ANA SƏHİFƏ / YAZARLAR

"Sokratlar", "Platonlar" və iki cümləyə çevrilən tarix

223200    |   2013-10-05 03:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Fransız filosof, nəzəriyyəçi, kritik Roland Barthes Kriton dialoqunu 1990-cı ildə "Kritonun sahilində” başlığı ilə yenidən yazır. Yazı Sokrat ilə Phaidrosun dialoqu ilə bitir.

Phaidros "Bəs tarix?” deyə bir sual verər Sokrata. Sokrat gülümsəyərək: "Tarix?” deyə təkrarlayar və əlavə edər: "O işi Platon yoluna qoyacaq...”

Yazıçının sayəsində Sokrat bu ironiya ilə öz tələbəsi Platondan  (ondan sonra onun yazılarını "yoluna qoyaraq”  zamanın tələbinə uyğun bir şəkildə tarixin qəbul edəcəyi bir formaya saldığı üçün) öz qisasını almış görünür.

Tarix dediyimiz, olub bitənlərin zamanın tələbinə uyğunlaşdırılmasının təməlini Platon qoyub, sən demə. Sokratı tarixin özü, Platonu isə onun yenidən yazanı (rewriter) kimi şərh etsəm yanılmaram, fikrimcə.

Tarixin dili yoxdur. Tarix sadəcə zaman adlandırdığımız, nə sonu, nə başlanğıcı olan bir yolun üzərində döşənmiş hadisələrdən ibarət bir sonsuz mozaikadır. Yaradılışdan bəri baş vermiş hər şey bir istiqamətdə, bu mozaikanın üzərində həkk olunub. Heç nəyin yeri səhv düşməyib.  Orada hər şey necə var elədir. Heç nə dəyişməyib. Bu tarixdir. Olduğu kimi durur.

"Sokratları” gözləyir. Bu yolun əksi istiqamətdə yalnız, Sokratlar səyahət edə bilirlər. Gedə bildikləri qədər gedir, görə bildikləri qədər görür və gətirə bildikləri qədər təəssürat gətirirlər. Tarix danışa bilmir, "Sokratlar” danışır. Yazır. Bəzən susur, bəzən susdurulur, bəzən çox tez ölür, bəzən getdiyi səyahətdən geri dönmür. Hər "Sokratın” da bir "Platonu” olur. Bəzən birdən daha çox. Geri getmək çətinləşdikcə "Sokratlar” azalır. "Sokratlar" azaldıqca "Platonlar" çoxalır.

"Platonlar” çoxaldıqca isə olduğu kimi duran tarix unudulur. "Sokratlar”-ın tarixi emalatxana üçün xammala çevrilir. "Platonlar” tərəfindən yonulur, qəlibə salınır. Zaman keçir, başqa bir "Platon” ona nələrsə əlavə edir, zamanın tələbinə uyğunlaşdırır, nələrisə artıq bilib götürür. Beləcə "Sokratlar”-dan qalan sadəcə "Tarix” kəlməsi olur. Hiss olunmadan o səyahətlərdən gələn təəssüratlar itir və Platonarın redaktləri tarix adını daşımağa başlayır. Sonra yenə bir "Sokrat” peyda olur və "Platonların” əsərlərindəki "Tarix” kəliməsini götürüb geri qayıdır. Yenidən qayıdır və öz "Platonları” üçün təəssüratlar gətirir. Beləcə hər şey təkrarlanır. Bir təəssürat üzərində "Platonların” milyonlarca kitabı nəşr olunur  və üzərlərinə "Tarix” yazılır. Beləcə, bəzən qəsdən, bəzən səhvən Tarixlə aramızda bu kitablardan ibarət bəzən ideoloji, bəzən adi bir divar əmələ gəlir.

Misal çəkəcəm:

1453-cü ildə İstanbulun fəthindən təəssüratlar gətirmiş Oruc Bəyi "Sokratlar”-dan biri kimi qəbul etmək olar.  Onun "Platonu” isə XVI əsrdə meydana çıxmış "Tacü't Təvarix” əsəri ilə Xoca Sadəddin Əfəndidir.

Oruc Bəy adi bir qazi, Xoca Sadəddin isə Sultan III Mehmed-in məsləhətçisi olub. Hər ikisi bir əsrlik ara ilə İstanbulun fəthindən yazıb.

Oruc Bəy yazır:

"Ədirnədə əjdaha kimi toplar tökdürüb hazırlatdıqdan sonra Murad Xan oğlu Sultan Mehmed topları İstanbul üzərinə yeritdi. Topları qurdurub, hər bir tərəfdən atəş açdıraraq İstanbul qalasının bürclərini, divarlarını dağıtdı. Kafirlər içəridən müqavimət göstərdikləri üçün zəfər qazana bilmədi. İstanbul Tekfuru da təslim olmadı. Keşişlər İncildə yazıldığı kimi, "İstanbul işğal oluna biməz” dedilər. Hər tərəfdən toplar və tüfənglər qurdular. Adamları qala divarlarına çıxaraq müxtəlif dualar oxudular. Bu məğrurluqlarına baxmayaraq Haqq Təala onlara bu bəlanı verdi. Murad Xan oğlu Sultan Mehmed özü də əl-ayağa düşərək "Haqq yolu, fisəbilillah” deyib, "talayın” qışqırdı. Qazilər qalanın uçmuş divarlarından içəri girdilər. Yağmaladılar, talan etdilər. Sultan Mehmed evlərə belə yağma buyurdu. İstanbulun qurulduğundan 2400 ildən bəri toplanan bütün sərvət müsəlman qazilərə nəsib oldu. Üç gündən sonra yağma və talan qadağan edildi.”

Xoca Sadəddin Əfəndi isə "Platon” rolunu öz üzərinə götürərək, Sokratın dediyi kimi desək, tarixi belə yoluna qoyub. Zamana, içində yaşadığı saraya və dövrün tələblərinə uyğun bəzəyib-düzədiyi tarixi bu cür yazır:

"Padşah isə uğurlu ayaqları ilə Ədirnə taxtı-şəhrinə şərəf verdi...  Toplar tökdürməyə başladı... O ilan vücudlu, əjdaha ağızlı toplar, hansılar ki, qalaları yıxacaq, bürcləri devirəcək div kimi toplar idi...Zəfər bayraqlarını əllərində tutan əsgərlər qabarmış, ucsuz-bucaqsız dəniz kimi qalanı qurudan mühasirəyə aldılar. İlana bənzəyən, əjdaha başlı toplar İstanbulun divar və qapılarını aşiqlərin inildəyən könülləri kimi, şüşə kimi parçalayırdı... qalada gözləyən dinsiz cəhənnəmliklər cəsarət tapıb qaladan baş çıxarıb, dil uzatmağa və qarğalar kimi qırıldamağa başladılar...”

Oruc Bəyin olduqca soyuqqanlılıqla yazdığı bir neçə cümləni Xoca Sadəddin bu cür bəzəyib-düzəyir. Oruc Bəyin "Murad Xan oğlu Sultan Mehmed” deyərək sadə dildə ifadə etdiyi sultanı "imperator” sözünə sinonim olan "padşah” ifadəsi ilə təsvir edir. Belə davam edir:

"Padşah əsgərlərə üç günlük yağma haqqı verdi. Onlar istdiklərini boyunlarına dolayıb şirin dilli gözəllər, huri kimi cariyələrlə könül bağlarını gül üzlərinə kəmənd etdilər...Beləcə bahadırlıq sənətində əzmli igidlərin qoyunları qənimətlə doldu...”

Düşünürəm ki, bu "Platonlar”-la bağlı uğurlu bir misal oldu. "Platonlar”ın yazdıqları bu tarix bir zaman sonra əzbərlənmiş, sıxıcı bir nəsnəyə çevrilir. Bir yazıçının dili il desəm "divara asılmış köhnə bir portretə çevrilir” bəzən tarix. "Dönüb baxmarsan hətta...”

Sokratları çatışmayan cəmiyyətlərin tarixi "Platonlar” tərəfindən yazılmağa məhkumdur. Bu bir növ intihara bənzəyir. Tarixin mozaikasındakı yerindən xəbərsiz bir cəmiyyət öz kökündən qopur. Tarix şablonlaşır. Kökü tarixin bilinməyən başlanıcına dayanan bir məmləkətin tarixi qəlibə salınmış, hər dövrdə bir formaya düşən bir vasitəyə çevrilir. Tarixin mozaikasında bu cür məhv olub gedən tayfalara, məməkətlərə, dövlətlərə aid nümunlər də kifayət qədər var əlbəttə ki.

Tarix ordaca gözləyir. "Platonlar”ın yazdıqlarına zidd bir tarix. Tələblərə cavab verməyə çalışan, bizə dövrün tələblərini tarix kimi yedirən "Platonlar”ın yazdıqlarından tam fərqli bir tarix var. Bunu indi də görə bilərik. Bir əsr sonra da. Heç görməyə də bilərik. Görüb görməzdən də gələ bilərik. Amma o tarix orda gözləyir. Dostlar da ordadır, düşmənlər də. Hər şey ordadır. "Platonlar”ın olmadığı bir tarix. İçərisində azıb qaldığımız, ad qazanmaq üçün hətta "Platonlar”ın tarixini belə cızma qara edən kimlərinsə yazdığı, qiymət almaq xatirinə oxuduqlarımızdan fərqli, əsl tarix.

Tarix şabonlaşır. Çünki heç kim Sokrat ola biləcək cəsarəti özündə tapmır. Və beləcə divardan asılmış köhnə bir portret kimi, tarix simvolik bir iki cümləyə sığdırılır.

Narazı "Platonlar” "Torpaqlarımız satıldı” (!) deyir...

Xoc Sadəddin kimi " Platonlar” isə "28 May” günü tarix dərslərində "Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir” (!) deyir. Guya biz bilmirik?!

Və üzərində "tarix” sözü yazılan kitabların içi "Platonlar”ın bəzəyib düzədikləri bu iki tezisdən ibarət olur. Və bazası məlum olmayan analizlərdən. Və parklarda qoca babaların əsəbi "asıb-kəsmələrindən” , qonşu qadınların dedi-qodularından, taksi sürücülərinin yuxusu qaçsın deyə başladığı söhbətlərdən...

PS:  Tələbələr isə bir tarix elmləri doktoru, professorun qalın kitablarından birini oxuyurlar. 244-cü səhifəyə çatanda "diplom işində əsas vəzifə...”  İlk baxışdan gülməli, nəticə etibarı ilə ağlamalı...

 

 



YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2018-09-21
2018-09-20
15:38 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Ədə, dünən məni evə kim gətirib?
- Mən apardım qaqa, amma eşşək qədər içmişdin haa.
- Ay lom, biz 5-ci mərtəbədə qalırıq, mən səhər 4-cü mərtəbədəki xalaşkanın evində oyanmışam.
- Dəlisən sən? Qapını atan açdı axı.




digər lətifələr
ARXİV
FACEBOOK