adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

İki eşşəyin arpasını bölə bilməyənlər

XURAMAN HÜSEYNZADƏ
47813 | 2013-09-21 00:32
Hər yerdə onlara yaşıl işıqdı. "Gözün üstə qaşın var" deyənləri yoxdu. İki eşşəyin arpasını bölə bilməmələrinə baxmayaraq zamanın nəbzini əla tutublar: hər şeyin ən gözəli onların olmalıdır. Binamusluq edib gündəmə gəlməyi ar bilməzlər. Süni gözəllikləri, fonoqram ifaları ilə bəy kefində yaşayarlar. Başqaları illərlə əziyyət çəkib elm öyrənər, kitab oxuyar, gözləri eynəkli, başları dolu, cibləri boş olar, onların isə başları boş, cibləri dolu olar. Taleyin ironiyasıdır bu! Bu qədər ziyalı özünə oxucu auditoriyası yığa bilmədiyi halda onların fanatları izdiham yaradar.
Alim, yazıçı, şair, jurnalist kasıbdır. Onların oxucusu 20, 40 qəpik verib qəzet ala bilmir, internetə pul tapmır. Amma yüzlərlə gənc, yaxud evdar və ya boş-bekar insan onların-müğənnilərin konsertlərinə bilet almağa pul tapır, disklərinə para xərcləyir, toylarına dəvət edir. Bir məclisdə heç kim istedadlı bir yazıçı, şairlə şəkil çəkdirmədiyi halda müğənnilərlə şəkil çəkdirmək üçün növbəyə dayanarlar. Bir sözlə, onların çörəyi adamlardan çıxır. Yəni elə hamımızdan. Cibimizə qəsd edib televizor alırıq, işığa pul verib, vaxtımızı xərcləyib həmin televizoru açırıq. Bunlardan başqa heç kəsi görmürük. Sürətlə kanalları çeviririk, yenə bunları görürük. Üstəgəl korlanan əsəbimiz. Demək ki, bunların qazancı bizim itkilərimizdən çıxır.

***
-Ata, filan müğənninin konsertidir, uşaqlar gedəcək, pul ver, gedim bilet alım.
-Ay bala, ona verdiyin pulla bazara gedərəm, filan qədər ərzaq alaram.
-Yox, uşaqlar da gedir, pul ver.
Arxasınca zır-zır ağlayır. Naəlac qalan ata bəlkə də cibindəki son pulunu çıxarıb yeniyetmə qızına verir. Təki uşağı ağlamasın, dostlarının yanında xar olmasın. Bu hadisənin şahidi olan yaxın qohumum atanı məzəmmət edir. Deyir ki, o müğənnidən o qız nə öyrənəcək? Niyə elələrinə pul qazandırırsan? O biletə verdiyin pulu heç olmasa kitaba verəydin. Ata çıxılmaz vəziyyətə düşür...
Sonra həmin müğənni çıxıb efirə sevincək halda konsertinin anşlaqla keçdiyini demiş, iştirak edən bütün fanatlarına öpücüklər göndərmişdi...
***
Prezident seçkilərinə lap az qalır. Müğənnilər və müğənnikimlər ucdantutma İlham Əliyevə səs verəcəklərini deyirlər. Seçim onlarındı. Amma əksəriyyətinin İlham Əliyevdən başqa namizəd tanımadıqlarını deməsi başqa söhbətdir. Elə bilməyək ki, onlar prezidentə sadiqlik nümayiş etdirirlər. Yox! Əsla yox! Onlar üçün sadəcə maraqlı deyil ki, seçki nədir, necə olacaq, kimlər namizəddi. Yəni ölkənin ictimai-siyasi həyatı onların maraqları xaricindədir. Onlar üçün Azərbaycan və Azərbaycan xalqı yalnız sağmal inəkdir. Toy olsun, qalmaqal yaransın, arvadlarının üstündə kişi, kişilərinin yanında arvad tutulsun-nə olur, olsun, təki gündəmdə qalsınlar, televiziyalar, sosial media onların təbliğatını aparsın. Onları toylarına çağırsınlar, onlara zinət əşyaları hədiyyə etsinlər. Nolur, olsun, amanın bir günüdü, onlar bu xalqın problemlərindən, ictimai-siyasi həyatından uzaq olsunlar. Onlar hamıdan yüksəkdə dayansın. Bahalı inomarkalar sürsünlər, saray kimi evlərdə yaşasınlar, alış-verişə Milana getsinlər. Hər şey etsinlər, hər şey!!! Həm də iki eşşəyin arpasını bölmək üzərində çoxlu baş sındırsınlar!

Xuraman Hüseynzadə
[email protected]

TƏQVİM / ARXİV