adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

İNSAN SEVGİSİ, İNSAN AĞRILARI

VAQİF YUSİFLİ
70984 | 2013-09-21 00:23
Ay işığı ağ güllərdən toxunmuş bəyaz bir çələng kimidir. Elə bil, gecənin boynundan asılıbdır. Gecə sanki bir məktub kimi işıqla yazılıb. Ay işığı bu gecə az qala dizə çıxır. Ağaclar bir durna qatarı tək cərgə-cərgə düzülüblər. Bəs sonra?

Sakit, səssiz, qayğısız,
Hər şey duyğu tək təmiz.
İşıq yağır göylərdən,
Göylər könlümə əziz.
Yerlər könlümə yaxın.
Dünya işıq içində.
İşıq tutub dağları,
Üfüq boyu açılır
Qollarım sənə sarı.
Göylə mənim aramda
Bircə qarış yer qalır.
İşığa bürünürəm,
Hər telim ay işığı.
Enib mənə sığınır
Sevginin ay işığı.

Bu mənzərəni ancaq poeziya dililə ifadə etmək olar və şeirlərini çoxdan izlədiyim, artıq altı kitabın müəllifi olan Məmməd Tahirin "Bu gecə ay işığı" şeirini oxuyanda bu həqiqətə bir də əmin oldum. Əmin oldum ki, şairlik istedadı insana verilmir, insana qandan, süddən keçir o.
Məmməd Tahirin bir şair kimi kitabdan kitaba inkişafının şahidi olmuşam və onun özünəməxsusluğu elə son şeirlər kitabı olan "Könlüm came qapısı"nda da bu fərdilik, məxsusilik elə ilk şeirlərindən nəzərə çarpır. Onun şeirlərinin əksəriyyəti sevgidəndir və deyim ki, bu ənənəvi, hamının qələm çaldığı bir mövzuda Məmməd Tahir təzə söz deyə bilir. Daha doğrusu, onun sevgi şeirlərində bir qəlbin özünəməxsus hissləri, duyğuları ilə qarşılaşırıq.
Deyirlər ki, XXI əsrdir və şair gərək sevgidən söz açırsa, bu dövrün, zamanın sevgisini qələmə alsın, yəni, müasir-qloballaşma əsrinin sevgisini şeirlərinə gətirsin. Amma unudulur ki, dünyada hər şey dəyişilə bilər, yeniləşə bilər.
Amma sevgi müqəddəs, ali bir hiss kimi yaşayır və demək olar ki, Məcnun dövründən üzü bəri o müqəddəslik, o ülvilik, o ucalıq və o saflıq dəyişmir. Məmməd Tahirin şeirlərində də sevgi hissləri dəyişməyən mənəvi bir sərvət kimi vəsf olunur:

Zirvənə günəş düşməz,
Ətəyin duman, çəndi.
Köksün bir qoruq olub,
Açılmaz belin bəndi.

Sinən göy üzü kimi,
Məndən uzaqdı, uzaq.
Saralan şamamanın
Üstündən əsir sazaq.

Deyirlər ki, cənnət var,
Dəyməz bircə telinə.
Sanaram cənnətdəyəm,
Əlim dəysə əlinə.

Ruhum bir mələk kimi
Səcdənə enir indi.
Ya öldür, ya bağışla,
Küll ixtiyar sənindi.

Bir anlığa fikirləşirsən ki, bu hisslər, bu duyğular ötən əyyamdan bəri elə hey çözələnir, təkrara nə hacət, amma M.Tahirin lirik qəhrəmanının səmimiyyətinə inanırsan. "Sanaram cənnətdəyəm, Əlim dəysə əlinə". Həm də inanırsan ki, o, sevgi şeirlərini "oyun" üstündə yazmır, yalnız yaşanılan, duyulan hissləri qələmə alır. Məsələn, sevgilinin soyuqluğu barədə yüzlərlə şeirlər oxumuşuq. Məmməd Tahirdə necədir?

Sən belə soyuq-soyuq
Nə baxırsan üzümə.
Bir ümidi budayıb
Çırpı atma közümə.

Könlüm çör-çöp, palçıqdan
Yoğrulan quş yuvası.
Yazdı, yaydı, payızdı
Ürəyimin havası.

Canım ocaq yeridi,
Od sinəmdə tövşüyür.
Sən elə soyuq-soyuq
Baxma, könlüm üşüyür.

Gözlərimin içində
Açar bir yaz çiçəyi.
O soyuq baxışlardan
Tökülər ağ ləçəyi.

Ümumən, Məmməd Tahirin sevgi şeirləri məhz hisslərinin təmizliyi və saflığı ilə diqqət çəkir. Olsun ki, bu şeirlərdə yerinə düşməyən misralar, lap bəndlər olsun, amma bunlar o hisslərə xələl gətirmir. Biz bu şeirlərdə ürəyinin hökmü və diktəsi ilə yaşayan, bir gözəl sevgi üçün əzaba qatlaşan AŞİQin duyğularının izinə düşürük. Bu izlər bizi həmin aşiq olan insanın mənəvi dünyasına aparır. "Bəlkə bu dünyada heç görüşmədik", - deyir o Aşiq. Doğrudan da, sevgi deyilən o ali hiss, o məhrəm duyğu zaman keçəndən sonra insana bir yuxu kimi gəlir. Amma sevənlər yuxuda da görüşür. "Unuda bilmirəm, Unutmaq olmur", -bu da bir həqiqətdir. Çünki sevgi insana əzab verirsə, o əzabdan ayrılıq doğursa, unutmaq olmaz yaşanılan hissləri.
Məmməd Tahirin bir şair kimi özünəməxsusluğunu təkcə sevgi şeirlərində deyil, digər mövzularda da izləmək olar. Məsələn, əbədi mövzu olan DÜNYA onun şeirlərində fərdilik, məxsusilik qazana bilir, yəni DÜNYA M. Tahirin içindən keçən, duyğularına hakim olan dünyadır.

Çiçəyi, gülü ilə
Dünya gözəldi, qardaş.
Dünyanı dünya edən
Bir xoş əməldi, qardaş.


Ya səndə, ya məndə var,
Unutdun bir bəndə var,
Urvasız bir kündə var,
Ağaran küldü, qardaş.

Şeh düşür, gülə düşür,
Şeh gülə-gülə düşür.
Bir gül üstə ötüşür,
Dünya bir güldü, qardaş.

Məmməd Tahirin bir çox şeirlərində İNSAN-TƏBİƏT harmoniyası ilə qarşılaşırıq. Onun sırf, peyzaj xarakterli təbiət şeiri yoxdur ("Yağış yağır" şeiri istisna olmaqla), çünki təbiətdən söz açanda ya təbiətin bir fəslindən, gözəl bir lövhəsindən danışanda insanı yada salır, üzünü insana tutanda da təbiəti düşünür. Qışın qarı şairi ona görə maraqlandırır ki, yollar xatirəylə doludur, sevgili gedən yola qışın qarı yağır. Sevdiyi qadının gözəlliyini təsvir edəndə də təbiətin gözəllikləri ilə müqayisə olunur: "O yanaq sənindimi, Üstündə gül göyərir. Şeh düşər gül üstünə, Bənövşə yuxun qaçar".
Məmməd Tahirin şeirlərində işlənən təşbihlər (bənzətmələr), bədii təyinlər, metaforalar da maraqlıdır, bir çoxu lap təzədir, kimsə onları şeirlərində işlətməyib. "Kimi" şeirini misal gətiririk:

Sənin könlün oxunmaz,
Bir daş kitabə kimi.
Mən sənin hüzurunda
Durmuşam təbə kimi.

Bir zirvənin çənində,
Dərd saçımın dənində,
Dayanıram önündə
Uçuq xərabə kimi.
Saçım ağ, günüm qara,
Hörüyün dönüb tora,
Bir eşqi çəkib dara,
Saxlar sərdabə kimi.

Daş atmaz çöl quşuna,
Qan qatmaz göz yaşına,
Bu can sənin başına,
Dolanar Kəbə kimi.

"Könlüm came qapısı" kitabında Məmməd Tahirin "Gəncləşən şəhər", "Çernobıl zəngi" lirik poemaları və "Məhkum" epik-lirik poeması da təqdim edilir.
Hələ dörd pərdə, on şəkilli "Mağara əshabələri" adlı bir mənzum dramı da var. Bu poemalardan da söz açmaq lazımdır və mən deyim ki, şairlik təbiəti etibarilə lirik olan Məmməd Tahir bir çox şeirlərində olduğu kimi, lirik poemalarında da uğur qazana bilir. "Gəncləşən şəhər"də Naxçıvanın-qədim odlar diyarının bugünkü abadlığında, şəhərlər içində "çiçək kimi" seçilməyindən, hər qarışında yaradıcılıq, quruculuq işləri getdiyindən söz açır. Bu balaca poemada müəllif Naxçıvan haqqında çox söz deyə bilir. Hiss olunur ki, Məmməd Tahir bu poemada öz doğma məkanına-doğulduğu torpağa məhəbbətini poetik ilhamla qələmə alıb. Hərçənd ki, poemada bəzi misralar publisistik şərh kimi səslənir. "Çernobıl zəngi" poeması da lirik tonda yazılıb.
Poemada şairin bədii təsvir vasitələrindən uğurla istifadə etdiyi diqqəti cəlb edir.

Udduğu hava
Bir az isti,
Bir az bürkü.
Bəbəklərində dəhşət,
Kirpiklərində ölüm yükü.
Fəlakətdən
Əriyirdi qovrula-qovrula.
Bu ölüm mələyi,
Əynindəki qurğuşun köynəyi
Çıxarmaq istəyirdi.
Axırdı al qanı.

Poema insanları dəhşətdən, vəhşətdən qorumağa səsləyir.
Təəssüf ki, "Məhkum" poeması uğurlu deyil. Təxminən min misradan artıq olan bu poemada obrazlar sxematikdir.
Əsərin qəhrəmanının xarakteri solğun və bəzi məqamlarda bəsit nəzərə çarpır. Belə bir uzun poema yazmaqdansa, gözəl lirik şeirlərin sayını artırmaq olardı.
Məmməd Tahirin təbii ki, lirik şeirləri içərisində də nisbətən zəif təsir bağışlayan nümunələr, yaxud ayrı-ayrı şeirlərin içində gücsüz səslənən misralar, bəndlər də olmamış deyil. Amma Məmməd Tahir lirikada istəyinə nail ola bilir və təbii ki, bəzi qüsurlar onun gözəl bir lirik kimi imicini kölgələmir. Uğurlar, Məmməd Tahir!

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV