adalet.az header logo
  • Bakı 19°C

Sular altında qalan tarix!

FƏRHAD ŞABANOV
40425 | 2013-09-28 01:09
Ankarada elə bir dövr oldu ki, şəhərə hər gün yağış yağırdı. Bu dövr təxminən 20 gün çəkdi. Yağış yağanda elə yağırdı ki, elə bil göydən vedrə ilə su tökürdülər. Həddindən artıq çox yağırdı. Ancaq yağışın müddəti çox çəkmirdi. Təxminən 1-2 saat arası. Yağışdan sonra buludlar çəkilirdi, günəş çıxırdı. Heç hiss olunmurdu ki, 1 saat bundan əvvəl leysan olub.
Ancaq yağış yağanda yolları su basırdı, addım atmağa yer tapmırdın. Maşınların hərəkəti çətinləşirdi, yollarda tıxaclar yaranırdı. Ancaq yağışın yağması dayandıqdan sonra həyatın axışı normallaşırdı.
Ankara əhalisi bu anormal yağışlar zamanı yaranan xoşagəlməz vəziyyətlə bağlı narazılıqlarını bir neçə dəfə dilə gətirib. Halbuki, Ankara şəhərinin kanalizasiya sistemi ilə bağlı çox ciddi problemləri yoxdur. Baxmayaraq ki, Ankarada da bəzi tunelləri su basır hər dəfə yağış yağanda. Bu cür mühəndislik xaliqələrini dünyanın bir çox yerində görmək mümkündür. Ancaq Ankarada şəhərin mərkəzi küçəsi heç vaxt dizə kimi suyun içində olmur.
Amma Bakı...
Hər dəfə Bakıya gəlişimdə gördüyüm inkişaf məni sevindirirdi. Yeni tikilən binaların görünüşü, tarixi binaların restorasiya olunmuş halı və işıqlı küçələr insanın gözünü oxşayır. Bakıda şərqlə qərbin möhtəşəm sintezini görmək mümkündür. Necə ki, İstanbula hər il bu sintezi görmək üçün milyonlarla turist gəlir. Bu imkandan bizim əlimizdə də var. Ölkəmizi və ölkəmizin paytaxtını dünyaya daha yaxşı tanıtdığımız halda inanıram ki, Bakıya milyonlarla turist gələr. Çünki Bakı həqiqətən gözəl şəhərdir. Həm memarlıq cəhətdən, həm təbii.
Bütün bu müsbət əlamətlərlə yanaşı xoşuma gəlməyən cəhətləri də sıralamaq istəyirəm. Bir neçə gün bundan qabaq Bakıya anormal dərəcədə yağış yağdı. Bu həddindən artıq anormal yağış idi, çünki bir ay ərzində yağmalı olan miqdar, 4 saat ərzində yağdı. Bu cür yağış istənilən şəhərə yağsa, həmin şəhərdə xoşagəlməz hallar baş verər. Həmçinin Bakıda da. Küçələri su basdı, maşınlar suyun içində, hərəkət dayandı və s. Bütün bunlar anlaşılandı. Çünki heç bir kanalizasiya sistemi bu cür yağışlar üçün nəzərdə tutulmur.
Ancaq bəzi hallar var ki, adam görür və utanır. Utanır ki, mənim qürur duyduğum Bakının küçələri gör kimlərə əmanətdir. Hansı ki, həmin insanlar maşınlar üçün yeraltı dayanacaq tikir və bu dayanacağı yağış zamanı su basır. Hansı ki, həmin insanlar körpülər, tunellər tikir, ancaq tuneli elə su basır ki, taksi sürücüsü taksini suyun içində saxlayıb üzə-üzə ordan uzaqlaşır. Bunlar həddindən artıq biabırçı hallardır. Ən savadsız mühəndis belə hər hansı bir tikili tikərkən yağışı, qarı nəzərə alır. Mənə maraqlıdır ki, bu tikililəri görəsən kimlərə əmanət edirik. Yaranan bu biabırçı vəziyyətə görə məsul şəxslər cəzalandırılırmı?
İnzibati idarəni bir kənara qoyub əhalinin özünü idarəsinə baxsaq vəziyyət yenə ürəkaçan deyil.
Bir gün axşam saatlarında Nizami küçəsində dostumu gözləyirdim. Bir də gördüm nəisə hay-küy qalxdı. Baxdım ki, üç dənə turisti bizim yekəpər şəhər uşaqları qatıb qabağına. İkisi oğlandı turistlərdən, biri qız.
Təxminən 10 dəqiqə şəhərdə səs-küy oldu, yazıq turistləri təpiklədilər, ancaq heç bir hüquq-mühafizə orqanı işçisi gəlib çıxmadı. Yəni ki, şəhərin ən mərkəzi küçəsində turistlər üçün təhlükəsizlik istənilən səviyyədə deyil. Həmin turist bir də gələr bu ölkəyə? Ya da həmin turistin dostları, tanışları bu ölkəyə gələr, ya yox?
Əlbəttə gəlməz. Belə tərbiyəsiz əhalisi olan, yağış yağanda dizə kimi suyun içində olan şəhərə kim gələr? Heç kim.
Yenə də inamımı itirmək istəmirəm. Çünki hər bir canlı kimi azərbaycanlı da inkişaf edir. İnanıram ki, sadaladığım problemlər qismən aradan qaldırılacaq. Bu xalqın inkişafı və özünü sübutu üçün "asan xidmət" kimi yeniliklərə ehtiyacı var. Dünya səviyyəsində atılan hər bir addım cəmiyyət arasında istər-istəməz özünü doğruldur.

Fərhad Şabanov
[email protected]

TƏQVİM / ARXİV