adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

GERİYƏ BAXANDA: İKİNCİ DÖNƏM

TOFİQ ABDİN
41991 | 2013-09-21 00:22
Zaman o Zaman idi... O Zaman ki, unudulmaz dramaturqumuz İlyas Əfəndiyev demişdi: "GERİYƏ BAXMA, QOCA..." Amma insan istər-istəməz geriyə baxmalı olur və özəlliklə yazar tayfasının, şəxsən mənim özüm zaman-zaman geriyə baxmağa məcburam. Geridə bir o qədər şirin günlər olmasa da, bir çox təsəlliverici şeylər yaşanmışdır. Bu məqamları və olanları yada salmaq həm də ibrətamiz bir ovqatın yaranmasına səbəb olur. İstər şəxsi yazarlıq həyatımızda, istərsə də bizdən öncə yaradan sənətkarların yazılarında elə anlar var ki, bu günümüzün içindən çıxan məqamların ta özüdür. GERİYƏ BAXANDA proyektimizin İKİNCİ DÖNƏMində də ömrün müəyyən məqamları öz yazılarımla birlikdə, zaman-zaman klassiklərin əsərlərindən istifadə edəcəyim yazılarda da son dərəcə öyrədici məqamların olduğunu görəcəksiniz.
Onlar Birmi... İkimi

Bu vur-həşirdə, Türkiyədən aldığım aşağıda oxuyacağınız iki e-maildən (Birinci: Xurmedli Tofig Bey, Nasılsınız sağlığınız necedir. Yazılarınızı xer xafta oxurem. Size can sağlığı dilirem. Salam Yakup Halıcı Ünye-Türkiye

***
İkinci: Eynən bu məzmunda, daha isti və daha sevimli! Ramazan Çeşmeden: Sevgili Üsdatdim Tofiq Abdin Agabeyim
sevgili Agabeyim büyügüm
umarim sihhat ve afiyettesindir
yengeme hürmetlerimi sunarim
uzun vakit yazamadim afedersin
haci babamin sihhi durumundan dolayi biraz zaman sorunum var
bugün sayfani okudum
büyük bir hayranim senin yüregine ve türk sevdana
seni cok seviyorum
inanki seninle bir kez olsun göz göze gelebilmek arzum
fatih sultan mehmetin istanbulu alma arzusu belkide cüce kalir bu arzumun yaninda
seni yüce Allahima emanet ediyor sihhat ve afiyet diliyorum)

sonra düşünürdüm ki, qəribədir, onlar mənim yazılarımı hardan oxuyurlar? "Ədalət" qəzeti Türkiyədə satılmır. Demək, internet vasitəsiylə oxuyurlar. Mən bu e-mailleri alanda vaxtiylə "Həftə İçi" rubrikasından olan yazılarım artıq qəzetdə yox idi. Bu xoş bir xəbər olmasa da, yəni küçücük qonorardan olsam da, çox qəfil başımın üstünü alan bu xəbərin şirin tərəfi bu ki, oxuduğunuz yazını yazdım.

***
UĞUR VƏ UĞURSUZLUQ arasında keçən ömrümdə hansının daha çox olduğunu bilmirəm, amma hələ məni sevindirəcək elə bir uğurlu fəslim olmadığı üçündür ki, hər zaman unudulmaz şairimiz İsa İsmayılzadənin yaddaşıma həkk olunmuş bir misrasını tez-tez xatırlamalı oluram: BİZ BÖYÜK SEVİNCƏ ALIŞMAMIŞIQ.
Bəli, bir qorxu nə zaman idi ki, başımın üstündə hər zaman dolaşırdı. Rəhmətlik gözəl yazar dostumuz Oqtay Salamov öz yazılarından birində bu qorxunu iki dəfə ifadə eləmişdi. Birisi beləydi: iqtisadi durum kimlərdən asılıdı, bunu dəqiq deyə bilmərəm, amma onu bilirəm ki, mənim iqtisadi durumum hörmətli Aqil Abbasdan asılıdır.
Oqtay Salamov belə yazmışdı.
Amma düşünürdüm ki, bu qorxu məndən vaz keçər.
Və həqiqətən də bu yayın başlanğıcında bədbəxtlik ordan başladı ki, durub durduğum yerdə uşaq kimi birdən-birə qulağım ağrımağa başladı. Vallah, çox pis ağrıdı və mən də çox qorxağın birisi, özümü çox tez itirən adam, bir az sofi. Tez həkimin yanına qaçmalı oldum ki, görüm bu ağrı nədi? Və həkimlərin də yanına qaçmaq bilirsiz nə deməkdi!!!!
Və üstəlik də əlimdə bir yazı vardı, yazı da çox qəmli bir yazı idi, türk futbolunun ən faciəli bir futbolçusu SEDAT BALKANLI haqqında bir qəmli hekayətdi. Çox əsirdim yazının üstündə və hətta düşünürdüm ki, yazı çap olunandan sonra İradə xanımdan özəl olaraq xahiş edəcəyəm ki, onu oxusun. Birinci hissəni hazırlamışdım, yenidən yazmaq kimi bir ovqatla. Qulağımın ağrısını çəkə-çəkə üz tutdum redaksiyaya ki, yazını səhifəyə qoyum şəkillərlə birgə. Normal bir tərtibat da düşünmüşdüm. Qəzetin dəhlizi ilə irəliləyirdim ki, bir dəstə gənc çıxdı qarşıma. Bunlar olsun qəzetimizin yazarları.
Dostlar və onların da başında Əbülfət Mədətoğlu!!!!! Baho... bir ağızdan: abi, necəsən, abi, nə var, nə yox... abi, biz günorta yeməyinə gedirik, gedək bizimlə.
Onların içimin ağrısından xəbərləri yox və mənim də Əbülfət Mədətoğlunun mənə deyəcəyi sürprizdən.
Soruşuram ki, bəs uşaqlardan kim var səhifəni qurmağa...
Məsələnin qəliz yeri bax, burdan başlayır: "Heç kim yoxdur" - deyirlər. Amma bir sıxıntı hiss eləyirəm Əbülfət bəyin sifətində. Haçandan-haçana sevimli Əbülfət bəy: "Abi, bilirsən də artıq sənin səhifən olmayacaq", - deyir.
Duruxuram. "Baş redaktor mənə bir şey deməyib" - deyirəm. Günah məndədi, mən sənə deməliydim. Mənim də yadımdan çıxıb.
Yox, bəlkə də yadından çıxmayıb. Sadəcə bir yol axtarırmış mənə desin. Daha irəli gedib Baş redaktorun yanına gedirəm. Olan olub. Mən təklif edirəm ki, bu yazını bəlkə qonorarsız verəsiniz. Baş redaktor çox delikantla: "Yox, abi qonorar məsələsi deyil. Sadəcə uşaqların yazılarını yerləşdirmək lazımdır".
Baş redaktor öncə də mənə demişdi ki, qəzet dörd səhifə çıxacaq. O zaman da mənə ekonomik krizdən söz etmişdi. Mən də demişdim ki, qəzet bu sifətdə çox ayıb kimi görünür. Zorla sifət tapmısan, təzədən onu bərpa etmək çətin olar. Ne isə...
"Yerimiz yoxdur", - deyir Baş redaktor. Amma nə yerbazlıqdır, bilmirəm. Yəni uşaqların yazıları olmalıdır. Bu bəlli. Amma bir yazar olaraq mənim üçün ayrılan yer bəlli ki, xəbərlərlə doldurulmalıdır. Bu da var. Bunun bir başı var: sən ha özünü öldür, sən buranın yazarı deyilsən. İstədiyin vaxtı çəkib gedə bilərsən və ya istədikləri vaxtı uzaqlaşdıra bilərlər.
Lovğalıq olmasın, bir az tutulan kimi oluram, amma özümü o yerə qoymayıb qulağımın ağrısının daha da artdığını hiss edirəm və başımı aşağı salıb yavaş-yavaş dəhlizlə qayıdıram. İllər öncəsi rəhmətlik, unudulmaz şairimiz İsa İsmayılzadə ilə olan bir söhbəti xatırlayıram və o söhbətin yazı variantından aşağıdakıları oxuculara təqdim edirəm:
"...Yox, nə deyirsiniz, deyin, İsa mənim gözümün içinə desə də ki, istəsəm sənin on şerini verərəm və bircə şerimi seçməsə də (bu on ilin söhbətidir və İsa da bilə-bilə ki, mənim də ailəm əziyyət çəkir və mənim başqa heç yerdən heç bir gəlirim yoxdur, bütün bunları bilə-bilə belə deməsi bizim on illik ayrılığımıza səbəb olub), mən onu həmişə ÖYRƏNƏ BİLƏCƏYİM ŞAİR, NAŞİR, REDAKTOR, YAZIÇI sayıram.
Əlbəttə, mən İsanın məhz bu cür deməsinə haqq qazandırmıram. Və onu da deyim ki, ona görə haqq qazandırmıram ki, İsa o zaman mənim şerimdə elə şeyə irad tutmuşdu ki, istərsiniz, lap adını əllaməçilik qoyaq, bax, elə həmin əllaməçilik İsanın özündən mənə keçmişdi. Yəni "sərçələrin soyuq hamamı yağdı", "güllələnmiş duyğular" kimi nə bilim, daha tünd, daha qatı şeylər deyə bilən bir şair, indi bir naşir kimi mənə deyirdi: axı, nədi bu: "MƏNİ ÖLDÜRƏCƏK YAŞIL İNADIM" Axı, nədi bu YAŞIL İNAD? Nədi bu ədəbazlıq, Hoqqabazlıq?
Mən sadəcə olaraq, quruyub qalmışdım. Qarşımdakı adamın mənə yazığı gəlmədiyini hiss eləyirdim... və hiss eləyə-eləyə fikirləşirdim ki, bəlkə atamın məzarı başında durduğunu yada sala, bəlkə Mustafa kişinin məzarı başına gəldiyimi xatırlaya...
...yox, İsa inad eləyirdi və bir az bozarmışdı. Axı, mən onu tələbəlik illərindən tanıyıram. Axı, demək olar ki, mən onun yanında böyümüşdüm.
Daha heç nə demək lazım deyildi. İsa inad eləyirdi və bozarmışdı. Mən susurdum. O, əsəbiləşirdi: "ŞƏXSİ MÜNASİBƏTİN ƏDƏBİYYATA DƏXLİ OLMAMALIDIR". Belə deyərdi İsa. O, Azərbaycan ədəbiyyatını ŞƏXSİ münasibətlərdən qorumaq üçün doğulmuşdu? Bilmirəm.
O zamanlar mən heç vaxt redaksiyaların kandarını yağır eləməmişdim. Bunu çox yaşıdım bilir və bunu Allah da bilir. Mən o jurnala məhz İsaya görə getmişdim, onu yaşıdım bilib getmişdim. Arxa bilib getmişdim.
Buna görə mən İsanı uzun illər bağışlaya bilmədim. Bağışlaya bilmədim, ona görə yox ki, məni çap eləmədi. Yox, vallah. Onun dönüklüyü məni yandırdı və mən deyirdim: "İsa, bu boyda jurnalda güman ki, həmişə gözəl şerlər vermək qeyri-mümkündür. Bəlkə, elə mənim də şerlərimi o zəif şerlər kimi çap eləyəsən..."
Rəhmətlik İsayla olan bu söhbətimizin mən bilən bura bir o qədər dəxli olmasa da, amma dəxli var deyəsən. Bu ekonomik kriz və ya iqtisadi böhran gör ən qədər əlacsız bir şey ki, axırda bizi bir-birimizə qarşı da qoymuş olur. Burada söhbət yalnız mənim yazımın taleyindən getmir, həm də güman ki, başqa yazarlar da eynən mənim günümə düşəcəklər. Amma mən NAHAQ YERƏ ÖZÜMDƏN BİR ŞEYLƏR UYDURMUŞDUM Kİ, YOX, KRİZ MƏNDƏN YAN KEÇƏ BİLƏR. Və bir də söhbət hər hansı bir yazının verilib verilməməsindən getmir, yəni, insanlar arasında bir səmimi ünsiyyət də yoxa çıxmır bu yazının verilib verilməməsi ilə yox, amma qəribədir ki, ürəkdə bir nisgil qalır və ətraf mühitin insanları baxımından da burada bir sıxıntının yaşanacağı ortada. Mən bu qəzetin mənə münasibətini çox gözəl bilirəm və hər zaman da bu qəzetdən çox böyük ünsiyyət görmüşəm amma, ABİLİK sözünün tutumundan qorxduğumdandır ki, bu barədə məndən soruşanlara həmişə deyirdim ki, vallah heç bir abilik-mabilik yoxdur, kimin işi harda bitirsə, orda da bitir və üstəlik də, nə eləmək olar, bu durum elə bir durum ki, insanlar çıxış yolunu tapa bilmir və o zaman ən yaxın adamlarını da yandırmağa başlayırlar. O da olsun, mənim kimi birisi.

Tofiq Abdin
[email protected]
www.tofigabdin.com

TƏQVİM / ARXİV