırıqları quraqardına vurudular. Hətta onların bəziləri məşq zamanı baş məşqçi ilə mübahisə etməkdən belə çəkinmirdi. Görünür, həmin boksçu əvvəllər qazandığı uğura arxalanır və ona böyük güzəştlər ediləcəyinə ümid bağlayırdı. Hətta bu cür boksçular rinqə çıxarkən ilk raundda yorulur və axıra qədər döyüşə bilmir, nəticədə biabırçı məğlubiyyətə uğrayırdı. Təbii ki, biz bunlara laqeyd qala bilməzdik. Çətinliklə də olsa, onları komandadan uzaqlaşdıra bildik.
Professor Ağacan Abiyev onu da qeyd etdi ki, bu gün milli yığma komandamızda çox yüksək əhval-ruhiyyə və inam hissi var. İlk növbədə boksçular məşqçilərə inanır, məşqçilər də boksçulara. Bütün hallarda bu münasibətlər səmimi olmasa, onda qazanılacaq uğurlardan danışmağa dəyməz. Amma səmimiyyətlə yanaşı, yığma komandamızda möhkəm nizam-intizam da var. Yəni kimsə bir dəqiqə, beş dəqiqə məşqə geciksə, aydındır ki, onu məşqçi heç vaxt cəzasız qoymayacaq. Ümumiyyətlə, gənc boksçular bir şeyi dəqiq anlamalıdırlar ki, idmanda məşq zamanı güzəjt olmur. Əgər həmin güzəşti hansısa məşqçi boksçuya eləyirsə, mütləq bunun ağırlığını rinqdəki döyüş zamanı hər ikisi hiss eləyəcək. Hiss eləyəcək ki, məşq zamanı boksçu çox şeyi öyrənməyib. Ən azından onun texniki və fiziki hazırlığı aşağı səviyyədədir. Təbii ki, bu cür çatışmazlıqları olan boksçu rinqdə çətin ki, qələbə qazansın. Amma davamlı olaraq, məşqlərə gələn fiziki və taktiki hazırlıqları tam öyrənən boksçu istər-istəməz rinqdə daha inamlı olur və son ana qədər mübarizə aparır, axırda da qalib gəlir.
"Bu gün boksçularımıza hər cür şərait yaradılıb". Bu fikirləri də Ağacan Abiyev söyləyir. Sonra dediklərini davam etdirir və bildirir ki, həm Bakıda, həm də əyalətlərdə boksun inkişafı üçün əlverişli şərait yaradılıb. Hər il yeniyetmələr və gənclər arasında ölkə çempionatı keçirilir, həmin yarışlarda istedadlı idmançılar mükafatlandırılır. Bununla yanaşı, daha bacarıqlı və döyüşkən boksçuları biz diqqətdə saxlayır və gələcəkdə onları yığma komandaya hazırlayırıq. Deməli, hər bir yarışa çıxan boksçu öz koryerasını da fikirləşməlidir. Yəni boksçu üçün yoldaşlıq görüşü ilə Dünya çempionatının heç bir fərqi olmalı deyil. Əgər boksçu o fərqi hiss etmirsə və rinqə yüksək döyüş ruhu ilə çıxırsa, mütləq qalib gələcək. Qalib gəlmək üçün isə bayaq dediyimiz kimi, hər bir boksçunun öz üzərində davamlı olaraq çalışması lazımdır.
Son vaxtlar Azərbaycan boksçuları bir neçə möhtəbər görüşlər keçiriblər. Onlar Bakıda keçirilən tələbə-gənclərin boks üzrə Dünya çempionatında müəyyən uğurlara imza atıblar. Bir həftəyə yaxındır ki, boksçularımız Ermənistanda keçirilən gənclər arasında boks üzrə Dünya çempionatında iştirak edir. Həmin çempionata da münasibət bildirən birinci vitse-prezident dedi ki, Ermənistanda bizim boksçulara elə bir münasibət göstərdilər ki, heç bir yanda belə münasibət idmançıya bəslənməyib. Birincisi, bizim ölkənin bayrağı qara dərili qadın tərəfindən aparılıb. İkincisi də idmançılarımız meydana çıxanda onları fitə basıblar. Bu bir daha erməni xislətinin və erməni sifətinin üzə çıxması demıkdir. İdmanı heç vaxt siyasətə qatmaq olmaz. Bizim ölkəmizdə də belə yarışlar çox keçirilib. Amma orda hamıya və o cümlədən ermənistandan gələn idmançılara hörmətlə yanaşılıb. Mən onu deyə bilərəm ki, Azərbaycan boksçuları heç bir təzyiqə baxmayaraq, Yerəvanda keçirilən Dünya çempionatında da müəyyən uğurlara imza atıb. Bu, danılmaz bir faktdır. O, da həqiqətdir ki, bu gün Azərbaycan boksu yüksələn xətlə inkişaf edir.
Biz də inanırıq ki, qələbədən-qələbəyə irəliləyən boksçularımız Ermənistandan da qələbəylə dönəcək, öz uğurlarını yenidən təkrarlayacaq. Çünki boksçularımız çox mötəbər yarışlarda öz sözlərini deyə bilib, məmləkətimizə qızıl, gümüş və bürünc medallar gətiriblər.

TƏQVİM / ARXİV