adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

TƏTİYİ ÇOXDAN ÇƏKİLMİŞ...

MƏZAHİR ƏHMƏDZADƏ
124865 | 2012-11-27 11:42
Kəndlərin çoxunda onsuz da yaxın-uzaq hamı bir-birinə qohum olur. İndi saytların, qəzetlərin və televiziya kanallarının xəbər guşələrini zəbt edən Xuduyevlər kimi. Əlbəttə, o müdhiş cinayət hadisəsi baş verməsəydi, kim idi Xuduyevləri tanıyan, Göyçayın, Bəydövül kəndini xatırlayan... Göyçayın bu ucqar kəndini olsa-olsa hərdənbir Anar, Aqil Abbas, Vaqif Yüsifli yada salar. Bir də ki, sağ olsaydı - Rafiq Tağı! Gerçəyi demək lazımdır. Çoxları bu kəndin adını və varlığını Sabir Adilə görə tanıyır və unutmur. Rafiq Tağı Sabir Adil haqqında demişdi: "Ustad əzabkeş!".
Mən Bəydövül kəndində baş vermiş faciədən yazmağa başlarkən nədən şair Sabir Adili xatırlamağımın səbəbini qismən açıqladım. Ancaq bir faktı da mütləq qeyd etməliyəm. Sabir dünyaya göz açdığı Göyçayın bu ucqar kəndini, canından artıq sevdiyi Bəydövülü həmişə birliyə, dostluğa, qardaşlığa səsləyirdi. Söhbətlərində də, şerlərində də...g
Nə bilmək olar, bəlkə bu bəlalı Xuduyevlər də vaxtilə mərhum Sabir Adilə qulaq asmayan qohumlardandı?
Kriminal hadisə haqqında yazının konkret tələbləri olur. Mən bu tələblərdən və yazı ənənəsindən bir qədər uzaqlaşdım. Bu səbəbdən ki, oxuduğunuz bu yazı informasiya və reportaj janrlarından fərqlidir. Çünki əhvalatın özü uzun illərdən bəri yaşanan qeyri-adiliyin hələ sona çatmamış vaqeəsidir.
Ancaq konkret hadisəyə və bu hadisə fonunda eşidib öyrəndiklərimizə keçid etməyin də vaxtıdır.
Göyçay şəhərindən 30-32 km. aralıda yerləşən Bəydövül kəndi sovet dövründə yolsuzluğa və digər sosial problemlərə görə ucqar və kasıb kənd sayılırdı. İndi nisbətən dikəlib qalxmaq əhvalındadır. Bu Xuduyevlərin də camaatdan bir elə fərqləri olmayıb. Qohumdular, babaları əmiuşağı sayılır. Bundan əlavə, mərhum Xudunun qızı, dekabrın 3-də "atışma" zamanı ölən Nicatın bacısı digər münaqişə tərəfinin - Ağababa Xuduyevgilin gəlinidir, qardaşı arvadıdır. Qohumların bir-biriylə neçə illərdir ki, münasibətləri, yumşaq desək, soyuqdur, danışmırlar. Bunun səbəbləri çoxdur və yeri gəldikcə müraciət etdiyimiz, söhbətə tuta bildiyimiz şəxslərdən eşitdiklərimizi, digər vasitələrlə öyrəndiklərimizi oxucuların diqqətinə çatdıracağam.
Həmin gün Ağababa Xuduyev arvadı Ərzəgül və oğlu Səidlə birlikdə küçə darvazası qarşısında təmizlik-abadlıq işləri ilə məşğul olarkən, Nicat Xuduyev də yanında tulası ovdan qayıdırmış. Qapıbir qonşu olan bu qohumların soyuqluğunu sanki itləri, heyvanları da hiss edirmiş. Nicatın tulası qəfil Səidin üstünə cumur və ayaq tərəfdən şalvarını dartışdırmağa başlayır. Ailə həyətə keçsə də tula Səiddən əl çəkmir. Belədə Səid atası yaşlı qohumu Nicatı səsləyir: "İtini çağır, itini çək burdan...". Nicatsa cavabında belə deyir: "İt itə cumar...". Bundan sonra mübahisə başlayır. Təhqir olunmuşlar Nicatın hərəkətini növbəti sataşma, davakarlıq hesab edərək onu acılayır və onlardan əl çəkməsini tələb edirlər. Hadisə zamanı orda olmayıb, sonradan özünü yetirən Ağababanın qardaşı Ceyhunun söylədiyinə görə, Nicat əlində tüfəng həyətə girərək silahdan atəş açır. Birinci patron Ağababanı yaralayır. İkinci patrondan açılan atəş isə Səidi haqlayır. Eyni zamanda Səidə tuşlanan tüfəngdən yayılan qırmalardan bir neçəsi onun anasını da boyun nahiyəsindən yaralayır. Nicat Ağababanın hərbi xidmətdən yeni gəlmiş kiçik oğlu Əzizi də səsləyir ki, bəs hardasan, çıx çölə, görmürsən sizi qırıram...g
Əziz babasının tüfəngini götürərək çölə çıxır. Bu vaxt Nicat həyətdən küçəyə keçib Əzizi təkrar çağırır. Əzizin və qohumlarının, digər şahidlərin söylədiyinə görə, təhqiramiz sözlər işlədir. Bundan sonra Əziz tüfənglə küçəyə çıxır. Nicat tüfəngi ona tuşlayan zaman cəld tərpənərək atəş açır və...g
Burada xüsusi qeydə ehtiyac var. Təkrarən xatırladıram ki, hadisənin təsvirindəki faktlar müəllifə aid deyil. Təbii ki, atışmanın müəyyən təfərrüatları ballistik-kriminalistik ekspertizanın nəticələrində daha dəqiq məlum olacaq. İstintaqın gedişinə təsir edə biləcək hər hansı söz və ya fikir yürütmək jurnalistika etikasına və qanunlara ziddir. Odur ki, hələlik eşitdiklərimizi və konkret faktları açıqlamağı, bu faciənin anatomiyasını şərh etməyi qarşıya məqsəd qoymuşuq. Ortada ölümə sui-qəsd və ölüm faktları var.
Aləm qarışır. Güllə yarası alanları rayon mərkəzi xəstəxanasına çatdırmağa tələsirlər. Yaxşı ki, polis hadisədən vaxtında xəbər tutur və şöbənin rəisi polkovnik İslam Hümbətovun əmrinə əsasən yaradılan əməliyyat-axtarış qrupu Bəydövülə yollanır. Vaxtında görülən tədbir faciənin böyüməsinin qarşısını alır. Yaralılar xəstəxanaya aparılır. Əziz əmisi tərəfindən silahla birlikdə polisə təhvil verilir. Rəisin göstərişi ilə kənd və xəstəxana əməliyyat nəzarətinə götürülür.
Nicat aldığı yaradan ölür. Həkimlər çoxlu qan itirmiş Ağababanın həyatını xilas edirlər. Ağ ciyər nahiyəsinə keçmiş qırmaların çoxunu Səidin də bədənindən çıxarmağa müvəffəq olurlar. Qadının da həyatı təhlükəsi aradan qaldırılır.
Səhəri biz də Bəydövül kəndinə gedirik. İki qohum, iki qonşu bədbəxtliyə düçar olub. Yas mağarına girib-çıxanların qüssəli gözləri qarşı tərəfdəki bağlı darvazanı da eyni hisslərlə nəzərdən keçirir. O qapı, o həyət, o ev də faciənin eyni ağırlığını yaşayır.
Biz həm kənddə, həm də şəhərdə, xəstəxana həyətində kəndin bir çox sakinləri ilə söhbətlər etdik. Onlardan bəziləri uzun illərin qeyri-adi əhvalatlarını da danışmağa cəhd göstərir, heç nədən çəkinmədiklərini bildirirdilər. Bəzi həmkəndlilər isə bu müdhiş hadisə və onun ətrafında çoxlu məlumatlar versələr də, adlarının çəkilməməsini xahiş edirdilər. Biz də öz növbəmizdə xahiş edirdik ki, bildikləri məlumatlarla şahid qismində istintaqa köməklik göstərsinlər.
Bəydövül kəndində yaşayan bu qohum Xuduyevlər kimdir? Təkrar bu suala qayıtmaqda məqsədimiz cinayət hadisəsi ətrafında, bəzən də bu hadisəyə heç dəxli olmayan eşitdiyimiz ilginc faktları oxucuların da diqqətinə çatdırmaqdır. Məsələ burasındadır ki, əsasən mərhum Xudu Xuduyevin ailə dramları bu məsələnin köklərini, dekabrın 3-də baş vermiş faciəyə birbaşa dəxli olmayan köklərini uzaqlara aparır. Nicatın atası Xudu tez-tez içkili olub arvadını döyürmüş, evdə söyüş söyürmüş. O vaxtlar münasibətləri pis olmayan qohumlarını da eşitmirmiş belə vəziyyətlərdə. Xatırlayırlar ki, keçən əsrin 85 və ya 86-cı ilində, yəni sovetin Qorbaçov dövründə ailədəki növbəti insident zamanı orta məktəbin son siniflərində oxuyan Nicat anasının döyülməsinə dözməyərək evdəki tüvəngi götürüb doğma atasını güllələyib. Hansı səbəbdənsə o vaxt Nicata 3 il 6 ay həbs cəzası verərək 6 aydan sonra türmədən buraxıblar. Həmkəndlilərin dediyinə görə, Nicatın sonrakı həyatı Rusiyada bir sıra cinayətkar hadisələrlə zəngin olub. Əsasən də xuliqanlıq və soyuğunçuluq. Bunu öz qohumları da təəssüflə bildirirlər. Sonradan kəndə qayıdan Nicat özünün qeyri-adi davranışları ilə müəyyən qınaqlara da tuş gəlir. Qohumları ilə ilk ciddi münaqişə isə 2008-ci ildə baş verir. Ceyhun Xuduyevin (Ağababa Xuduyevin qardaşı) söylədiklərinə görə o vaxt Nicat özündən böyük qardaşı Yadigarla birlikdə Ağababaya və oğlu Əzizə hücum edərək onlara çoxsaylı bıçaq zərbəsi vurmuş, üstəlik hadisə yerinə gələn Ağababanın qoca atası Ağabalanı da küt zərbəylə bir gözündən məhrum ediblər. Yəni zərbədən kişinin gözü tutulub. Hadisə ilə əlaqədar cinayət işi qaldırılıb. Deyilənlərə görə Yadigar bütün cinayətləri öz üzərinə götürərək Nicatı növbəti həbsdən qurtarmağa çalışıb. Məhkəmənin hökmüylə Yadigar Xuduyevə 11 il həbs cəzası verilib və o, hazırda məhbəsdə cəzasının qalan hissəsini çəkməkdədir.
Bəydövül kənd sakini Sahib Nuruyev mənə yaxınlaşaraq soruşur ki, müəllim, bəs bu işlərin axırı necə olacaq?
Qohumlar bir-birinə düşmən, Nicat öldü, onun həyat yoldaşının, uşaqlarının günahı nədir? 24 yaşlı Əziz də istəmədən qatil oldug
Biz nə deyə bilərik ki?! Görün neçə illərdirg On illərdir ki, bu kənddə gizli-aşkar nələr baş verib?! Bəs bu kəndin ağsaqqalları, hörmətli şəxsləri hara baxırdı, niyə ciddi müdaxilələr, qınaqlar olmurdu. Elementar davranış, münasibət qaydalarını da hüquq-mühafizə orqanları daim nəzarətdə saxlaya bilməz ki! İnsanların özləri cəmiyyətdəki mövqelərini qayda-qanunlara uyğun qurmalıdırlar. Belə faciələrin, lap elə xırda görünə biləcək kriminal halların qarşısının vaxtında alınması üçün ilk növbədə polislə yaxınlıq etmək, məsləhət almaq, eləcə bütün hüquq-mühafizə orqanlarına vaxtında müraciət etmək günümüzün normal tərzi hesab olunmalıdır.
Sonda mən yenə bəydövüllülərin bu qanlı faciədən ruhdan düşməmələrini arzulayıram. İstintaq bu dəfə hadisəni ən dəqiq məqamlarına qədər araşdırıb ədalətli nəticəyə zəmin yaradacaq. Ancaq təəssüf ki, çoxlarına yazıq oldu.
Və sonda yenə Sabiri xatırlayıram. Bəydövülü, onun insanlarını, ağaclarını, çəmənliklərini, kəpənəklərini, hətta şoran düzlərini sevən, amma çox sevən şair Sabir Adili. Görün o, insanları, ən çox da həmyerlilərini necə təmiz, sadə və gözəl hisslərə kökləyirdig

Uşaqlar ayağa durunca
Bir şer yazsam,
Bir kitab oxusam,
Nə uğurlu olar bu səhərim.
Uşaqlar ayağa durunca
Bir quş olaydım,
Yeməklərini, içməklərini
tapaydım.
Uşaqlar ayağa durunca,
Əlimin, gözümün gücü
Ölümü ayaq açmağa qoymasa,
Nə uğurlu olar bu səhərim!..

Məzahir ƏHMƏDOĞLU

TƏQVİM / ARXİV