adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Gözəl bir qız kimi...

XURAMAN HÜSEYNZADƏ
42314 | 2013-10-05 09:55
Oktyabr ayı gəldi. Bu, o deməkdir ki, payızı iliyimizə qədər hiss etməyə başladıq. Payız, təbiəti elə bahar qədər gözəlləşdirir. Qış və yay kimi gözlərimiz döyənək olmur. Aylarla yamyaşıl və ya tamamilə çılpaq ağaclara baxmırıq. Təbiət anbaan dəyişir, gözəlləşir. Bu fəsillərdə insanın ruhsal halı da dəyişir. Əsas odur ki, gözəlliyə doğru bu dəyişkənlik ruhumuzu oxşaya bilsin, ovqatımıza müsbət təsir eləsin. Sonbaharda da ilkbahar ovqatında olduğumuz kimi nikbin olaq. Düşünək ki, bu, sadəcə fəsil dəyişkənliyidir. Vaxt bu cür -təbiətlə insanın ruhu arasında harmoniya yarada-yarada gedir... Və sadəcə ömrümüzdən gedən bu al-əlvan, bər-bəzəkli günləri dəyərləndirməyi bacaraq.
Ovqatımız təlx olanda, insanlardan usananda, söz-söhbətdən, dedi-qodudan bezəndə təbiətə üz tuturuq. İnzivaya çəkilənlər ya öz tənhalığı ilə baş-başa qalmaq istəyənlər, ya da təbiət qoynuna pənah aparanlardır. Payızın bir özəlliyi də var ki, insan özünə, öz içinə çəkilir. Və buna hər kəsin həmişə ehtiyacı olur. Bəzən özünü kimlərinsə yolunda şam kimi əridir, başqalarının mənfi enerjisi, mənəvi yükü, problemi ilə yüklənirsən. Heç olmasa ildə bir dəfə payızdan təsirlənib daxili dünyanı silkələməyə, içini təmizləməyə, beynini qayğılardan xilas etməyə zaman tapa bilərsən. Demək ki, insan özü ilə təbiət arasında daim bir əlaqə tapır. Payız, bir növ insanın öz tənhalığı ilə assosiasiya olunur.
İnsanlardan qaçıb, təbiətə pənah aparmaq heç də dərdin, problemin böyüklüyünə dəlalət etmir. Heç bir dərdin olmasa belə payız, gözəlliyi ilə oğlanları öz ardınca aparan gözəl bir qız kimi səni cəlb edəcək. İstedadsız adam belə sonbahara könül verərkən cızmaqara edə bilir. Bu da təbiətin möcüzəsidir.
Payız haqda hansısa əsəri dinləməyə, hansısa rəssamın rəsmlərinə baxmağa, yaxud şairin şeirlərini oxumağa gərək yoxdu. Anasından ayrılan bala kimi budağından qopub yerə düşən yarpaqlar, için-için səpələnən yağmur, bənizi qaçmış, yorulmuş günəş özü bir tablodur, əsərdir, şeirdir. Nə yazılsa, nə çəkilsə belə sonbaharın təbii gözəlliyi qarşısında cansız görünür. Təbiətin bu fəsli hər halı ilə özünü yaxşı ifadə etməyi bacarır.
Mən oktyabrda dünyaya göz açmışam. Bəlkə də ona görə bu fəsili qeyri-adi bir istəklə sevirəm, hər payızın ömrümdən bir ili aparmasına əhəmiyyət vermirəm. Amma nə qədər sonbahara sevgim olsa belə bu düşüncələr fəsilinin hər kəsə optimist ovqat bəxş etməsini arzulayıram.
Bir az təbiətə oxşayaq. Gərəksə, düşünək, dərindən fikirləşək, xatirələrə dalaq. Sonda yenə ağacların ilkbaharda yenidən tumurcuqlayacağını, təzə-tər yarpaqlar bitirmək üçün dövranını sürmüş yarpaqlardan xilas olduğunu düşünüb beynimizi "format" edək...

Xuraman Hüseynzadə
[email protected]

TƏQVİM / ARXİV