adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Yataqdan kənardakı xoşbəxtlik

XURAMAN HÜSEYNZADƏ
42511 | 2013-09-28 01:00
Kənardan baxanlar həmişə ona bəxtəvərlik verir. Ev-eşiyi, balaları, geyim-kecimi... Ərinin işi-gücü. Ayaqları yer görmür. Hara lazım olsa əri maşınla aparıb-gətirir. Di gəl, gözlərində elə bir kədər var ki... Danışar, gülər, gözləri onu tez ələ verər amma. O gözəl gözlərinin dibində bulanan kədəri görmək üçün gərəkdir ki, insan xislətindən anlayasan. Çünki onun kimilər yer üzündə çoxdur. Lap çox...
Ər-arvad münasibətindən söhbət edirdik. "Çəkişməsən bərkişməzsən", - dedim. "Çəkişirik ki, bərkişək də" - sualını verdi. Nə mənada dediyini anlamağa çalışmağa macal tapmamış özü aydınlıq gətirdi: "Bərkişmək üçün gərək çəkişəsən. Çəkişmək üçün də gərəkdir ki, söhbət edəsən. Bir-birini anlamağa çalışasan və ya anlamayasan. Bizdə isə bunların heç biri olmur. Çünki söhbət də etmirik. Mənim həmsöhbətim dörd divar və bağça yaşlı uşaqlarımdı..."
Demək ki, bir-birini anlamaqdan böyük xoşbəxtlik yoxdu. Xarakterin üst-üstə düşməli, eyni sahənin adamı olmalı, həyata baxışın uyğun olmalıdır - həmişə xoşbəxtliyi kompakt halda bu cür təsəvvür etmişəm. Məsələn, yaradıcı adamsansa, yaradıcı adamla, həkimsənsə, mühəndissənsə, öz sahənin adamı ilə ailə qurman xoşbəxtlikdir. Eyni sahə haqda fikir mübadiləsi aparmağın nəyi pisdi ki? Müxtəlif istiqamətlərə baxsanız da baxışlarınız dönüb-dönüb eyni nöqtədə toqquşacaq. Ən böyük xoşbəxtlik həmin "nöqtə"dir. Hansı ki, sən orda sevdiyin insanla dünyanı eyni rəngdə görə bilirsən... İnsanın ən böyük dərdi dörd divara könül vermək, həmin divarlarla həmsöhbət olmaqdır. Divar kağızlarındakı naxışları saymaqdan bezəndə kağızları dəyişər tənha adam... Və bu tənhalıqdan bezməyə "boşanmaq" adı verilən mərhələyə qədəm qoyar bir gün. Ərlə arvadı bir-birinə yataqdan başqa da bağlayan nəsnələr var...
Çexovun "Qadası" hekayəsinin qəhrəmanı Olenkanın birinci əri Kukin şəhər teatrının icarədarı olur. Kukin, teatr və aktyorlar haqda nə desə Olenka da onu təkrarlayır. Əlbəttə, Olenka bu işi Kukin qədər incəliyinə qədər dərk etmir. Amma o, söhbət acıdır və xoşbəxtliyi həm də ərinin işini sevməkdə görür. Nə qədər özünün sərbəst düşüncəsi olmasa da dörd divarla həmsöhbət olan ər-arvadlar kimi etmir. Kukin dünyasını dəyişəndən sonra Olenka, taxta anbarının müdiri Vasili Pustovalovla evlənir. Olenka bu dəfə əri ilə taxta-şalbandan danışmaqdan böyük zövq alır. Sonra söhbətlərinin məcrası baytarlığa tərəf yönəlir. Olenka qocalır və tək qalmalı olur. Yazıçı bu yerdə insanın özünün rəyi olmamasının dəhşətini göstərir. Olenkanın həyata baxışının, situasiyalar haqda rəyinin təyinatçısı həyat yoldaşları, sevdiyi insanlardır... Ən sonda qadın, təklikdən yaxasını qurtarmaq üçün evində saxladığı ailənin məktəbli oğlu ilə həmsöhbət olur. Bütün gün məktəb qayğılarından, məktəblinin problemlərindən danışır, öz oxuduğu dövrlə indiki dövrü müqayisə edir. Hətta uşağı özü saxlayır, məktəbə yola salır, yedirir, içirir, dərslərini hazırlamağa kömək edir... Və o, xoşbəxtdir. Danışmağa mövzu, həmsöhbət tapdığı üçün xoşbəxtdir...

Xuraman Hüseynzadə
[email protected]

TƏQVİM / ARXİV