adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

PAYIZ GƏLİR...

VƏSİLƏ USUBOVA
43376 | 2013-09-21 00:27
Uca Yaradan yer üzünün payız lövhələrini cızanda qələmini qızıl suyuna batırırmış yəqin. Heç bir fəslin rəngləri, havası, bağışladığı ovqat payızın yaratdıqları ilə müqayisəyə gəlməz. Aran yerində bu qızılı mənzərələr Günəşin qaynarlığını itirib həlimləşən şüaları altında o qədər ilahi bir görünüş alır ki, işini-gücünü buraxıb bir cüt gözə çevrilmək, səhərdən axşamacan tamaşaya durmaq istəyirsən. İnsanın gözü-könlü bu dünyanın gözəlliklərindən niyə doymur, görəsən?! Yoxsa, bu işıqlı cahanda bir ömür qonaq olan insan öz gedərgiliyini başa düşüb də, bu gözəlliklərdən göz dolusu, ruh dolusu pay götürmək istəyir?! Bilmirəm... Bircə onu bilirəm ki, qoynunda ömür sürdüyümüz sirli-sehrli dünya bizlərdən hələ çox gözəlliklərini, özəlliklərini gizli saxlayır...
Bəlkə bizə layiq bilmir bu aşkarlığı?! Hamımızın gözü-könlü gözəllik, saflıq axtarmır deyə bizləri cəzalandırır, yoxsa?! Məsələn, mənim iş yoldaşım kimi. İnanmıram ki, ayda, ildə bir dəfə də olsun başını qaldırıb göyə - buludlara, Aya, ulduzlara baxmaq ağlının ucundan da keçsin. O, bunu az qala, avaraçılığa bənzər bir iş sayır. Mənim darısqal otağımda var-gəl eləməyə, eyni sözləri təkrar-təkrar danışıb canımı sıxmağa isə həmişə vaxt tapır. Yaxşı ki, otağımın qüruba açılan pəncərəsi var. Və ilin bütün fəsillərində hündür ağacların başı üstündən dünyamızı bir gecəlik qaranlığın ümidinə buraxıb, Kürlə Arazın qovuşağından o yanda batan Günəşi seyr edə bilirəm. Payızda Günəş düz başının üstündə durmur. Üzü günbatana dayansan, sanki sol çiynini oxşaya-oxşaya qüruba enir...
İndi səhərki günəşli havadan əsər-əlamət yoxdu. Göy üzünü bürüyən göyümtül buludlar bir balaca külək istəyirlər ki, onları tərpədib bir-birinə qatsın; toqquşub şimşək çaxdırsınlar, aylardan bəri isti təndir kimi alışan torpağın sinəsinə sərin damcılar səpələsinlər...
Gözümü pəncərədən səkməyib, yavaşca dillənirəm:
- Yağış yağacaq...
O qədər yavaş deyirəm ki, payız yağışından duyacağım ləzzəti əlimdən alacaqlar elə bil. O qədər yavaş ki, eşidiləcəyinə güman da gəlməz. Amma eşidir. Altdan yuxarı tərs-tərs məni elə süzür ki, elə bil oğurluq üstə yaxalayıb...
- Öz yerinə-yurduna yağacaq...
- Mən nə dedim ki?!. Yaxşı ki, Allah-Təala repressiya eləmir. Yoxsa, sənin kimilərin mərhəməti üzündən birinci məni güllələrdilər...
Bax, bu adamlar belədilər... Adamı öz Tanrısıynan da üz-üzə qoyar, düşmən edərlər. Özlərinin dilinə hələ-hələ Allah-bəndə sözü gəlməz, ağızlarını açdılarmı, qırx dərənin suyunu bir yerə qatarlar, vay o gündən ki, səndən də bir kəlmə eşitsinlər. Ərəb öldü, qan düşdü. (Bu misalın Suriya hadisələrinə qətiyyən dəxli yoxdu). Guya bu asilikdi, küfrdü, Tanrıya qarşı çıxmaq, onun işlərinə qarışmaqdı. Halbuki, mən bu "yağış yağacaq" kəlməsini elə incə bir həsrətlə, həm də yaşayacağım zövqü düşünərək şövqlə pıçıldamışdım ki, üzümü görən kimsə zərrə qədər də narazılıq oxuya bilməzdi...
Günah özümdədi. Kimin yanında nəyi danışmağın gərəkliyini əvvəldən düşünmürəm. Adamı dilindən dara çəkənləri dönə-dönə görsəm də, dərs almıram. Neyləyim, hamının eyni ürəyə, duyğulara sahib olduğuna özümü inandırmaqdan da usanmıram. Görünür, gözəl fikirləri, duyğuları da gizlətmək lazımmış bəzən...
Bəs, neyləyəsən? Kiminlə danışasan, kiminlə bölüşəsən?!
Yəqin ki, heç kiminlə...

***
Adamları qınamağa vaxt itirmək istəmirəm. Məndən ötrü çox əziz, şirin olan bu mövzuya giley-güzar qatılmasını heç arzulamazdım. Bəlkə payızın gətirdiyi incə qüssənin, dadlı həsrətin bir səbəbi də budur ki, hamı onun gözəlliyini görə bilmir. Və sən də bu ilahi gözəlliyi ürəksizlərin, duyğusuzların umuduna qoyub bir gün dünyadan köçəcəksən...
Nə olur-olsun, kimsə mənim payız sevgimə (sevgidən də qat-qat güclü olan həsrətimə), gəlişiynən ruhumda yaranan təzəliyə, dolğunluğa xələl gətirə bilməz...
Mənim sevgilərimə kölgə salmaq mümkün deyil. Bütün etirazlar, əngəllər onu ancaq artıra, alovlandıra bilər...
Şeir yaza bilmədiyimə görə həmişə özümü qınayıram. Payızda isə bu qınağım əməlli-başlı yanğıya çevrilir...
İldən-ilə payız mənə daha müdrik, daha dolğun və... həmişəkindən daha artıq sirli görünür. Sirli olan hər şeydə güclü cazibə var. Səni çəkir, ardınca aparır, "aç məni, gör içimdə nələr var" deyir. Ömrün bütün marağı, mənası da elə səni çəkən, ayaqlarının apardığı yerlərə getməkdədi. Yeni şeylər tapıldıqca, qaranlıqlar qoynunda gizlənənlərə işıq düşdükcə, arxada qalanların da mənası, qiyməti böyüyür...
Payızı nədən bu qədər sevdiyimi özümə də izah edə bilmirəm. Bu fəsildə doğulmağımmı, məktəbə getməyimmi, payızda nişanlanan, ər evinə köçən kənd qızlarının bəxtəvər çöhrəsimi?! Bilmirəm...
Bilsəm, sevgim azalar bəlkə də. Sehrini, cazibəsini itirər payız...
İstəmirəm bunu. Mənə ruh verən, yaşadan hər nə varsa, mənimlə həmişəlik qalsın, istəyirəm.
Yazıq olaram onlarsız...
Deyəsən, özümü nahaq yerə yoruram, axı. İnsanın çeşidli sevgilərinin nədəni açılmayıb hələ. Bu izahsız, açmasız sevgilər olmasaydı, necə dayanardıq bu dünyanın acılarına, bilmirəm...

***
Müdriklərdən biri belə deyib: "Dünya bizdən öncə yazılmışdır. Amma bəzən o bizə ağ vərəq kimi görünür və başlayırıq onu yenidən yazmağa; neçə gözəlliklər bizim cızma-qaralarımızın altında qalır..."
Doğrudan da, dünyanın gözəlliklərini təsvir etmək insanın gücü daxilində deyil. Hər kəs olsa-olsa, bu gözəlliklərin onda yaratdığı duyğuları bacardığı qədər sərgiləmək istəyir. Vəssalam...
Bu yerdə ürəyimi qorxu alır. Görəsən, bu cızma-qaramdan payızın gözəlliklərinə bir zərər gəlmədi ki?!.

***

Sabah payızdı...
Keşkə dünyanın yaşını, bu gələn payızın neçənci olduğunu biləydim...
Bir də... heç olmasa, bircə dəfə payıza şeir qoşa biləydim...
Elə bilirəm, heç bir zaman yaza bilməyəcəyim o şeir dünyanın ən gözəl şeiri olardı...

Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV