adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Gezi Parkı derbisinin qalibi Real Madrid oldu!

FƏRHAD ŞABANOV
35464 | 2013-09-21 00:35
Türkiyədə Gezi Parkı məsələsi o dərəcədə kütləvi hal almışdı ki, tamam fərqli ideologiya sahibi insanlar çiyin-çiyinə mitinqlərdə iştirak edirdi. Türk insanı Qurtuluş illərindən bu yana görmədiyi bərabərliyi Gezi Parkı hadisələrində görmüşdü. Hətta əzəli və əbədi düşmənlər olan (dost deyənlər də var) Beşiktaş, Qalatasaray və Fənərbaxça azarkeşləri belə mitinq zamanı bir-birinə kömək edir, polisə qarşı ciddi müqavimət göstərirdi.
İnsanların gözləri kəlləsinə çıxmışdı. Çünki bu təbəqənin - futbolla aktiv maraqlanan - insanları əsasən dava, qırğın, bıçaqlaşma, söyüş kimi sözlərlə assosiasiya olunurdu. Gezi hadisələrində isə onlar bir-birinə kömək edir, yaralıları yerdən qaldırır və s.
Futbolda yeni sezonun başlamasıyla "mələk" roluna bürünən bütün aktiv futbol azarkeşlərinin maskası düşdü. Türkiyəni təmsil edən rəqib komandanın başqa ölkəyə məxsus xarici komanda qarşısındakı məğlubiyyəti bu azarkeşləri elə sevindirdi ki, elə bil azarkeşlik etdiyi komanda dünyanın bir nömrəli kubokunu udub. Bu xuliqan azarkeşlər yenə bir-birinə söz atmaqla, bir-birini bıçaqlamaqla, azarkeşlik etdiyi komandanın rəqiblərini alçaldıcı şüarlar səsləndirməklə gündəmə gəldi.
Fənərbaxça ve Beşiktaşın UEFA tərəfindən cəzalandırılması qalatasaraylıları, Qalatasarayın Real Madrid qarşısındakı 1-6 hesabı ilə biabırçı məğlubiyyəti isə digərlərini sevindirdi. İndi bu insanlar əsl üzləri ilə bir-birinin qarşısındadır. Necə ki, həmişə...
Ancaq Türk xalqında çox böyük ümidlər yaranmışdı ki, artıq futbol şiddəti bu ölkəni tərk edəcək. Hətta bu 3 rəqibin bir-biri ilə keçirdikləri maçlarda ancaq ev sahibi komandanın azarkeşləri iştirak edə bilir. Çünki rəqib komandanın meydanına getmək qadağan edilib. Ona görə ki, hər dəfə bu rəqiblər qarşılaşanda qan tökülür, insanlar ölürdü. Artıq insanlar ümid edirdi ki, bu qadağa qalxacaq və insanlar çiyin-çiyinə futbol maçına baxa biləcək. Ümidlərin ömrü elə də uzun olmadı... Hamısı vaxtından öncə gözlərini yumdu.
Gezi Parkı dirənişi kimi xalqın kütləvi dirçəliş və düşünüş formaları tarix boyu bir-birinə çox uzaq dövrlərə təsadüf edir. Türkiyədəki xalqların, ideologiya əsrlərinin, xəstə düşüncə tərzinə malik futbol azarkeşlərinin yenə bir araya gəlib çiyin-çiyinə duracağı zamanı bəlkə bir də görmədik. Ancaq biz onu gördük ki, Türkiyə cəmiyyətinin bir-birindən qoparılmış həddindən artıq çox təbəqəsi var. İnsanları bir-birindən ayıracaq bütün düşüncə tərzləri, bütün yaşayış formaları, ideologiyalar sonuna qədər insanların qanına yeridilib.
Türklər kimi hər an hər şeyi edə biləcək cəsarətə malik xalqları kontrol altında saxlamaq üçün, onları kütlələr halına böləcək siyasət yürütmək məntiqə uyğundur. Ona görə Qərb dövlətləri Türkləri bir-birinə düşmən edəcək cərəyanları həm dəstəkləyir, həm yenilərini yaradır. Sosial şəbəkələrdə Türklərin bölünmüşlüyünün sübutlarını tapmaq çox asandır. Həm tvitterdəki başlıqlara baxa bilərsiniz, həm facebookdakı səhifə adlarına.
Hər şey çox aydındır. Bu xalqı xəstələndiriblər, özü də ölümcül. Sağalması üçün möcüzə lazımdır, Atatürk kimi. O da ki, bu dövrdə çox çətin. Allah rəhmət eləsin.

Fərhad Şabanov
[email protected]

TƏQVİM / ARXİV