adalet.az header logo
  • Bakı 17°C

Ölüb, ölüb də, qoca kişiydi

SAMİRƏ ƏŞRƏF
48022 | 2013-09-21 00:32
Rayondakı köhnə evimiz raykomun binasının arxasında yerləşirdi. Həmin ev anamın xalasından miras qalmışdı. Açarları həmişə nənəmdə olardı. Qohumlardan kimin başı ev sarıdan çətinliyə düşərdisə, nənəm evin açarlarını onlara verərdi. Günlərin birində elə çətinliyə düşənlərdən biri də elə nənəmin öz qızı oldu. Nənəm də öz ayağıyla gəlib həmin evin içini, çölünü təmizləyib qızının ailəsini o evə köçürtdü.
Müəllim işləyən atam gündüzlər dərs deyir, gecələr isə təzə torpaq sahəsindən aldığı yurdda bizə ev tikirdi.
Qardaşımla mən bütün günü həyət-bacada atılıb-düşürdük. Evə qapanmaq, saatlarla televizora baxmaq indiki uşaqlar kimi heç ağlımıza da gəlməzdi. Anam da səhər açılandan axşama qədər qaldığımız iki gözlü köhnə evin məişət qayğıları içərisində var-gəl edirdi.
Evimizdən üç yüz metr aralıda bir yarğan vardı. Az qala bütün rayon camaatının zibilləri həmin yarğanın ətəyindəki zibil qablarına boşalırdı. Qoxu yaddaşım zəif olduğuna görə indi deyə bilmərəm ki, ordan necə qoxular gəlirdi. Amma hər halda iysiz küllük olmaz.
Mən zibilxana sözünü Bakıda öyrəndim. Rayonda olanda belə yerlərə küllük deyərdik. Bunun da səbəbkarı bəlkə də küllükçü Murtuza idi...
... Küllükçü Murtuza yaşı əllini ötmüş bir kişi idi. Ruhi xəstəydi. Yay-qış əynində uzun boz plaşı, başında bir qulağı sallanan əsgər papağı olardı. Murtuzanı kim axtarsaydı, (hərçənd ruhi xəstəxananın həkimlərindən başqa heç kim axtarmazdı) mütləq həmin küllükdə tapardı. Çünki, o, bütün günü küllükdə eşələnib qaş qaralanda çiynində bir yığın zir-zibil, dəmir-dümürlə yalın başında olan daxmasına daşıyıb aparardı. Biz uşaqlar əvvəllər ondan qorxsaq da, sonralar onun zərərsiz bir adam olduğunu görüb qorxumuza qalib gəldik. O, evinə gedəndə onun arxasına düşüb hərəkətlərini izləyərdik. Küllükçü Murtuza tavanı çökmüş sınıq-salxaq bir daxmada yaşayırdı. Daxmanın içi, çölü zir-zibillə dolu olardı.
Biz onun evinin ətrafında dövrə vurub hər şeyi öz uşaq ağlımızla "analiz" edərdik. Murtuza evinin pəncərəsindən bizi görərdi. Amma bizə heç nə eləməzdi.
Ancaq bir dəfə o, zibil qutularının içərisində eşələnəndə biz ona yaxınlaşıb baxmağa, küllükçü Murtuza deyib qışqırmağa başladıq. Bizi zibilliyin içərisində görən Murtuza qışqırıb bizi ordan qovaladı. Hər dəfə qışqıranda da "kış, kış, kış" deyərdi. Həmin gündən sonra biz nə Murtuzaya, nə küllüyə tərəf getmədik.
Sonralar Murtuza tamam ağlını itirdi. Həmin küllüyün zibillərini daşıyıb ətrafa səpələməyə başladı. Təbii ki, ətrafdakı insanlara onun bu əməlləri xoş gəlmədi. Murtuzaya nə qədər çığır-bağır eləsələr də, üstünə qarğışlar yağdırsalar da, o, öz əməlindən qalmırdı. Axırda əlacsız qalıb həmin zibil qutularının yerini mərkəzdən uzaq bir yerə köçürtdülər ki, Murtuza gedib oralarda eşələnsin.
Otuz ildən çox yaşı olan keçmişimdən Murtuzanı eşələyib çıxarmağıma bu yaxınlarda gördüyüm bir görüntü səbəb oldu.
Məktəblər açılandan sonra uzun incə yollar da görünməyə başladı. Həmin yolun üstündə mənim üçün doğma bir məkan var. Bura uşaq bağçasıdı. Bu bağçanın mənim üçün doğmalığının əsas səbəblərindən biri orda tər-təmiz, ürəkləri hələ heç nədən kirlənməyən körpələrin olmasıdı. Digər tərəfdən isə mənim öz uşaqlarımın da həmin bağçada uşaqlıqlarını keçirmələridi.
Bəlkə də çox sentimental səslənəcək. Amma mən uşaqlarımın uşaqlığını xatırlamaq üçün onları sonralar həmin bağçanın yaxınlığında olan məktəbə qoymalı oldum. İndi hər dəfə o bağçanın yanından keçəndə özümün, övladlarımın ötən günlərini xatırlayıram.
Nəysə, qayıdaq bağçanın kənarındakı mənzərəyə. Deməli bu bağça may ayından təmirə dayanıb. Həmin vaxta qədər bağçada olan bütün görüntülər 80-90-cı illəri xatırladırdı. İndi isə təmir artıq bitmək üzrədi. Amma, bir amma var ki, əvvəllər bağça ilə üzbəüz mağazaların, sallaqxananın qarşısında yerləşən nəhəng zibil yeşiklərinin yerini dəyişib düz bağçanın kandarına qoyublar...
"Uşaqlar bizim gələcəyimizdir" deyən insanlar hara qeyb olub görəsən?! Niyə bizim cəmiyyətdəki insanlar hətta özlərinə qarşı bu qədər ikiüzlü və rəhmsizdilər. Hər gün uşaqlarının əlindən tutub bağçaya gətirən valideyn, yarım saatdan sonra bir vedrə zibili gətirib tökür həmin bağçanın qarşısına. Uşaqlarının günlərinin çox hissəsini keçirtdikləri, qidalandıqları, dincəldikləri, şənləndikləri bir məkana bu qədər sayqısızlıq hardan və necə yaranıb? Axı həmin zibillər çoxaldıqca, üfunət iyi də ətrafa yayılır. Sonra da uşaqlar otaqların açıq pəncərələrindən içəri yayılan həmin üfunətli havanı qəbul edirlər.
Yəni həmin yeşikləri bağçanın qarşısına düzən insanlar başqa bir yer tapmırlarmı?! Budurmu, gələcəyimizə, dəyərlərimizə verdiyimiz qiymət.
Ümumiyyətlə mən bu barədə çox yazmışam, bir daha yazmağı özümə borc bilirəm ki, bizim xalqın təmizlik barədə çox ciddi çatışmamazlıqları var. Evinin pəncərəsini günə beş dəfə silən "xanım-xatın" bir xala əlinə nə gəldi eyvandan, qapıdan bayıra vızıldadır. Bizim insanların təmizlik haqqında düşüncələri evlərinin kandarına qədərdi. Ordan o tərəfə dizə qədər üfunətə batsalar da veclərinə deyil.
Bananın təzə çıxan vaxtlarında bizim qonşuda yaşayan yaşlı bir kişinin ayağı altında qalan banan qabığı onun yıxılıb ölməsinə səbəb oldu. Ümumi yanaşma isə belə oldu. "Ölüb, ölüb də, qoca kişiydi". Daha heç kim anlamaq istəmir ki, qoca kişi də insandı.
İndi mən bu yazını bitirib həmin yola yenidən üz tutmalıyam. Bağçanın yaxınlığından keçəndə isə daha öz uşaqlarımın körpə çağlarını xatırlaya bilmirəm. Üfunət iyi, iyrənc mənzərə buna mane olur. Öz uşaqlıq xatirələrimi qurdalayıb küllükçü Murtuzanı düşünürəm. Fikirləşirəm ki, kaş küllükcü Murtuza sağ olaydı gəlib həmin zibilxananı eşib dağıdaydı. Bu işə səlahiyyəti olan adamlar da əlacsız qalıb zibil qutularını ordan götürüb başqa yerə qoyaydılar.

Samirə Əşrəf

TƏQVİM / ARXİV