adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

NEOVENDETTA?

MƏZAHİR ƏHMƏDZADƏ
39742 | 2013-09-18 00:33
Yer üzündə elə bir kənd, qəsəbə tapmaq mümkündürmü ki, orada bütün cinayət hadisələrinin kökü kəsilmiş olsun? İstənilən halda cavab birmənalıdır: mümkün deyil! Çünki hər hansı bir cəmiyyətdə insan münasibətlərinin sübyektiv amillərindən və ya təsadüflərdən ən azı adi cinayət hadisələri baş verə bilər və baş verir də. Hamı bilir ki, oğurluq cinayətlərindən, narkomaniyadan tutmuş, xuliqanlıqdan ən ağır cinayətlərə qədər bütün cinayət hadisələri potensial zəminlərə bağlıdır. Bu tip cinayətlərin aradan qaldırılması və azaldılması üçün müntəzəmliklə profilaktik tədbirlər, həm də müasirləşdirilmiş əməliyyatlar aparılır.
Balakən rayonunda da belədir. Hüquq-mühafizə orqanları cinaytəkarlığa qarşı mübarizədə nəzərəçarpan uğurlar əldə etməkdədir. Bütün bunlar, xüsusilə Balakən polisinin gecəli-gündüzlü fədakar mübarizəsi nəticəsində bir sıra cinayət hadisələrinin vaxtında açılması faktları əhəmiyyətli məsələdir, cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Bu yaxınlarda baş vermiş çox nadir hallarda rast gəlinən məlum cinayət hadisələrinin açılması kimi.
Əhvalat belə olmuşdur. Balakən rayonunun Qabaqçöl qəsəbəsindəki Şərif kəndində yaşayan Elayev Əhməd 2011-ci ildə 72 yaşında vəfat edir. Mərhumun həyat yoldaşı Rəisət və övladları Elşad və İlqar bir müddət sonra hamı kimi çox da dəbdəbəli olmayan qəbirüstü götürüb baş daşı qoyurlar. Üstündən bir xeyli keçəndən sonra atanı itirmiş ailə təkrar şoka düşür. Kimsə və ya kimlərsə mərhumun baş və sinə daşlarını dağıdıcı alətlə pis görkəmə salıblar. Ailə xeyli vaxt bu məsələnin arxasına düşsə də bir nəticə əldə olunmur, mərhumun kiçicik bir düşmənçiliyi və ya incik, küsülü olduğu kimsə gümana gəlmir, tanınmır. Elayevlər ailəsi bu ilin fevralında baş verən bu qəribə hadisəni çoxlarından gizlətməyə çalışaraq qəbirüstünü yenidən qururlar. Bundan sonra da eyni motivli hadisə bir neçə dəfə təkrar olunur və ailənin öz gücünə təşkil etdiyi tədbir və pusqular bir nəticə vermir.
Qəbirüstü yenidən dağıdılır. Məsələ bu yerə çatdıqda ailə Balakən Rayon Polis Şöbəsinə rəsmi müraciət edir. Artıq rayonun kriminal spesifikasını peşəkarcasına araşdırıb uğurlu nəticələrə nail olan rəis Rasim Mustafayev əməliyyat-axtarış qrupu yaradılmasına göstəriş verir. Əməkdaşlar əldə olan bütün texniki və taktiki vasitələrdən istifadə edir. Hətta məzar ətrafında gizli kameralar quraşdırılır. Cinayət hadisəsi təkrar olunsa da kameranın çəkilişlərini konkret fərd üzrə "oxumaq" mümkün olmur. Ancaq şübhələr və digər versiyalar, kənardan müdaxilələr, bir sıra şəxslərin davranışları ciddi şəkildə nəzarətə götürülərək öyrənilir. Polis işçiləri bu tədbirlərin keçirilməsində çox əziyyət çəkməli olur. Çünki hadisəni törədən şəxs cinayətkarın axtarıldığını bildiyindən olduqca ehtiyatlı tərpənir. Ancaq bu manyakal hərəkətlərini də dayandırmır. Ayrı-ayrı günlərdə məxsusi hazırladığı dağıdıcı toxmağı (qəbirüstü daşların necə sətr olması hamıya məlumdur), fənəri və "iş zamanı" gözünün üstünə kimi daramlaşdırdığı şlyapasını götürərək kənd qəbiristanlığına gedir.
Nəhayət, polisin gecəli-gündüzlü zəhməti, peşəkarlıqla qurduğu əməliyyat tədbirləri nəticəsini verir. Qəbirdağıdan "iş başında" ələ keçməsə də, müxtəlif üsullarla müəyyənləşdirilir.
Əməliyyat qrupu Şərif kənd sakini 75 yaşlı Murtuzəli Qarabaltayevin evinə gəlib iznlə qanunsuz silah axtardıqlarını bildirir və bir küncə yığılan texniki avadanlıqlara göz gəzdirir. Fərdi təsərrüfatçı olan 75 yaşlı M.Qarabaltayev yaşından xeyli cavan görsənən sağlam şəxs olduğundan işgüzarlığı da bəlli idi. O, polis işçilərinin qanunsuz silah axtarışı adı ilə bir-bir fənəri, toxmağı və şlyapanı götürdüklərini görüncə məsələnin nə yerdə olduğunu başa düşür və cəld hərəkətlə gözdən qaçan bir güşədəki dəsmalın altından mətbəx bıçağını əlinə alır. Nə fikirləşirsə, özünə xəsarət yetirmək məqsədi ilə bıçağı qarın nahiyəsinə soxmağa çalışır. Polis işçilərinin operativ müdaxiləsi özünəqəsdin (?) dərəcəsini yüngülləşdirir. Murtuzəli kişi özünü "ciddi yaralaya" bilmir.
Bundan sonra şübhəlinin polisə aparılması, ilkin tibbi yardım və dindirmə proseduru... Kişi bütün etdiklərini boynuna alır. Ancaq...
Əziz oxucular, siz də diqqət edin, bu manyakal hərəkətləri qəsdən törədən Qarabaltayevin ortalığa qoyduğu səbəb olduqca qeyri-adidir. İlkin dindirmə, ibtidai istintaq zamanı törətdiyi əməlləri boynuna alan Qarabaltayev "səbəbin" nədən ibarət olduğunu mümkün qədər gizlətməyə çalışır. Sonda hər şeyi etiraf edir.
Qarabaltayevin etirafı: "Arvadım ağır xəstə idi, can verirdi. Mənimlə tək qalmağı istədi. Bu zaman o, mənə dedi ki, həmin bu Murtuzəli keçmişdə onu zorlayıbmış. Mən də qisas alırdım (??? - M.Ə.)...

Məzahir ƏHMƏDOĞLU

TƏQVİM / ARXİV