adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Tarkanın etdikləri...

SAMİRƏ ƏŞRƏF
30579 | 2013-09-28 01:08
Bir uşaqlıq rəfiqəm vardı. Onunla uşaqlıqda çox mehriban olmuşduq. Yaşca məndən bir neçə bayram böyük idi. Amma dostluğumuz yaxşı tuturdu. Hara gedirdisə, məni də özü ilə aparardı. Novruz bayramlarında papaq atdıya, qapı pusduya gedəndə gəlib anamdan icazə alıb məni də özünə qoşardı. O, məndən fərqli olaraq çox çalışqan, savadlı bir şagird idi. Valideynlərimin həmin rəfiqəmin ailəsinə dərin hörməti vardı. Bunun da bir səbəbi mənim kiçik bacımla bağlı idi. Dumanlı olsa da, xatırlayıram ki, bacım dörd, beş yaşına qədər xəstə olub. Uşaq vaxtı bağçada onun mədə-bağırsağına hansısa mikrob düşmüşdü. Həmin mikrob bacıma çox əziyyət verirdi. Mənim bayaqdan sizə haqqında söhbət etdiyim rəfiqəmin uşaq həkimi olan atası Allah üçün deyək ki, neçə illər bacımın müalicə olunub sağalmasında çox zəhmət çəkmişdi.
Nəysə, qonum-qonşuluğun, dostluğun ən etibarlı vaxtlarında müharibə başlandı. Hərə öz canının hayına qaldı. Qaçaqaç, qovaqov düşdü. Hamı pərən-pərən oldu. Mən də həmin uşaqlıq rəfiqəmi o dövrdə itirdim....
...Amma həmişəlik yox. On səkkiz ildən sonra yazılarımın birini internet vasitəsi ilə oxuyan rəfiqəm həm mətndə baş verən əhvalatlardan, həm də fotomdan məni tanıyıb, tapdı. Və yəqin ki, uşaqlıq dostumu tapmağıma nə qədər sevindiyimi təsvir etməyimə ehtiyac yoxdu.
Günlərin bir günü həmin rəfiqəmlə görüşəndə mənə təxminən yarızarafat, yarıciddi belə bir söz dedi: "Mən internetin böyüklüyü qarşısında diz çökürəm". Demişdim axı savadlı və zəkalı qız idi. Günü bu günə qədər də həmin rəfiqəmlə çox vaxt internet vasitəsi ilə xəbərdar olub, hal-əhval tuturam.
Amma bu savadlı qızın dediyi beş-altı kəlməlik söz nədənsə məni həmişə düşündürdü ki, necə yəni internetin böyüklüyü qarşısında diz çökürəm... Axı internetdən əvvəl kitab olub. Sonra qəzet, radio, televiziya yaranıb. Bütün bu yaranışların yanından düz keçib internet haqqında bu qədər bəzəkli tərif söyləmək günah deyilmi?
Lakin zaman keçdikcə mən rəfiqəmin nə qədər dəqiq və doğru söz dediyini anladım. İnternet bizim hər zaman dadımıza çatan ən təcili vasitədir. Şəxsən mənim üçün internetin köməyi həddindən artıq çox olub. Bir çox insanlarla məhz internet vasitəsi ilə yaxın dost olmuşam. İstədiyim, mənə lazım olan materialları tapmaqda da internetin rolu əvəzsizdir.
Bu yaxınlarda da prezident seçkiləri üçün bir araya gələn namizədlərin debatını internetdən izləmək qərarına gəldim. Çünki, həmin veriliş efirə gedən vaxtı izləmək imkanım olmurdu. Nəysə, gecənin bir vaxtı oturdum bilgisayarın qarşısına. Açığı həmin debatlardan birini izləməyə yalnız onca dəqiqə hövsələm çatdı. Və necə oldusa mən həmin verilişlərin digər fraqmentləri arasında var-gəl edəndə, getdim düşdüm çox məşhur bir müğənninin xınayaxdı məclisinə. Həmin andaca ağlıma bir fikir gəldi ki, görəsən mən nə ağır günah işləmişəm ki, Allah-Təala məni bu cür dəhşətli və ironik bir cəzaya layiq bilib. Çünki, həmin xına mərasiminə sonacan necə baxdığımı bir özüm bildim, bir də Allah!
Deməli, xınayaxdı məclisində kişili qadınlı hamı milli libaslar geyinib gəlinlə, bəyi gözləyirlər. Gəlinlə bəy zala daxil olanda, hardansa bir rəqqasə bir dəstə qızla peyda olub alır gəlinin başının üstünü. Əlində də bir kasa xına, badya, ləyən ki, gəlinlə bəyi xınalasın. Xınalanmadan qabaq isə rəqqasə bir azca da mollalıq edib, xınanın içinə bir-iki güllə keçirməz dua oxuyub üfürür.
Sonra başlayırlar xına mərasiminə. Müğənnilər bir-birlərinə aman vermirlər. Sanki hamısı, mikrofonu yapışqanla barmaqlarına yapışdırıblar. Bir-iki mahnıdan sonra səsləri davam gətirməsə də, barmaqları mikrofondan yapışmağa davam gətirir. Nə isə belə məclis davam edir.
Mən sadə xalq nümayəndələrinin, fəhlənin, satıcının, müəllimin toy-düyünə olan aşırı marağını hardasa anlayıram. Çünki, insanlar konsertlərdən, teatrlardan, başqa bir çox əyləncələrdən özlərini məhrum ediblər, ya da ki, məhrum olunublar. Çünki, incəsənət gözəllik tələb etsə də, həm də yaxşı pul, maddi imkan tələb edir. Amma bizim bu nanay-ninayçılarımızın təmtəraqlı toylarda dingildəmələrinə, bir-birləri ilə yarışa girmələrinə bir yozum yoza bilmirəm.
Ay anam, ay bacım sənin günün-güzarın onsuz da öz dilinizlə desək el şənliklərində keçir. Yəni bu qədər şənliklər sizi yormurmu, bir də təzədən ətək-ətək xərc çəkib özünüzə bu qədər əziyyət verib şənlik düzəldirsiniz. Axı siz bu işlərin içində ola-ola necə olur ki, öz xeyir işinizdə baş verən adidən də adi, ancaq pul tələsi olan, qondarma toy rituallarına üstünlük verirsiniz. Nə olar ki, həmin xınayaxdıya, qız apardıya xərclədiyiniz pulun yarısının yarısını bir yetimə verib sevindirəsiniz. Lap elə bir məktəb, bağça, nə bilib kitabxana tikdirəsiniz. Həm adınız tarixə düşər, həm də savab qazanarsınız.
Xarici şou-biznesin pis əməllərini tez mənimsədiyiniz kimi nə olardı ki, yaxşı əməllərinə də bir göz ataydınız. Çox uzağa getməyək, elə qardaş ölkə olan Türkiyəyə, oranın sənət insanlarına bir fikir verin. Bir balaca əli çörəyə çatan müğənni, aktyor o dəqiqə ya bir məktəb inşa etdirir, ya da bağça.
Bu yaxınlarda az qala bütün türk xalqı müğənni Tarkanı güllə-boran edirdi ki, hamı bağça, məktəb, xəstəxana tikdirib, bircə ondan başqa. O niyə bircə məktəb inşa etdirmir?! Tarkan da, sağ olsun bütün təhər-töhmətlərə bir kəlmə ilə cavab verdi. "Sağ əlin verdiyini, sol əl bilməməlidi. Mən etdiklərimi bir Allah bilir, bir də mən".
İndi əziz nanay-ninayçılar mən demirəm ki, siz hamınız çevrilib Tarkan olun. Türklər demişkən zatən bu iş bir az zor. Amma heç olmasa, onun sağ əllə etdiyi əməllərdən bircəciyini də siz edin ki, ürəyimiz sərinləsin.

Samirə Əşrəf

TƏQVİM / ARXİV