adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Surroqat ataların övladları

AQŞİN YENİSEY
42032 | 2013-10-09 00:49
And olsun məşhur rus müğənnisi Alla Puqaçovanın yetmiş yaşında başqa surroqat arvaddan olan əkiz uşaqlarının xoşbəxt gələcəyinə, gecə səhərəcən yuxuda Emir Kusturiçanın "Underground" filminə baxmışam və baxa-baxa bu yazını yuxuda yazmışam, səhərin gözü açılmamış qalxıb kompüterə köçürmüşəm.
Buna sayıqlama da demək olar.
Dünyanın mədəniyyət tarixində hökmdarlarla yaradıcı adamların, xüsusilə şair və yazıçıların qarşıdurması, hətta düşmənliyi həmişə olub. Bu mənada rəssamların və musiqiçilərin bəxti gətirib, onları ən uzağı zindana soxublar, ya da ölkədən qovublar, yazarları isə çox vaxt tutub edam ediblər. Çünki rəngdən və səsdən daha çox sözdən qorxu olub. Məsələn, Sezarla Qədim Roma filosofu, fəlsəfədə gözə görünənlərlə gözəgörünməzləri fərqləndirmək üçün heç bir meyarın olmamağını iddia edən, ağzını açanda kütlənin uğultusunu bir anda susduran Siseronla qarşıdurması, yaxud öz qılıncı ilə Asiyanın, az qala, yarısını tutmuş Topal Teymurla, öz şeirləri ilə bütün Asiyanı bürümüş Nəsiminin dini, siyasi münasibətləri, Atatürkün Nazim Hikmətə, Stalinin Bulqakova göz qoyması və s.
İndi gör yuxu yozmalar kitabında Azərbaycan ədəbiyyatının ötən əsrdəki siyasi mənzərəsi haqqında nə yazılıb: adının çəkilməsini istəməyən tədqiqatçı cadugər yazır: "XX əsr Azərbaycan ədəbiyyatının siyasətlə üz-üzə qaldığı tarix sovet rejiminin repressiya illərindən başlayır. Nə baş verdi o illərdə? Bizim yazıçı və şairlərimiz iki yerə ayrıldılar: birincilər öz mənafeyini, şəxsi taleyini, sözün, xalqın azadlığından uca tutub hökmdara yaltaqlananlar, ikincilər isə hər şeyini sözün, xalqın azadlığına qurban verənlər. Birincilər ikinciləri Stalinə satdılar, kimisi güllələndi, kimisi sürgündə çürüdü, kimisi də dəli olub küçələrə düşdü və bununla da Stalin ədəbiyyatımızın gözünün odunu aldı. Bu, hamının bildiyi ədəbiyyat tarixidir. Amma indi vaxtilə öz şair dostunu güllələtdirib imperiya rəhbərliyindən vəzifə, ev, arvad almış, bütün ömrünü kef-damaqla sürənlərin törəmələri öz babalarına haqq qazandırmaq üçün belə bir hiyləgər tezis irəli sürürlər: "Bu, dövrün tələbi idi". Yəni əgər dövr tələb edirsə, Stalin olmur, kim olur olsun, ona yaltaqlan, ona poemalar, şeirlər yaz, dostların haqqında danos yaz, şərlə, güllələtdir onları, ailələrini dağıt, sonra içki məclislərində onları məsxərəyə qoy, de-gül, əylən. Axırda da adını qoy ki, bu dövrün tələbidir, bizdə heç bir günah yoxdu. Əgər dövr tələb etsəydi ki, hökmdar bir-bir şairlər və yazıçıların belinə minib şəhərdə gəzmək istəyir, biz əyiləcəkdik, hətta hökmdarın rahatlığı üçün belimizə xudmani bir yəhər də qoyduracaqdıq. Neynəməli? Dövrün tələbidir. Rus kommunistləri xahiş və tələb edirdilər ki, Tolstoy inqilabçıları dəstəkləsin, amma Lev dövrün tələbi ilə razılaşmadı".
Bu cadugər xala xəstələrinin çoxluğuna baxmayaraq vaxt tapıb dünya ədəbiyyatını da yaxşı oxuyub; yazır ki, bir ingilis dramaturqu var, Harold Pinter. 2005-ci ildə Nobel mükafatı alıb, əsasən, məişətin, ictimai mühitin absurd tərəflərindən yazıb pyeslərində. Sözün düzü, mənim yazıçım deyil, amma onun ictimai həyatı haqqında oxuyandan sonra onun yaradıcılığını yozmağa başladım. Adam işini-gücünü atıb Türkiyədə yazarların söz azadlığının boğulmasına etiraz etmək üçün bu ölkəyə gedir və səfirlikdəki çıxışına görə, az qala, onu döymək istəyirlər. Yaxud NATO Serbiyanı bombalayanda ABŞ prezidentinə, İngiltərənin baş nazirinə itin sözünü deyir.
Türkiyədə gündə bir yazıçı, jurnalist həbs olunur. Azərbaycanda hansı şairin, yazıçının nəyə görəsə etiraz səsi çıxır? Bu yaxınlarda dünyaca məşhur türk pianoçu Fazil Say "Twitter" səhifəsində yazdığı bir-iki cümlə tənqidi fikrinə görə həbs olundu və dünyanın hər yerində pianoçular pianolarını barmaqları ilə deyil, yumruqları ilə çaldılar. Niyə dünyaca məşhur Fərhad Bədəlbəylinin "siyasi pianosunun" cınqırı da çıxmadı?
Deyim niyə, çünki dövrün tələbinə boyun əyən yaradıcı adamlar həmişə susurlar. Bu, Amerikada da, Azərbaycanda da, Uqanda da belədir.
Çox intellektual cadugərdi, yazdığı kitabda gözünü yumub dünya mədəniyyətinin falına baxır və transdan ayılıb yazır: "Dünyanın mədəniyyət tarixinin süjetinə baxsaq, bu tarixin o insanları bağrına basıb saxladığını görərik ki, onlar öz dövrlərinin "tələblərinə" qarşı çıxıblar. Dövr "fahişəlik" tələb edəndə onlar evdə qalıb "qız qarıyıblar", dövr satqınlıq, ikiüzlülük tələb edəndə, onlar intihar ediblər, dövr yaltaqlıq tələb edəndə, onlar güllələnməyi üstün tutublar".
Görəsən, mən bu sayıqlamanı kimin üçün yazıram???

Kulis.az

Aqşin YENİSEY

TƏQVİM / ARXİV