adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

AY DA VƏFASIZ İMİŞ...

VƏSİLƏ USUBOVA
34558 | 2013-10-05 09:53
Qəribə bir adət yaranıb; adamlar təkcə başqalarının deyil, öz talelərindən də şou düzəltməyə meylləniblər. Hərənin də öz məqsədi var: imkanlılar bir az da şöhrət, imkansızlar da daha çox mərhəmət qazanmaq istəyirlər. Bir yandan da özünü zəmanənin, cəmiyyətin qurbanı kimi qələmə vermək dəbdədi. "Qurban" sözünün "qoyun" sözüynən sinonim kimi səslənməsi də kimsənin vecinə deyil. Qürur, mənlik deyilən şeylər çoxdan göz ardına vurulub. Hamı mümkün qədər bir-birindən yararlanmaq, başqalarından daha artıq mənimsəmək həvəsindədi. Fərdilik, özünəməxsusluq kimi cizgilər çoxdan silinib. Nə yolla olursa-olsun seçilmək, diqqət çəkmək həyat amalına çevrilib. Başqalarını tapdamaq, məhrumiyyətlərə salmaq hesabına olsa belə, qabağa keçmək istəkləri bütün insani duyğuları üstələyib. Halal çörəkli, qürurlu kişilər, "bu da mənim çit paltarımdı, onda heç kəsdən əskik görünmürəm" deyən qadınlar gözə dəymir daha. Pisliklərə barmaq silkələyib göz ağardan, "qurtarın bu həngamələri, hoqqabazlıqları" deyib yumruğunu stola çırpanlar da çoxdan susdurulub...
Hamı güclü və təhlükəli bir axına qoşulub gedir...
Kimsə öz nəfsinin məngənəsindən çıxa bilmir...
Dayandıran, əlini qabağa verən yoxdu...
Hamı bir-birini qınayır, görülməsi gərəkən işləri başqasından gözləyir. Qabağa düşmək, yol açmaq istəyənlər tapılmır. İstəyənlər də Danko kimi ("Dankonun ürəyi", M.Qorki) ürəyinin ayaqlar altında qalmasından qorxur....

***
Nə çox irəli getdim?! Qələmin də cilovu yox ki... Mən axı, hər gün buralarda vurnuxan onlarla qadından birinin anlatdıqlarını dinləyirəm. Deyəsən, xəyalımın uzaqlara qanadlanmasını heç duymur da. Onu öz taleyini lənətləməkdən başqa nə maraqlandırır ki?!. Ömür deyilən yoldan bir şeylər anlamadığı da söylədiklərindən bəllidi. Ağıllı filosoflardan biri ("ağıllı" sözünü qəsdən işlədirəm, eşitdiyimə görə, filosofların çoxu ya dəli olur, ya da özlərini dəliliyə vururlar) deyib ki, zülməti lənətləməkdənsə, dur, bir şam yandır...
Özgəsinə gərəkli olmaq bir yana dursun, öz yolunu işıqlandırmaqçın bir kibrit çöpü də yandırmağa qadir deyil bu zavallı. Belələri həmişə başqalarından nəsə umur, nəsə gözləyirlər. Bu "nəsə"nin içində də elə bir qadın ömrünə bəs edəcək bütün şeylər gedir. Yedizdir, geyindir, ayağı büdrəsə qolundan tut, səhv eləsə düzəlt, günah işləsə bağışla...
Bir sözlə, hamı ona borcludu. İşini-gücünü atıb, onun qayğılarıyla ilgilənməlidi...
Borcun böyüyü ərinin boynundadı. Onu belə öyrədiblər: qadın ər çörəyi yeyər, ər evində oturar...
Düzdü! Amma mütləq deyil!
Hər şey dəyişir. Sən indi bizburun çarıq, dizəcən patava geyinən kişinin arvadı deyilsən. Elə o kişilərin də arvadları az iş görmürdülər. Qeyrət, qayğı çəkməkdə ərlərindən geri qalmırdılar. Mal-qara saxlamaqda, əkin-biçində ərləriynən çiyin-çiyinəydilər. Üstəlik, əyirib-toxuyur, bir sürü uşaq doğub böyüdürdülər...
O qadınların sayəsində çörək dalınca uzaq-uzaq yerlərə gedən kişilərin gözləri arxada qalmırdı. Ev-eşiklərindən arxayın olurdular... Kişisiz qalan evlərdə heç bir iş axsamırdı...
Ailə, ev-ocaq yaranan gündən orada əmək bölgüsü olub...
İnsanlar elə qayğıları, acıları bölüşməkçin bir damın altına sığınırlar...
Səninsə iki bəhanən var: taleyin və diplomun yoxdu. Bax, bu səbəb saydıqlarının nə bir-birinə dəxli var, nə də mətləbə... Bütün dövrlərdə, bütün məqamlarda ayaq üstə durmağı bacaran qadınlar olub...
Səninlə razıyam. Taleyə etibar yoxdu. Ömürləri istədiyi rəngə sala bilir. İstəyirsən yenə də filosoflardan sitat gətirim?! Hə, onlardan biri də deyib ki, əlini ağdan-qaraya vurmayan adamı göylər də varlı edə bilməz. Burada bir məsələ də var. Baxır sən varlı olmağı nədə görürsən. Bunu özünçün ayırd edə bilsən, belə zavallı günə də qalmazsan...
Səni qoruyan sənin ruhundu. Güclü, yenilməz ruhun. Qadın olsun, ya kişi, fərqi yoxdu.
Əgər o varsa...

***
Otağımdan incik çıxdı. Onun da haqlı olduğu məqamları anlayıram. Amma acıqlıydım. Dözə bilmirəm taleyindən şou düzəldənlərə. Hamını özünə borclu bilib, başqalarına yük olanlara. Heç kəsi əldə silah döyüşməyə çağırmıram. Ancaq xarakterinlə, barışmazlığınla adamlara öz yerini göstərməlisən...
Lap elə ərinə də...
Belə eləsən, sənin öz yerin də bəlli olar...
O, danışıb ürəyini boşaltdı. Bəs, mənə nə oldu?! Qəlbimə çökən bu ağırlığın səbəbi nədi?!
Hə, o, mənə ərinin vəfasızlığından da danışırdı, axı... Mən də elə buradan başlamalıydım. Nədən onu qınamağa keçdim?! Atılmaq, unudulmaq, üç uşaqla bir damın altında qalmaq. Bu əzablarını qulaqardına verib onu danlamağa da qalxışdım. Hamı eyni cür düşünə bilməz ki...
Unudulanda, tənha qalanda, zalım dövranın zərbələrinə hədəf olanda kimin əli işə yatar ki?!. Hələ uşaqların sual dolu baxışları...Özgələrin tənələri, yersiz, acımasız qınaqları. Mən nədən belələrinə qoşuldum, görəsən?! Mən ki, özümü hal bilən, dil anlayan sanırdım...
Onun gəlişindən də qabaq poçtalyonun gətirdiyi, hələ arası açılmamış qəzetləri də indi gördüm. Həvəssiz-həvəssiz açdım. İri məqalələri oxumağa səbrim qalmamışdı. Darıxırdım. O qadınla düz davranmamışdım. Bu qədər adamın içindən məni seçib ürəyini açmışdı...
Yəqin mənim də daha müvazinətim pozulur...
Nə qədər güclü qadın rolunu oynamaq olar?!. Saxtadı hamısı. Əslində, lap qorxaqlıqdı...

***
Kiçik xəbərlərə göz gəzdirirəm. Görəsən, bu alimlər milyon, milyard illər bundan qabaq baş verənləri necə bilirlər?! Mənimlə üzbəüz oturanın qəlbini görə bilmədim, yaşantılarını anlamadım, onlarsa bu boyda Kainatda baş verən ən xırda dəyişiklikləri belə tədqiq edirlər. Maraqlısı da budur ki, planetlər də elə insanlara bənzəyirlərmiş. Onlar da sevdiklərinin başına dolana, məqamı gələndə onu atıb başqasının cazibəsinə düşə bilirlərmiş. Elə camalının vəsfindən doymadığımız Ay kimi. Neçə milyard il bundan qabaq Veneranın peyki imiş. Gün gəlib ki, onun başına dolanmaqdan usanıb, Şərqin gözəl Zöhrəsini, əlinə qələm alanın söz qoşduğu Dan ulduzunu ataraq Yerin başına dolanmağa başlayıb...
Daha bu dünyadan nə gözləyəsən?!.
Keşkə o qadın bir də qayıdıb qapımdan girəydi. Ona Kainatın ən böyük vəfasızlığını danışıb təsəlli verərdim...
Bəlkə heç lazım deyil. Bəlkə o da etibarsız ömür yoldaşını xatırlayanda (ərini çox sevdiyini, ondan ötrü darıxdığını hiss eləmişdim) Aya baxıb şirin-şirin pıçıldayır. Bu təsəllini ondan almaq istəməzdim.
Qoy inansın...
Qoy gözləsin...
Bəlkə bu qoca Kainat ona da bir möcüzə göstərəcək. Kim bilir...

Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV