adalet.az header logo
  • Bakı 18°C

Mənim canım sağ böyrəyimdədi...

SAMİRƏ ƏŞRƏF
57448 | 2013-09-14 00:53
Belə bir məsəl var: "Bədəninin harası ağrıyırsa, canın ordadı". Kim tərəfindən deyildiyini bilməsəm də, çox doğru məsəl olduğunu hesab edirəm. İnsan xəstələnəndə, ağrıyanda həyatın faniliyini daha dərindən anlayır. Ağrı, əzab istənilən adamı köməksiz, aciz və rəzil duruma sala bilər. Hələ ölümü demirəm... Hər dəfə xəstələnəndə yadıma Lev Tolstoyun "İvan İliçin ölümü" əsəri düşür. Bunun üçün də ölüm söhbətinin üzərindən dinməzcə keçib ağrılara üz tuturam. Ağrılarla bağlı bu qədər təhər-töhmət eləməyimin səbəbi öz ağrılarımdı. Üstünüzə sağlıq, mənim də iki ildən bir böyrək sancılarım olur. İki ildən bir ona görə deyirəm ki, artıq öyrəncəli olmuşam böyrəklərimin illik "daş yığımına".
Axırıncı dəfə bu beqəfil ağrı məni 2011-ci ilin elə payız fəslində yaxalamışdı. Özü də ədəbiyyat tədbirlərindən birinə təşrif apararkən, kandardaca ağrı başımın üstünü kəsdirdi.
Yadıma gəlir, bir ədəbiyyat jurnalı yenicə işıq üzü görüb ədəbiyyat adamlarını ümidə qərq eləmişdi ki, bəlkə həmin jurnalın içərisindən bir Nobel mükafatına namizəd çıxa. Mən və rəfiqəm istedadlı yazıçı və tərcüməçi Svetlana Turan həmin jurnala öz hekayələrimizi göndərmişdik. Jurnal çap olundu. Təqdimata iki gün qalmış, Svetlana xanım mənə zəng vurub bildirdi ki, uzaq bir səfərə çıxır, bu səbəbdən də mən həm onu, həm də özümü təmsil edərək bu təqdimata getməliyəm.
Əlqərəz ağrı məni böyrü üstə qoysa belə ağlımda təqdimata getmək fikri özünə yer eləmişdi. Təcili yardım həkimi gəlib ağrıkəsiciləri vurandan sonra təzədən ayağa qalxıb yola düşdüm.
Təqdimatda hamı jurnalın gələcək planlarından, ədəbiyyatımıza bəxş edəcəyi xoş günlərdən danışıb evinə yollandı. İndi jurnal haqqında ürək açan bir söz deyə bilmərəm.
Çünki, axırıncı dəfə belə bir xəbər aldım ki, ədəbiyyatımızın yaşı və vaxtı qırxı ötmüş yazıçıları həmin jurnala öz romanlarını salmaqdan ötrü qırğın aparırlar. Allah işlərini avand eləsin.
Bu yaxınlarda yazıçı Fəxri Uğurlunun bir müsahibəsini oxudum. Fəxri bəy, istər yerli, istərsə də dünya ədəbiyyatını dərindən bilən yazıçılarımızdan biridir. Amma nədənsə, jurnalist xanım, müsahibənin sonlarına doğru ədəbiyyat suallarına kökləndi.
Həmin müsahibəni oxuyarkən, bir çox məsələlərdən hali olub, bir çox söhbətləri də qulağıma sırğa elədim ki, onlardan biri də bilmədiyim məsələlər haqqında danışmamaqdı. Fəxri bəy müsahibəsində qeyd edirdi ki, indi insanlar qəfildən çevrilib hərşeyşünas olurlar.
Bu həqiqətən də belədir. Əgər hansısa bir mağaza sahibi bu qədər məmləkətdə bircə dənə də olsun yaxşı yazıçı tanımırsa və müasir ədəbiyyatda öz sözlərini demiş yazıçıların adlarının çəkilməsinə istehza edib, serial təfəkkürü ilə yazanları yazıçı adı ilə qaldırıb mağazasındakı rəfin yuxarı başına qoyursa, deməli vəziyyət həqiqətən də ağırdı. Cümlənin bu qədər uzunluğu bu mövzularda ürəyimin dolu olmasından xəbər verir.
Çünki, hamı nədənsə oxunmamağın səbəbini yazıçıda görür. Daha heç kim anlamaq istəmir ki, binəva yazıçı bu ölkədə yazıçı adını üzərinə götürübsə, onsuz da ən ağır bir yükün altına girmiş hesab olunur. Əgər ən intellektual, istedadlı yazıçıların kitabları mağazalardakı rəflərin ən alt və dərin qatlarına pərçim edilirsə, həmin kitabdan oxucu necə xəbər tutacaq?!
Zatən məmləkətdə kitab oxucusu deyilən bir anlayış hələ formalaşmayıb.
Bütün günü ekran qarşısında xarici və yerli seriallara yanıb-yaxılan valideynlərin övladları da həmin seriallarda gedən musiqilərə qulaq asmaqdadılar. İndi bir balaca aktiv, internetlə əlbəyaxa olan oxucular var ki, onlar da hələ təzə-təzə azərbaycanlı yazıçı sözü ilə tanış olurlar. Üz tuturlar həmin mağazalara. Həmin mağazaların demək olar ki, bir çoxunda rus dilli, qlamur satıcılarla üzləşirlər. Satıcılar da yüksək musiqi sədaları altında adı çəkilən yazıçın tanımadığını və kitabının olmadığını deyir.
Mənim özümün başına bir neçə dəfə belə əhvalat gəlib. Sonra elə olub ki, özüm qollarımı çırmalayıb mağazanın rəfləri arasında bir xeyli əlləşəndən sonra axtardığım kitabı tapıb çıxartmışam.
Uzun sözün qısası yaxşı olar ki, müasir yazıçıların kitablarından bircə vərəq də oxumayan insanlar əvvəlcə onların əsərlərini oxusunlar, bəlkə Allah kərimdi, həmin əsərlər onların könüllərini ovsunlayıb, ürəklərinə insaf salacaq. Onlar da heç olmasa, mağazalarında bircə kitab rəfini öz zəhmətkeş yazıçılarına ayırıb onların satılmasına imkan yaradacaqlar.
Məndən bu qədər əziz oxucu. Çünki, sağ böyrəyimdəki sancı yavaş-yavaş qımıldanır. Elə hesab edin ki, indi mənim canım sağ böyrəyimdədi.

Samirə Əşrəf

TƏQVİM / ARXİV