YAMAN YERDƏ AXŞAMLADIQ...

FAİQ QİSMƏTOĞLU
85467 | 2013-09-14 00:41
... Bilmirəm, bu fikri kim deyib və nə vaxt söyləyib, ancaq bir onu bilirəm ki, hər hansı birimiz çətinə düşəndə tez-tez bu ifadəni yada salırıq: yaman yerdə axşamladıq... Çətinə düşən adam, odla-su arasında qalır və bilmir ki, canını hara qoysun. Elə bir insan, elə bir adam olmaz ki, onun ömründə çətin, ağır və kədərli anlar olmasın. Əgər biz insanıqsa, yaşayırıqsa, çörək yeyib, su içiriksə, hava uduruqsa, deməli, bu anları yaşamağa məhkumuq...
... Çox uzağa getməyək. Yaxın qohumlarımdan birinin bu günlərdə yolda gedərkən ürəyi qəfil ağrayıb. Yanından ötənlər görür ki, cavan bir adam əlini ürəyinin üstünə qoyub və rəngi ağappaq olub. Bəziləri ona "araq içib" deyib soyuqqanlı halda çıxıb gediblər. Bir nəfər qız isə görür ki, oğlan yerindən tərpənmir və cəld ona yaxınlaşır. Öyrənir ki, oğlanın vəziyyəti çox ağırdı, hətta qohumumun atdığı ürək dərmanını da onun vəziyyətini yaxşılaşdırmır.
... Xanım qız təcili yardıma zəng eləyir və ordan gəlib xəstəni klinik mərkəzə aparırlar. Orda da yoxlayırlar, görürlər ki, oğlan infarkt keçirib. Xəstənin yanında olan oğlana həkimlərdən biri deyir ki, filan qədər pul ödəməsəniz heç kim xəstəyə yaxın durmayacaq. Qız da bildirir ki, mən bu adamı təsadüfən tanımışam və istəmişəm ki, kömək edim. İndi sizin insafınız olsun, onu palataya qaldırın, yardım edin, sonra təbii ki, qohumları gəlib lazımi pulu ödəyər...
... Daşdan səs çıxıb, həkimlərdən səs çıxmayıb. Axırda oğlan məcbur olub taqətsiz halda qohumlarından birinə zəng vurur. O, da həkimlə danışır və deyir ki, yarım saata pulu keçirsəniz, xəstəyə kömək edəcəyik! Amma pul geciksə, bizdən inciməyin! Çünki qanun belədi. Özəl klinikada pul verməsən, heç kim yaxın durmayacaq.
Allahın qohumuma yazığı gəlir və onu çətinliklə də olsa yanındakı qızın təkidi ilə palataya qaldırırlar. Qız da ilkin olaraq yanındakı 200 manatı kassaya keçirir. Bir neçə dəqiqədən sonra isə xəstənin qohumu özünü gəlib çatdırır, istənilən məbləği kassaya ödəyir...
O qız olmasaydı, mənim qohumum çoxdan canını tapşırmışdı. Qohumum deyir ki, məni həkimlər xilas eləmədi. Məni göydə Allah, yerdə isə tanımadığım bir qızın cəsarəti, saflığı və səxavəti Əzrayilin əlindən qurtardı...

***
...Bir gün də ağsaqqal bir kişi çətin vəziyyətə düşür. Evində qoca qarısı canı ilə əlləşir. O da ora baxır, bura baxır, görür ki, bir şey çıxmır. Nə telefonu var kiməsə zəng etsin, nə də ki, ümid yeri yoxdur ki, kimdənsə kömək istəsin. Qoca kişi pəncərədən bayıra baxır; bir yağış yağır ki, gəl görəsən! Heç bu yağışda çölə çıxıb qonşuya bir söz demək mümkün deyil. Bəs belə olanda o qoca kişi kimə güvənməli idi. Oruc tutub, namaz qılan bu ağsaqqal əl açıb Allaha yalvarır:
- İlahi, sən mənə kömək ol! Düşdüyüm bəladan xilas elə! Qarıma şəfa ver!
Kişi bu duaları eləyir, otağa keçəndə görür ki, artıq qarısı gözlərini yumub. Dünyagörmüş, ağsaqqal qəddi əyilmiş halda bükülüb qalır. Sonra ümidsiz vəziyyətdə dillənir: yaman yerdə axşamladıq... İndi bu gecənin qaranlığında mən kimə deyim ki, qarım keçinib...
Dünyagörmüş ağsaqqal kişi arvadının rəhmətə getməsi ilə əlaqədar gecə heç kimə bir söz demir. Fikirləşir ki, gecənin xeyrindənsə, sabahın şəri yaxşıdı. Səhər açılır qonşular hər şeydən xəbər tutur. Hamı yığışıb kişinin dərdinə şərik olur. Qoca qarını son mənzilə yola salırlar. Hamı gəlib çıxır, amma kişinin iki oğlundan biri gəlmir. Kişi də səbirli adammış. Qəlyanı tənbəki ilə doldurur, onu yandırır və çəkməyə başlayır. Qonşular soruşurlar ki, a Məhəmməd kişi, hamı gəlib çıxdı, bəs oğlanların niyə rəhmətlik arvadın dəfninə gəlmədilər?! Məhəmməd kişi qəlyanı yenidən sümürür və ağzındakı tüstünü ehmal-ehmal havaya buraxır və deyir:
- Onlar mənə çəkməyiblər, dayılarına oxşayıblar. Çünki dayıları biqeyrət də analarının 40-dan sonra gəldilər. Bəhanələri də o oldu ki, urusetdə işimiz başımızdan aşır...
Məhəmməd kişinin iki oğlu da analarının ilindən sonra gəldilər. Onda da kənd camaatı o ki, var onları qınadı. O oğullar da utandıqlarından kəndə çıxa bilmədilər...

***
Sovet hökumətinin son günlərində pullar birdən-birə dəyişir.
Pul da dəyişəndə varlı adamların kürkünə birə düşür. Bir neçə yeməkxanası və çoxlu da mal-qarası olan Əhməd kişi axşam televizorda eşidir ki, pullar dəyişib. Onun da nə az, nə çox yüz paçqa yüzlüyü, əlliliyi varmış.
Kişini az qalır infarkt vursun. Fikirləşir ki, hamısından yaxşı gecəynən pulları götürüb bankir Səmədin evinə getməkdir. Kişi pulları kisəyə yığır və çiyninə atır. Tərs kimi də bir neçə gün qabaq möhkəm qar yağıb hər tərəf buz bağlayıb. Əhməd kişi yavaş-yavaş sürüşkən yolla bankir Səmədin evinə tərəf gedir və qışqırır:
- Ay Səməd hey, ay Səməd hey!..
Qışqıranda birdən ayağı sürüşür, ağzıüstə yerə dəyir. Bu vaxtı Səməd çölə çıxır, görür ki, Əhməd kişi yerə yıxılıb və üst-başı da qan içindədi. Tez ona yaxınlaşır, qolundan tutub qaldırır:
- Bu nə gündür düşmüsən, ay Əhməd! Ağzın-burnun qan içindədi...
Əhməd kişi əlinin arxası ilə sifətindəki qanı silir və deyir:
- Bir kisə pulu batan köpəkoğlunun ağzı-burnu qan olmalıdı...
Bankir Səməd ona təsəlli verir:
- Qorxma, ay Əhməd! Kisədəkinin hamısı puldu?
- Hə, başına dönüm...
- Puldursa, 80 faizə dəyişərəm. 80 faiz sənin olar, 20 faiz mənim! Necəsən, razısan?!
- Razı olmayıb, nə qələt eləyəjəm!
Elə gecəykən bankir Səməd Əhmədin pullarını dəyişir və hər şey sakitliklə həll olunur...

FAİQ QİSMƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV