adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

GERİYƏ BAXANDA: İKİNCİ DÖNƏM

TOFİQ ABDİN
37471 | 2013-09-28 00:34
Zaman o Zaman idi... O Zaman ki, unudulmaz dramaturqumuz İlyas Əfəndiyev demişdi: "GERİYƏ BAXMA, QOCA..." Amma insan istər-istəməz geriyə baxmalı olur və özəlliklə yazar tayfasının, şəxsən mənim özüm zaman-zaman geriyə baxmağa məcburam. Geridə bir o qədər şirin günlər olmasa da, bir çox təsəlliverici şeylər yaşanmışdır. Bu məqamları və olanları yada salmaq həm də ibrətamiz bir ovqatın yaranmasına səbəb olur. İstər şəxsi yazarlıq həyatımızda, istərsə də bizdən öncə yaradan sənətkarların yazılarında elə anlar var ki, bu günümüzün içindən çıxan məqamların ta özüdür. GERİYƏ BAXANDA proyektimizin İKİNCİ DÖNƏMində də ömrün müəyyən məqamları öz yazılarımla birlikdə, zaman-zaman klassiklərin əsərlərindən istifadə edəcəyim yazılarda da son dərəcə öyrədici məqamların olduğunu görəcəksiniz.
Xatırlayıram ki, bir müddət öncə bir xanım əfəndi metronun içərisində yanaşır mənə, mənim onu tanımadığımı bilmir və deyir: "Tofiq müəllim, sizinlə bir şeyi məsləhətləşmək istəyirəm. Vaxtınız varmı?"
Mən yenə də onu tanımıram, tanımağa cəhd eləyirəm. O danışır və bu danışıq əsasında onun qələm sahibi olduğunu başa düşürəm. (Bir yazısının adını deyəndən sonra).
Bu xanım əfəndini SÜMSÜKLƏR ƏDƏBİYYATI çox narahat etmiş, hətta belə kitablardan biri haqqında yazı da yazmış və kitabın müəllifi "ya Allah deyib" gəlmiş redaksiyaya, qorxutmuş, hədələmiş... Bu xanım da güman ki, bu işin öhdəsindən təkbaşına gələ bilməyəcəyini düşünüb, bir adama dərdini anlatmağı kafasına qoymuş, bu dərdin içində də Yazarlar Birliyini daha rəsmi yer bilib oradan yardım ummaq kimi bir fikrə düşmüş və indi mənə dediyi də budur ki, SÜMSÜKLƏR ƏDƏBİYYATININ qarşısını necə almaq olar?
Mən donub qalıram!
SÜMSÜKLƏR ƏDƏBİYYATI nə zamandan yaranmağa başladı? Mən belə baxıram ki, bu cür kitablar məhz müstəqillik qazandığımızdan sonra meydana gələn kitablardır və müstəqil ədəbiyyatımızın bugünkü nümayəndələri indi bütün güclərini işə salıb bu sümsüklər ədəbiyyatını bizim kitab rəflərimizə doldururlar. İndi müstəqil dövr ədəbiyyatını yaradanlar bu iş ətrafında tamam özlərini unudublar, onlar bu SÜMSÜK ƏDƏBİ ƏSƏRLƏRİ və Sovet ab-havasından daha çox qorxulu olan sümsük ab-havanın heç də utancını çəkmirlər.
Tamam, canım, heç onlar da bu işdə günahkar deyillər, amma Sovet dövrü və ya müstəmləkə ədəbiyyatının üstünə bu qədər gedənlər bir az bu xanım kimi düşünsələr və yazdıqları yazılarında bunun səbəbini axtarsalar və görsələr ki, onların tay-tuşları və onlardan bir az yaşlılar nə cür ədəbiyyat yaradırlar, o zaman insaflarını qırağa qoymazlar.
O xanımı o gündən mən görmədim, amma xanım çox narahat idi o gün və bu narahatlığa cavab tapmaq üçün bir az Yazarlar Birliyindən kömək umurdu. Amma mən ona çox qısa bunu dedim: "Xanım əfəndi, bu məqamda Yazarlar Birliyi SÜMSÜK YAZARLARIN qarşısını ala bilməz. Çünki Yazarlar Birliyi indi o qüvvədə deyil ki, bütün şəxsi nəşriyyatları təftiş etsin, buna heç icazə də verməzlər".
(Burada kiçik bir not: istedadlı yazar Qan Turalı uzun mübarizədən sonra insafa gəlib bir həqiqəti açıqladı: ANAR NEYLƏSİNg (kulis.az 02.09.2013)
Bu sümsüklüyün yolu müstəqillik dövrü açıldı. Məsələn: kartof satan kartof satmağını buraxıb gəldi qapısı açıq Yazarlar Birliyinə, orada bir çay içib, kağız-qələmi qoydu qabağına və başladı ağzına gələni yazmağa, nə böyük bildi, nə kiçik. Və indi baxın: özəl bir qəzet bunu çap eləyir, siz də əsəbiləşirsiz bu boz sətirlərdən, sümsük kitablardan və sümsük ab-havadan.
Vallah, burda daha başqa cür fikirləşə bilmirəm. Bu cür hərc-mərclik (hələlik bunun adını qoyaq: MÜSTƏQİL ƏDƏBİYYATIMIZIN SÜMSÜK YAZARLARI ) baş alıb gedirsə, bunu yaradanlar da müstəqillik çocuqlarıdırsa, o zaman sənin, mənim və başqasının da zəhməti boş bir şeydir.
Baxın, müstəqillik dövrünün ədəbiyyatını yaradan gənc qüvvələrimiz hələ özündən yaşlılarla məşğuldur, bu, onların haqqıdır, məşğul olsunlar, amma baxsınlar ki, onların böyür-başlarında hansı müstəqil dövr ədəbiyyatı yaranır və bunun üçün indidən Sizin kimi narahat olsunlar.
Mən bu xanımın qeyrətini başa düşür və onu da başa düşmək istəyirəm ki, bizim hər birimizin tutalım ayıbı olan sovet dövründən kim nə qədər yararlanıb? Bunu anlamaq gərəkdir və bir də dünyanın öz gərdişi var. Siz elə bir dövrə tuş oldunuz ki, bu dövrdə SÜMSÜK YAZARLAR və SÜMSÜK KİTABLAR qəddinizi açmağa qoymadığı halda, siz onun altından çıxmağın yollarını aramaqdansa, heç bir insafa dayanmayan, təkrar-təkrar eyni şeyləri tutuquşu kimi deməklə və yazmaqla məşğulsunuz. Təkrar edirəm: bu sümsük yazarlar və bu sümsük kitablar məhz sizin gözünüzün qabağında meydana çıxır, bir xanım bunu başa düşür və buna qarşı mübarizəyə qalxır, siz isə, əksinə əlinizə düşən fürsətdən istifadə eləyib Sovet dövrünü və bu dövrə taleyi tuş gələn insanları, yaradıcıları təftiş edirsiz. Qardaşlar, SİZLİ-BİZLİ yaşadıq o dövrü (atamız, anamız bizi məhkum etdi o dövrə). Amma bu qızcığazın narahatlığının məsuliyyətini məhz siz daşıyırsız. Bu sümsük yazarlar, bu sümsük kitablar, sümsük ədəbiyyat məhz müstəqillik dövrünün məhsuludur və nə bəxtəvər, siz də bu sümsük ədəbiyyatı yaradanlar içərisində itib-bataraq sümsük ab-hava yaradırsınız!
Və bütün bunlardan sonra biz ƏDƏBİ HADİSƏ axtarırıq. Nədir bu ədəbi hadisə və o lazımdırmı? Qələm sahibləri bu iki sözün nədən aşiqidirlər?
Şairlər şeirlərini yazırlar, nasirlər aradabir nəsr əsəri yazır və hətta oxundu-oxunmadı roman yazan yazarlarımız da romanlarını yazırlar və publisistikamız da öz hızıyla irəliləməkdədir. Ədəbi camiəmizdə söyüş, təhqir və sataşmalar olsa da, bütün bunların qabağını alan heç bir qüvvə bu gün bir başqasına heç nə diktə eləyə bilməz və bu gün görünən odur ki, hətta bir zamanlar mükafatları lağa qoyan atak yazarlarımız ona verilən ordenlərdən də heç imtina edənə oxşamırlar və cani-dildən bu mükafatı qəbul eləyirlər. Çünki hər kəs özünü buna layiq bilir (başqalarını bilməsə də).Bir çoxu bu dəyişən dünyada bir elə dəyişməsələr də, həyat öz işindədir və onlar keçmişlərinə sığınaraq hələ çox mükafatlar ala bilərlər. Vallah onları da qınamalı deyil, görünür, bu zəhrimar mükafat elə bir şeydir ki, bundan imtina eləmək, dostdan imtina eləməkdən çətindir. Amma onu alana qədər demoqoji şeyləri yazmaq və danışmaq o qədər asandır ki, danışıb, yazıb - alan kimi, bir susqunluq da yaranır bəzən...
Bədii mükafatlar verilir, alınır və ən təəccüblüsü budur ki, bir zamanlar sovetlərdən alınan mükafatlar indi qınaq nöqtəsi olmasına baxmayaraq, heç kəs bu qınaqdan dərs almağı düşünmür və hətta kiçik-kiçik altı aylıq, bir illik şirnikdirici mükafatlar da belə icad olunub indi. Bunu da alanlar var, alsınlar, amma bütün bunların fonunda dəhşətli bir ağrı da keçir bu gün əbədi camiəmizin içindən: Onun da adı budur ki, hadisə ola biləcək əsərlər yaranmır! Ədəbi hadisə!!! Və mən bunu başa düşmürəm, əgər ədəbi hadisə yoxdusa, onda bu ordenlər və bu mükafatlar niyə verilir? Yəni, ədəbiyyat indi lilli axar çay kimi öz yoluna davam edir və bu gün çox haqlı olaraq hadisə roman, nə bilim hadisə povest yaranmır və bir sürü şair və şer yazanlar gündə bir kitab çap etdirirsə, iç tərpədən şeylər yaranmır.
Və ya ƏDƏBİ HADİSƏ OLAN ƏSƏRLƏR YA-RAN-MA-LI-DIR-MI, VA-CİB-DİR-Mİ?
Bunu açıq deyirəm: bir o qədər ədəbi haqqım olmasa da, (amma haqqım var) bir yaradıcı kimi bunu yazmağa haqqım var ki, lap gəncliyimdən mən bu ƏDƏBİ HADİSƏ deyilən şeyin əleyhinə gedən bir insan olmuşam və ədəbi hadisə qədər məni çiyrəndirən ikinci şey olmayıb. Ona görə ki, ədəbi hadisə də bir çox həngamələr kimi bir zamanlar ədəbi tənqidin icad etdiyi yaradıcıları üz-üzə gətirmək üçün istifadə olunan SOVET bicliyidir. Və bir yaradıcını və ya bir əsəri irəli çıxarmaqla toqquşmalar yaradıb cəmiyyətin müvazinətini pozmaq kimi bir dilemmanın özü idi. Bu ədəbi hadisələrə tuş gələn əsərlər yalnız və yalnız müsahibələrdə xatırlanır və bəlkə də bu da təbii bir şeydir, amma bu ədəbi hadisə özü dünyanın harasında kəşf olunub, bunu mən başa düşməkdə çətinlik çəkirəm. Ədəbiyyat sakit, öz axarında getdiyi bir zamanda birisi çıxır və deyir Dardanel boğazı haqqında yazılan bu əsər ədəbi hadisədir və bu ədəbi hadisələri az görmədik. Və indi məlum oldu ki, o ədəbi hadisələr ədəbi ağlaşmadan başqa bir şey deyilmiş. Bunu ona gərə eləmişlər ki, eləmək lazımdır.
İndi ədəbi hadisə olacaq əsərlər yoxdur. Görünür, artıq buna ehtiyac da yoxdur. Ona görə ki, hər kəs öz işiylə məşğul olanda insan heç bir hadisəyə rast gəlməz və indi elə bir qadağa da yox başımızın üstündə. Hadisə qondarmasını yaradanlar yox, hadisəni sifariş verənlər yox.
(Burada bir not: həqiqətən bir çox ölkələrdə tanınan və sevilən yazıçımız Anar bu yaxınlarda çox acı bir həqiqəti özünə məxsus ifadə etmişdi: MƏNƏ DÜNYA ŞÖHRƏTLİ YAZIÇI DEYƏNDƏ ƏTİM TÖKÜLÜR!!!!!)
Bunu yalnız böyük yazıçı etiraf edə bilər.
Bir oxucu kimi, lap bir ədəbiyyatı başa düşən bir oxucu kimi mən bu hadisə deyilən əsərin nə zaman yaranacağını və kim tərəfindən yaranacağını belə şübhə ilə qarşılayan bir adamam və heç bir şeyi şişirtmədən hadisə-madisə axtarmadan ədəbiyyatda ən kiçik dərdlərin ifadəsi mənim üçün bir hadisədir və bugünkü günümüzün ritmi və surəti daha böyük şeylər yazmağı bir qırağa itələyir, daha anlaşıqlı və daha ağrıdıcı şeylər, yazmaq kimi missiya ortaya çıxıb ki, indi heç bir inciklik olmadan, demək lazımdır ki, insanların roman və povest oxumağa hövsələsi yoxdur.

[email protected]
www.tofigabdin.com
Tofiq Abdin

TƏQVİM / ARXİV