ANA SƏHİFƏ / YAZARLAR

I I I İSGƏNDƏR

50436    |   2013-09-14 01:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Peşəkarlıq səviyyələri məni tam qane etməsə də, ölkənin idman mətbuatını müntəzəmliklə izləyirəm. Hətta bir ara bəzi məsələlərə yazılı və dialoq formalı münasibətlərim də olub. Bu dəfə məsələ tamam başqa cürdür. İsgəndər Cavadovun Gəncəyə gedib-getməmək "marşrutu" ətrafında söylənən fikirlər məni xeyli düşündürdü, keçmiş illəri xatırlamalı oldum. Və... çoxdan planlaşdırdığım "Çalıquşu" adlı köşə-pritçamı bu həftə də ertələdim.
Bəri başdan deyim ki, təxminən yaşıd olsaq da İsgəndər Cavadovla heç bir yaxınlığım yoxdur və heç vaxt da onunla görüşməmişik. Ancaq tale mənə Azərbaycan futbolunun yetişdirdiyi bir sıra məşhurlarla tanış olmağı qismət edib. Dünyalarını dəyişmiş Tofiq Axundov, Ruslan Abdullayev, Anatoli Banişevski, Əli Rəhmanov, eləcə də Elbrus Abbasov, Abdulqəni Nurməmmədov və başqaları ilə şəxsi və ya ümumi tanışlıq əsasında görüşlərimiz unudulmaz xatirələrdə yaşayır. Hətta keçən il Elbrus Abbasovun övladının toy məclisində də iştirak etmişdim... Ancaq bu münasibətlərdən birinin mənə həmişə çox ağır bir itkini də xatırlatdığı üçün mövzunu bu istiqamətdə burdan o yana apara bilməyəcəyəm...
İsgəndər Cavadov!
Azərbaycan futbolu milli mənsubiyyətindən asılı olmayaraq bir çox məşhurlar yetişdirib və onlar keçmiş sovet futbolunun ciddi fiqurları sayılıblar. Ancaq onlardan iki nəfər, mənim qənaətimə görə dünya şöhrətinə layiq şəxslərdir. Bunlardan biri məşqçi Əhməd Ələsgərovdur ki, onun haqqında "Uembli arayışı" kitabında ayrıca yazmışam ("Dahi bir nostalji" - M.Ə.). Gözləməyin ki, ikinci şəxsin Ələkbər Məmmədov, Kazbek Tuayev, Eduard Markarov və ya Anatoli Banişevskidən birinin olduğunu diqqətə çatdıracağam. Əslində bu oyunçuların hər biri gerçəkdən böyük şöhrət qazanmış futbolçular olub. Bu, istənilən halda danılmaz faktdır.
Bəs mən kimi nəzərdə tutmuşam. Bu gün futbolu bütün nüansları ilə qavramağı bacaranlar, eyni zamanda müqayisələr apararaq ədalətli nəticələr çıxaran mütəxəssislər, hətta ola bilsin ki, müəyyən xarakter xüsusiyyətlərinə görə onu qəbul etməyənlər də İsgəndər Cavadovu Azərbaycanın yetişdirdiyi keçmiş-gəlmiş ən böyük futbolçu olduğunu etiraf edirlər.
Bayaq dedim, əmim oğlu deyil, dayım oğlu deyil, 60-cı illərin sonu, 70-ci illərin əvvəllərində "Neftçi"nin ən güclü oyunçularından biri olan Füzuli Cavadovun kiçik qardaşıdır. Bəs nəyə görə mən də İsgəndər Cavadovu həmişə birinci yerdə "xatırlayıram".
İsgəndər Cavadovun oyununu canlı izləyənlər konkret olaraq belə də deyə bilərlər: "...o, həqiqətən gözəl oyunçu, driblinq ustalığı olan sürətli hücumçu, yaddaqalan qollar müəllifi olub". Əslində bu cür yüksək keyfiyyətləri nəinki Azərbaycanda, bütöv SSRİ-də ən azı 25-30 hücumçuda görmək çətin bir iş olmazdı. İsgəndərin həmin məşhur oyunçulardan fərqlənən elə bir üstünlüyü vardı ki, bu, futbol məntiqinə sığmırdı. Kombinasiyalı, sürətli və texnikalı oyun üslublarını yaxşı mənada qoyaq bir tərəfə. Hücumçular bu keyfiyyətlərə malik olmadan onsuz da həmişə kölgədə və... ehtiyat skamyada qalarlar. Bütün bunların mövcudluğu ilə yanaşı fərdi ustalığın da səviyyəsi əsas şərtdir ki, bunu futbolu bilənlər məndən daha yaxşı izah edərlər.
...İsgəndərinsə fərdiliyi qeyri-adi idi, bəlkə də qeyri-səlis məntiqə əsaslanırdı. Məlumdur ki, bütün hücumçular istər fərdi gedişlərdə, istərsə də kombinasiyalı həmlələrdə həmişə müdafiəçilərdən müəyyən qədər kənar, uzaq məsafələrdə olmağa çalışırlar. Hətta ən iti qaçışa sahib olan sprinterlər belə topla birlikdə qapıya doğru irəlilədikdə yan-yörə istisna olmaqla üzbəüz qarşılaşmanı sevmirlər. Yəni bütün hallarda müdafiəçilərdən mümkün qədər uzaq olmağa çalışırlar. İndi gəlin İsgəndər Cavadovun oyununu xatırlayaq. Topa sahib oldumu, qarşısında istər bir müdafiəçi olsun, istərsə də ikisi-üçü birdən, topla birlikdə mütləq onların üzərinə şığıyardı. Sürət və driblinq onun oyun üslubunda elə gözəl formalaşmışdı ki, buna baxmaq bir yana, bunu dərk etməyin özü böyük bir zövq idi. İsgəndər həm özü ehtirasla oynayırdı, həm də tamaşaçıya qeyri-adi zövq bəxş edirdi. Müdafiəçilərdən qaçmaq, aralanmaq əvəzinə, topla müdafiəçilərin üzərinə şığımaq, driblinq ustalığı sayəsində onları pərən salıb ya gözəl ötürmələr etmək, ya qapıya zərbələr endirmək, ya da qarşısı yolverilməz fəndlərlə alınaraq cərimə zərbələri qazanmaq... Qapıya bənzərsiz qollar vurmaq! İsgəndər Cavadovun oyun fəlsəfəsi belə idi və əbəs yerə onu o vaxtların ən güclü komandalarından biri olan Moskva "Dinamo"suna aparmamışdılar. Ancaq öz ampluasında hamıdan güclü olan İsgəndəri heç vaxt SSRİ-nin əsas yığmasına götürmədilər. Ona görə ki, həmin illərdə bu sükan Beskov, Simonyan və Lobanovski kimi millətçilərin əlində idi.
Bu tamam başqa mövzudur, uzaqlaşaq...
İsgəndərin fenomenal oyun üslubunu görənlər, xatırlayanlar məsələyə ədalət hissi ilə yanaşsalar, onun kimi hücumçuların 40-50 ildə bir dəfə yetişdiyini etiraf edərlər. İsgəndər Cavadov qapalı sovet rejimində yaşamasaydı, Avropanın ən azı "birinci üçlüyü"ndə qərarlaşardı.
Yazımda sonluq ənənəsinə yeni bir üslub gətirmək məcburiyyətimdə qaldım. İsgəndərin oyunlarını görüb unutmayanlara səmimi bir müraciətim var. Bəziləri üçün çox iddialı çıxar deyə çəkinməyin. Mənim qənaətimə görə bu gün Avropanın ən məşhur ulduzlarından birinin oyun üslubu İsgəndəri xatırladır. Müdafiəçilərdən qorxub-çəkinməyən, özünə inamlı o futbol ulduzu kimdir?
Yoxsa ki, İsgəndəri gör kimlərlə...

P.S. Mən İsgəndər Cavadov mövzusuna daha geniş şəkildə bir daha qayıdacağam. Ümumiyyətlə indən belə futboldan da yazacağam.

Məzahir ƏHMƏDOĞLU


İmza:

YAZARIN ARXİVİ

2018-10-08 : PİS ADAM YOLDA
2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Elşən gözündə yumruq izi evə gəlir. Anası onu görüb həyəcanlanır:
- Bu nədi? Sənə nə olub?
- Ana, hər gecə saat 2-də sinif yoldaşlarımdan birinin evinə zəng vurub soruşurdum: "Tapın görüm mən kiməm?"
- Nə olsun ki?
- Heeeç. Bu gün biri tapdı.




digər lətifələr
ARXİV
FACEBOOK