adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

GÖZ DƏYİB...

FAİQ QİSMƏTOĞLU
36170 | 2012-11-27 11:56
Elə şeylər var ki, bunun haqqında insanlar çox eşidiblər. Ancaq eşitdiklərinə baxmayaraq, uzun müddət bu sirlərdən baş çıxarmayıblar. Yəni onlar bilməyiblər ki, həqiqətən də hər hansı hadisə baş verərkən bu nədən doğur və nə üçün olur. Sadəcə olaraq, onu xalq arasında müxtəlif cür yozublar: ya deyiblər göz dəyib, ya da deyiblər nəzər var. Hər halda, bu iki fikir arasında insanlar uzun müddət baş sındırıblar.
Qəribə də olsa bugünkü həyatımızda da çox qeyri-adi hadisələr baş verir. Bir çox alimlər bildirirlər ki, elmdən kənarda heç bir şey yoxdur və hər hansı hadisənin elmi əsası var. Ancaq bu da həqiqətdir ki, dünyanın sirrinin böyük bir hissəsini açmaqda elm də acizlik çəkir. Düzdür, bu gün dünya elmi böyük inqilablar edib və yer kürəsində əsaslı dəyişikliklər yaradıb. Bunlar hamısı həqiqqət və reallıqdır.
Reallıq olmayan odur ki, hələ də müəyyən məsələlər qaranlıq olaraq qalır. Yəni həmin baş verən hadisələrin kökü bir o qədər də tam aydınlaşdırılmayıb. Zaman isə hər dəfə bir şeyi üzə çıxarır. Bu gün bir qəribə hadisə baş verir, sabah isə başqa birisi.
Nəzərin və gözün dəyməsi ilə bağlı bu günün özündə də müxtəlif fikirlər səslənir. Bəziləri deyir ki, bu boş şeydir, hər hansı hadisə olacaqsa onun qarşısını heç nəylə almaq mümkün deyil. Bəziləri isə belə bir fikir səsləndirilər ki, elə şey yoxdur. Dünyada sirri bilinməyən çox mətləblər var. Biz o sirri bilmədiyimizə görə də, onu möcüzə adlandırırıq. Ya deyirik ki, göz dəyib, ya da deyirik nəzər var...
Bizim kənddə bir kişi vardı. Camaat çalışırdı ki, onun qarşısına çıxmasın. Haçan ki, həmin kişi kiminsə qarşısına çıxırdı, mütləq o ziyanlıq tapmalı idi. O vaxt da deyirdilər ki, Allah filankəsin gözünü töksün. Zalım oğlunun gözü elə bil nədir? Bir şeyə baxır, köks ötürən kimi o dəqiqə nəsə baş verməlidir. Elə oldu ki, günlərin bir günündə mən də heyvanlarımızı naxıra aparırdım. Həmin kişi qarşıma çıxdı və dedi ki, bu inək nə qəşəng kök inəkdir. Yəqin nənən hər gün ondan bir vedrə süd sağar. Bu sözü deyəndən sonra yanımdan keçib getdi. Dəmiryol xətti bizim kəndin ortasından keçirdi. Həmin anda da qatar gəlirdi. Elə oldu ki, inək o biri heyvanlardan ayrılıb dəmiryol xəttini keçmək istədi. Amma keçə bilmədi. Sürətlə gələn qatar onu arxadan necə vurdusa, yazıq inək iki parça oldu. Qorxumdan evə getmək istəmirdim. Fikirləşdim ki, inəyi qatara vurdurduğuma görə, atam məni kötəkləyəcək. Amma atam eşidən də ki, qarşıma həmin gözündə və nəzərində nəsə olan adam çıxıb, bir şey demədi. Əksinə, saçımı sığallayıb, dilləndi ki, yaxşı qutarmısan, özünə bir şey olmayıb.
Bax beləcə, o kişi kimin qarşısına çıxardısa, nəsə xoşagəlməz bir hadisə baş verməli idi. Bir gün də elə olub ki, kəndə imkanlı adamlardan biri təzə "Jiquli" gətirib. "Jiquli"nin də sürücüsü çalışıb ki, dəmiryol keçidindən keçərkən həmin adam onu görməsin. Elə bil cin kimi həmin kişi birdən-birə peyda olub. Sükanın arxasında olan sürücü "lənət şeytana" deyib, maşını yerindən tərpədəndə qarşısına bir uşaq çıxıb və uşağı maşın vurub. Sürücü dilxor halda yerə düşüb, uşağı götürərək maşına qoyub və ordan da birbaşa xəstəxanaya istiqamət götürüb. Xoşbəxtlikdən uşağa elə də bir şey olmayıbmış. Bir balaca qılçı əzilibmiş. Sürücü Allahına şükür eləyib və qarşısına çıxan kişidən canını yaxşı qutardığına görə, sevinib.
Həmin kişi bizim kənddə rəhmətə gedəndə çoxları dedi ki, day canımız dincəldi. Bir də kimsə qarşımıza çıxanda bir hadisə olmayacaq. Amma sən demə, camaatın canı heç də dincəlməyibmiş. Atadan sonra oğul da kimin qarşısına çıxırdı mütləq bir ziyan tapırdı. Axırda elə oldu ki, günlərin bir günü kənddəki ağsaqqallar yığışıb dedilər ki, bu yazıq uşağın nə günahı var. İşdi olacaqsa, nəsə baş verəcək. Amma uşaq istər-istəməz adamları görəndə sıxılır, çəkinir və daxilən bir narahatlıq keçirirdi. Hadisələrsə baş verməkdə idi.
Biri təzə ev tikdiribmiş həmin uğaq da qonşusunun həyətinə gedir. Bir yerdə oynadığı uşağa deyir ki, dədən nə qəşəng ev tikdirib. Heç bizim evimiz belə yaraşıqlı deyil. Adam istəmir ki, sizin evdə olandan sonra öz evinə qayıtsın. Uşaq həyətdən çıxan kimi, həmin evdə yanğın baş verir. Yaxınlıqda hərbi hissə və yanğınsöndürənlər olduğuna görə, yanğının qarşısı tez alınır. Nə isə... Bu xəmir çox su aparır.
Bu günlərdə yenə kənddə qəribə hadisələr baş verib. Qoyun-quzusu xəstələnən insanlardan biri kəndin baytar həkimini çağırtdırır. Deyir ki, iki gündə bir neçə qoyun-quzum tələf olub, ona bir əncam çək. Heç olmasa, yerdə qalanlar qırılmasın. Baytar həkim də bir aşağı baxır, bir də yuxarı, deyir ki, məsələ çox qəlizdir. Sənin heyvanlarına nəzər dəyib. Heyvanın sahibi isə təəccüblənir və deyir ki, ay başına dönüm sənin, yenə başqalarının o qədər qoyun-quzusu var ona nəzər dəymir, amma mənim üç-dörd qoyunuma göz dəyir. Baytar həkim həmin adamı inandırmaq istəyir ki, hamısı nəzərdəndi. Baytar həkim azca qala özü də dediklərinə inana. Amma baytar həkim bir şeyi yaxşı bilmir ki, heyvanların qırılmasına səbəb nəzər deyil, sadəcə olaraq, xəstəlikdir. O xəstəlikdənsə kəndin baytar həkiminin xəbəri yoxdur. Daha doğrusu, mal həkimi olan o adamın əlindən elə bir iş gəlmir. Ona görə də bir şey olanda deyir ki, heyvanlar qırılırsa, demək nəzər var.
Qonşu adamlardan biri də inəyinin xəstələndiyini baytar həkimə bildirir. Deyir ki. dünən axşam inəyin ağzı sulanıb və heç nə yemir. Belə getsə, yazıq heyvan canını tapşıracaq. Yenə baytar həkim ora baxır, bura baxır və deyir ki, vallah, sənin də inəyinə göz dəyib. Əgər göz dəyməsəydi, yazıq inək bu qədər ağır xəstələnməzdi. Hələ sən yaxşı qutarmısan. Başqasının mal-qoyununa göz dəyəndə onu poyuz vurur. Sənin isə bəxtin gətirib. Uzabaşı heyvan xəstədirsə, onu kəsib ətini sata bilərsən, day bundan artıq nə istəyirsən.
Yazıq heyvanı xəstələnən adamsa, qalır çıxılmaz vəziyyətdə. Axırda gedib rayon mərkəzindən bir baytar həkim gətirir. O da heyvanlara baxır və deyir ki, sənin inəyin dabağ olub. Bir-iki dərman yazaram, onu alıb gətirərəsən və inəyə yedizdirərsən. Kişi də gedib baytarlıq aptekindən həmin dərmanları alır və heyvanlara verir. Heyvanların bir-iki gündən sonra ağzının suyu dayanır və onlar örüşə gedirlər. Kişi görür ki, verdiyi dərmanlardan xəstələnmiş heyvanlardan hamısı sağaldı.
Söhbət gedib kəndin baytar həkiminə çatır. O, bu xəbəri eşidəndə bərk dilxor olur və heç nəyə inanmır. Deyir ki, bunlar hamısı rayon mərkəzindən gələn baytar həkimin hoqqalarıdır. Mən demişdim ki, heyvanlarda nəzər var və o nəzəri götürmək lazımdır. Yəqin kişi də nəzəri götürdüb, heyvanlar da sağalıb.
Ancaq heyvanların sahibi and-aman eləyirdi ki, nə nəzər-məzər, gedib dərman aldım və dərmanı da heyvanlara verdim. Indi hamısı sağalıb, yaxşı da süd verir. Allah kəndin baytar həkiminin evini yıxsın. Onun savadsızlığı üzündən neçə-neçə adamın qoyun-quzusu, malı tələf oldu. Elə kim deyirdi inəyim xəstələnib, o dəqiqə iki ayağını bir başmağa dirəyib bildirirdi: həmin heyvanlara göz dəyib və nəzər var. Buna inanlar da olurdu, inanmayanlar da. Amma indi inanmayanlar daha çoxdur...g
Faiq QİSMƏTOĞLU

TƏQVİM / ARXİV